“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.
Report xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.
Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.
Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.
"BakuBus" MMC Heydər Əliyev Beynəlxalq Aeroportuna hərəkət edən ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edib.
Report bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, “Hava limanı- “Koroğlu” m/s- “28 may” m/s” marşrutu üzrə fəaliyyət göstərən “Aeroport Express” noyabrın 1-dən etibarən 30 dəqiqə hərəkət intervalı ilə gecə saat 01:00-ə qədər fəaliyyət göstərməyə başlayıb. İndiyə qədər həmin avtobuslar 1 saatlıq intervalla saat 06:00-dan 00:00-a qədər xidmət göstərirdi.
Nazirlər Kabinetinin qərarına əsasən, 4 noyabr şənbə günü olsa da, iş günü hesab olunduğu üçün sərnişinlərin Bakı metrosundan istifadə rahatlığını təmin etmək məqsədilə "Bakı metropoliteni" QSC-nin iş rejimi adi iş günlərinə uyğun təşkil ediləcək.
Bu barədə Reporta qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, bütün infrastruktur, o cümlədən qatarların, eskalatorların, digər qurğu və avadanlıqların, eləcə də sərnişinə xidmət sahəsinin iş rejimi iş günlərinin maksimal tələblərinə uyğun qurulacaq.
Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edildiyindən hərəkət cədvəli bu parametrlərə uyğun təmin ediləcək. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə təşkil edəcək.
Eyni zamanda iş günü olsa da, texniki cəhətdən bu gün üçün mümkün olan ən optimal hərəkət qrafiki tətbiq edilən gur saatlar istisna olmaqla, günün qalan saatlarında sərnişin axını istiqamətləri nəzərdə saxlanılaraq, ehtiyat qatarların operativ qaydada xəttə verilməsinə diqqət yetiriləcək.
Qeyd edilənlərə əsasən, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən iş günlərinin hərəkət cədvəlini əsas götürmələri xahiş olunur.
Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “İçərişəhərim” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, layihənin unikallığı içərişəhərli olan sakinlərin soykökündən gələn dəyərlərin və onların tarixini ictimaiyyətə nümayiş edilməsidir.
“İçərişəhərim” sərgisində nümayiş edilən 100-dən artıq eksponatlardan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, analarımızın sevgi ilə yaratdıqları və qız-gəlinlərə cehiz olaraq verilən nəfis aksesuarlar, dini əşyalar, sənədlər və fotolar var. Hər bir əşya özündə böyük bir tarixi dövrləri yaşadaraq, qədim Bakının etnoqrafik lövhələrini, bədii sənətkarlıq dünyasını, ailə-məişət ənənəsini əks etdirir.
Sərginin keçirilməsinin əsas məqsədi İçərişəhər sakinlərinin tarixi əsrlərə söykənən milli dəyərlərini yaşatmaq və onları tanıtmaqdır.
Sərgisi noyabrın 30-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.
Sərgiyə giriş sərbəstdir.
Noyabrın 1-də Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının qərargahında “Qarabağın Çörək Muzeyi” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Ağdam “Çörək Muzeyi”nin dünənindən, bu günündən bəhs edən film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
Filmin ssenari müəllifi Firuzə Nadir bildirib ki, 3 minə yaxın nadir eksponatın toplandığı Ağdam “Çörək Muzeyi” dövlət tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunub. Muzeyin eksponatları arasında 3 min ildən çox yaşı olan nümunələr də olub. Firuzə Nadir belə bir unikal muzeyin darmadağın edilməsinin bəşəri cinayət olduğunu vurğulayaraq deyib: “Xoş niyyətlə yaradılan “Çörək muzeyi” ağdamlılar üçün quruca daş-divar deyildi, unikal mədəniyyət abidəsi idi. Çörəyin yaranması, bişirilməsi, ərsəyə gətirilməsi tarixini öyrənən dəyərli bir mərkəz idi. Ağdamlılar bu muzeyi elə xəmir kimi yoğurub yapmış, düz-çörəyə abidə qoymuşdular. Çörəyi dizinin üstündə olan ermənilər isə bu müqəddəsliyə də əl uzadıblar. Artıq doğma torpaqlarımız, mədəniyyətimiz əsarətdən qurtarılıb. Düşünürəm ki, bu film muzeyin bərpasında da müəyyən rol oynayacaq”.
Sonra film nümayiş etdirilib.
Filmdə muzeyin yaradılması və fəaliyyətində xidməti olanlar iştirak ediblər. Onlar muzeyin dünəni haqqında maraqlı məlumatları bölüşüb, bugünkü acınacaqlı vəziyyətindən danışıb, bərpası istiqamətində görülən işləri diqqətə çatdırıblar.
Təqdimat mərasimində Ağdam Rayon Mədəniyyət Şöbəsinin keçmiş müdiri Çimnaz Əliyeva, sonuncu direktoru Hafiz Əliyev və digər çıxış edənlər filmin mədəniyyətimizin təbliği baxımından əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, Prezident İlham Əliyevin qətiyyəti ilə indi bütün Qarabağın, eləcə də Ağdamın yeni tarixi başlayır. Ağdamlıların yenə də çörəyin müqəddəsliyinə abidə qoyacaqlarına əminlik ifadə olunub.
Qeyd edək ki, “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyi 2004-cü ildə yaradılıb. İB-in əsas məqsədi xalqımızın zəngin milli mətbəxini, süfrə mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini, qonaqpərvərliyini, qonağa hörmət adətini, ənənələrini, milli bayramlarını, bir sözlə, milli dəyərlərini diqqətlə, dərindən araşdırmaq, tədqiq etmək, qorumaq, yaşatmaq və xaricdə təbliğ etməkdir. Təşkilat indiyədək bu mövzuda bir sıra əhəmiyyətli layihələr həyata keçirib.
Biologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı Sadıq Qarayevin “N” saylı qəhrəmanlıq” tarixi romanı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, həcm etibarilə 3 fəsildən ibarət olan romanda hadisələr “Müharibə tumurcuqları”, “N” saylı qəhrəmanlıq” və “Mövcudluğun səpələnməsi” fəsillərindən ibarətdir.
Əsərdə proloq kimi 200 illik ermənilik faşizminə qalib gəlmiş “Azərbaycançılıq məfkurəsi”nin mahiyyəti verilir. Bu yazılar nəsrlə poeziyanın birgə, həmahəng nümunəsidir və bu, fəsillərin vəhdətini yaradır, mahiyyətini işıqlandırır.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər” Musiqi və Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Xor Kapellasının konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Nərmin Rzayeva, Elxan Niftiyevin müşayiətilə Azərbaycan Dövlət Xor Kapellası və solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Ağasıyev, Anton Ferştandt, beynəlxalq müsabiqələr laureatları Nigar İsmayılova, Nəsibə Bədəlbəyli, Adil Baxışlı, Safura Aslanova və İntiqam Allahverdiyev öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Proqramda Üzeyir Hacıbəylinin “Ey vətən”, “Milli marş”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Qara Qarayevin “Bayrağımızdır”, Tofiq Quliyevin “Azərbaycan”, Aqşin Əlizadənin “Ana torpaq”, Elza İbrahimovanın “Ey vətən”, Vasif Adıgözəlovun “Bakı”, Müslüm Maqomayevin “Odlar yurdu”, Cavanşir Quliyevin “Zirvə”, Elnarə Dadaşovanın “Alqış qeyrətinə” və digər əsərlər səsləndirilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi dekabrın 7-dən 13-dək Rusiya Federasiyasının Arxangelsk şəhərində keçiriləcək VII Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edəcək.
Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mərmər soyuğu” festivalın tammetrajlı filmlər bölməsinə qəbul edilən 11 ekran əsərindən biridir.
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 24,1 kilometr suvarma kanalı tikilib, 98,8 kilometr kanal yenidən qurulub və bərpa edilib.
Bu barədə Reportun sorğusuna cavab olaraq “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Fuad Nəsirov bildirib.
Onun sözlərinə görə, hesabat dövründə ölkədə 110,5 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, 1 517 hidrotexniki qurğu, 94 hidropost və 202 nasos stansiyası cari təmir edilib.
Hazırda respublikada 1 059 ədəd nasos stansiyası istismar olunur. Bunun 775 ədədi elektrik enerjisi, 284 ədədi isə dizel yanacağı ilə işləyir.
Xatırladaq, bu il 60 kilometr torpaq məcralı kanalın beton üzlüyə alınması, 9 kilometr nov kanalın isə əsaslı təmir olunaraq çəkilməsi planlaşdırılıb.
"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişindaşımaya artan tələbatı ödəmək üçün Litvanın “GetJet Airlines” şirkəti ilə əməkdaşlıq sazişinə imza atıb.
Report bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, bununla da, aviaşirkət tarixində ilk dəfə üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.
Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.
“GetJet Airlines” ilə sazişin imzalanması aviaşirkətin uzunmüddətli inkişaf strategiyasına və AZAL-ın müştəri təcrübəsinin təkmilləşdiilməsi istiqamətində növbəti addımdır. Aviaşirkət sərnişinlər üçün etibarlılıq, təhlükəsizlik və rahatlığın təmin olunması üçün marşrutların sayını və tezliyini artırmaqda davam edir.
Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL, sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır.
“GetJet Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir. “GetJet Airlines” aviaşirkəti IOSA sertifikatına malikdir və ACMI daşımaları və çarter reysləri üzrə ixtisaslaşıb.