Cənubi Koreyanın Seul şəhərində Ümumdünya UNESCO Klubları, Assosiasiyaları və Mərkəzləri Federasiyasının (WFUCA) 10-cü Ümumdünya Konqresi keçirilib.
Azərbaycan UNESCO Klubları Assosiasiyasından (AZUCA) AZƏRTAC-a bildirilib ki, konqresin keçirilməsində əsas məqsəd qarşıdan gələn 5 il üçün ümumdünya UNESCO klubları şəbəkəsinin əsas hədəflərini və strategiyasını müəyyənləşdirmək, federasiyaya yeni üzvlərin qəbulu, mövcud problemləri və digər məsələləri müzakirə etməkdən ibarətdir.
AZUCA UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə WFUCA üzv olmaq üçün müraciət etmişdi. Prosedur qaydalara uyğun olaraq Azərbaycan UNESCO Klubları Assosiasiyası tərəfindən təqdim olunmuş sənədlər Federasiyada baxılmış və müzakirə üçün Konqresə təqdim olunmuşdu. Aparılmış müzakirələrin nəticəsi olaraq AZUCA yetkinliklə Ümumdünya UNESCO Klubları, Assosiasiyaları və Mərkəzləri Federasiyasının üzvlüyünə qəbul olunub.
Konqres zamanı Qazaxıstan Milli UNESCO Klubları Federasiyasının (KAZFUCA) prezidenti Bolat Akçulakov WFUCA yeni sədr seçilib.
Qeyd edər ki, UNESCO ölkələrlə əməkdaşlığı müxtəlif təsisat, platforma və proqramlar üzərindən həyata keçirir. Belə platformalardan biri də UNESCO klublarıdır. İlk UNESCO klubu 1947-ci il noyabrın 19-da Yaponiyanın Senday şəhərində yaradılıb. Bu gün klubların sayı 88 ölkəni əhatə etməklə 4845-ə çatıb. Bu cür klubların yaradılmasında əsas məqsəd UNESCO-nun elm, təhsil və mədəniyyət sahələrində ideya və prinsiplərinin geniş təbliğ olunması, habelə qeyd olunmuş sahələrdə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə təcrübə mübadiləsinin həyata keçirilməsidir. UNESCO klubları vasitəsilə uşaq və gənclər müxtəlif yerli və beynəlxalq layihələrə və könüllülük fəaliyyətinə cəlb olunurlar.
Yuxarıda qeyd olunmuş məqsədlərin Azərbaycan Respublikasında həyata keçirilməsi üçün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə UNESCO klublarının qurulmasına start verilib. İlk UNESCO Klubu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yaradılıb. Hazırda onların ümumi sayı altıya çatıb. Klublar Azərbaycan UNESCO Klubları Assosiasiyasında (AZUCA) birləşdirilib. Assosiasiya ictimai birlik olaraq 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında qərar verib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Heydər Əliyev Sarayına, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və Cahangir Cahangirov adına Xor ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinə verilib.
Azərbaycanın Əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Vüqar Əli paytaxtın "QQallery" qalereyasında "Dastan" adlı fərdi sərgini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, ekspozisiyaya 30-dan çox rəsm əsəri daxil edilib. Sərgi noyabrın 3-4-də keçiriləcək.
Vüqar Əlini öz mənzərəli dastanlarında dərin fəlsəfi məzmunu və etik istiqamət üzrə dəyişməz estetik dəyərləri tərənnüm edən aşıq adlandırmaq olar. Rəssam xalqının keçmişinə və bu gününə biganə deyil.
Rəsmlərində onun müasir problemlərə, dövrün qəhrəmanlıq nümunələrinə aludəçiliyi özünü aydın şəkildə büruzə verir. Müəllif bəşəriyyətin həyatını öz daxili aləmində hiss edir, eyni zamanda, sadə insanların həyat tərzini peşəkarlıqla duya bilir. Rəssamın əsərləri həqiqət və yeniliyin təzahürləri ilə doludur.
Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu işini oktyabrın 31-də də davam etdirib.
AZƏRTAC xəbər verir ki, Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə gerçəkləşir.
Forumun üçüncü günü Beynəlxalq musiqi şurasının Azərbaycan şöbəsinin sədri, musiqişünas Nigar Axundovanın moderatorluğu ilə keçirilən “Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində” adlı panel sessiyada Azərbaycan musiqi elminin inkişaf istiqamətləri: strategiya və taktika, mədəniyyətlərarası dialoq kontekstində Azərbaycan musiqişünaslığının rolu və bu kimi digər mövzular müzakirə olunur.
Foruma bu gün yekun vurulacaq.
Birinci Qarabağ müharibəsindən, Qarabağ qazisinin həyatından, ağrı-acılarından və Tarixi zəfərimizdən bəhs edəcək “Allaha salam” qısametrajlı bədii filminin çəkilişlərinə başlanılıb.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və rejissoru Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, Şamaxı və Şabran rayonlarında çəkiləcək filmdə Baş rolu Xalq artisti Məmməd Səfa canlandıracaq. Ekran əsrinin quruluşçu operatoru Məmmədəmin Əlizadə, texniki məsləhətçisi Rafiq Əliyev, bədii rəhbəri, Xalq artisti Oqtay Mirqasımovdur.
Qeyd edək ki, Xəyal Rza “Maya” sənədli filminin müəllifidir. Qadın taleyindən bəhs edən “Maya” kino ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.
“Ədibin Evi” noyabrın 1-dən etibarən Mir Cəlal adına IV Hekayə Müsabiqəsini elan edir.
AZƏRTAC xəbər verir ki, 2024-cü ilin martın 1-dək davam edəcək müsabiqə həm peşəkar, həm də həvəskar yazarlara açıqdır.
2017-ci ildə təsis edilən Mir Cəlal adına Hekayə Müsabiqəsinə bu günə qədər 1100-dən çox hekayə təqdim olunub. Ədəbiyyatda qısa hekayəçilik janrına son zamanlar artan marağı nəzərə alaraq, iki ildən bir keçirilən müsabiqə bu ildən başlayaraq illik keçiriləcək.
Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin şərtləri dəyişməz qalır. Müsabiqəyə təqdim edilən hekayələr Azərbaycan dilində yazılmalı, həcmi 1500 sözdən çox olmamalı, yeni olmalı-əvvəllər çap və ya elektron şəkildə yayılmamalı, müəlliflərin adı, soyadı, əlaqə məlumatı ilə birgə 2024-cü il martın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir.
Hekayə mövzusu sərbəstdir. Müsabiqəyə 2024-cü ilin aprelin sonunda yekun vurulacaq. Mükafat fondu I yer üçün 3000 manat, II yer üçün (2 nəfər) 2000 manat, III yer üçün 1000 manat nəzərdə tutulub.
Qeyd edək ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlalın 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı məkanda yaradılmış “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu Azərbaycan ədəbi irsinin tədqiq və təbliği ilə məşğul olur.
Bu gündən Azərbaycanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti bərpa edilib.
Report xəbər verir ki, istifadəçilər ondan məhdudiyyətsiz istifadə edə bilirlər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektronn Təhlükəsizlik Xidmətindən isə "Report"a bidirilib ki, bu gündən ölkə ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb: "Bir daha vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən qanunvericiliyin tələblərinə, sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə əməl etməyə çağırırıq".
Xatırladaq ki, "TikTok"un Azərbaycanda fəaliyyəti sentyabrın 19-da məhdudlaşdırılmışdı.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin icra etdiyi “Technest” Təqaüd Proqramına 3-cü qeydiyyat başlayıb.
Report quruma istinadən xəbər verir ki, qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən çox ixtisas üzrə aparılır.
Proqram çərçivəsində Bakı və bir sıra regionlar da daxil olmaqla, ölkə üzrə 1 800 nəfərə təqaüd verilməsi nəzərdə tutulur.
“Technest”ə 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları müraciət edə bilər. Təqaüd proqramına onlayn müraciət edən şəxslər tədris proqramına uyğun olaraq bir və ya bir neçə imtahan və müsahibə mərhələlərindən keçəcəklər. Yalnız bütün mərhələləri uğurla bitirən namizədlər təqaüd əsaslı təhsilə cəlb olunacaq.
Qeydiyyat və ixtisaslarla bağlı ətrafı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək olar: https://technest.idda.az/
Son qeydiyyat tarixi 30 noyabr 2023-cü ildir.
“Technest” İKT sahəsində kadr potensialının artırılması məqsədilə həyata keçirilir. Təqaüd Proqramı 2021-ci ildə 618, 2022-ci ildə 1 500-dən artıq insanı İKT təhsili üzrə təqaüdlə təmin edib. 2023-cü ildə təlimə qoşulan tələbə sayı 2 120 olub. Bununla yanaşı proqram çərçivəsində 26 region üzrə 737 nəfərə təqaüd verilib. Məktəbliləri çıxmaqla “Technest” məzunların məşğulluq səviyyəsi hazırda 90 %-dən çoxdur.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Qəbələ-Bakı marşrutu üzrə xəttə 10 əlavə qatar reysi təyin edib.
Bu barədə Reporta ADY-dən bildirilib.
Belə ki, 8, 9, 10, 11 və 12 noyabr tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilərək əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunub.
Məlumat üçün bildirək ki, hazırda Bakı-Qəbələ-Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hərəkət edir. Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir.
35 il əvvəl Heydər Əliyev Sarayının səhnəsində bəstəkar Mikayıl Vəkilovun Malik Fərruxun sözlərinə bəslədiyi “Azərbaycanım” mahnısı səsləndi və dərhal hitə çevrilib. Çox keçməyib ki, mahnı onillikləri aşıb sonrakı nəsillərin də rəğbətini qazanıb və himnə çevrilib.
Report xəbər verir ki, 35 il sonra “Bakı payızı-2023” müsabiqəsinin təşkilatçıları bu mahnıya klip çəkiblər. Bu ideyanı təkcə hazırkı müsabiqənin bütün iştirakçıları deyil, həmçinin “Bakı payızı – 1988” müsabiqəsinin qalibləri dəstəkləyib. Qeyd edək ki, klipdə bəstəkar Mikayıl Vəkilov özü də həmin əsəri ilk dəfə olaraq fortepianoda ifa edərək, vokalçılara müşayiət edir.
Klip oktyabrın 31-də, məhz bəstəkarın doğum günü üçün hazırlanaraq ona hədiyyə edilib. Bu, həm də Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsert ərəfəsində baş verib.
Xatırladaq ki, noyabr ayının 3-də, saat 19:00-da Heydər Əliyev Sarayında «Bakı Payızı-2023» Qala-konserti keçiriləcək. izləyicilər müasir işıq, səs effektləri və 3D görüntüləri ilə müşayiət olunan musiqi sədaları altında köhnə Bakının dar küçələrini dolaşıb, Misirin möhtəşəm ehramlarını ziyarət edəcək, sonra müasir Amerikanın, italiyanın və digər ölkələrin şəhərlərini gəzib, doğma Xəzərin sahillərinə qayıdacaq.
Konsertdə 16 yeni müəllif mahnısı təqdim ediləcək, o cümlədən Mikayıl Vəkilovun yeni bəstələri ilk dəfə səslənəcək.
Yeni ulduzlar səhnəyə Azərbaycanın populyar meqa-starları ilə birgə çıxaraq duetlə oxuyacaq.
Qeyd edək ki, layihə Nizami boutique house şirkətinin Baş sponsorluğu, “Best Cast Talent Agency” və “Golden Arts entertainment”, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.