Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Əlişir Nəvainin anadan olmasının 579 illiyi qeyd edilib

    Özbəkistan Nazirlər Kabinetinin nəzdindəki Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsi Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) ilə birgə böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə bağlı tədbir keçirib.

    Tədbirdə elm, mədəniyyət, incəsənət xadimləri, şair və yazıçılar, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

    Komitənin şöbə müdiri Bəxtiyar Kərimov Əlişir Nəvainin özbək ədəbiyyatındakı rolundan və xidmətindən danışıb. O deyib ki, böyük şair dünya ədəbiyyatı xəzinəsinə 29 əsər bəxş edib.

    Paytaxtdakı Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova böyük şairin həyatı və yaradıcılığı haqqında məlumat verib.

    RAMMM-ın sədri Firdovsi Hüseynov bildirib ki, Azərbaycanda da Özbəkistanda olduğu kimi Əlişir Nəvainin əsərləri çap edilir, Bakı şəhərinin mərkəzində şairin abidəsi ucalır. Bakı Dövlət Universitetinin professoru Ramiz Əskər isə böyük şairin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib.

    Sonra çıxış edənlər Əlişir Nəvainin ölməz əsərlərindən danışıblar.

    Tədbir musiqili proqramla davam edib. Saz ustası İlham Abdullayev bir-birindən gözəl aşıq mahnıları ifa edib.

  • Dövlət İmtahan Mərkəzi buraxılış və qəbul imtahanlarındakı dəyişikliyi izah edib

    Nazirlər Kabinetinin qərarları ilə müvafiq olaraq “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilib.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, dəyişikliklər ümumi təhsil məktəblərində təhsilalanların buraxılış imtahanını, eləcə də orta ixtisas və ali məktəblərə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün keçirilən Azərbaycan dili (dövlət dili kimi) fənnindən imtahanın davametmə müddətinin “45 dəqiqə” əvəzinə “1 saat 30 dəqiqə” müəyyən edilməsini nəzərdə tutur.

    Qeyd olunub ki, respublikanın təhsil sistemində tətbiq edilən fənn kurikulumunun təlim nəticələrinə əsasən, bu imtahanda dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahanda şagirdlərə 30 tapşırıq - dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli), oxuyub-anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı + 1 cavabı yazı ilə ifadə olunan açıq tipli) və dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

    İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100-dür. Qapalı tipli tapşırıqların hər birinin düzgün cavabı 1 balla, açıq tipli tapşırıqların hər birinin cavabı qiymətləndirmə meyarlarına uyğun olaraq 1, ½ və ya 0 balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan balı hesablanarkən tapşırıqlara verilmiş balların cəmi 10-a vurulduqdan sonra 3-ə bölünür. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılır.

    Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunur və onlar müsabiqəyə buraxılırlar.

     
  • AzMİU-da “EQAC” layihəsi çərçivəsində müəllimlər üçün təlim təşkil olunub

    Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsi çərçivəsində növbəti təlim keçirilib.

    Universitetdən bildirilib ki, təlim “Tələbəyönümlü təhsil”, “Avropa təhsil məkanında AST standartları”, “Mənimsəmə nəticələri və kompetensiyalar”, “Tədris və qiymətləndirmə” mövzularını əhatə edib. Sessiyalar zamanı AzMİU əməkdaşlarının fərdi tədris metodları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

    Təlimi AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva aparıb.

     
  • Psixointellektual breyn-rinq oyununa start verilib

    Paytaxtdakı ümumtəhsil müəssisələrinin şagirdləri arasında psixointellektual breyn-rinq oyununa start verilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan psixointellektual oyun rayon və şəhər turundan ibarətdir. Rayon turunda VII-IX sinif şagirdlərindən ibarət komandalar müəyyən vaxt ərzində onlara verilən müvafiq tapşırıqları yerinə yetirirlər. Birinci mərhələdən uğurla keçən komandalar şəhər turuna vəsiqə qazanacaq.

    Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunan oyunların əsas məqsədi məktəblilər arasında xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqəti artırmaq, müvafiq qrupa daxilolma ehtimalı olan şagirdlərin istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

    Qalib gələn komandalara diplom və hədiyyələr təqdim olunacaq.

     
  • “Xəzər Könüllülük Məktəbi”nin birinci iclasının keçirilməsində məqsəd beynəlxalq könüllü təşkilatlarının nümayəndələri arasında əlaqələr yaratmaqdır

    Bu gün Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyində üç Xəzəryanı ölkənin könüllülərinin iştirakı ilə “Xəzər Könüllülük Məktəbi”nin birinci iclası keçirilir.

    Rusiyanın “Şimal-Cənub” Politologiya Mərkəzi tərəfindən həyata keçirilən “Xəzərin Könüllülük Meridianları” layihəsində Azərbaycan, Qazaxıstan və Rusiyanın könüllü təşkilatlarının liderləri və fəalları, könüllü layihələrdə praktik təcrübəsi olan tələbələr iştirak edir.

    Bu barədə nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.

    “2020-ci ilin “Könüllülər ili” elan olunduğu Azərbaycanda keçirilən tədbirin məqsədi beynəlxalq gənc könüllü təşkilatlarının nümayəndələri arasında üfüqi əlaqələr sistemi yaratmaq, humanitar münasibətlərin və mədəniyyətlərarası dialoqun inkişafı sahəsində regional problemlərin uğurla həlli üçün platformaya nail olmaqdır”, - deyə mətbuat katibi qeyd edib.

    Nazirliyin sözçüsü bildirib ki, iclasda Xəzəryanı dövlətlərin müxtəlif sahələrdə könüllü fəaliyyətinin ən yaxşı təcrübələri regional səviyyədə müzakirə edilir.

     
  • Sabah 14 dərəcə isti olacaq

    Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 19-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

    Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 771 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi cənub rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

    Havanın temperaturugecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

     
  • Polşa səfirliyi viza almaq istəyən Azərbaycan vətəndaşlarına müraciət etdi

    Polşada işləmək və ya təhsil almaq istəyən Azərbaycan və Türkmənistan vətəndaşlarına viza verilməsi üçün müraciətlərin qeydiyyatının aparılması prosedurunda dəyişikliklər edilib.

    Bu barədə Polşanın Azərbaycandakı səfilrliyindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı qərarı səfirliyin Konsulluq və Polşa diaspor şöbəsi qəbul edib. 

    Qeyd olunub ki, 2020-ci ilin fevralın 19-dan etibarən, e-konsulat sistemində milli viza üçün qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşən insanlar viza müraciətini təqdim etmək üçün baku.wkp.rejestracja@msz.gov.pl email ünvanına müraciət edə bilərlər.

    Göndərilən e-mail müraciətlərində aşağıdakı məlumatlar əks olunmalıdır:
    - ad və soyad
    - əlaqə telefonu

    İşləmək məqsədi ilə gedənlər üçün:
    - İş icazəsinin skan versiyası (iş icazəsi verilən gündən etibarən 90 gündən yuxarı ola bilməz!)

    Təhsil almaq məqsədi ilə gedənlər üçün:
    - bir əcnəbi vətəndaşın təhsil almasına, təhsilini davam etdirməsinə dair icazə verən sənədin skan versiyası (Elm və ali təhsil nazirinin 23 sentyabr 2019-cu il tarixli əmrinə əsasən əlavə)

    Bildirilib ki, Konsulluq və Polşa Diaspor Şöbəsi tərəfindən qeyd olunan meyarlara cavab verməyən müraciətlərə baxılmayacaq və cavablandırılmayacaq:

    - Bir e-mail bir nəfər üçün (eyni şəxs haqqında dəfələrlə göndərilən müraciətlər nəzərə alınmayacaq);
    - Vasitəçilər/işəgötürənlər tərəfindən göndərilən sorğu-müraciətlərə cavab verilməyəcək;
    - Anketlərin qeydiyyatı zamanı texniki yardım göstərilmir;

    Gün təyin olunduğu haqqda e-mail aldıqdan sonra bunları etmək lazımdır:
    1. https://secure2.e-konsulat.gov.pl daxil olmaq;
    2. MENU seçimində „Milli viza – Blankı doldurmaq” seçmək lazımdır;
    3. Viza müraciətini (anketi) doldurmaq, çap etmək və imzalamaq.

    Səfirliyin Konsulluq və Polşa diaspor şöbəsindən bildirilib ki, viza müraciətinin qəbul edilməsi və baxılması məsələsində heç bir vasitəçi təşkilatlar və viza prosedurlarında iştirak etməyən şəxslər ilə əməkdaşlıq etmir.

    Bütün qeydiyyat pulsuzdur.

     
  • “Çölçü” filmi yeni zirvələri fəth etməkdə davam edir

    Hindistanın Kəlküttə şəhərində keçirilən “Crown Wood Beynəlxalq Film Festivalın”da Şamil Əliyevin “Çölçü” filmi “Best Narratıve Feature” (Ən yaxşı bədıı fılm) və “Best dırector” (Ən yaxşı rejissor) mükafatlarının qalibi elan edilib.

    Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 60 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

    “Çölçü” ümumilikdə bi neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

    Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Prodüser M. Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

     
  • Milli Qəhrəmanımıza həsr edilən “Ulu türkün Təbrizi” sənədli filmi təqdim olunacaq

    Fevralın 26-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” kinostudiyasında çəkilmiş “Ulu türkün Təbrizi” sənədli filminin təqdimatı keçiriləcək.

    Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbirində təqdimatı keçiriləcək filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir. Ekran əsəri Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyliyə həsr edilib.

    Qeyd edək ki, Təbriz Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində, Xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. 1981-ci ildə Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli orta məktəbi bitirib. O, 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirir və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir. Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmır. O, bütün varlığı ilə cəbhəyə getməyə can atır. Dağlıq Qarabağı işğalçılardan təmizlənməsində iştirak etmək istəyir. 1991-ci ilin sonlarında o, könüllü olaraq cəbhəyə yola düşüb. Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanıb. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarıb, düşmənin xeyli canlı qüvvəsini məhv edib. Döyüş şücaətlərinə görə Daxili İşlər Nazirliyinin “Boz qurd” mükafatına layiq görülüb. O, 1992-ci il yanvar 31-ində baş verən döyüşdə qəhrəmancasına həlak olub.

    Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Təbriz Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

  • Böyük qəzəl ustadı Əlağa Vahidin 125 illiyi qeyd olunub

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Ə.Vahid adına 1 nömrəli kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əlağa Vahidin anadan olmasının 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirilib.

    Kitabxanadan bildirilib ki, tədbirdə “Vahid” poeziya məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, Fatimə Mahmudova, Əliağa Vahidin oğlu Ramiz İskəndərov, kitabxananın əməkdaşları iştirak ediblər.

    Tədbirdə kitabxananın müdiri Mətanət Qasımova, “Vahid” poeziya məclisinin sədri Hacı Rafiq Əliyev və başqaları çıxış edərək böyük qəzəlxanın ömür yolundan, zəngin yaradıcılığından söz açıblar. Bildirilib ki, Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

    Sonra məclis üzvləri ustadın qəzəllərini oxuyublar. Kitabxanada Əlağa Vahidin əsərlərindən, jurnal və qəzet materiallarından, fotoşəkillərdən ibarət sərgi nümayiş olunub.

    Sonda tədbir iştirakçiları Əlağa Vahidin İçərişəhərdə yerləşən büstünü ziyarət ediblər.