Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək VII Beynəlxalq Bankçılıq Forumuna (IBF 2023) qatılacaq. 1-2 noyabr tarixlərində keçiriləcək forumda şirkət “Əsas sponsor” qismində stendlə çıxış edəcək.
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi ilə təşkil edilən tədbirdə maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi təşkil olunacaq. “AzInTelecom”un stendində şirkətin rəqəmsal bankçılıq üçün faydalı xidmət və rəqəmsal məhsulları təqdim ediləcək. Bir sıra rəqəmsal həllər praktiki formada iştirakçılara nümayiş olunacaq.
Xüsusilə banklar üçün unikal imkanlar təqdim edən SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA rəqəmsal imza, SİMA KYC, “SİMA Pay” məhsulları və bulud xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər. İştirakçılar, həmçinin “SİMA Pay” həllinin demo versiyasını praktiki olaraq test edə, “SİMA İmza” ilə bağlı son yeniliklərlə tanış ola bilərlər. Eləcə də artıq istifadəyə verilən SİMA KYC həllinin iş prinsiplərini öyrənə bilərlər. Stenddə viktorinanın keçirilməsi və fərqlənən iştirakçılara hədiyyə verilməsi də nəzərdə tutulub.
SİMA Rəqəmsal Həllər Platformasına daxil olan “SİMA İmza” mobil tətbiqini artıq 600 mindən çox istifadəçi yükləyib. 30-a yaxın qurumla inteqrasiya yekunlaşıb, 100-dən artıq inteqrasiya davam etdirilir. Artıq 6 bankın müştəriləri müxtəlif bank əməliyyatlarını (kredit götürmə, debet kart sifarişi, sənədlərin imzalanması və s.) “SİMA İmza” ilə heç yerə getmədən, növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” bankların iş yükünün azaldılması üçün zəmin yaradır. Həmçinin vətəndaşlar SİMA KYC-nin biometriya texnologiyası ilə “m10” tətbiqində identifikasiyadan keçərək kimliyini təsdiqləyə bilirlər.
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Reportun məlumatına görə, fərmanda deyilir ki, Bakının Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilsin.
İqtisadiyyat Nazirliyi, Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Oktyabrın 31-də - Ümumdünya Şəhərlər Günündə daha 55 şəhər UNESCO-nun Baş direktoru Odri Azulay tərəfindən təsdiq olunduqdan sonra bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə (UCCN) qoşulub.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, yeni şəhərlər inkişaf strategiyalarının bir hissəsi kimi mədəniyyət və yaradıcılıqdan istifadə etmək və insan mərkəzli şəhərsalmada innovativ təcrübələr nümayiş etdirmək üçün güclü öhdəliklərinə görə qəbul edilib. Ən son əlavələrlə Şəbəkə hazırda yeddi yaradıcı sahəni - sənətkarlıq və xalq sənəti, dizayn, film, qastronomiya, ədəbiyyat, media və musiqini təmsil edən yüzdən çox ölkədən 350 şəhəri əhatə edir. Türkiyənin Şanlu Urfa və Gürcüstanın Kutaisi şəhərləri də siyahıya daxil edilib.
2008-ci ildən bəri media incəsənətinin Yaradıcı Şəhəri olan Lion şəhərinə yaradıcılıq sahəsini dəyişdirmək tələbindən sonra Yaradıcı Ədəbiyyat Şəhəri statusu verilib.
UNESCO bildirib ki, iqlim dəyişikliyi, artan bərabərsizlik, eləcə də 2050-ci ilə qədər dünya əhalisinin 68 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılan sürətli urbanizasiya kimi inkişaf edən təhlükələrə qarşı dayanıqlığını gücləndirmək üçün Şəbəkə üzvləri ilə sıx əməkdaşlıq edəcək. Təşkilatın Baş direktoru Odri Azulay deyir: “Bizim Yaradıcı Şəhərlər Şəbəkəmizdəki şəhərlər mədəniyyətə çıxışı artırmaq, həmçinin şəhərin davamlılığı və inkişafı üçün yaradıcılığın gücünü artırmaq məsələsində öncüllük edir”.
Yeni təyin olunmuş yaradıcı şəhərlər 2024-cü ilin iyulunda Portuqaliyanın Braqa şəhərində "Növbəti onillikdə gəncləri masaya gətirmək" mövzusunda keçiriləcək UCCN-in illik konfransında iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Azərbaycandan 3 şəhər - Lənkəran (2021, “qastronomiya” tematikası üzrə), Şəki (2017, “sənət və sənətkarlıq” tematikası üzrə) və Bakı (2019, “dizayn” tematikası üzrə) Yaradıcı Şəhərlər Şəbəkəsinə daxildir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Musiqi Forumu ikinci günündə, oktyabrın 30-da işini sessiyalarla davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları, alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənilib.
Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışıb.
"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs edib.
Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında sənət təhsili ilə yanaşı, prodüser, marketinq-menecment üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Apeks Advayzers" hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşüb.
Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirib. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinin zəruriliyini vurğulayıb.
Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd edib ki, musiqi sənayesi bir çox hallarda yalnız “toy bazarı” ilə tənzimlənir. Halbuki, sənətçi gəlirini toylardan əldə etmək məcburiyyətində qalmamalıdır.
Çıxışlarda zəngin ənənələri, görkəmli simaları olan musiqimizdə hazırda bir xaosun müşahidə edildiyini, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlara toxunulub, təkliflər səsləndirilib.
Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabr ayında maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
AZƏRTAC teatrın aprel repertuarını təqdim edir:
1 noyabr - “İnanıram”
2 noyabr - “Bir nəfəs Dədə Qorqud”
3 noyabr - “Günəşə toxunan uşaq”
4 noyabr - “Qulliver cırtdanlar ölkəsində”, “Yarımçıq qalmış”
5 noyabr - “Şirinlər”, “Balaca kişilər”
11 noyabr - “Buratinonun macəraları”, “Aydın”
12 noyabr - “Sindbad”, “Ana”
16 noyabr - “Mauqli”
17 noyabr - “Çirkin ördək balası”
18 noyabr - “Uzuncorab Pippi”
19 noyabr - “Çipollino”
25 noyabr - Kod adı: “V.X.A.”
26 noyabr - “Dəcəl keçi”.
Bakıdakı Rus evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, ictimai xadim İlham Bədəlbəylinin şeir və nəsrlərindən ibarət ikicildliyin təqdimatı keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, təqdimatda müəllifin dostları və həmkarları – Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadə, Azərbaycanın Xalq artisti Məbud Məhərrəmov, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini Valentina Reznikova, yazıçı, şairə Ülviyyə Axundova, tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Azad Rzayev, kinorejissor, ssenarist Oleq Səfərəliyev, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva iştirak ediblər.
Tədbirin qonaqları İlham Bədəlbəylinin həm son illərdə yazılan şeir və nəsrləri, həm də əvvəlki nəşrlərdən olan seçilmiş əsərləri ilə tanış olublar. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Ləman Qulamovanın ifa etdiyi musiqi nömrələri poeziya gecəsinə xüsusi rəng qatıb.
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumunun ikinci günü oktyabrın 30-da işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, “Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları və bu kimi digər mövzular müzakirə olunacaq.
Qeyd edək ki, oktyabrın 29-da "Gülüstan" Sarayında tədbirin açılış mərasimi keçirilib. Forum oktyabrın 31-də başa çatacaq.
Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur.
AAB-dən AZƏRTAC-a bildirilib ki, bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. Belə ki, ustad aşığın saz-söz ictimaiyyətinə sənət ərməğanı kimi bu günlərdə işıq üzü görən “Könüllər oxşayar sözü aşığın” adlı kitabda ustad aşığın gəraylı, qoşma, təcnis, müxəmməs və digər şeirləri ilə yanaşı, onun ayrı-ayrı aşıq və şairlərlə deyşmələrindən nümunələr də yer alıb.
Xatırladaq ki, Cavid Səfəralı oğlu Əmiraslanov 1939-cu ildə İsmayıllı rayonunun Pirəqanım kəndində anadan olub. Şirvan aşıq mühitinin yetirməsi olan aşıq məlahətli səsi və özünəməxsus ifa tərzi ilə seçilməsi ilə yanaşı, həm də çoxlu dastan və rəvayətlər bilməsi ilə məşhurdur, kamil bir sənətkar kimi tanınır, bədii yaradıcılıqla məşğul olur.
Aşıq Cavid eyni zamanda şəhid atasıdır – oğlu Bəxtiyar Əmiraslanov Birinci Qarabağ müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədlidir.
Oktyabrın 31-dən noyabrın 4-dək Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.
Festivalda TÜRKSOY-a üzv ölkələrdən – Özbəkistandan Səmərqənd Musiqili Dram Teatrı, Qırğızıstandan Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrı, Qazaxıstandan Türküstan Musiqili Dram Teatrı, Türkiyədən İstanbul Dövlət Teatrı və Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının kollektivləri iştirak edəcək.
Festivalda, həmçinin Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri bir araya gələcək, qardaş ölkələrdə bu sahənin inkişaf məsələləri müzakirə olunacaq.
Beynəlxalq tədbir çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısının da keçirilməsi planlaşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") Türkiyənin peyk operatoru "Türksat" arasında müqavilə imzalanıb.
Report bu barədə "Azərkosmos"a istinadən xəbər verir.
Müqaviləyə əsasən, "Türksat" xüsusilə data lahiyələrində olmaqla Afrikada "Azerspace-2" telekommunikasiya peykinin tutumundan istifadə edəcək.