Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif edilib

    Türkiyənin İstanbul şəhərində “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin inzibati binasında keçirilən tədbirdə “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli jurnalın təsis etdiyi “Azərbaycanın qüruru” qızıl ordenini Türkiyədə yaşayıb fəaliyyət göstərən əslən azərbaycanlı siyasətçi, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrıma təqdim edib.

    Görüşdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsindən söhbət açaraq, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasının bu iki ölkəni həmişə bir-birinə doğma etməsindən, sevincli, kədərli günlərdə də birinin digərinin yanında olmasından bəhs edib.

    “Azərbaycan-Türkiyə münasibətlərində iki ölkənin ictimai-siyasi, sosial-iqtisadi təşkilatları, həmçinin media qurumları arasındakı əlaqələr xüsusi bir istiqamət təşkil etməkdədir”, - deyə qeyd edən Emil Nəsirli həmyerlimiz, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın da bu əlaqələrin inkişafında böyük rolu olduğunu bildirib. Emil Nəsirli Türkiyədə yaşayıb fəaliyyət göstərən tanınmış siyasətçi Şamil Ayrımın timsalında hər iki ölkənin daha sıx tellərlə bir-birinə bağlılığına öz fəaliyyətləri ilə dəstək olan həmyerlilərimizin rolunu yüksək qiymətləndirib, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında qazanılan nailiyyətlərin hər iki tərəfi daha sıx və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini vurğulayıb. Bununla yanaşı, Emil Nəsirli Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçıları olduğunu, hər iki dövlətin özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə etdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövlətinin daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etdiyini, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərdiyini də qeyd edib.

    Əslən azərbaycanlı olan tanınmış siyasətçi, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım ilk öncə baş redaktor Emil Nəsirliyə və “Azərbaycanım” beynəlxalq jurnalının redaksiya heyətinə onu “Azərbaycanın qüruru” qızıl ordeninə layiq gördüklərinə görə minnətdarlığını bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin təşkilatlandığı bir dövrdə cəmiyyətin bütün təbəqələrini əhatə edəcək şəkildə münasibətlərin daha da genişlənməsinin vacibliyindən söhbət açan Şamil Ayrım bu münasibətlərin ikitərəfli əlaqələrə töhfə vermək məqsədilə göstərilən fəaliyyətlərin geniş sahəsinin əhatə etməsindən ətraflı bəhs edib. Çıxışında Dağlıq Qarabağ probleminə toxunan Şamil Ayrım münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyənin bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etdiyini söyləyib.

    Görüşdə Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver çıxış edərək bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərinin həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynadığını, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu və bütün sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. Akkan Suver, eyni zamanda, onu da xüsusi vurğulayıb ki, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.

     
  • Məktəblilər arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin ilk mərhələsi keçirilib

    Ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil olunan gənc fiziklərin yaradıcılıq müsabiqəsinin məktəbdaxili mərhələsi keçirilib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, IX, X, XI sinif şagirdlərinin iştirak etdiyi I mərhələdə məktəblilər 2 akademik saat ərzində ümumtəhsil müəssisələrinin proqramlarına uyğun hazırlanmış 30 sualdan ibarət test tapşırığını və 2 məsələni həll ediblər.

    Məktəbdaxili yarışmada qalib gələn komandalar fevralın 21-də keçiriləcək rayon mərhələsində iştirak etmək hüququ qazanıb. Müsabiqənin II mərhələsində hər rayon üzrə I yeri qazanmış komandalar (ümumilikdə 12 komanda) martın 4-də keçiriləcək müsabiqənin final mərhələsinə qatılacaq. Ən çox bal toplayan ilk 3 komanda qalib sayılacaq.

    Qeyd edək ki, gənc fiziklərin yaradıcılıq müsabiqəsi məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, bu sahədə dərin biliyə malik şagirdlərin aşkar edilməsi məqsədlərinə xidmət edir.

     
  • Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin” adlı şeir müsabiqəsi elan edib.

    Mərkəz müsabiqə çərçivəsində hər iki ölkə şairlərinin və gənc poeziyasevərlərin Qarabağa həsr etdikləri ən yaxşı şeirlərin, poemaların seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.

    Müsabiqəyə əsasən, Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, həmrəyliyimiz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, İslam irsi, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhfələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, aprel zəfəri, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərinə üstünlük veriləcək.

    Müsabiqəyə təqdim olunacaq əsərlərin bu il martın 1-dən sentyabrın 15-dək AMM-nin elektron poçtuna (culcenter.az@gmail.com) göndərilməsi xahiş olunur.

    Müsabiqəyə təqdim olunan şeir və poema ilə bərabər müəllifin şəxsiyyət vəsiqəsinin surəti (elektron formada) və özü haqqında qısa məlumat əlavə edilməlidir.

    Toplanan əsərlər sonda hər iki dilə tərcümə olunacaq və kitab halında çap ediləcək.

    Müsabiqənin yekununda hər ölkədən ən yaxşı 3 əsərə (ümumilikdə 6 nəfər) Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcək.

    Qaliblərin şeirləri hər iki ölkənin mətbuatında çap olunacaq.

    Yekunda AMM tərəfindən “Hər anımız vətən desin” adlı təntənəli poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.

  • Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin bir sıra eksponatları üzərində bərpa işləri aparılıb

    Azərbaycan xalqının çoxəsrlik tarixinin, məişətinin, zəngin adət-ənənələrinin sübutu olan maddi mədəni mirasının zaman keçdikcə, saxlanma şəraitindən asılı olmayaraq, təmirə, bərpaya ehtiyacı yaranır. Tarix yadigarları üzərində aparılan bərpa işləri isə mütləq elmi prinsiplərə, muzey sərvətlərinin xarakterinə uyğun aparılmalıdır.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi xalqımıza məxsus əsrlərlə yaşı olan maddi mədəni irsin bərpasını həyata keçirərək onlara yeni ömür bəxş edir. Mərkəzin əməkdaşları elmi bərpa işləri ilə yanaşı, bölgələrə gedərək muzeylərin ekspozisiyası və fonddakı eksponatların vəziyyətinə nəzər yetirir, onların mühafizəsinə dair tövsiyələr verirlər.

    Bu günlərdə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə daxil olan 25 ədəd eksponat qısa müddətdə bərpa olunaraq muzeyə təhvil verilib. Bərpa olunan muzey sərvətləri, əsasən çeşidli məqsədlər üçün istifadə edilən saxsı və metal qablar, musiqi alətləri, müxtəlif toxuculuq məmulatları və geyim nümunələrindən ibarətdir.

     
  • “The Jakarta Post” qəzeti Azərbaycan ilə İndoneziya arasında əməkdaşlığa həsr olunmuş məqalə yayıb

    İndoneziyanın nüfuzlu “The Jakarta Post” qəzeti Azərbaycan ilə dostluq əlaqələrindən bəhs edən məqalə yayıb.

    “Azərbaycanlılar pençak-silatı və İndoneziya dilini sevirlər” adlı məqalədə Azərbaycanın Cənubi Qafqazın ən böyük enerji ehtiyatlarına malik inkişaf etmiş ölkəsi olduğu və burada İndoneziya mədəniyyətini, dilini, mətbəxini və ənənəvi döyüş sənəti olan pençak-silatı çox sevdikləri qeyd edilir. Bildirilir ki, bunun əsasında hər iki ölkənin səfirlikləri tərəfindən qarşılıqlı şəkildə aparılan geniş təşviqat işləri dayanır. Xüsusən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bee Fanani Azərbaycan xalqını ölkəsinin mədəniyyəti, təhsili və ticarəti ilə yaxından tanış etmək üçün əzmlə çalışır.

    İndoneziyalı səfirin sözlərini sitat gətirən qəzet yazır: “Azərbaycanlılar İndoneziyanı çox sevirlər. Onlar bizim pençak-silatı, İndoneziya mədəniyyətini və dilini öyrənməyə can atırlar. Bizim aramızda sıx dostluq əlaqələri mövcuddur”.

    Azərbaycanlı tələbələrin İndoneziyanı, bu ölkənin mədəniyyətini böyük həvəslə öyrəndiyini vurğulayan səfir, bir çox universitetlərdə oxuduğu mühazirələrin xüsusi maraqla qarşılandığını qeyd edir.

    Müəllif bildirir ki, təhsil və mədəniyyətlə yanaşı, daha bir faktor iki ölkə arasında əlaqələri daha da möhkəmləndirir. Bu, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləməsi, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən işğalına qarşı çıxış etməsidir.

    Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevin sözlərini sitat gətirən indoneziyalı jurnalist yazır: “Biz Azərbaycanı dəstəklədiyinə görə İndoneziyaya minnətdarıq. Bizim İndoneziya ilə münasibətlərimiz yüksək səviyyədədir və biz bir çox sahələrdə sıx əməkdaşlıq edirik”.

    2016-cı ildə Azərbaycana qədəm qoyduğu gündən bu ölkənin böyük potensiala malik olduğunu hiss edən indoneziyalı səfir elə həmin il ilk dəfə Bakıda “İndoneziya Mədəniyyəti Günləri”ni təşkil edir. Bu tədbir İndoneziya mədəniyyətini, mətbəxini tanıtmaqla yanaşı, həm də iki ölkə arasında ticarət əlaqələrinin inkişafına mühüm təsir göstərir. Nəticədə İndoneziyanın mebel, qəhvə, kağız, bitki yağları kimi məhsulları Azərbaycan bazarına yol açır.

    Bakıya gələn indoneziyalı biznesmenlərin sayının artması iki ölkə arasında ümumi ticarət dövriyyəsinin inkişafına mühüm təsir göstərir. İndoneziya həm də Azərbaycan xam neftinin əsas alıcılarından birinə çevrilir.

    Məqalədə Azərbaycanın İndoneziya üçün əsas turizm istiqamətlərindən birinə çevrilməsinə də xüsusi diqqət yetirilir. Qeyd edilir ki, həm Azərbaycandan İndoneziyaya, həm də əks istiqamətdə turistlərin sayı son illər xeyli artıb.

    Bütün bunlar İndoneziya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına öz müsbət təsirini göstərir.

     
  • Parisdə “Azərbaycan-sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub

    Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “France 2” telekanalının “İslam” verilişi tərəfindən hazırlanan “Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filminin premyerası olub.

    İkihissəli ekran əsərinin 1-ci hissəsi fevralın 16-da, 2-ci hissəsi isə fevralın 23-də “France 2” televiziya kanalı ilə yayımlanacaq.

    Premyeradan əvvəl Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, “İslam” verilişinin prodüseri Celul Bequra (Djelloul Beghoura), “France Antennes”in baş katibi Antuan Buale çıxış ediblər.

    Səfir Rəhman Mustafayev Azərbaycanda dünyəviliyin tarixindən danışıb. Azərbaycanın qadınlara ilk dəfə səsvermə hüququ verilən, ilk opera yaradılan və ilk qızlar məktəbi açılan müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi bazasının təməlini qoyub. Milli azlıqlara xüsusi diqqətin göstərilməsi müxtəlif sərəncamlarla təmin olunub. Bu gün ölkəmiz beynəlxalq multikultural platformaya çevrilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri birgə mehriban şəraitdə yaşayırlar.

    Sənədli filmin çəkilişi zamanı Azərbaycanda olan C.Bequra ölkəmizin mədəni və dini zənginliyindən söz açıb. Qeyd edib ki, Azərbaycanda İslama dair sənədli film hazırlamaqda məqsəd “din xalqın opiumudur” demiş, məscidləri, kilsələri yandırmış, dağıtmış, dini qadağan etmiş sovet rejimindən xalqın öz kimliyini, dinini, dəyərlərini necə qoruyub saxladığını bilmək, Sovet İttifaqı dağıldıqdan sonra xalqın öz kimliyini, dini dəyərlərini necə bərqərar etdiyi və bu gün bunu necə həyata keçirdiyini öyrənmək olub.

    O, filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfirinə, eləcə də əməyi olan bütün şəxslərə təşəkkürünü bildirib.

    Çıxışlarda Azərbaycanın dünyəvilik modelinin nadir olduğu vurğulanıb.

    “Azərbaycan- sivilizasiyaların kəsişməsində” sənədli filmində ölkəmizin hələ qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu məkan olmasından danışılıb. Azərbaycanın əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğu, İslam dininin yayılmasında və eyni zamanda, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığı göstərilib. Müxtəlif dinlərə etiqad edən insanların ölkəmizdə daim sülh və əmin-amanlıq şəraitində yaşamasından söz açılıb. Tarixboyu ölkəmizdə yaşayan xalqlar arasında milli, dini ayrı-seçkilik zəminində ədavət və qarşıdurmanın olmadığı qeyd edilib.

    Ekran əsərində Azərbaycanda fəaliyyət göstərən dini icmalar haqqında da məlumat verilib. Bildirilib ki, ən qədim kilsə Şəkidədir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin mehriban birgəyaşayış ənənəsinin qorunub saxlanmasında və möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

    Həmçinin filmdə ölkəmizdəki dövlət-din münasibətlərinə toxunulub. Prezident İlham Əliyevin qayğısı ilə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, birgəyaşayış ənənələrinin daha da məhkəmləndirildiyi, etnik qruplara və dini icmalara dövlət qayğısının artırıldığı bildirilib.

    Mədəniyyətlər və dinlər arasında dialoq platforması olan ölkəmizdə keçirilmiş Dünya dini liderlərinin Bakı sammitindən danışılıb.

    Qeyd edək ki, “France 2” televiziya kanalı ilə yayımlanan “İslam” verilişinin yaradılması 1983-cü ildə “İslamı yaşamaq” (Vivre l'İslam) Assosiasiyası tərəfindən təklif olunub. Həftəlik veriliş İslam tarixini, dəyərlərini və sivilizasiyasını təbliğ edir.

     
  • Fevralın 14-ü Beynəlxalq kitab bağışlama günüdür

    Dünya əhalisi fevralın 14-nü Beynəlxalq kitab bağışlama günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

    Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

    2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

    Hər il minlərlə kitab dünyanın bütün istiqamətlərinə göndərilir və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaşadır.

    Son illər Azərbaycanda da bu gün bir sıra tədbirlərlə qeyd edilir.

  • Milli Dram Teatrında Xocalı qurbanlarının xatirəsi anılacaq

    Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir.

    Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov canlandıracaq.

    Tamaşa müharibədə çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

    Həmçinin tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

    Tamaşaboyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.

    “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

     
  • Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yeni kitab çap olunub

    Tanınmış şair-publisist Elçin İsmayılın Xalq yazıçısı İsmayıl Şıxlı haqqında yazdığı “Dəli Kür ömrü” kitabı çapdan çıxıb.

    Kitabda ədib haqqında müxtəlif illərdə müxtəlif müəlliflər tərəfindən yazılmış xatirə yazıları və elmi məqalələr toplanılıb.

    Yeni nəşr Prezident İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq çap edilib. Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunmuş kitabda Xalq yazıçısının keçdiyi mənalı və zəngin yaradıcılıq yolu müxtəlif ölkələrdə yaşamış və yaşayan dövlət və elm xadimlərinin, şair, yazıçı və ayrı-ayrı incəsənət xadimlərinin yazdıqları xatirələr əsasında ərsəyə gəlib.

    “Dəli Kür ömrü” kitabı Azərbaycan oxucularına Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Bu, əsl faciə idi”, ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün Qazax salnaməsi”, Səməd Vurğunun xatirələri toplanmış “Deyilən söz yadigardır”, müxtəlif illərdə yazdığı şeirlərin toplandığı “Dünya məni qəbul elə”, “Daha payızdandı” adlı publisist və şeir kitablarının müəllifi kimi tanınan şair-publisist Elçin İsmayılın kitabsevərlərlə doqquzuncu görüşüdür.

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

  • “Azərbaycan” jurnalı maraqlı yazılarla oxucuların görüşünə gəlib

    Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi orqanı olan “Azərbaycan” jurnalının bu il üçün ilk nömrəsi çapdan çıxıb.

    Yanvarda 97 yaşı tamam olan jurnal yenə də maraqlı yazılarla oxucuların görüşünə gəlib.

    Jurnal ilk səhifələrində tanınmış şair Firuzə Məmmədlinin 80 yaşı ilə bağlı yazı yerləşdirilib. Südabə Ağabalayevanın “Yaşımdan aşacağam” essesi Firuzə Məmmədlinin yaradıcılığına fərqli baxışdır.

    “Poeziya” rubrikasında Dəyanət Osmanlı, Əyyub Qiyas, Rafiq Yusifoğlu, Mənsurə Qaçayqızının şeirləri təqdim olunur.

    “Dramaturgiya”da Xalq yazıçısı Elçinin “Stalin” faciəli farsı, “Nəsr” bölməsində Mübariz Cəfərlinin “Zəncir” romanı yer alıb.

    “Esse” bölməsində oxucular Xalq yazıçısı Anarın “Qanlı illərin şəhadəti”, “Şeyx Şamilin “qurbanı” Heydər Hüseynov”, “Güneydən gələn səslər”, Fidan Abdurəhmanovanın “Uzun sürən cavanlıq” esseləri ilə tanış olacaqlar.

    Mahir Həmzəyev “Biz türkük, Azərbaycan isə bizim yurdumuzdur” yazısı ilə Litva ədəbiyyatının klassiki Vintsas Krevenin Azərbaycana bağlılığından söz açır.

    “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində bu dəfə Jalə Qəribova “Homo Nihilus Sosial deqradasiyanın kimlik formatı”, Möhsün Nağısoylu “Nəsimi “Divan”ının leksikası: Azərbaycan dilçiliyinin böyük uğuru”, Vaqif Yusifli “Hekayəni sevirik” məqalələri ilə çıxış ediblər.

    Jurnalın ənənəvi “Kitab rəfi” rubrikasında yeni nəşrlərdən söz açılır.