Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib

    Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Gülşən Poladova İspaniyada elmi ezamiyyətdə olublar.

    İnstitutdan bildirilib ki, Avropa və Amerikanın aparıcı elmi mərkəzlərinin alim və mütəxəssislərinin iştirakı ilə Mariya Kristina Kral Universitetində keçirilən konfransda azərbaycanlı alimlərin məruzələri dinlənilib. Konfransda DNT markerlər, yeni nəsil molekulyar-genetik üsulların tətbiqi və istifadəsi barədə müzakirələr aparılıb.

    Sonda İspaniya kralı II Filippin inşa etdirdiyi orta əsrlər qəsrinə səyahət təşkil edilib və iştirakçılar buradakı memarlıq və rəssamlıq sənətinin nadir nümunələri ilə tanış olublar.

     
  • Muzeyin arxeoloji kolleksiyasına aid kitabçalar nəşr edilib

    AMEA Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi münasibətilə burada qorunan arxeoloji kolleksiyanın bəzi nümunələrinə həsr olunmuş iki kitabça nəşr edilib.

    Muzeydən bildiriblər ki, bu müəssisənin Arxeologiya elmi fond şöbəsinin müdiri Nasir Quluzadənin müəllifi olduğu “Xəzər Atlantidası yadigarları” adlı kitabça 1968-1987-ci illərdə muzeyin nəzdində fəaliyyət göstərmiş sualtı arxeoloji ekspedisiyanın tapıntılarına həsr olunub. Nəşrdə Xəzər dənizi akvatoriyasında aparılmış tədqiqatların tarixçəsinə qısa nəzər salınıb, tapılmış saxsı, metal, daş, şüşə və digər tərkibli seçmə maddi mədəniyyət nümunələri haqqında məlumat verilib.

    Arxeologiya fondunun müdiri Aida İsmayılovanın müəllifi olduğu “Sehrli çıraq” kitabçasında isə kolleksiyaya daxil olan metal və saxsı, şirli və şirsiz çıraqların seçmə nümunələri haqqında məlumat verilib.

    Hər iki kitabçanın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlıdır.

     
  • Əbülfəs Qarayev Britaniya Şurasının İncəsənət Şəbəkəsinin baş ofisində görüş keçirib

    Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının İncəsənət Şəbəkəsinin (Arts Network) direktoru Karoline Mebay ilə görüşüb.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, görüşdə ötən il Britaniya Şurası ilə nazirlik arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilmiş tədbirlər və gələcək planlar barədə müzakirələr aparılıb.

    Ə.Qarayev bildirib ki, ötən bir il müddətində ölkədə yaradıcı sənayenin inkişaf etdirilməsi ilə bağlı bır sıra addımlar atılıb, “Kreativ Azərbaycan” portalı və loqosu təsis olunub. Loqo bu sahədə fəaliyyətlərin əlaqələndirilməsinə və vahid istiqamətdə həyata keçirilməsinə imkan verir. Nazir Britaniya Şurası ilə birgə “Creative Spark” proqramı çərçivəsində layihə həyata keçirildiyini qeyd edib. O, həmçinin ümumilikdə yaradıcı sənayelərlə məşğul olan biznes nümayəndələri və fərdlərlə bir sıra layihələrin reallaşdırıldığını bildirib.

    Nazir deyib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci il ölkədə “Könüllülər ili” elan edilib. Bununla əlaqədar yaxın zamanda Kreativ Azərbaycan Könüllülük Hərəkatının yaradılması nəzərdə tutulub. Bu sahədə biznesin inkişaf etdirilməsi, biznes modellərinin yaradılması və startapların dəstəklənməsi məqsədilə ölkədə kreativ biznes mərkəzinin açılması üçün hazırda BP və digər təşkilatlarla danışıqlar aparılır.

    Karoline Mebay Britaniya Şurasının Azərbaycandakı Nümayəndəliyi ilə ölkədəki tərəfdaş dövlət qurumları və Mədəniyyət Nazirliyi arasında əməkdaşlıqdan məmnun olduqlarını qeyd edərək Britaniya Şurasının fəaliyyətinə göstərilən dəstəyə görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirib. O qeyd edib ki, hazırda Britaniya Şurası bir sıra ölkələrdə maraqlı layihələr həyata keçirir. Bu layihələrdən ən əhəmiyyətlisi “Crafting Futures” layihəsidir. Layihə yaradıcı bizneslə məşğul olan insanlara və təşkilatlara bu sahədə bilik və bacarıqların öyrədilməsi ilə bağlı dəstək göstərməkdən ibarətdir. K.Mebay layihə ilə əlaqədar Azərbaycana səfərin təşkil olunduğunu qeyd edib.

    Ə.Qarayev Britaniya Şurasının layihələrini yüksək qiymətləndirdiyini, təkcə yaradıcı sənayelərlə bağlı deyil, həm də teatr, musiqi və digər sahələrdə Britaniya Şurasının layihələrinin Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini qeyd edib. Nazir hazırda Azərbaycanda yaradıcı sənayelərin inkişafı ilə bağlı 2020-2025-ci illər üçün İnkişaf Proqramı hazırlandığını, ilkin mərhələdə proqramın konseptual təhlilinə və onun strategiyasının hazırlanmasına Britaniya Şurasının dəstəyi ilə müvafiq xarici ekspertlərin də cəlb olunduğunu bildirib. Həmçinin vurğulayıb ki, növbəti mərhələdə də bu prosesə xarici ekspertlərin cəlb olunması nəzərdə tutulur.

    Görüşün sonunda gələcək əməkdaşlıq üçün irəli sürüləcək təşəbbüs və layihələrin qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub.

     
  • Azərbaycanlı alimin tədqiqat işi beynəlxalq simpoziumda müzakirə olunub

    AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, dosent Samirə Rüstəmova Avstriyada Bitki Seleksiyası Cəmiyyətinin keçirdiyi beynəlxalq simpoziumda iştirak edib.

    İnstitutdan bildirilib ki, S.Rüstəmovanın simpoziumda təqdim etdiyi tədqiqat işi geniş müzakirə olunub.

    Bitki Seleksiyası Cəmiyyəti 1991-ci ildə yaradılıb və hazırda 850-dən çox üzvü var. Hər iki ildən bir cəmiyyət tərəfindən bitki seleksiyasının aktual məsələlərinə həsr olunan elmi simpoziumlar təşkil edilir. Simpoziumların keçirilməsində məqsəd bitki seleksiyasında yenilik axtarışlarının qlobal bir missiya kimi qiymətləndirilərək beynəlxalq platformada müzakirə etməkdir. Budəfəki simpoziumun da əsas mövzusu iqlim dəyişikliyi fonunda planetin qida təhlükəsizliyi probleminin həllində rəqəmsal metodların tətbiqinə həsr olunub.

     
  • Azərbaycan muzeyi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə yaradılacaq klasterə daxil ediləcək

    Görkəmli rus şairi Sergey Yeseninin 125 illik yubileyi münasibətilə beynəlxalq klaster yaradılacaq.

    S.A.Yesenin adına Ryazan Dövlət Universitetində yaradılacaq platforma dahi şairin adını daşıyan muzey, kitabxana və elmi mərkəzləri birləşdirəcək. Klastera S.Yeseninin Mərdəkandakı ev-muzeyi də daxil olacaq. Görkəmli şairin adı ilə bağlı olan müəssisələr platforma çərçivəsində tədqiqatlar, keçirilən tədbirlər, sərgilər barədə informasiya mübadiləsi aparacaqlar.

    Qeyd edək ki, Sergey Yesenin 1895-ci ildə Rusiyada, Ryazan yaxınlığındakı Konstantinovo kəndində dünyaya gəlib. 1924-1925-ci illərdə o, Bakıda yaşayıb. Bu dövr ərzində Bakı mətbuatında 51 əsəri, “Əlvida, Bakı” şeiri dərc olunub.

     
  • Qahirənin mərkəzində II Ramzesin heykəlinin ucaldılması başa çatıb

    Qahirənin mərkəzi Tahrir meydanında Qədim Misirin əfsanəvi fironu II Ramzesin abidəsinin qoyulması üzrə ötən ilin avqustunda başlanmış işlər başa çatıb. Misirin Qədim Abidələr üzrə Ali Şurasının məlumatına istinadla xəbər verilir ki, bu ecazkar heykəl ehramların fonunda əsrarəngiz obelisk formasında olacaq. Onun ətrafında səkkiz ədəd daş blok da ucaldılıb.

    Ali Şuranın baş katibi Mustafa Vəziri jurnalistlərə məlumat verib ki, 17 metr hündürlüyündə olan və çəhrayı qranitdən hazırlanmış heykəlin ağırlığı 90 tondur. Onun sözlərinə görə, abidənin Misir paytaxtının ən izdihamlı meydanında qoyulmasından əsas məqsəd, Qahirəyə gələn turistləri ölkənin zəngin tarixi haqqında məlumatlandırmaqdır. Obeliskin səkkiz qranit bloku 2019-cu ildə Aşağı Misirin Zaqaziq rayonundan gətirilib. Fironun heykəli isə tamamilə bərpa olunub.

    Bundan başqa, Tahrir meydanında Luksordan gətirilən dörd sfinks heykəli də nümayiş etdiriləcək. Bu heykəllərin populyar turizm məkanı olan Luksordan Qahirəyə gətirilməsi mübahisələrə səbəb olub. Ötən il millət vəkillərindən biri Baş Nazirə bununla bağlı müraciət ünvanlayıb. O, etiraz məktubunda bunun UNESKO-nun Dünya İrsi Konvensiyasına ziddi olduğunu əsaslandırıb. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyi də sfinkslərin daşınmasının təhlükəli olacağını bəyan edib.

  • Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçiriləcək

    Abdulla Şaiqin Mənzil Muzeyinin və Nəriman Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə fevralın 22-də Xocalı faciəsinə həsr edilmiş “Soyqırım” adlı tədbir keçiriləcək.

    Tədbir Nəriman Nərimanovun Xatirə Muzeyində olacaq.

    Tədbirdə Xətai rayonu UPD qəsəbəsinin 58 nömrəli tam orta məktəbinin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim edəcək.

    Sonda Xocalı faciəsinə həsr olunmuş film nümayiş olunacaq.

    Tədbir çərçivəsində iştirakçılar Xocalı faciəsinə həsr edilmiş “Ana harayı” abidəsini ziyarət edəcəklər.

  • Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris vəsaitlərinin nəşrinə dair müzakirələr aparılıb

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kimya və biologiya fakültəsinin elmi şurasının iclası keçirilib.

    ADPU-dan bildirilib ki, iclasda fakültənin dekanı, elmi şuranın sədri, dosent Elnarə Mehbalıyeva 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələri haqqında geniş məlumat verib.

    Daha sonra 2019-2020-ci tədris ilinin yaz semestrinə hazırlıqla bağlı kafedra müdirlərinin çıxışları dinlənilib. Biologiya müəllimliyi, kimya müəllimliyi, kimya və biologiya müəllimliyi ixtisasının IV və V kurs tələbələrinin pedaqoji təcrübəyə hazırlıq vəziyyəti ilə bağlı Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri, dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Reyhan Ağayeva məlumat verib.

    Tədbirdə 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələrinə görə təqaüdlə bağlı dekan müavini, biologiya üzrə fəlsəfə doktoru Elnarə Muradovanın məlumatı dinlənilib. Həmçinin elmi katib, dosent Gülnarə Babayeva cari məsələlərlə bağlı çıxış edib.

    İclasda 1 dərslik, 4 dərs vəsaiti, 10 fənn proqramının nəşri geniş müzakirələrdən sonra məqsədəmüvafiq hesab edilib.

     
  • “Məktəblinin dostu” layihəsinin əməkdaşları təltif olunublar

    “Məktəblinin dostu” layihəsinin əməkdaşları səmərəli fəaliyyətlərinə görə təltif olunublar.

    Təhsil Nazirliyindən bildiriblər ki, təltifetmə mərasimində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məktəbdə şagirdlərin, eləcə də müəllim-şagird münasibətlərinin tənzimlənməsində layihənin əhəmiyyətindən, əldə edilən müsbət nəticələrdən danışıb. Nazir müavini bildirib ki, “Məktəblinin dostu” layihəsi 70 ümumtəhsil məktəbini əhatə edir.

    Hər bir şagirdə fərdi yanaşmanın vacibliyini vurğulayan F.Qurbanov deyib ki, ”Məktəblinin dostu” layihəsi əməkdaşının qarşısında duran əsas vəzifələrdən biri məktəbdə olan mənfi halların qarşısının alınmasında kömək etmək, şagirdlə dost olmaqdır.

    Daha sonra layihə çərçivəsində xüsusi təşəbbüskarlıq və peşəkarlıq nümayiş etdirən 5 əməkdaş, 2 psixoloq və 20 “Məktəblinin dostu” təltif edilib.

    Qeyd edək ki, 2016-cı ilin dekabr ayından icrasına başlanılan “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. İlk olaraq 30 məktəbdə fəaliyyətə başlayan layihə çərçivəsində hazırda 300 əməkdaş çalışır. Layihə Bakı şəhəri üzrə 58 tam orta məktəb, 2 gimnaziya, 2 internat və 2 idman məktəbi olmaqla ümumilikdə 64 ümumi təhsil müəssisəsini əhatə edir. Eləcə də Sumqayıtda 4, Abşeronda 2 ümumi təhsil müəssisəsində” Məktəblinin dostu” fəaliyyət göstərir.

    “Məktəblinin dostu” layihəsinin əsas məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

    Layihənin əhatə etdiyi məktəblərin sayının 150-yə çatdırılması nəzərdə tutulur.

     
  • İlahiyyat İnstitutunda “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi nümayiş olunub

    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qarabağ: əcdadlarımızın mirası” sənədli filminin təqdimatı keçirilib.

    Aİİ-dən bildirilib ki, sənədli ekran əsəri Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

    Aİİ-nin rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində xalqımıza məxsus maddi-mədəni irsin məhv edilməsinin yalnız ölkəmizə qarşı yönəlmədiyini, bunun eləcə də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vəhşilik, vandalizm aktı olduğunu, işğal edilmiş Azərbaycan ərazilərində erməni vandalları tərəfindən çox sayda məscid, muzey, maddi mədəniyyət nümunəsinin yerlə-yeksan olunduğunu bildirib.

    C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının, bütövlükdə Qarabağ müharibəsi zamanı Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdiklərini vurğulayıb.

    Gənclər və İdman Nazirliyinin əməkdaşı Hüseyn Babayev Azərbaycan, ingilis və rus dillərində istehsal edilən “Qarabağ: əcdadlarımızın mirası” sənədli filmi haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, film Vətənimizin ayrılmaz hissəsi olan doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin ölkəmizə, xalqımıza məxsusluğu, bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, əzəli torpaqlarımıza Ermənistanın ərazi iddiaları haqqındadır. Bu məlumatların dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılması sənədli filmin əsas məqsədini təşkil edir.

    Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər barədə danışılır. Həmçinin Orta əsrlərdə, xanlıqlar dövründə, XIX əsrdə, XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və sovet hakimiyyəti zamanı Qarabağın vəziyyəti haqqında, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyan, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri barədə fakta söykənən görüntülü məlumatlar verilir. “Nə üçün Qarabağ bizə bu qədər doğmadır?” sualına filmin sonunda “Çünki Qarabağ sonuncu qaladır, çünki Qarabağ əcdadlarımızın mirasıdır”, – deyə cavab verilir.

    “Qarabağ: əcdadlarımızın mirası” Azərbaycanda sözügedən bölgənin bütün tarixi dövrlərini və müasir işğal mərhələsini orijinal çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanan ilk ümumi filmdir.