Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində “Mənəvi dünya” İctimai Birliyinin “İslamda qadın haqları” layihəsi çərçivəsində sənədli film çəkilişi olub.
Muzeydən bildiriblər ki, filmdə bu müəssisənin əməkdaşları dosent Tural Şiriyev və tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov iştirak ediblər.
T.Şiriyev çıxışında Həzrət Peyğəmbərin qızı Fatimə xanımın sərt patriarxal münasibətlərin hökm sürdüyü erkən orta əsr cəmiyyətində öz şəxsiyyəti, varlığı ilə inqilab etmiş, müasir sivilizasiyamız üçün örnək bir şəxsiyyət olduğunu bildirib. Ə.Fərhadov isə Həzrət Fatimə xanımın ictimai-siyasi həyatda rolu, nümunəvi ailə həyatı, zülm və haqsızlığa qarşı mübarizəsindən danışıb.
Sənədli filmdə Quranda əhli-beytə işarə edən ayələrdən nümunələr və izahat verilib.
Filmin rejissoru Nigar Əliheydərqızıdır.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Daşkənddəki Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Elm və Tədqiqatlar Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının və Elçin İbrahimovun “Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili” kitabının təqdimatı keçirilib.
Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova çıxış edərək burada müxtəlif tədbirlərin keçirildiyini bildirib, hələ sovet dövründə “Sovetskaya Turkologiya” adı ilə çap olunan jurnalın tarixindən danışıb.
Universitetin kafedra müdiri, professor Nurbay Cabborov, professorlar Baxtiyar Abduşukurov, Uzak Curakulov, Dilnəvaz Yusupova və başqaları bildiriblər ki, jurnal təkcə dilçilik deyil, incəsənət, mifologiya, klassik irs, ədəbiyyat və folklor, fəlsəfə, tarix kimi sahələri əhatə edir.
Sonra onlar kitabın əhəmiyyətindən danışıblar.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov bildirib ki, AMEA Rəyasət Heyətinin qərarı ilə 2016-cı ildə akademik Kamal Abdullayev “Türkologiya” jurnalına baş redaktor təyin edildikdən sonra nəşrin populyarlaşdırılması istiqamətində böyük işlər görülüb və beynəlxalq indekslərə daxil edilib.
E.İbrahimov türk dünyasının ortaq dil və ortaq əlifba problemi ilə bağlı fikrilərini də bölüşüb.
Sonra o, jurnal və kitabın bir neçə sayını mərkəzə hədiyyə edib.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri sənət ocağının direktpru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Yeni səhnə əsəri ilə bağlı Ə.Lalayev bildirib ki, o, hələ ötən il Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TÜRKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparıb və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlib.
“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində İkinci Dünya müharibəsi illərində arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı və mürəkkəbliyi ilə göstərilir”, – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə ifadə edib.
Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibi olub.
BŞTİ-dən bildirilib ki, müsabiqədə müxtəlif kateqoriyalara görə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb.
Belə ki, 7 nömrəli tam orta məktəbin şagirdləri Emil Rüstəmli və Ağabagir Əliyev I yeri tutaraq qızıl medala layiq görülüblər. Bakı şəhəri 177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova, 60 nömrəli tam orta məktəbin şagirdləri Gülnar Qurbanlı və Kənan Qurbanlı II yeri tutaraq gümüş, 299 nömrəli məktəb-liseyin şagirdi Gülməmməd Əsədli və Sənan Məlikov, 173 nömrəli tam orta məktəbin şagirdi Abbasqulu Əliyev, 225 nömrəli tam orta məktəbin şagirdi Ayan Sadıqova, 177 nömrəli tam orta məktəbin şagirdləri Selcan Nurullayeva, Qalib Qasımov, Cəmil Xəlilov, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Tuba Əliyeva, 20 nömrəli məktəb-liseyin şagirdi Əli Əmirov, 54 nömrəli tam orta məktəbin şagirdi Fərid Hüseynov, 245 nömrəli tam orta məktəbin şagirdi Roman Tolstoşeyev isə III yeri tutaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərə 10 mükafat təqdim edilib.
Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin istifadəsində olan fortepiano və royal alətlərinin mütəmadi olaraq köklənməsi və cari təmir işlərinin aparılması üçün mütəxəssislərə böyük ehtiyac duyulur. Bu məqsədlə nazirlik tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano və royal alətinin təmiri, köklənməsi və nizamlanması üzrə təlim kursu keçirilib.
Kurslarda Gəncə, Samux, Naftalan, Zərdab, Gədəbəy, Yardımlı, Şəki şəhər və Cəlilabad rayon uşaq musiqi məktəblərinin müəllimləri iştirak etmiş və onlar alətlərin tarixi və hissələri, mexanikanın nizamlanması, çəkiclərin şlifovkası, klavişlərin, pedalların təmiri haqqında məlumat və praktiki vərdişlər əldə edilib.
Abbas Kərimovun rəhbərliyi ilə aparılmış təlim kurslarının yekun nəticələrinə əsasən, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sevil Ələkbərova tərəfindən iştirak edən müəllimlərə müvafiq sertifikatlar təqdim edilib.
Mütəmadi fiziki hərəkətlər sağlam həyat tərzinin əsas komponentidir, lakin onların üstünlükləri əzələlərin güclənməsindən və çəki itkisindən daha yüksəkdir.
“Medical Forum”a istinadla xəbər verilir ki, Merilend Universitetinin alimləri gündə 30 dəqiqəlik hərəkətin yaddaşı yaxşılaşdırdığını müəyyənləşdiriblər.
Onların araşdırması Beynəlxalq Neyropsixoloji Cəmiyyətinin jurnalında dərc edilib. Məqsəd, məşq və idrak funksiyaların arasındakı əlaqəni anlamaqdır.
Uzun məşqlərin idrak funksiyalarına təsirinə aydınlıq gətirmək üçün alimlər məşq seansından sonra semantik yaddaş tapşırığı zamanı beynin aktivləşməsini araşdırıblar. Onlar 26 iştirakçı (55 yaşdan 85 yaşa qədər) cəlb ediblər, nəzarət üçün funksional maqnit rezonans tomoqrafiyadan (MRT) istifadə olunub.
Sürətli hərəkətlər yaddaşın aktivləşməsinə səbəb olub. Alimlər iştirakçıların xüsusi düşərgəsində fiziki hərəkətlərdən sonra istirahət ilə müqayisədə daha böyük aktivləşmənin baş verdiyini müəyyən ediblər. Tədqiqatçılar düşünürlər ki, fiziki məşqlər neyrotransmitterlərə, sinir sisteminin böyüməsinə, ümumi beyin fəaliyyətində əsas rol oynayan qısamüddətli amillərə təsir edir. Bu təsir sinir aktivləşməsinin artmasına səbəb olur.
Müəlliflər izah edirlər: “Əzələ hərtərəfli fəaliyyətə uyğunlaşdığı kimi, xatirələri daha effektiv canlandırmaq, funksionallığı təmin etmək və adaptasiya olmaqla yanaşı, neyron sinir sisteminin xüsusi fəaliyyətini çevikləşdirə bilər”.
İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşeh Dövlət Tərcümə Mərkəzində olub.
Tərcümə Mərkəzindən bildirilib ki, görüş zamanı Azərbaycan–İordaniya ədəbi əlaqələri üzrə nəzərdə tutulan layihələr, Azərbaycan ədəbiyyatının İordaniyada tanıdılması və yayımı məsələləri müzakirə edilib. Ötən illər ərzində Azərbaycan–ərəb ədəbi-mədəni əlaqələrinin təşkili istiqamətində mərkəz tərəfindən ərəb dilinə tərcümə edilərək Misirdə nəşr olunmuş “Azərbaycan hekayəsi” (antologiya) kitabı, Xalq yazıçısı Elçinin “Baş” romanı, “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” (müəllif – N.Cəfərov) kitabı, eləcə də “Azərbaycan–ərəb dili danışıq kitabçası”nın İordaniyanın Milli Kitabxanasına və ölkənin aparıcı kitabxanalarına yerləşdirilməsi ilə bağlı razılığa gəlinib.
Görüşün sonunda qonağa mərkəzin ərəb dilində ərsəyə gətirdiyi kitablar hədiyyə edilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzinə Yasamal rayonunda yerləşən 38 nömrəli tam orta məktəbin şagirdləri ekskursiya təşkil ediblər.
Şagirdlər mərkəzin “Muzey” və “Kitabxana və informasiya texnologiyaları” bölmələri ilə tanış olublar. Burada onlara mərkəzin bələdçiləri tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.
Ekskursiya şagirdlərdə xoş təəssürat yaradıb.
Fevralın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında yazıçı Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında) pyesi əsasında eyniadlı tamaşa nümayiş ediləcək. Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.
Teatrdan bildirilib ki, tamaşada əsas rolları Əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandıracaqlar.
Tamaşanın rejissoru Elşad Rəhimzadə uşaqların mənəvi-estetik cəhətdən tərbiyəsi üçün bu cür mövzulara müraciət etməyin mühüm olduğunu vurğulayıb: “Ümumiyyətlə balacaların tərbiyəsi, şəxsiyyətin formalaşdırılması üçün belə ibrətamiz əsərlərin qoyulması, onlara təqdim olunması vacibdir. Gözütoxluğu, sədaqəti təbliğ edən bu səhnə əsərinin balaca tamaşaçıların ürəyincə olacağına inanırıq”.