Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrası hər həftə ölkəmizlə bağlı elmi kollokviumlar keçirir.
Bu tədbirdə Almaniya və digər Avropa ölkələrindən olan azərbaycanşünaslarla bərabər, vaxtaşırı Azərbaycandan da mütəxəssislər dəvət edilir. Kollokviumun budəfəki yığıncağında məruzəçi qismində Bakı Dövlət Universitetinin professoru Lalə Əliyeva çıxış edib. Onun məruzəsi “Müstəmləkə dövründə və müstəqillik dövrdə Azərbaycanda tarixi yaddaş və tarixin yazılması” (“Historical Memory and History Writing in Colonial and Post-colonial Azerbaijan”) adlanıb.
Professor mütəxəssislər üçün son dərəcə maraqlı olan bu mövzuda çox dərin bilik və erudisiya nümayiş etdirərək, Azərbaycan tarixşünaslığının 19-cu əsrdən bu günə qədər əldə etdiyi əsas nailiyyətlərini dinləyicilərin nəzərinə çatdırıb. O, ölkəmizin və xalqımızın ən qədim tarixi və etnogenizi ilə bağlı mövcud olan müxtəlif nəzəriyyə və elmi ehtimallara da xüsusi yer ayıraraq bunların hər birini təhlilə cəlb edib, eyni zamanda, tarix elmimizin inkişafında xidməti olan bütün görkəmli tarixçi alimlərimizin tədqiqatçılıq uğurlarını da məxsusi olaraq qeyd edib.
Sonda məruzəçinin irəli sürdüyü tezislər və əsaslandığı tarixi fakt materialı ətrafında maraqlı diskussiyalar aparıldı.
Humboldt Universiteti Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva-Mariya Aux Bakıdan gələn qonağa - professor Lalə Əliyevaya dərin məzmunlu və əhatəli məruzəsinə görə bütün dinləyicilər adından təşəkkürünü bildirib.
Qeyd edək ki, Lalə Əliyeva iki həftə ərzində Humboldt Universitetinin tələbə və doktorantları üçün Azərbaycan tarixi üzrə mühazirələr oxuyacaq və seminarlar keçirəcək.
Məşhur aktyor Bred Pitt Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatını alıb.
RİA Novostiyə istinadla xəbər verilir ki, bu nüfuzlu mükafata aktyor “Bir dəfə Hollivudda” filmindəki ikinci roluna görə layiq görülüb.
Mükafatın 92-ci təqdimetmə mərasimi Los-Ancelesin “Dolbi” teatrında keçirilib.
İkinci rola görə mükafata layiq görülənlər arasında, həmçinin Tom Henks (“Qonşuluq üzrə çox gözəl gün”), Al Paçino (“İrlandiyalı”), Co Peşi (“İrlandiyalı”) və Entoni Xopkins (“İki ata”) də var.
Xatırladaq ki, rejissor Kventin Tarantinonun “Bir dəfə Hollivudda” filmi ən çox məşhurun bir arada olduğu ekran işidir. Burada Leonardo di Kaprio, Bred Pitt, Marqo Robbi, Al Paçino və Kurt Rassel kimi dünya şöhrətli sənətçilər yer alıb.
Filmdə hadisələr 1969-cu ilin yayında cərəyan edir. Məşhur bir serialda oynayan kişi aktyor film sektoruna girmək istəyir. Aktyorun yaxın dostu və dublyoru da eyni niyyətdədir. Ekran işində arxa planda qalan hekayə isə Çarlz Menson və dörd dostunun müridləri tərəfindən qorxunc şəkildə öldürülməsidir.
Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunda Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovla görüş keçirilib.
Tədbirdə institutun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
İnstitutun prorektoru Nadir Abdullayev Ramiz Əskərin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. O deyib ki, alim türkdilli xalqların ədəbiyyatını Azərbaycan dilinə tərcümə edir. Özbək ədəbiyyatına dair 10 tərcümə kitabının müəllifidir. Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” və “Seçilmiş əsərləri” kitabları, Sultan Hüseyn Bayqaranın “Divan”ı, “XX əsr özbək şeiri antalogiyası” nəşri bunların arasındadır. Böyük özbək şairi Əlişir Nəvainin “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsini isə bu yaxınlarda bitirib.
Ramiz Əskər elmi, pedaqoji və tərcüməçilik fəaliyyəti haqqında söhbət açıb, “Xəmsə”nin tərcüməsi üzərindəki işindən danışıb.
Elçin İbrahimov deyib ki, o həm də AMEA-nın nəşri olan “Türkologiya” jurnalının məsul katibidir və jurnala Özbəkistandan daha çox məqalə göndərilməsini arzulayıb.
Xatırladırıq ki, Azərbaycan alimləri Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetində keçirilən “Əlişir Nəvai və XXI əsr” adlı beynəlxalq konfransda iştirak etmək üçün Özbəkistana gəlib.
Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişinin müəllifi Fuad Axundov ilə görüş keçirilib.
“YARAT”dan bildirilib ki, görüş hazırda muzeydə nümayişi davam edən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində təşkil edilib. Görüş zamanı Bakının1920-1940-cı illərdə, sovet hakimiyyətinin təzyiqinə baxmayaraq, çox istedadlı rəssamlar və şairlərin yaşayıb-yaratdığı bir şəhər olmasından, eləcə də ölkənin həyatında bu mərhələnin əhəmiyyətindən danışılıb.
Qeyd edək ki, sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm və qrafik əsərlər, həmçinin ədəbiyyat nümunələri, arxiv xronikası və sənədlər nümayiş olunur.
Sərginin ekspozisiyasında İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov kimi rəssamların, həmçinin Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi şair(ə)lərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.
Fevralın 29-da Dövlət “Yuğ” Teatrı növbəti dəfə “Vəsvəsə” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin müəllifi olduğu eyniadlı əsər əsasında səhnələşdirilən “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediya yenindən fevralın 22-də teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrla kinonun sintez edildiyi bu tamaşada adət və ənənələrimizə söykənən hadisələr Bakı kəndlərinin birində cərəyan edir. Elə ilk premyera günündən indiyə qədər tamaşaçıların böyük marağına səbəb olan və mövsümün ən çox tələb edilən tamaşaları sırasında yer alan bu möhtəşəm səhnə əsəri görkəmli yazıçı Elçinin daxili dünyasının zənginliyinin bariz nümunəsidir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni Əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur.
Səhnə əsərində rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Çingiz Əhmədov, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev və başqaları ifa edəcək.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə Ankarada görkəmli qazax şair və mütəfəkkiri “Abay Kunanbayev ili”nin açılışı münasibətilə təntənəli mərasim keçirilib.
TRT Arı studiyasında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən TÜRKSOY-un baş katib Düsen Kaseinov, Qazaxıstanın Mədəniyyət və İdman nazirinin müavini Yeldost Ramazanov, bu ölkənin Türkiyədəki səfiri Abzal Saparbekuly və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu şair Abayı yeni milli qazax bədii ədəbiyyatının yaradıcısı kimi səciyyələndiriblər. Qeyd edilib ki, onun şeirləri ilə yanaşı, Qazax xalqına nəsiyyətlərinin əks olunduğu əsərlərdə xalqın maariflənməsi, mənəvi dəyərlərin qorunması, həyat tərzi, təhsil, dinə münasibət kimi mövzulara toxunulur. Abayın yaradıcılığı xalqın övladlarının kamil insan kimi yetişməsi amalına xidmət edir.
Sonra böyük mütəfəkkirin 175 illiyi münasibətilə konsert proqramı təqdim olunub.
Türkiyə Prezident Administrasiyasının simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertdə Azərbaycan, Türkiyə Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Qaqauz Yerini (Moldova) təmsil edən görkəmli sənətçilər çıxış ediblər.
Qeyd edək ki, TÜRKSOY 2020-ci ili türkdilli dövlətlərdə “Abay Kunanbayev ili” elan edib. Bu qərar əsasında cari ildə təşkilata üzv ölkələrdə böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının təqdimatı keçirilib.
Tədbirdə filologiya fakültəsinin dekanı professor Jeliboy Eltazarov jurnalın tarixindən danışıb, keçmiş SSRİ dövründə “Sovetskaya turkologiya” adı ilə belə bir nəşrin yalnız Azərbaycanda çap edildiyini bildirib. J.Eltazarov jurnalın bugünkü fəaliyyəti haqqında da məlumat verib, gələcəkdə bu jurnalla əməkdaşlıq edəcəklərini diqqətə çatdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, jurnalın məsul katibi Elçin İbrahimov nəşr haqqında geniş söhbət açıb, humanitar elmlər sahəsində jurnalın türk dünyasında populyar olduğunu bildirib.
Sonda Elçin İbrahimov doktorant və dissertantların suallarını cavablandırıb.
Tədbirdə Səmərqənd Dövlət Universitetinin filologiya və tarix fakültəsinin professor-müəllim heyəti, dissertantlar, tələbələr iştirak ediblər.
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Pakistan İslam Respublikasından gələn nümayəndə heyəti ilə görüşüb.
BDU-dan bildiriblər ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm, Kayde-Əzəm Universitetinin professoru Zəfər Navaz Jaspal və digər şəxslərin iştirak etdiyi görüşdə E.Babayev ölkələrimiz arasında əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin mədəni irs, qlobal və regional məsələlərlə bağlı göstərdikləri həmrəylik və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunduğunu deyib.
Sonra qurumlar arasında əməkdaşlıq əlaqələri və perspektivləri müzakirə edilib.
Pakistanlı qonaqlara BDU-nun fəaliyyəti, universitetdə həyata keçirilən layihələr və proqramlar barədə məlumat verilib. Eyni zamanda, Kayde-Əzəm Universiteti ilə birgə tədbirlər keçirilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin final mərhələsinə vəsiqə qazanmış şagirdlər ilə görüşdə akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Ruslan Bayramov hazırladığı yeni robotu təqdim edib.
İnstitutdan bildirilib ki, fevralın 11-dən 13-dək ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçiriləcək “Sabahın alimləri” IX Respublika müsabiqəsinə kompüter elmləri istiqaməti üzrə hazırlanmış layihələrdən biri də R.Bayramovun kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarların fermer təsərrüfatında istifadə edə biləcəkləri “Plant Disease & Cause Detection using Deep Learning”dir. Robot “Deep Learning”in köməyilə əkin sahələrində becərilən bitkilərin yoluxduqları xəstəlikləri və onların səbəblərini aşkar edə bilir. Həm mobil telefonun köməyilə idarə olunan, həm də özü-özünü idarə edə bilən bu robot 14 adda bitkini tanıyır, onların düçar olduqları 38 xəstəliyi və yoluxma səbəblərini araşdırmağı bacarır.
R.Bayramov robotu hazırlamaq məqsədindən danışaraq vurğulayıb ki, müasir dövrdə dünya əhalisinin qida tələbatının çox hissəsini kiçik və orta sahibkar fermerlər ödəyirlər. Onların üzləşdikləri əsas çətinlik əkin sahələrində bitkilərə yayılan müxtəlif növ xəstəliklər və ziyanverici həşəratlardır. Buna görə də bu layihə üzərində çalışmağı qərara aldım. Robotun hazırlanmasında 3D printerdən də istifadə edilib.
Qeyd edək ki, “Plant Disease & Cause Detection using Deep Learning”in elmi rəhbəri İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevdir.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev xatırladıb ki, R.Bayramov Dubayda keçirilmiş “First Global Challenge 2019”da ölkəmizi təmsil edən milli komandamızın kapitanı olub. “İnfoMatrix-2018” beynəlxalq kompüter layihələri üzrə yarışlarda bürünc medala layiq görülüb. Kiyevdə keçirilmiş “GoldenByte 2018” və robototexnikaya, proqramlaşdırmaya həsr olunan digər beynəlxalq yarışlarda nailiyyətlər qazanıb.