Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Sumqayıtda məktəblilər arasında bilik yarışması keçirilib

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak Liseyində bilik yarışması keçirilib.

    Mədəniyyət Nazirliyindən bildirilib ki, tədbirdə 3, 5, 14, 17, 25, 26 nömrəli orta məktəblər və İdrak liseyinin şagirdlərindən ibarət 7 komanda yarışıb.

    Şagirdlərə Azərbaycan mədəniyyətini, incəsənətin müxtəlif sahələrini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə İdrak liseyinin komandası birinci, 5 nömrəli orta məktəbin komandası ikinci, 3 nömrəli orta məktəbin komandası üçüncü yerlərə layiq görülüb.

    Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

  • İnformasiya Texnologiyaları İnstitutu alimlərinin məqaləsi beynəlxalq elmi bazaya daxil edilib

    AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Giriş arakəsmələrinin çəki optimallaşdırılması ilə konsensus klasterləşmə” (Consensus clustering by weight optimization of input partitions) mövzusunda məruzəsi “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları”nda dərc olunub. Məruzə Bakıda keçirilmiş “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfransda dinlənilib.

    İnstitutdan bildirilib ki, “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE beynəlxalq konfransının materialları” toplusu “IEEE Xplore” kimi nüfuzlu elmi bazada indeksləşib və referatlaşıb.

    Məqalədə təklif edilən alqoritm müxtəlif məsafə metrikaları (Evklid, Minkovski, kvadratik Evklid, kosinus və Çebışev) əsasında müxtəlif ölçülü məlumat bazaları üzərində eksperimental üsulla qiymətləndirilib. Eksperimentin nəticələri göstərir ki, təklif olunan yanaşma ansambla daxil olan klasterləşmə metodlarının hər birindən effektivdir, daha doğrusu yüksək dəqiqlik nümayiş etdirir. Metodların effektivliyini qiymətləndirmək üçün bir neçə qiymətləndirmə metrikasından istifadə edilib.

     
  • Ən çox istehsal tarixi dəyişdirilən qida məhsullarının növləri açıqlandı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ən çox istehsal tarixi dəyişdirilən qida məhsullarının növlərini açıqlayıb.

    Agentlik sədri aparılan araşdırmalar nəticəsində ən çox istehsal tarixi dəyişdirilən süd və süd məhsulları, həmçinin qənnadı məhsullarının olduğunu deyib.

    O bildirib ki, həmin məhsulların son istifadə tarixlərinə müdaxilələr aşkarlanıb: "Son olaraq Yeni il öncəsi uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının istifadə müddətinin dəyişdirilməsi aşkarlanmışdı".

     
  • Misir arxeoloqları 80-dən çox qədim məzarlıqlar aşkar ediblər

    Misir arxeoloji qrupu ölkənin şimalında Dakahliya vilayətində yerləşən Umm əl-Xaljan rayonunda qazıntılar zamanı 83 qədim məzarlıq tapıb.

    Bu barədə ölkənin Tarixi Abidələr Nazirliyi bildirib.

    Qeyd edilib ki, aşkar edilmiş məzarlıqların 80-i eramızdan əvvəl dördüncü minilliyin birinci yarısına aiddır.

    Bildirilib ki, bu məzarlıqlar oval çuxurlar şəklində düzəldilmiş, onların içərisində gil tabutlar və müxtəlif əşyalar tapılmışdır.

    Əlavə olunub ki, bu ərazidə gildən hazırlanmış tabutların olduğu daha çox qəbirlərin tapılmasını gözləmək olar.

  • “Kiçik uşaqların böyük aləmi” mövzusunda rəsm saatı təşkil edilib

    Fevralın 13-də Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Pley Orena” məktəbəqədər tərbiyə müəssisəsində “Kiçik uşaqların böyük aləmi” mövzusunda rəsm saatı təşkil edilib.

    Kitabxanadan bildirilib ki, qurumun uşaq şöbəsinin müdiri Sevil Namazova kiçikyaşlı fidanlara köməklik göstərərək rəsm çəkməyə dair tövsiyələr verib. Balacalar bir-birindən maraqlı rəsmlər çəkərək öz aralarında rəqabət aparıb, böyük həvəslə çəkdikləri rəsmləri nümayiş etdirib.

    Sonda kitabxananın əməkdaşları uşaq yazarı Gülzar İbrahimovanın “Kak podrujilis skazki” adlı kitabını uşaq bağçasına hədiyyə ediblər.

     
  • Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 109 il ötür

    Muğamı qüsursuz səsləndirmək ifaçıdan fitri istedad, müstəsna məharət, nəzəri hazırlıq, xüsusi yaradıcılıq fəaliyyəti tələb edir. Muğam ifaçılığının prinsipial əməli əhəmiyyətini tam dərk edib qiymətləndirmək üçün Xalq artisti, məşhur tarzən Bəhram Mansurovun sənəti olduqca səciyyəvidir. Bu qüdrətli ustad musiqiçinin çalğısı böyük sələflərinin zəngin yaradıcılıq təcrübəsini hifz edərək muğamı həqiqi öz ləyaqətində səsləndirməyin kamil nümunəsidir.

    Bu gün görkəmli tarzən, muğamların mahir ifaçısı, Xalq artisti Bəhram Mansurovun doğum günüdür.

    Klassik Azərbaycan muğamlarının qorunub saxlanmasında və təbliğində böyük xidmətləri olan Mansurovlar sülaləsinin nümayəndəsi Bəhram Mansurov 1911-ci ildə İçərişəhərdə dünyaya göz açıb.

    Tarzən ailəsində dünyaya gələn Bəhram, Mansurovlar nəslinin musiqi ənənələrinin davamçısı olmaq şansı qazanmışdı. Mansurovların musiqi aurası Bəhramın peşəkar tarzən kimi püxtələşməsində böyük rol oynadı. Mahir tarzən olan atası Məşədi Süleyman oğlunun tara meyilini görüb deyərdi: “Sən tarı çalmağı tez öyrənəcəksən. Muğam sənin qanındadı”. Ata yanılmadı. Zaman onun nə qədər haqlı olduğunu göstərdi.

    Bəhram səkkiz yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərində köklədi. 19 yaşı olanda Müslüm Maqomayev onu Xalq Çalğı Alətləri Orkestrinə, daha sonra isə Opera və Balet Teatrına solist-tarzən kimi dəvət etdi. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrinin, sonralar Azərbaycan Dövlət Filarmoniyasının solisti oldu. Opera və Balet Teatrında Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işlədi. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları müşayiət etdi.

    Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında “Çahargah” və “Rast” muğamları nota alınıb, “Bayatı-Şiraz”, “Humayun”, “Şur”, “Bayatı-kürd”, “Çahargah” ilk dəfə UNESKO-nun xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılıb.

    Bəhram Mansurov 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil edib.

    Görkəmli tarzən 54 il Opera və Balet Teatrında çalışıb, muğam operalarında xanəndələri müşayiət edib.

    Onun ifasında olan bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu Eldar Mansurov tərəfindən nota salınıb.

    1971-ci ildə tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuş “Çalır Bəhram Mansurov” sənədli televiziya filmi çəkilib.

    Xalq artisti Bəhram Mansurov 1985-ci il mayın 14-də, ömrünün 75-ci ilində vəfat edib.

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ildə Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyi qeyd edilib.

    Sənətkarın oğlu, çağdaş dövrümüzün tanınmış bəstəkarlarından olan Eldar Mansurov atasının 100 illiyinə ithaf etdiyi “Mansurovlar” adlı kitabda nəslin 300 illik bir zaman kəsiyində keçdiyi yolu ətraflı şəkildə təcəssüm etdirib.

    Bu gün də unudulmaz sənətkarın yaratdığı ölməz sənət inciləri neçə-neçə gənc tarzənin yetişməsinə təkan verir, yol göstərir.

    Hər dəfə ona qulaq asanda nədənsə yada ölməz Şəhriyarın bu misraları düşür: “Tardan özgə qalmadı yari-vəfadarım mənim”. Tar sənətimiz, muğamlarımız yaşadıqca ölməz sənətkarımız Bəhram Mansurov da xatırlanacaq.

  • Özbəkistanda “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihəyə start verilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət tədbirlərinə start verilib. Bununla əlaqədar mərkəzin layihəsi ilə “Qarabağ atı” animasiya filmi özbək dilinə dublyaj edilib və yaxın günlərdə nümayişinə başlanılacaq.

    Bu haqda AMM-in direktoru Samir Abbasov müsahibəsində deyib: “İl ərzində AMM-in müxtəlif tədbirləri çərçivəsində “Qarabağ -əcdadlarımızın mirası” adlı sənədli film nümayiş etdiriləcək, “Azərbaycanın Qarabağ diyarı Özbəkistan rəssamlarının gözü ilə” rəsm, “Könlüm keçir Qarabağdan” şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar poeziyasevərlərinin Qarabağa həsr etdikləri ən yaxşı şeirləri, poemaları seçib nəşr etməyi planlaşdırır”.

    O bildirib ki, Mədəniyyət Mərkəzinin layihəsi ilə mərkəzin “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində yeni bölmələrin yaradılması, mövcud bölmələrin zənginləşdirilməsi məqsədilə bu il ərzində Qarabağın Azərbaycan mədəniyyətində, ədəbiyyatında, musiqisində yeri və rolu, tanınmış qarabağlılar, bölgənin müxtəlif rayonları, regionun özünəməxsus abidələri, adət-ənənələrinə dair yeni bölmələr yer alacaq.

    Bu mövzuda foto, rəsm, dəb sərgiləri nümayiş etdiriləcək, habelə Mədəniyyət Mərkəzinin “Youtube.com” platformasında fəaliyyət göstərən online kanalına video məlumatlar yerləşdiriləcək.

    S.Abbasov müsahibəsinin sonunda vurğulayıb ki, “Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədqiqat əsərlərinə, yerli mətbuatda məqalələrin dərc edilməsinə dəstək göstəriləcək, il ərzində özbək, rus və Azərbaycan dillərində kitabların, videoroliklərin, filmlərin subtitrlə hazırlanması həyata keçiriləcək.

    “Mədəniyyət Mərkəzi tərəfindən 2020-ci il ərzində Qarabağa həsr olunmuş konsertlərin, muğam axşamlarının keçirilməsi və bu çərçivədə “Qarabağ” muğam qrupunun Özbəkistanda çıxışı da nəzərdə tutulub”, - deyə S.Abbasov bildirib.

     
  • Gənc Tamaşaçılar Teatrı balacaları dəvət edir

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan yeni tamaşa - “Şən Elf və cadugər” yenindən nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, fevralın 29-da göstəriləcək əsərin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.

    Səhnə əsərinin quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edəcək bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

    Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova “Şən Elf və cadugər”in balacaları sevindirdiyini söyləyib: “Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyrin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq”.

     
  • Azərbaycanın ən yaxşı dizaynerləri bəlli olacaq!

    “Azerbaijan Design Award” ölkənin ən yaxşı dizaynerlərini seçəcək. Belə ki, 2-ci mövsüm təşkil olunan “Azerbaijan Design Award”, layihələrin qəbuluna start verib. Layihənin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirovdur (həmtəsisçi).

    On dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan yeganə layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verir.

    Layihənin rəsmi tərəfdaşı, həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).

    Yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilir. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib.

    On səkkiz münsifin olduğu layihədə Azərbaycanla yanaşı Kanada, Rusiya, İtaliya, Cənubi Koreya, Polşa, Türkiyə və İrandan olan münsiflər yer alır. Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndirəcək.

    Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim edə bilərlər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

    “Azerbaijan Design Award” layihəsinin qalibləri mart ayında keçiriləcək möhtəşəm final gecəsində 400 nəfərdən artıq dəvətlinin qarşısında elan olunacaq. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunacaq.

    Bütün yaradıcı insanları bu möhtəşəm dizayn festivalında iştirak etməyə dəvət edirik.

    Layihələrin son qəbul tarixi: 17 fevral 2020-ci il

    Qeydiyyat: http://azerbaijandesignaward.com/register

    azerbaijandesignaward.com

    #ada2020 #renglerisev

    facebook.com/azerbaijandesignaward

    linkedin.com/azerbaijandesignaward

    instagram.com/azerbaijandesignaward

  • Filarmoniyada gənc musiqiçilərin ifaları dinlənilib

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gənc musiqiçilərin iştirakı ilə konsert proqramı təqdim olunub.

    Konsertdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri çıxış edib.

    Orkestrin bədii rəhbəri Ağaverdi Paşayev, dirijoru isə İlahə Hüseynovadır. Tarda Sənan Hacılı, Əvəzağa Hacızadə, Rəvan Mustafazadə, kamançada Hüseyn Nağıyev, Gülya Məmmədzadə ifa edib. Solist Kənan Bəşirlidır.

    Konsertdə Əşrəf Abbasovun “Gənclik rəqsi”, Vasif Adıgözəlovun “Laylay”, “Qərənfil”, “Bayram süitası”, Cahangir Cahangirovun “Misir lövhələri”, Sərdar Fərəcovun “Rondoletto” və digər musiqi nömrələri səsləndirilib.