Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında Azərbaycan-Özbəkistan münasibətləri, türkologiyanın problemləri ilə bağlı mühazirə oxuyub.
Universitetin professoru Dilnəvaz Yusupova Ramiz Əskərin yaradıcılığı haqqında danışıb. Vurğulayıb ki, alimin indiyədək 74 kitabı çap edilib. Bunun 55-i tərcümə kitablarıdır, o cümlədən 10-u özbək ədəbiyyatına aiddir. O, Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib və kitabın çapını gözləyir.
Ramiz Əskər Azərbaycanla Özbəkistan arasında ədəbi, mədəni-humanitar sahələrdə əlaqələrdən danışıb. Qeyd edib ki, Azərbaycanın şair və yazıçılarının Özbəkistanda, özbək yazarlarının əsərləri isə ölkəmizdə nəşr olunur.
Alim xatırladıb ki, iki il əvvəl Özbəkistanda Əlişir Nəvainin yubileyində iştirak edib və ona Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib. “Əlişir Nəvai “Xəmsə”ni iki ilə yazıb. Mən də o vaxt qərara aldım ki, iki ilə “Xəmsə”ni Azərbaycan dilinə tərcümə edim və iki ilin tamamında bu böyük işi başa çatdırdım”, - deyə Ramiz Əskər qeyd edib. Professor əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən də danışıb.
Sonra Ramiz Əskər müəllim və tələbələrin suallarına cavab verib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi elan edib.
Azərbaycan İlahiyyat İnstitutundan bildirilib ki, müsabiqədə bu ali təhsil müəssisəsi ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Lənkəran Dövlət Universitetinin tələbələri iştirak edə bilərlər.
Esse müsabiqəsinə təqdim olunan yazılar “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Müsabiqədə iştirak etmək istəyən tələbələr esseləri martın 10-dək aze.namine@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə qaliblər 1-ci yer 800 manat (1 nəfər), 2-ci yer 600 manat (2 nəfər), 3-cü yer 400 manat (3 nəfər), həvəsləndirici yer 150 manat (5 nəfər) olmaqla mükafatlandırılacaq.
2020-2021-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I, V və IX sinifləri üçün yeni hazırlanmış və ya təkmilləşdirilmiş dərslik və metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Bu məqsədlə layihələr www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsində yerləşdirilib. Yaxın zamanlarda bütün layihələrin sayta yerləşdirilməsi başa çatdırılacaq.
Təhsil Nazirliyindən bildiriblər ki, sayta daxil olaraq qeyd edilən bölmədə yerləşdirilmiş layihələrin məzmunu ilə tanış olmaq, orada xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür. İrad və təklifləri derslik@edu.gov.az elektron poçtuna da göndərmək olar.
Təhsil Nazirliyi elm adamlarını, təhsil işçilərini, valideynləri, aidiyyəti dövlət qurumlarını, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik komplektlərinin layihələrinə dair rəy, irad və təkliflərini bildirməyə dəvət edir.
Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə Gəncə şəhərində namizədlərlə təlim keçirilib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, təlimlərin ilk mərhələsi səmərəli ünsiyyət və işgüzar etiket, ünsiyyət prosesində stresin idarə olunması, etik davranış qaydaları mövzularını əhatə edir. Bundan əlavə, psixometrik testlər vasitəsilə namizədlərin stresə qarşı emosional davamlılığı, özünütənqid və idarəetmə qabiliyyəti, eləcə də çətin situasiyalarda qərarvermə bacarığı yoxlanılır.
Təlimlərin ikinci mərhələsində isə DİM tərəfindən keçirilən imtahanlar, onların təşkili və idarəedilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarəedilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə qeydiyyat ötən ilin avqust ayından başlanıb və 947 nəfər qeydiyyatdan keçib.
Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.
Xatırladaq ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə namizədlərin elektron qeydiyyatı 31 yanvar 2020-ci ildə başa çatıb. Cari ilin sentyabr qeydiyyat sistemi yenidən aktivləşdiriləcək.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə yeni layihə həyata keçirilir.
UNEC-dən bildirilib ki, layihə çərçivəsində ilk olaraq Tərtər rayonunda əlilliyi olan uşaqlar üçün müxtəlif əyləncələr və təlimlər təşkil olunub.
UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal üzvləri Tərtər şəhərində yerləşən Avrasiya Təlim Mərkəzində maraqlı təlimlər, görüşlər keçiriblər. İlk təlim ingilis dili və idman dərsləri olub. Universitetin tələbələri qruplara bölünərək dərslərdə iştirak ediblər. Tələbələr uşaqlara həm bilik öyrədib, həm də onları əyləndiriblər.
Səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüş olub. UNEC tələbələri aprel döyüşlərində şəhid olan Nicat İsgəndərovun ailəsinə baş çəkib, şəhidimizin məzarını ziyarət ediblər. Həmçinin Tərtər rayonunun cəbhəyanı kəndlərdə yerləşən məktəblərində oxuyan şagirdlərlə görüşlər keçirilib. Bildirilib ki, bundan sonra həmin təhsil ocaqlarının şagirdlərinə həm dərs ləvazimatı, həm də tədris prosesi ilə bağlı lazımi dəstək göstəriləcək.
UNEC tələbələri, eyni zamanda, Avrasiya Kredit Fondunun işi ilə maraqlanıblar. Onlar fondun Tərtər rayonunda yaşayan ailələrə göstərdiyi dəstək barədə məlumatlandırılıb, habelə kredit sistemi haqqında təlim keçiblər.
Sumqayıtlıların dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Mienyen şəhərinə göndərdiyi tibbi yardım ünvana çatıb. Mienyen şəhər rəhbərliyi yerli sakinlər adından dost Sumqayıta təşəkkür məktubu göndərib.
Tibbi ləvazimatların yeni növ koronavirus epidemiyasının qarşısının alınmasına və nəzarətdə saxlanılmasına kömək olacağına inamın ifadə edildiyi məktubda deyilir: “Qətiyyətlə inanırıq ki, Sumqayıtın köməyi və şəhər sakinlərinin birgə səyləri ilə epidemiyaya qarşı mübarizədə ümumi qələbə qazana biləcəyik.”
Qeyd edək ki, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen və Sian şəhər rəhbərlikləri Sumqayıt Şəhər İcra Hakimiyyətinə tibbi kömək göstərilməsi ilə bağlı müraciət ünvanlayıblar. Koronavirusla mübarizə məqsədilə Sumqayıtdan bu şəhərlərə böyük partiyada tibbi ləvazimatlar göndərilib.
Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Çində yeni növ koronavirus qurbanlarının sayı 1770 nəfərə çatıb, 10 mindən çox insan xəstəlikdən sağalıb. Virusa yoluxanların sayı isə 70,5 mindən çoxdur.
Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 150 illiyinə töhfə olaraq ədibin “Danabaş kəndinin əhvalatları” povesti əsasında eyniadlı tamaşa hazırlayıb.
İkihissəli tamaşaya ictimai baxış olub. Tamaşa XIX əsrin sonlarında Azərbaycan kəndinin feodal-patriarxal mühitini, zülm və özbaşınalığı, xurafatı bütün dolğunluğu ilə əks etdirir.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, quruluşçu rəssamları Elşən Sərxanoğlu və Şahin Hüseynlidir.
Səhnə əsərinin ictimai baxışında Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşanı ərsəyə gətirən kollektivi təbrik edib, Mirzə Cəlil yaradıcılığının aktuallığından danışıb və klassik əsərlərin gənclərin tərbiyəsində oynadığı önəmli rolu vurğulayıb. Bədii şura üzvləri - Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov və başqaları yeni tamaşanın bədii-estetik məziyyətlərindən, aktyor improvizələrinin dəqiqliyindən, tamaşanın bədii tərtibat həllinin uğurundan danışıblar.
Cari ilin yaz mövsümündə Şəki Regional Meşə Təsərrüfatı Mərkəzinin Qax Meşəbəyliyi tərəfindən rayon ərazisində dövlət meşə fonduna aid 5 hektar sahədə yeni meşəliklərin və aqrobağların salınması nəzərdə tutulur.
Meşəbəylikdən bölgə müxbirinə bildiriblər ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, son illər meşə əkini işləri zamanı kənd təsərrüfatı əhəmiyyətli kol və ağac tinglərinin əkininə, aqromeşələrin, bağların salınmasına üstünlük verilir. Əkin zamanı əsasən fındıq, qoz, şabalıd, tut və digər ağac tinglərindən istifadə olunur.
Qeyd edək ki, 2019-cu ildə Qax rayonu ərazisində 20 hektar sahədə meşə əkini aparılıb. Yeni salınan meşələrin 15,5 hektarına fındıq, 4,5 hektarına isə göyrüc tingləri əkilib. Meşə əkinləri üçün müəssisə tərəfindən 0,15 hektar sahədə tinglik salınıb, müvəqqəti tinglik sahələrində 160 min ədəd əkin materialı yetişdirilib.
2020-ci ildə Balakən rayonunda yaş barama istehsalının artırılaraq 50 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar artıq kəndlər üzrə kümçülərin siyahısı da tərtib edilib.
Bu barədə bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisi bildirib ki, Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi balakənli fermerlərin də bu gəlirli sahəyə marağını artırıb. Ötənilki mövsümdə rayonda 44 ton 144 kiloqram yaş barama istehsal edilib. Məhsul istehsalı əvvəlki illə müqayisədə 14 ton 326 kiloqram artıb. Rayon üzrə 311 istehsalçıya təhvil verdikləri yaş baramaya görə 218 min manatdan çox vəsait ödənilib.
Sektor müdirinin sözlərinə görə, baramaçılığın inkişafının təmin edilməsində ipəkqurdunun yem bazasının bərpa olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Balakən rayonunda da intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilib. Belə ki, 2016-2019-cu illərdə rayon ərazisində 492 mindən çox tut tingi əkilib. Bunun 276 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 216,7 min ədədi isə yerli tut tingləridir.
Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Borçalı bölgəsinin aşıqlarından bəhs edən “Borçalı aşıqları” adlı yeni kitab nəşr olunub.
“3 saylı Bakı mətbəəsi” ASC-də nəfis şəkildə işıq üzü görən və Borçalı aşıq mühitini öyrənənlər üçün qiymətli vəsait olan bu kitabda XIX əsrin ortalarından bəri bu bölgədə yaşayıb-yaratmış aşıqlar haqqında xronoloji ardıcıllıqla avtobioqrafik məlumatlar və Borçalıda daha geniş yayılmış aşıq havaları, bu havaların özünəməxsusluğu haqqında qısa məlumat yer alıb.
Kitabın müəllifləri Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və Borçalıda fəaliyyət göstərən folklorşünas alim Mahmud Kamaloğlu, redaktoru professor Mədəd Çobanov, rəyçilər Əməkdar elm xadimləri, professorlar Qəzənfər Paşayev və Məhərrəm Qasımlı, məsləhətçi sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovdur.