Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Abstrakt üslubda rəsmlər hazırlayan tələbə “UNEC istedadı” layihəsində

    Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC istedadı” layihəsi xüsusi istedadı və bacarığı ilə seçilən tələbələri tanıtmaqda davam edir.

    UNEC-dən bildirilib ki, layihənin budəfəki qonağı Magistratura Mərkəzinin II kurs magistri Nərmin Qasımovadır. Orta məktəbdə təhsil aldığı vaxtlardan rəsmə böyük marağı olan Nərmin Qasımova həmin ixtisasa daha dərindən yiyələnmək üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin dizayn fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə Türkiyənin Orta Doğu Texniki Universitetində” Erasmus+” beynəlxalq mübadilə proqramının iştirakçısı olub. Hazırda UNEC-də dizayn ixtisası üzrə magistr təhsili alan N.Qasımova universitetdə təşkil olunan tədbirlərdə fəal iştirak edir, eləcə də rəsm əsərləri ilə müxtəlif sərgilərdə UNEC-i təmsil edir. O, UNEC-lə Almaniyanın Siegen Universitetinin birgə reallaşdırdığı “EE-KEY-AZ” layihəsində də iştirak edərək, həmin proqram çərçivəsində dərslərə qatılıb və diplom əldə edib.

    Hazırda abstrakt üslubda rəsmlər hazırlayan Nərminin əsərləri Azərbaycanda bir ilkdir. O, rəsmlərində təbiətdəki rəng palitrası və formalarından istifadə edir. Nərmin Qasımova yaratdığı əsərlərdə əsasən təbiətin insan həyatındakı rolunu, önəmli bir yer tutmasını cəmiyyətə aşılayır, eləcə də təbiətə sahib çıxmağın vacibliyini insanlara çatdırır.

    UNEC magistrı hazırda təbiətin möcüzələri haqqında elmi-tədqiqat işi üzərində çalışır.

     
  • Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub

    Fevralın 18-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Gözəl Bahar” pyesinin motivləri əsasında səhnələşdirilən “Bahar“ tamaşasının premyerası olub.

    “Əngəlləri səhnədən aşaq...” şüarını əsas götürən yaradıcı heyət bu dəfə teatrın nəzdində yaradılan azyaşlı aktyorlardan ibarət “Oyuq” və fiziki imkanları məhdud səhnə bacarıqlı uşaqların cəmləşdiyi “Küllücə” teatr-studiyalarını bir səhnədə toplayıb.

    Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin dəstək verdiyi bu sosial layihənin məqsədi istedadlı uşaqları bir araya gətirməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək, fərqli səhnə, sənət bacarıqlarını təkmilləşdirmələrinə dəstək olmaqdır.

    Tamaşanın quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Röya Hüseynova, xoreoqrafı Günay Əhməddir.

    Uşaqlara təbiəti, fəsilləri, insanları sevməyi təlqin edən, onları ətraf mühitin qorunmasına səsləyən birhissəli musiqili uşaq tamaşasında rolları Nazan Qafarova, Həcər Abdullayeva, Selcan Müseyibova, Zəhra Qafarova, İbrahim Məmmədli, Ülvi Bayramov, Nigar Süleymanzadə, Aslımaral Umarova, Sofiya Əlizadə, Murad Abdurrəhmanov, Aysu Cəbrayılova, Hüseyn Abdullazadə, İlqar İbrahimli, İbrahim Süleymanlı və başqaları ifa ediblər.

    Qeyd edək ki, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatına üzv fiziki məhdudiyyətli istedadlı balacaların da yer aldığı “Küllücə” teatr-studiyası iki ildir ki, fəaliyyətə başlayıb və bu müddət ərzində ətrafına xeyli sayda fiziki və əqli məhdudiyyətli balacaları toplaya bilib.

     
  • “Mehmandarovlar” kitabında məşhur bir nəslin şəcərə bioqrafiyası araşdırılıb

    Tədqiqatçı-jurnalist, publisist və naşir Vasif Quliyevin Azərbaycanın görkəmli sülalələrindənə olan Mehmandarovlar barədə qələmə aldığı kitab onun 40 ildən artıq bir dövrdə apardığı axtarışların məhsuludur. Müəllif bu mövzuda əldə etdiyi zəngin materiallar və nadir tapıntılar əsasında Qarabağ tarixinin ictimai-siyasi və etnik-mədəni irsinin nadir bir parçası olan məşhur bir nəsil haqqında mükəmməl bir tarixçə yaratmağa nail olub.

    Tədqiqatçı-jurnalistin uzun illər müxtəlif qaynaqlardan – ailə saxlanclarından, arxivlərdən, rusdilli və anadilli mətbuatın səhifələrindən tapıb topladığı materiallar, sənədlər, xatirələr, tarixi şəkillər əsasında hazırladığı Mehmandarovlar toplusu Qarabağın və dövlət müstəqilliyini itirdikdən sonra onu iki dəfə bərpa etməyə nail olmuş Azərbaycanın son iki yüzillik həyatının bir çox məqamlarını öyrənmək baxımından da maraq doğurur. Kitab Mehmandarovlar barədə ümumi məlumat və tarixi-etnoqrafik səciyyələndirmə bu nəslin geniş, şaxəli şəcərəsini canlandırmaqla yanaşı, həm də onların xalqımızın milli-mədəni həyatında oynadığı xüsusi rolu və xidmətlərinin çəkisini dolğun təsəvvür etməyə imkan yaradır.

    Mehmandarovların iki aparıcı qolundan ətraflı bəhs edən kitab sülalənin Şuşa tirəsinin Vəzirovlarla, Rüstəmbəyovlarla, sonralar isə Şirvan əsilzadələrindən olan Mahmudbəyovlarla, Lənkəran xəttinin isə Talışxanovlarla qohumluqları və bu ailələrin tanınmış nümayəndələri barədə bir sıra çox mühüm məlumatlar ilk dəfə oxucu auditoriyasına çatdırılır.

    Mehmandarovların şəcərə bioqrafiyası və canlı salnaməsi olan kitab Qarabağ həqiqətlərini dünyada təsdiqləmək baxımından da tutarlı mənbədir.

  • Böyük Füzulimizin yadigarı mən özüməm...

    Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

    Bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 125 il ötür.

    “Qəzəl de ki, məşhuri-dövran ola” - Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, - deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

    Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

    Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

    Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

    Yeri gəlmişkən qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyinin dövlət səviyyəsində qeyd edilməsi üçün ölkə başçısı tərəfindən Sərəncam imzalanıb. Sərəncama əsasən şairin 120 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

     
  • “Çipollino” növbəti dəfə azyaşlıların zövqünü oxşayıb

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çipollino” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, balaca teatrsevərlər üçün nəzərdə tutulan tamaşanın rejissoru, musiqi tərtibatçısı və yeni səhnə redaksiyasının müəllifi Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı isə Lalə Hacıyevadır.

    Tamaşada rolları Əməkdar artistlər Əlvida Cəfərov, Mehriban Xanlarova, Sevinc Əliyeva Mirzə Ağabəyli , Məzahir Cəlilov, Rüstəm Rüstəmov, aktyorlar Xədicə Novruzlu, Rəşad Bəxtiyarov, Cümşüd Zeynalov, Dilarə Nəzərova, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Ziya Ağa, Əlləz Əhmədov, İmran Qurbanov, Ənvər Məmmədov ifa edib. Səhnə əsərində Coakkino Rossininin musiqilərindən istifadə olunub.

    Qeyd edək ki, Canni Rodari “Çipollinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.

     
  • “Adagio” tamaşası növbəti dəfə göstərilib

    Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə təqdim edib.

    Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.

    Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa ediblər.

    Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir. Yazıldığı gündən dillərə, könüllərə düşən, illər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan, insan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər “Adagio”nun təqdimatında sankı yenidən yazılır, yenidən kəşf olunur.

  • Qırğızıstanda həmyerlimiz beynəlxalq “Barış göyərçini” medalı ilə təltif edilib

    Qırğızıstanın paytaxtı Bişkek şəhərində “TÜRKEL” Media Qrupunun baş redaktoru, həmyerlimiz Ramiz Məşədihəsənli “Dünya generalları sülh uğrunda” Beynəlxalq Birliyi (BB) tərəfindən “Barış göyərçini” medalı ilə təltif edilib.

    Soydaşımıza dostluq, birlik, həmrəylik və əmin-amanlıq uğrunda fəaliyyətlərinə görə mükafatı təqdim edən beynəlxalq birliyin vitse-prezidenti, Əfqanıstan Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-leytenantı Abdu Vakil “TÜRKEL” qrupunun Orta Asiya və Türk-İslam coğrafiyasında populyarlıq qazandığını diqqətə çatdırıb.

    Qeyd edək ki, birliyik keçən il isə “TÜRKEL” Media Qrupunun prezidenti, həmyerlimiz Hökümə Xəlilovanı “Barış göyərçini” medalı və fəxri fərmanla təltif etmişdi.

  • Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan olunan rəsm müsabiqəsi davam edir

    Xətai Sənət Mərkəzində uşaqlar və yeniyetmələr üçün elan edilən “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsi davam edir.

    Müsabiqə Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC), Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilib.

    Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    Müsabiqəyə 17 yaşadək olan uşaqlar qatıla bilər. Müsabiqəyə təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi martın 4-də bitəcək. Müsabiqədə seçim iki yaş kateqoriyası üzrə (12 və 12-17) aparılacaq. Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Yurdumuza bahar gəlir” afişasına toxunmaqla və ya http://xsm.az/site/yurdumuzabahargelir/ linkinə daxil olub 1 və ya 2 əsərin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

    Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.

     
  • Rusiya və Azərbaycanın balet ulduzları Bakıda eyni səhnəni bölüşüb

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladığı Pyotr Çaykovskinin “Qu gölü” baleti növbəti dəfə təqdim olunub.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində baş rolları rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərov (Şahzadə Ziqfrid) ifa ediblər.

    Baletdə, həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış ediblər.

    Səhnə əsəri baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

     
  • Ətraf mühitin problemlərinə həsr olunan elmi konfrans keçiriləcək

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Ətraf mühitin problemləri və onun qorunub saxlanması strategiyası: gələcəyə baxış” mövzusunda tələbə və magistrantlar arasında elmi-praktik konfrans keçiriləcək.

    AMEA-dan bildirilib ki, “Elm günü”nə həsr olunan tədbirdə iştirak etmək istəyənlər A4 format kağızda, 12 ölçülü Times New Roman (adi) şriftdə tezis hazırlamalıdırlar. Tezisin adı birinci sətirdə böyük şriftlə (ortada), ikinci sətirdə müəllif və ya müəlliflərin soyadı və inisialı (ortada), üçüncü sətirdə dərəcələr, dördüncü sətirdə təşkilatın adı, şəhər, e-mail və ünvanı ortada yazılmalıdır. Tezislər və iştirakçı anketləri kağız variantda təşkilat komitəsinə, elektron versiyada isə elmikonfrans2020@gmail.com ünvanına göndərilməlidir.

    Materiallar Azərbaycan, rus və ingilis dillərində martın 31-dək qəbul ediləcək. Tezislər göndərilən zaman 1 ədəd 3x4 fotoşəkil (skan) və əlaqə nömrəsi qeyd olunmalıdır.

    Ünvan: AZ1073 Bakı, M.Rahim küçəsi 5. Tel. (+994 55) 882 89 82