Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda “Ləzginka” rəqs ansamblının 60 illiyi qeyd ediləcək

    Aprelin 21-də Heydər Əliyev Sarayında “Ləzginka” Dağıstan Dövlət Akademik Əməkdar Rəqs Ansamblının 60 illiyinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.

    Yubiley konsert proqramında “Ləzginka” rəqs ansamblı ən unudulmaz rəqslərini təqdim edəcək.

    Ansamblın Baş direktoru, Rusiyanın Əməkdar incəsənət xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi Cambulat Maqomedov, bədii rəhbəri, Rusiyanın Əməkdar artisti Zəlimxan Xangereyevdir.

    Ansambl dünyanın 70 ölkəsində çıxış edib və peşəkar kollektivlər arasında folklor rəqs üzrə 48 dünyaca məşhur festivalın qalibi olub.

    Əfsanəvi ansamblın bənzərsiz və heyranedici çıxışları Almaniya, Belçika, Fransa, Böyük Britaniya, İspaniya, İtaliya, Amerika Birləşmiş Ştatları, Çin, Əfqanıstan, Fələstin, İordaniya, Meksika, Cənubi Koreya, Vyetnam, Yaponiya, Avstraliya və Yeni Zelandiyada tamaşaçıların alqışları ilə qarşılanıb.

    Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərsiniz.

  • MDB mədəniyyət paytaxtı ilinin açılışı olacaq

    Qazaxıstanın Çimkənt şəhərində martın 22–də MDB mədəniyyət paytaxtı ilinin rəsmi açılış mərasimi keçiriləcək.

    Qazaxıstanın Baş Naziri Askar Mamin 2020–ci il Çimkənt mədəniyyət paytaxtı estafeti çərçivəsində tədbirlərin yüksək səviyyədə hazırlanmasını vilayət rəhbərliyinə və aidiyyəti orqanlara tapşırıb.

    Mədəniyyət ili çərçivəsində, ümumilikdə, 40-a yaxın tədbir, MDB ölkələrinin incəsənət xadimlərinin iştirakı ilə konsert, "Böyük İpək Yolu" tətbiqi incəsənət sərgisi, teatr və opera sənət festivalı, “Avrasiyanın ruhu” estrada ifaçılarının birinci beynəlxalq festivalı, yazıçı və şairlərin yaradıcılıq görüşlərinin keçirilməsi planlaşdırılır.

    Mədəniyyət paytaxtı ilinin bağlanış tədbiri və növbəti şəhərə estafetin ötürülməsi noyabr ayına planlaşdırılır.

    Qeyd edək ki, 2020-ci ildə Qazaxıstanın qədim tarixi Çimkənt şəhərinin 2200 illik yubileyi UNESKO səviyyəsində qeyd ediləcək.

    Xatırladaq ki, 2019-cu il dekabrın 10-da Belarusun Brest şəhərində 2020-ci il MDB mədəniyyət paytaxtı statusu Qazaxıstanın Çimkənt şəhərinə keçib.

     
  • Beşinci Buktreyler Festivalında iştirak şərtləri açıqlanıb

    Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən V Buktreyler Festivalında iştirak etməyin şərtləri açıqlanıb.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

    Yarışda yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə iştirak edə bilər. Həmçinin dördüncü Buktreyler Festivalında start verilən “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu nominasiya üzrə festivala müraciət edə bilər.

    Festivalın qalibləri mükafatlandırılacaqlar.

    Buktreylerlərin son qeydiyyat tarixi aprelin 1-dir.

    Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür.

  • Magistraturaya ərizə qəbulu bu gün başa çatır

    Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ərizə qəbulu günün sonunadək davam edəcək.

    Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bu gün saat 09.45-ə olan məlumata görə, 13955 bakalavr (Azərbaycan bölməsi - 12824; rus bölməsi - 1131) ərizəsini təsdiq edib. Ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş (təqribən 900 nəfər), eləcə də digər bakalavrlar bu gün saat 23.59-dək elektron ərizələrini təsdiq edə bilərlər. Ərizələrini hər hansı bir səbəbdən özləri təsdiq edə bilməyən bakalavrlar Sənəd Qəbulu Komissiyasına saat 17:00-dək müraciət edə bilərlər. İmtahanda yalnız elektron ərizəsini təsdiq edən bakalavrlar iştirak edirlər.

    Bakalavrlar “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə bu gün saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurub təsdiq etməlidirlər.

  • Prezident İlham Əliyev: “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı

    “ASAN xidmət” mərkəzləri ölkəmizdə çox ciddi müsbət dəyişikliklərə yol açdı.

    Bu fikri Prezident İlham Əliyev Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında bildirib.

    Dövlətimizin başçısı deyib: “Bu, bizim niyyətimizin, siyasətimizin təzahürü idi. Amma birinci mərkəzlər açılan zaman insanlara elə gəlirdi ki, bu, vətəndaşların rahatlığı üçün sadəcə, bir layihədir, xidmət layihəsidir. O vaxt bir çoxları bəlkə də dərk etmirdilər ki, bu, bir layihə deyil, bu, siyasətdir, hərəkatdır, bu, niyyətdir. Baxın, bu gün Azərbaycanın hər bir sahəsində islahatlar aparılır - siyasi sahədə, iqtisadi sahədə, struktur islahatları, kadr islahatları. Nazirlər Kabineti yenidən formalaşdı, Prezident Administrasiyası da həmçinin. Parlament yenidən formalaşır. Bir neçə gün bundan əvvəl parlament seçkiləri keçirildi. İqtisadi sahədə şəffaflıq təmin edilir. Bu şəffaflıq hesabına təkcə keçən il bir milyard manatdan çox vəsait dövlət xəzinəsinə daxil edildi və bu vəsait son qəpiyinə qədər vətəndaşların pensiyalarının, maaşlarının artırılmasına getmişdir. Bu ilin yanvar ayında xəzinəyə proqnozdan əlavə 160 milyon manat daxil edildi. Biz bunu da sosial layihələrə xərcləyəcəyik”.

     
  • Dövlət Rəsm Qalereyasında “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə ediləcək

    Fevralın 19-da Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə AXIN üzvləri üçün nəzərdə tutulmuş növbəti tədbir təşkil olunacaq.

    Tədbir çərçivəsində tanınmış bərpaçı-rəssam Sabir Hüseynovun iştirakı ilə “Rəngkarlığın ilkin anlayışları və bərpa metodları” mövzusu müzakirə ediləcək. İştirak etmək istəyən üzvlər öz AXIN kart nömrələrini resmqalereya@gmail.com adresinə göndərə bilər.

  • BSU-nun professoru Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib

    Minskdə Belarus İnformasiya Nazirliyinin, Belarus Yazıçılar İttifaqının, tanınmış nəşriyyatların, Rusiya və Belarus İttifaqı Dövlət Daimi Komitəsinin, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun birgə təşkilatçılığı ilə “Yazıçı və zaman: ədəbiyyat mədəniyyətlər dialoqunun tərkib hissəsi kimi” mövzusunda beynəlxalq simpozium keçirilib.

    Bakı Slavyan Universitetindən bildirilib ki, 27-ci Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən simpoziumda Azərbaycanı Mədəniyyət Nazirliyi, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edib.

    Simpoziuma dəvət alanlar sırasında Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyatı kafedrasının professoru, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının baş redaktoru Flora Naciyeva da olub. Azərbaycanlı alim simpozium çərçivəsində “Yazıçı, kitab, zaman” adlı dəyirmi masada çıxış edib.

    F.Naciyeva simpoziumda Beynəlxalq Yazıçılar və Publisistlər İttifaqının üzvü seçilib.

     
  • Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

    Fevralın 13-ü Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür.

    Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

    Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

  • STEAM məşğələlərinə 20 min şagird cəlb olunacaq

    Bakı şəhərində 42 məktəbdə STEAM məşğələlərinə start verilib. Ümumilikdə 6500 şagird bu məşğələlərə cəlb olunub.

    Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilən “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Təhsil nazirinin müavini İdris İsayev deyib.

    O bildirib ki, növbəti tədris ilindən müxtəlif bölgələrdən şagirdlər bu layihəyə cəlb olunacaq. Ümumilikdə 20 min şagirdin layihəyə cəlb olunması nəzərdə tutulur

  • Kanadada Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi anılıb

    Kanadanın Ottava şəhərindəki Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım tədbiri keçirilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, 2014-cü il iyunun 8-dən bu parkda Vətənimizin igid oğlunun şərəfinə məlumat lövhəsi yerləşdirilib və ağac əkilib. O zamandan bəri Ottavadakı soydaşlarımız hər il bu lövhənin qarşısına toplaşaraq Mübariz İbrahimovun əziz xatirəsini yad edirlər.

    Bu il keçirilən mərasimdə Ottavadakı Azərbaycan icmasının üzvləri, “Qarabağ” Azərbaycan dili məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

    Mərasimdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Mübariz İbrahimovun həyatı barədə məlumat verərək, onu gənclərimizin qəhrəmanlıq nümunəsi adlandırıblar. Qeyd edilib ki, Mübariz İbrahimovun, eləcə də şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq hər bir azərbaycanlının borcudur.

    Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu ilin iyununda təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.