Azərbaycan Dillər Universitetinin (ADU) Hindi dili və mədəniyyəti mərkəzinin keçirdiyi “Hindistanı tanıyaq” inşa müsabiqəsinin qalibləri müəyyən edilib.
ADU-dan bildirilib ki, Hindistanın zəngin mədəniyyətini, tarixini, coğrafiyasını tanıtmaq məqsədilə keçirilən müsabiqəyə 29 inşa təqdim olunub. İnşa yarışmasında təkcə ADU-nun tələbələri deyil, digər universitetlərin tələbələri və orta məktəb şagirdləri də iştirak ediblər. ADU-nun tələbəsi Nəzrin Hidayətova və Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksinin 9-cü sinif şagirdi Nəzrin Xankişiyeva birinci yerə layiq görülüblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi Aynur Quluzadə və Bakıdakı 53 nömrəli məktəbin 11-ci sinif şagirdi Ramin Əhədov ikinci yeri tutublar. Üçüncü yerləri isə paytaxtdakı 61 və 274 nömrəli orta məktəblərin şagirdləri bölüşüblər.
Digər inşa yazanlara iştirakçı sertifikatları verilib.
Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təqdim olunacaq səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurjidze, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova, Asya Atakişiyeva, Mirzəağa Mirzəyev, Eşqin Quliyev, Məsumə Babayeva, Kərəm Hadızadə, Zülfiyyə Alhüseynova, Xalidə Şərifova, Ədalət Əbdülsəməd və başqaları ifa edəcəklər.
"Bu günlərdə ilk dəfə, nəhayət, qış özünü göstərdi. Demək olar ki, bütün ölkə, bəzi yerlərdə isə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı".
Bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə hava uşaqlara sevinc gətirəcəkdi, lakin saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq yaxın rayonlarda müşahidə olunan qarın Bakıya yağmasını əngəllədi: “Bu gün axşamadək arabir saniyədə 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru tədricən səngiyəcək. Fevralın 11-də gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qar yağışı kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”.
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli Azərbaycan ədəbiyyatşünası Həmid Araslının ərəb dilində “İmadəddin Nəsimi” kitabı qorunur. Muzeydən bildiriblər ki, kitabda böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin həyatı və əsərləri haqqında məlumat və əsərlərindən nümunələr yer alıb.
Kitab ərəbdilli oxuculara Nəsimi irsini tanıtmaq baxımından əhəmiyyətlidir.
Fevralın 13-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın “Şöhrət” ordenli ziyalısı Dünyamalı Kərəmin 100 illik yubileyinə həsr olunmuş sazlı-sözlü gecə keçiriləcək.
Gecədə tanınmış ziyalılar Dünyamalı Kərəmin yaradıcılığı ilə bağlı fikirlərini bölüşəcək, görkəmli el aşıqlarının ifaları təqdim olunacaq.
Yubilyarın doğulduğu Borçalı qəzasının Qoçulu kəndində keçən uşaqlıq dövründən, poeziyasından, uzunömürlülüyün sirrindən agah olmaq istəyən bütün saz-söz həvəskarları Beynəlxalq Muğam Mərkəzində şairlə görüşə dəvət olunur.
Qeyd edək ki, BMM-in “Aşıq musiqisi axşamları” layihəsinin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Biletləri İticket.az saytından, “ASAN xidmət” mərkəzlərindən və şəhərin bütün kassalarından əldə etmək olar.
Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan yeni tamaşalardan olan- “Underground” fevralın 22-də növbəti dəfə teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.
Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Buratino axmaqlar ölkəsində” tamaşasını azyaşlı tamaşaçıların ixtiyarına verəcək.
Lev Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir.
Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exoladır.
Tamaşada aktyorlar - Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), Əməkdar artistlər - Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar - Elsevər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış edəcək.
Mahnıları Teymur Kazımov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib.
Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.
“Transversality 2020” foto müsabiqəsi elan olunub.
Müsabiqəyə təqdim edilən fotolar dünyanın müxtəlif yerlərində baş verən dəyişikliklərə fərqli baxışları, sosial təşkilat və məkanın fərqli üslublarını, ən çox məskunlaşan şəhərlərdə və ya kənd yerlərində, ən ucqar ərazilərdə özünü göstərən davamlılıq və dəyişkənliyi, arxaizm və innovasiyaların əlamətlərini tutmağa imkan yaratmaq məqsədilə qitələrin ərazilərinin, cəmiyyətlərinin və mədəniyyətlərinin müxtəlifliyini əks etdirməlidir.
Fotoşəkillər landşaftlar, biomüxtəliflik və təbii irs; kənd əraziləri, kənd təsərrüfatı və məskunlaşma; şəhər və urbanizasiya prosesi;
mədəniyyət və cəmiyyət - mədəni müxtəliflik və sosial inkluziya mövzularından birinə istinad etməlidir.
Qeydiyyat pulsuzdur. Hər namizəd yalnız bir müsabiqə mövzusuna dair altı fotoşəkildən ibarət portfel təqdim edə bilər. İştirakçı fotoşəkillərin orijinallığına, əvvəllər dərc olunmadığına və ya əvvəlcədən hər hansı müsabiqədə mükafat qazanmış olmadığına zəmanət verməlidır.
Ən yaxşı və tam təqdim edilmiş portfel üçün əsas qalib (1 nəfər) 1500 avro məbləğində mükafat qazanacaq.
Avstriyalı bəstəkar və pianoçu Alban Berqin skripka və orkestr üçün konserti bəstəkar, Azərbaycanın Xalq artisti, professor Fərəc Qarayevin redaktəsində iyulun 4-də Osakada “Izumi Hall”da təqdim ediləcək.
Bu barədə məlumat bəstəkarın saytında yer alıb. Əsər İzumi simfonik orkestri tərəfindən təqdim olunacaq. Konsertin solisti Sunao Gokodur.
Martın 25-də Tbilisidə 23-cü Caz Festivalı keçiriləcək. Rustaveli teatrında olacaq musiqi bayramı üç gün davam edəcək. Festivalda Britaniya, ABŞ, Fransa, Gürcüstan və digər ölkələrin tanınmış caz ustaları iştirak edəcəklər.
Teatrdan xüsusi müxbirinə bildiriblər ki, festivala Azərbaycan cazmenləri və caz musiqisi üzrə mütəxəssisləri də dəvət olunublar.
Festivalın ilk günündə Dayana Rivz öz qrupu ilə çıxış edəcək.
Dünya şöhrətli cazmenlərlə yanaşı, Gürcüstanın məşhur Qudci Mardina, Luka Topuriya (kvartet), Rezo Kiknadze (sikstet) və Qiya Rakviaşvili üçlüyü çıxış edəcək.
Festivalda məşhur azərbaycanlı cazmen Vaqif Mustafazadənin əsərlərinə də müraciət olunacaq.