Azərbaycan və Böyük Britaniya "yaşıl enerji" sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Report xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında qeyd edib:
"Həmsədr, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord ilə Azərbaycan və Böyük Britaniya arasında Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi və ikitərəfli yaşıl enerji əməkdaşlığına dair müzakirələr apardıq", - deyə nazir əlavə edib.
Səhiyyə Nazirliyinə məxsus 1 nömrəli Bakı Tibb Kolleci təşkilati-hüquqi formasını dəyişərək publik hüquqi şəxsə çevrildiyini elan edib.
Report bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Xatırladaq ki, 1 nömrəli Bakı Tibb Kolleci 1997-ci ildə yaradılıb. Burada 1 700-dən artıq tələbə təhsil alır, 250-yə yaxın insan çalışır.
2018-ci ildə təsis edilmiş "Baku TV" internet televiziya kanalı "Azerspace-1" peyki üzərindən yayıma başlayıb.
Bu barədə Report Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyə ("Azərkosmos") istinadən xəbər verir.
Xatırladaq ki, ölkəmizin əksər telekanalları, o cümlədən "AzTV", "CBC Sport", "CBC Azerbaijan", "İdman Azərbaycan", "İctimai TV", "ATV", "Real TV", "Space TV", "MTV Azerbaijan" 2013-cü ildə orbitə buraxılmış "Azerspace-1" telekommunikasiya peyki vasitəsi ilə yayımlanmaqdadır.
Dekabrın 5-8-də Bakıda Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasları və avtomobil idmanı sahəsində ən gözlənilən tədbirlərdən biri olan mükafatlandırma mərasimi ("FIA Prize-Giving Ceremony") keçiriləcək.
Bu barədə Reporta FIA-dan bildirilib.
Bundan başqa, məlumata görə, həmin dövrdə paytaxtda FIA Fondunun (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyasının iclasları təşkil olunacaq.
Bakının bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərində keçirilmiş iclasında qəbul olunub. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.
FIA Baş Assambleyalarının iclasları və Mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ölkəmizdə bir araya gələcəklər.
İllik və yaxud növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
Mükafatlandırma mərasimi isə avtomobil idmanı üzrə mötəbər tədbirlərdən biri sayılır. 2011-ci ildən keçirilən bu mərasim FIA Baş Assambleyasının yekununda təşkil olunur və tədbirdə avtomobil idmanı üzrə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Quyu” qısametrajlı bədii filmi noyabrın 7-dən 12-dək Almaniyada keçiriləcək 33-cü Kottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, “Quyu” festivalın EcoEast bölməsinə qəbul olunub.
Filmin prodüserləri Fariz Əhmədov, İradə Bağırzadə, Müşfiq Hətəmov və Cəmil Quliyev, rejissoru və ssenari müəllifi Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, quruluşçu rəssamları Rafiq Nəsirovla Arif Niftiyev, bəstəkarı Elmir Mirzəyevdir. Filmdə Pərviz Məmmədrzayev və Şamil Süleymanlı çəkiliblər.
Çəkilişləri əsasən Lökbatan qəsəbəsi və İsmayıllı rayonunda baş tutan film insan və yaradılış fəlsəfəsini özündə əks etdirir. İnsan həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışındadır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.
Qeyd edək ki, “Quyu” filmi Kottbus Beynəlxalq Film Festivalında dünya premyerasını həyata keçirəcək.
Oktyabrın 26-da Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində yazıçı-publisist Mustafa Çəmənlinin Xalq artisti, Əməkdar müəllim Seyid Şuşinskiyə həsr olunmuş “Şərq musiqisinin incisi” kitabının təqdimat mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən kollecin direktoru Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov Seyid Şuşinskinin həyat və yaradıcılığından söhbət açıb. O, zəngin yaradıcılıq yolu keçmiş Seyid Şuşinskinin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Seyidin peşəkar xanəndə kimi tanınmasında Azərbaycanın mədəniyyət incisi Şuşanın böyük rolu olub.
Kitabın müəllifi Mustafa Çəmənli qüdrətli sənətkar Seyid Şuşinskinin xalqımızın mənəvi dünyasının formalaşmasına böyük töhfə verdiyini, muğam ənənələrimizi layiqincə qoruyaraq yaşatdığını diqqətə çatdırıb. “Seyid Şuşinskini təkcə tələbələri, həmkarları yad etməyib, bizdən əvvəl onu dəyərli sənətkarlar da anıblar, həmçinin kitablarında, məqalələrində hörmətlə yad ediblər. Bu xatirələri həmin dəyərli səhifələrdən götürərək kitaba əlavə etmişik”, - deyə M.Çəmənli qeyd edib.
Tədbirdə çıxış edənlər sənətkarın bənzərsiz sənət dünyasından söz açaraq, sənətkarla bağlı xatirələrini bölüşüblər. Seyidin nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik olduğunu, yaradıcılığı ilə Azərbaycan musiqi xəzinəsini daha da zənginləşdirdiyini vurğulayıblar. Həmçinin Seyid Şuşinskinin müəllim kimi uzun illər istedadlı musiqiçilərin yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Onun tələbələri arasında Əlibaba Məmmədov, İslam Rzayev, Qulu Əsgərov, Nəriman Əliyev kimi muğam sənətimizdə özünəməxsus dəst-xətti olan sənətkarlarımızın olduğu vurğulanıb.
Tədbir bədii hissə ilə davam edib.
Xatırladaq ki, Seyid Şuşinski "Azdrama"da, Azərbaycan Dövlət Konservatoriyasında, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Radio Komitəsində çalışıb, 22 il muğamdan dərs deyib. Onun yetirməsi olan xanəndələrin şöhrəti Azərbaycan Respublikasının hüdudlarını çoxdan aşıb. Seyid Şuşinskinin adı tələbələrinin, onlardan sonra gələn və gələcək hər bir xanəndənin muğam dünyasında yaşayacaq. Necə ki, Azərbaycan muğamları əsrlər boyu ağızdan-ağıza, ustaddan şəyirdə keçərək əbədilik qazanıb, Seyid Şuşinski də bu muğam mülkünün təkrarolunmaz bələdçisi kimi daim öndə gedəcək.
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə oktyabrın 25-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rəşid Behbudov adına Mahnı Teatrında “Azərbaycan–Amerika Mədəniyyət körpüsü: Cefri Verbok” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADA Universitetinin, Azərbaycan diasporunun nümayəndələri, yerli ictimaiyyətin tanınmış şəxsləri və media mənsubları iştirak ediblər.
Qivami Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirdə Milli Muğam Müsabiqəsinin münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi Cefri Verbokun Azərbaycanla əlaqələrinin tarixindən, uzun illər davam edən sarsılmaz dostluq münasibətlərindən söz açıb. Qeyd edib ki, Cefri Verbok ölkəmizi, xüsusilə mədəniyyətimizi, musiqimizi dünyada uğurla təbliğ edir.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Cefri Verbokun uzun illərdir Azərbaycan mədəniyyətinin bütün dünyada tanıdılmasında yorulmadan bir çox işlər gördüyünü deyib.
Komitə sədri Ulu Öndər Heydər Əliyevin yüz illiyinin qeyd olunduğu bu özəl ildə 300-dən çox tədbirin həyata keçirildiyini bildirib. O, Ulu Öndərin hər zaman diaspora xüsusi diqqətlə yanaşdığını və dəstək olduğunu söyləyib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Cefri Verbokun Amerikada Azərbaycanın mədəniyyətini təbliğ etdiyini, bu istiqamətdə böyük işlər gördüyünü bildirib. O, ölkəmizin müstəqilliyin bərpasının ilk illərində məhz C.Verbok kimi şəxslərin mədəniyyət, incəsənət, musiqi yolu ilə Azərbaycanı Amerikada tanıtdığını diqqətə çatdırıb.
Sonra Cefri Verbokun Ümummilli Lider Heydər Əliyevlə görüşü barədə videoçarx nümayiş olunub, həmin görüşdə qeyd olunan məsələlərin bu gün həqiqətə çevrildiyi, ərazi bütövlüyümüzün təmin olunduğu və Azərbaycanın dostlarının da bizimlə bərabər qələbə sevinci yaşadığı diqqətə çatdırılıb.
Tədbirdə digər çıxış edən digər natiqlər Cefri Verbokla bağlı fikirlərini bölüşüblər.
Daha sonra amerikalı musiqiçiyə həsr olunmuş “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmindən fraqmentlər nümayiş etdirilib.
Bədii hissədə Cefri Verbok, Anar İmanov və Əsgər Əsgərzadənin ifasında konsert proqramı təqdim edilib.
Bakıda Braziliya Film Festivalı keçiriləcək.
Reportun xəbərinə görə, tədbir oktyabrın 30-dan noyabrın 3-dək “Dəniz Mall” Ticarət Mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında təşkil olunacaq.
Festival Linhas Produções Culturais, Braziliyanın Azərbaycandakı səfirliyi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi arasında əməkdaşlıq əsasında baş tutacaq. Bu il ən müxtəlif janrlardan 5 müasir film seçilib. Seanslar hər gün saat 19:00-da başlayacaq.
Oktyabrın 30-u, bazar ertəsi, açılış sessiyasında “Eduardo və Monika” romantik filmi nümayiş olunacaq. Film 80-ci illərdən başlayaraq bir çox nəsillərin xatirəsində silinməz izlər qoyan Braziliya rok qrupunun eyniadlı mahnısına əsaslanır. Rejissoru Rene Sampaio olan “Eduardo və Monika” bir-birindən fərqli, lakin bir-biri üçün doğulan cütlüyün romantikasını göstərir. Onlar mədəniyyət, yaş və hətta zövq müxtəlifliklərinə baxmayaraq, dəlicəsinə aşiq olurlar. Artıq beynəlxalq festivalların qalibi olan filmdə Hollivudda Matt Damon və Jodie Foster ilə “Elysium”, Will Smith və Gabriel Leone ilə “Mən əfsanəyəm” (Eu Sou a Lenda) adlı filmlərdəki işi ilə də məşhur olan Braziliya kinematoqrafiyasının gənc kəşfi, aktrisa Alice Braga çəkilib.
Çərşənbə axşamı, oktyabrın 31-i Jose Eduardo Belmontenin fantastik dramı olan “Həqiqətlər” filmi nümayiş olunacaq. Polis məmuru Braziliyanın arxa ərazilərindəki kiçik bir şəhərdə baş vermiş cinayəti açmağa çalışır. Hekayə üç nöqteyi-nəzərdən danışılır: muzdlu qatil, gəlin və iş adamı. Polis məmuru ilə nişanlısı arasındakı münasibət də daxil olmaqla, hər şey hərəkətlidir, şübhə və müəmmalarla doludur.
Çərşənbə günü, noyabrın 1-i Roberto de Oliveiranın “Elis və Tom – Sadəcə səninlə olmalı idi” sənədli filmi ekranda olacaq. Maestro və bəstəkar Tom Jobim dünya musiqisinin ən böyük dahilərindən biri olub, “Garota de İpanema”da (İpanemalı qız) Vinisius de Moraes ilə əməkdaşlığı ilə məşhurlaşıb. Elis Regina isə Braziliya musiqisinin ən böyük ifaçılarından biri idi. Sənədli film ikilinin 1974-cü ildə Los-Ancelesdə hazırladıqları və bu ilə qədər buraxılmayan albom çəkilişlərinin pərdəarxasından bəhs edir.
Cümə axşamı, noyabrın 2-də 20-ci əsrdə Braziliyanın ən çox sevilən sənətçilərindən biri olan Pixinguinha kimi tanınan Alfredo da Rocha Vianna Filhonun həyat və yaradıcılığı haqqında Denise Saraceni və Allan Fiterman tərəfindən çəkilmiş “Pixinguinha – Nəvazişli adam” filmi göstəriləcək. Ekran əsəri onun 14 yaşında karyerasının başlanğıcından başlayaraq, qrupu ilə Parisdə keçirdiyi vaxta və həyat yoldaşı ilə münasibətlərinə qədər həyatının mühüm anlarını təsvir edir.
Cümə günü, noyabrın 3-ü, bağlanış sessiyasında bir neçə beynəlxalq mükafat qazanan Renato Barbierinin real hadisələrdən ilhamlanan “Pureza” (“Saflıq”) dramı nümayiş olunacaq. “Pureza” Amazonda şaxtada işləmək üçün gedən və bir daha xəbər alınmayan oğlunu ümidsizcə axtaran bir ananın hekayəsindən bəhs edir. Pureza şəhərləri gəzir, fermalara girir və kənd işçilərinin işə götürülməsi və azadlıqlarını məhdudlaşdıran qəddar bir sistemi kəşf edir. Film mübarizəsi Braziliya tarixində bütün ölkə ərazisində ilk dəfə qul əməyinə qarşı mübarizə aparan Xüsusi Mobil Təftiş Qrupunun yaradılmasına ilham verən Pureza Lopes Loyolanın real hekayəsindən ilhamlanıb.
Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro üçün festivalın ardıcıl ikinci il keçirilməsi Braziliya kinosunun uğurlarının və Azərbaycan xalqının onların mədəniyyətinə marağının danılmaz sübutudur.
“Biz inanırıq ki, kino müxtəlif insanların bir ölkənin mədəniyyətini daha dərindən tanıması üçün ən yaxşı yollardan biridir. Keçən il festivalın birinci buraxılışında insanlar kinoteatrları dolduranda Azərbaycan xalqının böyük marağının şahidi olmuşuq. Biz fərqli janrlardan filmlər vasitəsilə hər kəsə öz mahiyyətimizdən bir az təqdim etmək istəyirik”, - diplomat vurğulayıb.
Linhas Produções Culturaisin direktoru Fernanda Bulhõesin sözlərinə görə, festivalın əsas qayğılarından biri təkcə yeni filmləri bir araya gətirmək deyil, həm də istehsalın keyfiyyətini və müxtəlifliyini nümayiş etdirən emosiyaların və janrların qarışığını Azərbaycan xalqına təqdim etməkdir:
“Bu il, xüsusən, ictimaiyyət “Pureza” (“Saflıq”) kimi real həyata əsaslanan güclü, təsirli hekayələrlə qarşılaşacaq, eyni zamanda Tom Jobim, Elis Regina və Pixinguinha kimi musiqimizin böyük simaları ilə tanış olacaq. Xüsusilə Braziliya kinosunu və mədəniyyətini sevənləri böyük sürprizlər və fərqli emosiyalar gözləyir”.
Bu gün Tbilisidə keçirilən “İpək Yolu” forumu çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC (ADY), “Qazaxıstan Dəmir Yolu” və “Gürcüstan Dəmir Yolu” SC-lər arasında paritet əsasda birgə müəssisənin yaradılması haqqında müqavilə imzalanıb.
Bu barədə Reporta ADY-dən bildirilib.
Məlumata görə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər. "Middle Corridor Multimodal Ltd." adlı yeni şirkət Astana Beynəlxalq Maliyyə Mərkəzinin bazasında yaradılır.
Birgə fəaliyyət çərçivəsində şirkət “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin – Avropa/Türkiyə – Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə imkan yaradacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb.
Report bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.