Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş gecə keçirilib.
Görüşdə çıxış edənlər yubilyarın poeziyasından, uzunömürlülüyün sirrindən söhbət açıb, onun gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər gördüyünü bildiriblər.
Tədbirin bədii hissəsində Ədalət Nəsibov adına Musiqi Tədris Mərkəzinin aşıqları çıxış ediblər.
Qeyd edək ki, də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın işğal edilmiş ərazilərindəki tarixi və memarlıq abidələri haqqında üç nəşr daxil olub.
MEK-dən bildirilib ki, nəşrlər kitabxananın elektron kataloquna daxil edilib.
Azərbaycanda mədəni-mənəvi dəyərlərin və abidələrin qorunmasına və bərpasına xüsusi diqqət yetirilir. İşğal olunmuş ərazilərdə talan edilmiş tarixi abidələrin araşdırılması, vurulan zərərin hesablanması kimi ciddi məsələlərin müzakirəsi məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası ilə birgə layihəyə başlanılıb.
“Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki tarixi və memarlıq abidələrinin kataloqu” nəşrində bu abidələrin dağıdılması nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumat və fotoşəkillər yer alıb. “Azərbaycanın işğal olunmuş ərazilərində aşkar edilmiş tarixi və mədəniyyət abidələrinə zərər” kitabı fransız dilində nəşr edilib. Kitabda Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindəki, habelə beynəlxalq elmi ictimaiyyət tərəfindən artıq tanınmayan işğal altındakı Dağlıq Qarabağ ərazisindəki tarixi və mədəniyyət abidələrinə qarşı vandalizm aktlarının motivləri əks olunub. Azərbaycan və ingilis dillərində yazılmış “Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması” məqalələr toplusunda arxiv sənədləri, topoqrafik xəritələr və xarici tədqiqatçıların yazıları, müəyyən müddət ərzində Ermənistanın işğalını ifşa etməyə yönəlmiş siyasi təhlillər əsasında hazırlanan məqalələr yer alıb.
Tokioda fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi ilə birlikdə bu ölkədə Azərbaycanla bağlı layihələri dəstəkləməyə hazırdır.
Bu barədə razılıq Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin rəhbərliyinin Yaponiya paytaxtında yerləşən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin direktoru Hüseyn Tuna ilə görüşündə əldə edilib. Görüşdə qədim və zəngin ümumtürk mədəniyyətinin təbliği məqsədilə birgə fəaliyyət istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan-Yaponiya Dostluq Mərkəzi tərəfindən cari ildə bir sıra layihələrin həyata keçirilməsinin planlaşdırıldığını qeyd edən mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, Azərbaycan və Türkiyə arasında sıx dostluq və qardaşlıq münasibətləri Yaponiyada yaşayan həmvətənlərimiz üçün də örnəkdir.
X.Kələntər qeyd edib ki, son illər türkdilli dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsi, doğma vətənlərindən kənarda yaşayan türk xalqları arasında da dostluq və əməkdaşlığın güclənməsi üçün əlverişli zəmin yaradır. Vahid dilə, mədəniyyətə malik olan türk xalqları bu tarixi məqamı layiqincə qiymətləndirməli, qarşılıqlı tərəfdaşlığı dərinləşdirməyə çalışmalıdırlar. Vurğulanıb ki, iki dost və qardaş dövlət barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması üçün birgə fəaliyyətin daha da genişləndirilməsi hər iki tərəf üçün müsbət nəticələr verə bilər.
Azərbaycan diaspor təşkilatının təşəbbüsünü yüksək qiymətləndirən H.Tuna bildirib ki, artıq uzun müddətdir Yaponiyada fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi ümumtürk mədəniyyətinin təbliği, Azərbaycan və Türkiyə barədə həqiqətlərin yapon ictimaiyyətinə çatdırılması məqsədilə əməkdaşlığa hazırdır. Azərbaycan diaspor təşkilatı qarşısına qoyduğu vəzifələrin icrası üçün bu mərkəzin imkanlarından tam və hərtərəfli istifadə edə bilər. Mərkəzin xətti ilə təklif edilən layihələr, birgə fəaliyyət və əməkdaşlıq ümumi işimizin xeyrinə olar.
Görüşdə iki təşkilat arasında əlaqələrin inkişaf etdirilməsinin məqsədəuyğun olduğu vurğulanıb, cari ildə həyat keçirilməsi planlaşdırılan konkret təkliflər müzakirə olunub.
Şuşa Dövlət Musiqili Dram Teatrı uşaqları “Nağıllar aləmində” tamaşası ilə sevindirib.
Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimovdur.
Tamaşanın əsas obrazı dəcəl qız uşağı İlkanədir. Səhnə əsərində müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Tamaşa boyunca aktyorlar uşaqlarla ünsiyyətdə olub. Tamaşa rəngarəng musiqi nömrələri ilə zəngindir.
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşası nümayiş olunacaq.
Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.
Bir-birindən maraqlı nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları – Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 nömrəli şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “İntellektual proqram sistemlərinin araşdırılması və konseptual modelin işlənilməsi” (Exploration of Intellectual Software Systems and Development of Conceptual Model) sərlövhəli məqaləsi “Review Of Computer Engineering Research” beynəlxalq elmi jurnalda dərc olunub.
İnstitutdan bildirilib ki, məqalədə süni intellekt, intellektual sistem haqqında məlumat verilib, intellektual sistemin strukturu, növləri, klassifikasiya edilməsi və sair araşdırılıb. İntellektual sistem konkret predmet sahəsinə aid olan və yaradıcı hesab edilən məsələləri bacarıqla həll edən texniki və ya proqram sistemidir. Məqalədə adi sistemlə intellektual sistem arasındakı fərq müqayisə edilib.
Müəllif bildirib ki, qərarların qəbulu texnologiyalarında intellektual sistem insanın iştirakı olmadan məsələləri bacarıqla həll edən intellektual informasiya-hesablama sistemidir. Burada intellektual sistemlər üçün konseptual model də işlənib.
Məqalə “Crossref” və “Scilit” kimi nüfuzlu elmi bazalarda indeksləşib və referatlaşıb.
Qeyd edək ki, “Review Of Computer Engineering Research” jurnalı “Conscientie Beam” nəşriyyatı tərəfindən dərc olunur və Google Scholar, PAS, CNKI Scholar kimi nüfuzlu elmi bazalarda indeksləşir.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “MARS Academy” şirkəti arasında imzalanan memoranduma əsasən robot texnologiyaları təlim mərkəzi açılıb.
Təhsil Nazirliyindən bildirilib ki, yeni robot texnologiyaları təlim mərkəzində proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət istiqamətində qısamüddətli kurslar təşkil olunacaq. Təlim iştirakçıları mikroçiplərin iş prinsipi, robotların proqramlaşdırılması və mühəndisliyin əsaslarını öyrənmək imkanı əldə edəcəklər. Nəticədə təhsilalanların məntiqi inkişafı və alqoritmik düşüncə tərzinə dəstək veriləcək.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qurulmuş robot texnologiyaları təlim mərkəzindəki təlimlərə qatılmaq üçün mərkəzin sosial şəbəkədəki səhifəsinə www.facebook.com/bakustateindustryinnovation/ müraciət etmək olar.
Latviya Respublikası Hökuməti 2020-2021-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.
Azərbaycan Təhsil Nazirliyindən verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi aprelin 1-dir. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi (DTİA) tərəfindən veriləcək.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.
Özbəkistanın UzA milli informasiya agentliyi və ekolog.uz portalında Bakı şəhəri yaxınlığındakı Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu haqqında özbək dilində məqalə yerləşdirilib.
UzA agentliyinin müxbiri Ozoda Bekmurodova məqaləsində belə yazır: “Bakı şəhərindən 27 kilometrlik məsafədə olan Yanardağ bu gün də dünya səyyahlarını özünə cəlb edir. Belə möcüzəli məkan dünyanın 3 yerində qeydə alınıb. İraqda “Baba Qurqur”, Türkmənistanda “Duzax darvozası” və Yanardağ”.
Yazıda vurğulanır ki, Yanardağ haqqında dünya şöhrətli səyyahlar Aleksandr Düma və Marko Polo öz əsərlərində məlumat veriblər. Bildirilir ki, 200-300 il əvvəl burada alovun hündürlüyü 2-4 metrə qədər qalxıb.
Ekolog.uz portalı da Nərgiz Qasımovanın bu mövzuda məqaləsini çap edib.
Müəllif yazır ki, 2007-ci il mayın 2-də bu məkan Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. 2018-ci il iyulun 18-də isə Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalanıb. 2019-cu il iyunun 12-də qoruq səyahətçilərin ixtiyarına verilib.
Məqalədə bildirilir ki, qoruq 64,55 ərazini əhatə edir.
İsra Adil Mahmudun ərəb dilində tərtib etdiyi "Azərbaycan dilinin qrammatikası" kitabı Misir mediasında geniş əks-səda doğurub. Bu barədə “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin Qahirədə yerləşən mərkəzindən məlumat verilib.
Qeyd olunur ki, kitab iki hissədən ibarətdir. Kitabın birinci hissəsində Azərbaycan dilinin qrammatikası ərəb dilində sadə şəkildə izah olunub. İkinci hissədə Azərbaycanın böyük şəhərləri, dahi, görkəmli və tanınmış şəxsləri haqqında məlumatlar yer alıb. Bu kitab Misirdə ərəb dilində Azərbaycan dilinin qrammatıkasını izah edən ilk nəşrdir.
İsra Adil Mahmud 2018-ci ildə ilk Azərbaycan dili dərsini Qahirə Universitetinin ədəbiyyat fakültəsində tədqiqatçı-alim Seymur Nəsirovdan alıb. O, hazırda Qahirədə diaspor mərkəzində bu dili öyrənməkdə təhsilini davam etdirir. İsra Adil Mahmud Azərbaycan dilinin təbliğində göstərdiyi səylərə görə diaspora tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Qahirədəki diaspora mərkəzində 27 ölkədən 300-dən çox tələbə Azərbaycan dili əsas olmaqla müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.