Heydər Əliyev Sarayında “Muğam dünyamıza səyahət” adlı konsert keçirilib.
Konsertdə Xalq artisti Gülyanaq Məmmədova və tələbələri Nuranə Tanrıverdiyeva, Rəvanə Vəliyeva, Suma Tapdıqova, Rüstəm Rüstəmzadə, Teymur Əziz, Murad Hacıyev, Həmzə Həsənov, Məlahət Mahmudova, İbrahim Həsənov, Çinarə, Əməkdar müəllim Qəzənfər Abbasov və tələbələri Zülfüqar Mahmudov, Səbinə Ərəbli, Nasir Ətapur, Murad Rüstəmzadə, Nüşabə Kərimova, Asim Abbasov, Əlisəfa Qasımov, Ülviyyə Məmmədzadə, Fərid Əliyev, Murad Kəngərli, Əməkdar artist Nuriyyə Hüseynova və tələbələri, Nurlana Kərimova, Fidan Rəhimova, Sevinc Abidinova, Gülgün Cümazadə, Nurlan Nəsibli, Vəsilə Quliyeva, Telli Əbilova, Aslan Abdullayev, Murad Muradov, İbrahim Həsənov, Nurlan Salahov və başqaları iştirak ediblər.
Azərbaycan tamaşaçılarının da çox sevdiyi “Bremen musiqiçiləri” cizgi filminin, “Uğur centlmenləri”, “Adi möcüzə” və digər filmlərin bəstəkarı, Rusiyanın Xalq Artisti Gennadi Qladkovun bu gün 85 yaşı tamam olur.
TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bəstəkar hazırda İ.Krılovun təmsillərinə yazdığı vokal silsilə üzərində işləyir.
Bədii və cizgi filmlərinə yazdığı musiqi əsərləri Gennadi Qladkova geniş şöhrət qazandırıb. Onun “On iki stul”, “Məhəbbət formulu”, “Kaputsino bulvarından olan adam” filmlərinə, “Balaca və Karlson”, “Şir balası və tısbağa mahnı oxuyurlar” və digər cizgi filmlərinə bəstələdiyi musiqi nəsillərin sevərək dinlədiyi əsərlərdir. Bəstəkarın sözlərinə görə, o, heç vaxt film və ya tamaşa musiqisinə kor-koranə yanaşmır, əvvəlcədən ssenarini oxuyur və xoşuna gəldiyi halda işə başlayır.
Fevralın 19-da violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada Dorset Qraflığı Muzeyində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə məlumat musiqiçinin və Dorset Qraflığı Muzeyinin saytında yer alıb. Camal Əliyev Maksim Stsura (fortepiano) ilə birgə çıxış edəcək. Konsertdə L.V.Bethoven, S.Frank, P.Çaykovski, D.Popper, V.Lyutoslavski və S.Raxmaninovun əsərləri səsləndiriləcək.
Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
Maksim Stsura fortepiano üzrə beynəlxalq müsabiqələr laureatıdır. O, “Amadeus” kamera orkestri, Estoniya Milli Simfonik Orkestri, Sankt-Peterburq Dövlət Akademik Simfonik Orkestri ilə solist kimi çıxış edib.
Aprelin 8-dən 12-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Antonin Dvorjakın “Su pərisi” operası oynanılacaq.
Teatrın saytına istinadla xəbər verilir ki, aprelin 8, 10 və 12-də səhnə əsərində Su pərisinin partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva ifa edəcək.
D.Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. Dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.
Aprelin 30-da qeyd olunacaq Beynəlxalq Caz Gününə Keyptaun ev sahibliyi edəcək.
Beynəlxalq Caz Gününün rəsmi saytına istinadla xəbər verilir ki, builki tədbir Afrika cazının köklərinə və yollarına həsr olunacaq. Bu mövzu caz musiqisi vasitəsilə Afrikanın identikliyini və qlobal musiqiyə töhfə verməyə qadir olan qitənin yaradıcı potensialını əhatə edir. Beynəlxalq Caz Günündə Keyptaun cazın özünəməxsus tarixini və irsini nümayiş etdirəcək. Bayramın təşkilatçıları qeyd edirlər ki, Keyptaunda caz mahiyyətcə musiqidən daha üstündür – bu, quldarlığa və aparteidə qarşı mübarizənin tarixidir.
Beynəlxalq Caz Günü 2011-ci ilin noyabrında UNESCO tərəfindən elan olunub. 2012-ci ildən qeyd edilən bu əlamətdar günün məqsədi dünyanın hər yerindən insanların bir araya gəlməsində cazın rolunu vurğulamaqdır.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında xüsusi yer tutan səhnə əsəri - “Qızıl toy” ikihissəli musiqili komediyası martın 1-də tamaşaçıların ixtiyarına veriləcək.
Səhnə əsərində rolları Əməkdar artistlər Əzizağa Əzizov, Nahidə Orucova, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Gülnarə Əzizova, Şaban Cəfərov, Türkel Tariqpeyma, Ruslan Mürsəlov, Yuliya Heydərova, Elməddin Dadaşov, Elnur Zeynalov və başqaları ifa edəcək.
Səhnə əsərində valideynlərə, vətənə məhəbbət və iki gənc arasındakı saf, pak sevgi, bu yolda onların başına gələnlər incə bir yumorla çatdırılır.
Səhnə əsərinin quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-baletmeysterləri Əməkdar artistlər – Yelena və Zakir Ağayevlər, quruluşçu-rəssamı Vüsal Rəhimov, rejissor assistenti Tamilla Aslanovadır.
Fevralın 28-də Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.
Səhnə əsərinin quruluşçu rejissoru Lalə Şirinovadadır.
Tamaşanın əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Səhnə əsərində Azərbaycan xalqının taleyüklü məsələləri bir ailənin timsalında ümumiləşdirilib, müxtəlif dövlətlərə meyili olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, xalqın nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, Vətən ideyası ətrafında birləşməkdədir.
“Anamın kitabı” tamaşası yüksək ideyasına və dərin məzmununa görə böyük tərbiyəvi əhəmiyyət daşıyır. Tamaşada qaldırılan məsələlər bu gün çox aktualdır.
Bu günlərdə yazıçı, şair Şahanə Müşfiqin “Şahanənin nağılı” kitabı Türkiyədə işıq üzü görüb. “Şahanenin masalı” adlanan kitab Avrasiya Yazarlar Birliyinin “Bengü” nəşriyyatının “Azərbaycan ədəbiyyatı” seriyasından çap olunub.
Nəşrdə yer alan şeirləri Türkiyə türkcəsinə tanınmış yazıçı, tərcüməçi Ülkü Taşlıova çevirib. Üz qabığındakı rəsm və dizayn İbrahim Sağlama aiddir.
Ü.Taşlıova kitaba yazdığı “Ön söz”də deyir: “Gənc jurnalist olan Şahanəni ilk dəfə esse və məqaləsini Türkiyə türkcəsinə çevirərkən tanıdım. O qədər duru, o qədər sadə, o qədər güclü və bir o qədər də səmimi idi ki, hər sətrindən ayrı ləzzət almışdım. Azərbaycan türkcəsindən tərtəmiz istifadə etməsinə də heyran olmuşdum. Qaspiralının dediyi “Dildə birlik...” tam olaraq bu idi. Türkiyədən və Azərbaycandan hər hansı bir insan bu sətirləri oxusa “Bu nə deməkdir, görəsən?” soruşmağı mümkün deyil.
Şahanə məqalə və digər yazılarında istifadə etdiyi duru dili şeirlərində də eyni ölçüdə işlədib. Şeirsevənləri yormayan, oxuduqca düşündürən və təsirli bu gözəl əsərlərini Türkiyə türkcəsinə çevirərkən çox gözəl duyğular yaşadım”.
Xatırladaq ki, “Şahanənin nağılı” kitabı 2018-ci ildə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə “aybKitab” layihəsi çərçivəsində işıq üzü görmüşdü. 2019-cu ildə Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatının “Şans” ödülünə layiq görülmüşdü. Türkiyədə çap olunan kitaba isə “Şahanənin nağılı”ndakı şeirlərlə yanaşı, şairin “Ey sevda dənizim”, “Xəyal qırıqlığım”, “Eşqin rəngi”, “İstanbulu anarkən”, “Eşqə namə” və sair kimi Türkiyə türkcəsində yazdığı şeirlər də daxil edilib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi tərəfindən yeni hazırlanmış, Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi “Dəli yığıncağı” tamaşası növbəti dəfə nümayiş edilib.
Səhnə əsəri tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə hazırlanıb.
Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, quruluşçu rəssam Telman Şıxıyev, bəstəkar Firudin Allahverdi, rejissor assistenti Sevda Hacışəmiyevadır.
Səhnə əsərində rolları Xalq artisti Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev və başqaları ifa ediblər.
Ümumilikdə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olan yaşlı, orta və cavan nəsli təmsil edən aktyorların yer aldığı tamaşada Hacı Nayibi Xalq artisti Yasin Qarayev, Fazil Məhəmməd ibn Yaqub Küleynini, Əməkdar artist Şövqi Hüseynov, Dəli Molla Abbas ibn Yəqubu, Əməkdar artist Nofəl Vəliyev və Ramil Məmmədov, Pırpız Sonanı, Aygün Fətullayeva, doktor Lalbluz obrazını isə Anar Seyfullayev canlandırıb.
Fərqli estetikada, müasir dövrün tələblərinə uyğun qurulmuş tamaşada aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
İran İslam Respublikasının tanınmış dirijoru Bərdia Kiyarəs Novruz bayramı günlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edəcək.
Teatrın mətbuat xidmətinin rəhbəri Fəridə Rüstəmova bildirib ki, “O olmasın, bu olsun” tamaşası mart ayının 20, 21, 23 və 24-də saat 19:00-da, “Arşın mal alan” isə martın 22-si və 25-də saat 19:00-da göstəriləcək.
Səhnə əsərlərinin təqdimatında Ərdəbilin sevilən müğənnisi Ayxan da iştirak edəcək.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “iticket.az” saytından əldə etmək olar.