Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Dalaşan siçanların şəklini çəkən fotoqraf mükafat qazandı

    İngiltərəli fotoqraf Sem Rouli London metrosunda dalaşan iki siçanın şəklini çəkib. Şəkil mükafat qazanıb.

    BBC-yə istinadən xəbər verilir ki, siçanlar metro platformasında yemək üstündə dalaşıb.

    Şəklin müəllifi Sem Rouli İlin Təbii Həyat Fotoqrafı nominasiyası üzrə mükafata layiq görülüb.

    Fotoqraf bu şəkli çəkmək üçün London metrosunda 1 həftə keçirib. 

  • “Cəza” monotamaşası yenidən səhnədə

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası fevralın 28-də nümayiş ediləcək.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

    Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

     
  • “Metamorfoza” tamaşası nümayiş olunacaq

    Fevralın 16-da Azərbaycan Dövlət “Yuğ” Teatrı repertuarında maraqlı tamaşalardan sayılan “Metamorfoza”nı növbəti dəfə təqdim edəcək.

    Teatrdan bildirilib ki, yazıçı S. Haqverdiyevanın əsəri əsasında hazırlanan səhnə əsəri rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq.

    Tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.

    A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

    Səhnə əsərinin məramı belədir: sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

     
  • Professor Ramiz Əskər Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçilib

    Özbəkistan Yazıçılar İttifaqında Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş keçirilib.

    Tədbirdə Özbəkistan Yazıçılar İttifaqının sədr müavini Nodir Conuzak Ramiz Əskərin yaradıcılığından danışıb, onu alim və tərcüməçi kimi xarakterizə edib. Bildirilib ki, Ramiz Əskər 74 kitabın müəllifidir, bunun 55-i tərcümə, qalanları isə orijinal əsərlərdir. Alim özbək ədəbiyyatına aid 10 kitab tərcümə edib. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib və siqnal nüsxəsini Daşkəndə gətirib.

    Nodir Conuzak Ramiz Əskərə Özbəkistan Yazıçılar İttifaqının üzvlük vəsiqəsini və qurumun fəxri diplomunu təqdim edib.

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini yüksək qiymətləndirib.

    Professor Nurboy Jabborov deyib ki, “Xəmsə” yazan böyük şairlər çoxdur. Bunların dördü daha məşhurdur. Əlişir Nəvai isə ədəbiyyat tarixinə türk dilində “Xəmsə” yazan şair kimi düşüb. Ramiz Əskərin özbək ədəbiyyatından tərcümə etdiyi əsərlər arasında Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” və digər kitablar də var.

    Ramiz Əskər tərcümə ilə bağlı gördüyü işlərdən danışıb, habelə Beynəlxalq Babur mükafatına layiq görüldüyünü qeyd edib. O, özbək klassik ədəbiyyatının tərcüməsi istiqamətində işini davam etdirəcəyini bildirib.

    Professor Dilnəvaz Yusupova, dosent Adxambek Alimbekov, şair Xasiyyət Rüstəm, Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və başqaları Ramiz Əskərin elmi və tərcüməçilik fəaliyyətindən danışıb, ona uğurlar arzulayıblar.

     
  • Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşının elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub

    AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dosent Nardanə Yusifovanın “Nəsimi yaradıcılığına riyazi məntiqi yanaşma” sərlövhəli məqaləsi Türkiyənin Nevşəhərində “I Beynəlxalq Təsəvvüf Araşdırmalar Simpoziumu: Nəsimi-650” adlı jurnalda dərc olunub.

    Muzeydən bildiriblər ki, Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin yaradıcılığına professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə riyazi məntiqi yanaşma məqalədə təqdim edilib. Həmçinin dəqiq elmlərin humanitar elmlərə inteqrasiyası məsələsi fəza təfəkkürü nəzəriyyəsinə əsasən ortaya qoyulub.

     
  • Rus Dram Teatrında “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq

    Fevralın 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq.

    Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

    Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

    Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.

  • Sabahın hava proqnozu açıqlandı

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 774 mm civə sütünuna yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

    Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

     
  • Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyi qeyd ediləcək

    Fevralın 18-də Azərbaycan Dövlət Film Fondunda, görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

    Bu barədə Dövlət Film Fondunun direktor müavini Rəşad Qasımov məlumat verib.

    Onun sözlərinə görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

    Tədbir çərçivəsində Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışılacaq.

    Tədbirdə hər kəsin iştirak etmək imkanı var.

     
  • Xalq artisti Firəngiz Əlizadə Təhsil Nazirliyinin medalına layiq görülüb

    Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Bəstəkarlar İttifaqında görüş keçirib.

    İttifaqdan bildirilib ki, görüşdə nazir müavini dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, həmçinin bu münasibətilə Təhsil naziri Ceyhun Bayramovun da müvafiq əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalının təsis edilməsindən söz açıb. Qeyd olunub ki, bu medal Bakı Dövlət Universitetinin fəaliyyətində rolu olmuş Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinə təqdim edilir.

    F. Qurbanov daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim, baş müəllim, dosent, nəhayət professor kimi 30 illik pedaqoji fəaliyyətinə, həmçinin dünyanın mötəbər konservatoriyalarında keçirdiyi ustad dərslərinə görə nazir Ceyhun Bayramovun əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi” medalına layiq görüldüyünü bildirib və medalı ona təqdim edib.

    Firəngiz Əlizadə təltifə və diqqətə görə, Təhsil Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirib.

     
  • Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib.

    Bununla əlaqədar AMM-də “Hər anımız Vətən desin” adlı sərginın açılışı olub.

    Tədbirdə Daşkənddəki ali və orta məktəblərin müəllim və şagird heyəti, jurnalistlər iştirak ediblər.

    Sərgidə Azərbaycanın Qarabağ diyarı, bu bölgənin tarixi, mədəniyyəti, abidələri, işğaldan əvvəl və sonrakı vəziyyətə dair fotoşəkillər, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan, özbək və rus dillərində kitablar, jurnallar və digər nəşrlər nümayiş etdirilib.

    AMM-in direktoru Samir Abbasov əvvəlcə Azərbaycan-Özbəkistan dostluğu, xalqlarımızın yaxınlığı, dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər haqqında danışıb. O, hər bir insanın qəlbində torpaq və yurd sevgisinin ən böyük məhəbbət olduğunu söyləyərək, gələcək nəsillərə Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasının vacib olduğunu bildirib.

    S. Abbasov Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağ diyarı, onun tarixi, adət-ənənələri, bugünkü vəziyyəti haqqında məlumat verib. Min illərdir ulu əcdadlarımız bu torpaqda yaşayıb, böyük tarix və mədəniyyət yaradıb- deyən Samir Abbasov Qarabağın Azərbaycan mədəniyyətinə verdiyi töhvələrdən danışıb, belə böyük bir tarixin, mədəniyyətin saxtalaşdırılmasının, dağıdılmasının yolverilməz olduğunu vurğulayıb. O, il ərzində Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində çoxsaylı tədbirlərin reallaşdırılacağını bildirib.

    “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin təmsilçisi, pedaqoq Şaxnoza Nurbekova, Qadın və Uşaq Komitəsinin eksperti, pedaqoq Rano Kadırova Özbəkistan-Azərbaycan dostluğu, vətənə və torpağa məhəbbət, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, Azərbaycan mədəniyyətinin incisi – Şuşa şəhəri, bu torpağın yetirmələri olan dahi bəstəkar Üzeyir Hacıbəyli, Xan Şuşinski, Bülbül kimi şəxsiyyətlərin bütün dünyada sevildiklərini qeyd ediblər.

    Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzi tərəfindən hazırlanmış eyni adlı sayt təqdim edilib, uşaq və yeniyetmələr üçün dünyanın müxtəlif muzeylərində Azərbaycanın Qarabağ diyarına dair saxlanılan tarixi eksponatlar, xalçalar, geyimlərlə tanışlıq məqsədi ilə virtual tur keçirilib.

    Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağ rəqslərini ifa edib.

    Qeyd edək ki, layihə çərçivəsində “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsi və sərgisi, habelə “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsinin keçirilməsi də nəzərdə tutulub.

    Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar poeziyasevərlərin Qarabağa həsr etdikləri ən yaxşı şeirlərinin, poemalarının seçilməsi və onların nəşrini planlaşdırır.

    Bundan başqa il ərzində özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrlə hazırlanması, habelə qardaş ölkədə Qarabağa həsr olunmuş konsertlərin, muğam gecələrinin təşkili nəzərdə tutulub.