Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Seçenov Universitetinin Bakı filialında icbari tibbi sığortanın tətbiqinin təkmilləşdirmə proqramı tədris olunacaq

    Cari ilin aprelində Rusiya Səhiyyə Nazirliyi İ.M.Seçenov adına Birinci MDTU-nun (Seçenov Universiteti) Bakı filialında dövlət hesabına “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin aktual məsələləri” adlı təkmilləşdirmə proqramı tədris olunacaq. Proqramın tədrisində Seçenov Universitetinin Səhiyyənin Ali İdarəetmə Məktəbinin və Dünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisləri iştirak edəcəklər.

    Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən verilən məlumata görə, kursun proqramı tibbi təşkilatların fəaliyyətlərinə həsr olunmuş seminarların, mühazirələrin və dəyirmi masaların keçirilməsini nəzərdə tutur.

    Proqramın yekununda təkmilləşdirmə kursunun bitirilməsi haqqında sertifikat təqdim olunacaq.

    Seçimlər müsabiqə əsasında həyata keçiriləcək.

    Dərslər rus dilində aparılacaq.

    Sənədlər Bakı şəhəri, H.Cavid prospekti 139 ünvanda qəbul olunur.

    Qəbul saatları: 09:00 - 17:00 (bazar və bayram günləri istisna olmaqla).

    Sənədlərin qəbul müddəti: 17.02.2020 – 17.03.2020.

    Tələb olunan sənədlər: ərizə; şəxsiyyət vəsiqəsinin surəti; ali təhsil haqqında diplomun surəti; elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa); əmək kitabçasının surəti (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı); kadrlar uçotunun şəxsi vərəqəsi (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı); xasiyyətnamə; tərcümeyi-hal; peşəkar yenidənhazırlanma, ixtisasartırma kurslarının və s. bitirilməsi haqqında sertifikatlar və diplomlar.

    Əlaqə nömrələri: +994 12 599-08-10, +994 51 225-77-31.

    E-mail: info@mma.edu.az.

     
  • Azərbaycan iranlı turistlərin sevdiyi məkandır

    Azərbaycan iranlı turistlərin sevdiyi məkandır. İranlı turistlər Azərbaycana böyük həvəslə səfər edir və çox razı qalırlar.

    Bu sözləri İranda fəaliyyət göstərən “Azərgəşt Məliki” turizm şirkətinin rəhbəri Məhəmməd Məliki deyib. O bildirib ki, Təbrizdən Bakıya çarter reysi təşkil olunur və hər həftə 150 nəfər Azərbaycana səfər edir. Bundan başqa, avtobuslarla da turistlərin səfərləri təşkil olunur. Hazırda Təbriz-Qəbələ avtobus marşrutunun açılması istiqamətində iş aparılır. Yay aylarına kimi bu marşrutu turistlərin istifadəsinə vermək istəyirik.

    M.Məliki qeyd edib ki, Azərbaycan sabit və firavan ölkədir. Bakının gözəlliyi, tarixi məkanları, abidələri turistlərdə xoş təəssürat yaradır. Bakının dənizkənarı bulvarı iranlı turistlər arasında çox populyar yerdir. Bunlarla yanaşı, insanların qonaqpərvərliyi, xalqların eyni adət-ənənəyə və dinə malik olması turistlərin diqqətini daha çox cəlb edir.

  • “Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” adlı muzeydənkənar mühazirələrin keçirilməsinə başlanılıb

    “Milli Azərbaycan Tarixi Muzeyi 100 ildə” adlı muzeydənkənar mühazirələrin keçirilməsinə başlanılıb.

    AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən bildiriblər ki, bu müəssisənin əməkdaşları Müasir İnnovasiyalar Liseyində olublar.

    Görüşdə muzeyin elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Qənirə Qafarlı Azərbaycan dilində, elmi maarifləndirmə və ekskursiyalar şöbəsinin əməkdaşları Günel Süleymanova və Sara Əhmədova rus və ingilis dillərində ekspozisiya əsasında muzeyin tarixi, strukturu, fondları haqqında ətraflı məlumat veriblər.

    Eyni zamanda, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və ev-muzeyindən bəhs edilib.

    Sonra suallar cavablandırılıb.

     
  • Qax məktəblilərinə sağlam qidalanma vərdişləri haqqında məlumat verilib

    Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində regionlarda yerləşən ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.

    Layihə çərçivəsində növbəti görüşlər Qax rayonundakı F.Babayev adına 4 nömrəli və T.İsmayılov adına 5 nömrəli tam orta məktəblərin şagirdləri ilə keçirilib.

    Görüşdə şagirdlərə sağlam qidalanma vərdişləri və qida təhlükəsizliyində ictimai nəzarətin vacibliyindən danışılıb, bu sahədə hazırlanan videoçarxlar nümayiş olunub. Agentliyin regional bölmələrinin əməkdaşları məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, fast-foodun zərərləri, süd və süd məhsullarının faydaları barədə ətraflı məlumat verib, şagirdlər arasında müxtəlif intellektual oyunlar keçiriblər.

    Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

     
  • Mədəniyyət evində “Sənin üçün yaşayıram” adlı konsert təqdim edilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində sevilən müğənni Rüfət Axundovun “Sənin üçün yaşayıram” adlı solo konserti keçirilib.

    İdarədən bildirilib ki, konsertin aparıcısı Humay Muxtarova tamaşaçıları salamlayıb və populyar müğənni Rüfət Axundovu səhnəyə dəvət edib.

    Tamaşaçıların alqış sədaları ilə müşayiət edilən konsertdə Rüfət Axundov öz sənət yoldaşları ilə sevilən mahnıları səsləndirib. Rəqqasə Kəmalə Səfərəliyeva, gənc müğənnilər Elçin Qəhrəman, Türkanə və Validə Zeynalovanın ifaları rəğbətlə qarşılanıb.

    Konsertin sonunda Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin direktoru Rüfət Məmmədov Mədəniyyət evinin kollektivi və tamaşaçılar adından konsertin təşkilatçılarına və ifaçılara öz təşəkkürünü bildirib.

    Sonda ifaçılara Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin fəxri fərmanlarını təqdim edib.

     
  • Azərbaycan və çexiyalı ifaçılar Bakıda eyni səhnəni bölüşüb

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, pianoçu Murad Adıgözəlzadə və Çexiyanın Pilsen Dövlət Konservatoriyasının professoru, skripkaçı Roman Fedçukun iştirakı ilə konsert proqramı təqdim olunub.

    Konsertdə solistləri Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşayiət edib.

    Tədbirdə Feliks Mendelsonun skripka, fortepiano və simli orkestr üçün üç hissəlik konserti, Edvard Qriqin “Lirik süita”, Pablo de Sarasatenin “Navarra”, Pol Dükanın “Sehirbazın şagirdi” simfonik musiqiləri təqdim olunub.

    Konsert proqramı tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.

     
  • Sabahın hava proqnozu məlum oldu

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə  Bakıda və Abşeron yarımadasında fevralın 18-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 777 mm civə sütunundan 773 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturugecə 1-6 , gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

     
  • Fövziyə Zuari: Digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda qadınlara yüksək status verilib

    Filmin ideyasını Azərbaycan səfirinə təqdim etdik və səfir bu ideyanı müsbət qarşıladı. Beləliklə, filmin çəkilişi üçün Azərbaycana getdik və həqiqətən də bu səfər hər birimiz üçün gözlənilməz və gözəl sürpriz oldu. Ölkənizə heyran olduq.

    Bu fikirləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində premyerası keçirilən “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin nümayişindən sonra bu filmin təşəbbüskarı, rejissoru, eləcə də Beynəlxalq Frankofoniya Təşkilatının dəstəyi ilə yaradılmış Qadın Frankofon Yazıçılar Parlamentinin sədri Fövziyə Zuari söyləyib.

    Bildirib ki, ölkədə bütün sektorlarda qadınların olmasına heyran olub. Cəmiyyətdə qadınların xüsusi yeri olması sevindiricidir.

    “Ölkənizdə bütün sektorlarda qadınlarla rastlaşdıq. Bu elə ilk andan məni valeh etdi. Xüsusilə də etnik və dini icmalar arasındakı münasibətlərə heyran oldum. Azərbaycan dünyəvi ölkədir və dünyəviliyi çox qiymətləndirirəm. Azərbaycanda qadınların öz hüquqlarını yaşadıqlarının şahidi oldum və buna çox sevindim.

    Tunisdən- ərəb ölkəsindənəm. Çox təəssüflər olsun ki, nə mənim ölkəmdə, nə də digər ərəb ölkələrində sizdə gördüyümüz mühit yoxdur. Digər müsəlman ölkələrində sizdəki kimi qadınlara yüksək status verilməyib”,-deyə F. Zuari diqqətə çatdırıb.

    “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filmini dostu rejissor Bualem Gueritli ilə birlikdə hazırladıqlarını bildirib.

    F. Zuari ölkəmizə səfəri ilə bağlı xoş təəssüratlarından söz açıb. Qeyd edib ki, ölkəmizlə bağlı xoş xatirələri var. Film haqqında eşidənlər və ona baxanların hər biri Azərbaycana gedəcəklərini bildiriblər.

     
  • Tarix Muzeyində “Məktəb” jurnalının bir nüsxəsi qorunur

    AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda “Məktəb” jurnalının bir nüsxəsi (1912, №17, əski əlifba ilə) qorunur.

    Bu barədə Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

    “Məktəb” jurnalının XX əsrin əvvəllərində şagirdlərin bilik və dünyagörüşünün genişlənməsində, elmə, maarifə marağın artırılmasında mühüm rolu olub. Jurnal Bakıda türk (Azərbaycan) dilində nəşr edilib. Onun ilk nömrəsi 1911-ci il noyabrın 29-da, sonuncu nömrəsi isə 1920-ci il martın 21-də çap olunub.

     
  • Azərbaycanlı şərqşünas alimlər Səudiyyə Ərəbistanında təlimlərdə iştirak ediblər

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində Kral Əbdüləziz adına Beynəlxalq Ərəb Dilinə Xidmət Mərkəzinin təşkil etdiyi “Ərəb dilinin tədrisi” təlimlərində iştirak ediblər.

    İnstitutdan bildiriblər ki, təlimlərdə bu elmi müəssisənin Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi Fatma Məcidova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı və Din və ictimai fikir tarixi şöbəsinin kiçik elmi işçisi Elnur Mustafayev iştirak edirlər.

    Kral Əbdüləziz adına Universitetdə təşkil olunmuş təlim proqramında qeyri-ərəblər üçün ərəb dilini daha tez öyrənməyin üsul və metodları nümayiş etdirilib. Təlim zamanı universitetin müəllimləri ilə Azərbaycan nümayəndə heyəti arasında fikir mübadiləsi aparılıb. Təlim proqramı bitdikdən sonra Kral Əbdüləziz adına Universitetin rektoru Azərbaycan nümayəndə heyəti ilə görüşüb və onlara sertifikat təqdim edib.

    Səfər çərçivəsində Şərqşünaslıq İnstitutunun əməkdaşları Qədim Ciddə şəhəri, Kral Əbdüləziz adına Mərkəzi kitabxana ilə tanış olublar. Alimlərimiz, həmçinin Məkkə və Mədinə şəhərlərində müqəddəs və tarixi məkanları ziyarət ediblər.