Martın 7-8-də Rusiya Dövlət Akademik Böyük Teatrında P.Çaykovskinin “Mazepa” operasının konsert ifası təqdim olunacaq. Teatrın saytına istinadla xəbər verilir ki, Mazepanın partiyasını martın 8-də Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.
Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, J.Bizenin “Karmen”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.
Fevralın 18-dən 20-dək Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında görkəmli bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti nümayiş etdiriləcək. AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Fərhadın partiyasını fevralın 19-da Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.
“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.
Fevralın 16-da Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova və Belçikanın “Kraliça Elizabet” müsabiqəsinin qalibi Stiven Solters (bariton) Nyu-Yorkun Müqəddəs Mark kilsəsində konsert proqramı ilə çıxış edəcəklər.
Bu barədə məlumat Əməkdar artist Nərgiz Əliyarovanın rəsmi saytında və “facebook” səhifəsində yer alıb. Konsert afro-amerikalıların tarixi ayına həsr ediləcək. Stiven Solters Rusiya, Azərbaycan və Amerika bəstəkarlarının əsərlərini səsləndirəcək.
Kino sənətində ilk yaradıcılıq işindən uğur qazanmaq hər rejissora nəsib olmur. Lakin onun ilk ekran əsəri “Görüş”, həm də tamaşaçı auditoriyası ilə uğurlu bir görüş oldu və gənc rejissoru həmin vaxtdan bu sənətə bağladı. Azərbaycan və Özbəkistan pambıqçılarının dostluğundan bəhs edən filmi kino tariximizdə iki ölkənin aktyorlarının ilk müştərək ekran işi kimi olduqca qiymətlidir.
Filmin quruluşunu isə gənc azərbaycanlı rejissor Tofiq Tağızadə verib. Onun debütü çox uğurlu alınıb və gənc rejissor bu ilk işindən nəyə qadir olduğunu göstərə bilib.
Şübhəsiz, “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm”, “Mən ki gözəl deyildim” filmlərinə baxmayan insan az tapılar. Bu filmlərin hər birinin öz süjeti vardır. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinomuza yeni üslub və nəfəs gətirib.
Bu gün Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan, adı çəkiləndə gözlərimiz qarşısında sevə-sevə seyr etdiyimiz bir çox filmlərdən maraqlı epizodlar canlanan rejissor, Xalq artisti Tofiq Tağızadənin anadan olmasından 101 il ötür.
O, 1919-cu ildə Bakı şəhərində anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayan Tofiq Tağızadə milli kino tarixinin yeni səhifələrini yazıb.
Ömrünün 40 ilə yaxın dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi filmlərdə özünü professional rejissor kimi təsdiq etməyi bacarıb. Onun ekran əsərləri Azərbaycan kinosunun ən nadir nümunələridir. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü əhatə etsə də, mövzu və ideya baxımından bu gün da aktuallığını qoruyub saxlayır.
Görkəmli rejissorun “Görüş”dən sonra ərsəyə gətirdiyi “Uzaq sahillərdə”, “Əsl dost”, “Mateo Falkone”, “Mən rəqs edəcəyəm”, “Arşın mal alan”, “Mən ki, gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Babamın babasının babası”, “Bağ mövsümü” və digər kinofilmləri onun yaradıcılığında əsas yeri tutur. Bu filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti, məişəti çox böyük sənətkarlıqla öz əksini tapıb. Onun Azərbaycanın kino tarixinə qızıl hərflərlə yazılmış filmləri bu gün də əsl məktəbdir. Bu ekran əsərlərindən çox şey öyrənmək, əxz etmək mümkündür.
Tofiq Tağızadə hər birimizin yaddaşımızda zamanın problemlərini ekrana gətirən və insanları bu aktual məsələlər ətrafında düşünməyə sövq edən görkəmli rejissor kimi qalıb. Rejissorun daxili dünyası onun filmlərində əksini tapır. Hər bir filmində onun böyük bir insan və şəxsiyyət kimi dəyərləri görünür. O, tamaşaçı ilə açıq mükaliməyə girir, onun daxili “mən”ini özü ilə üzbəüz qoyur.
Rejissorun İmran Qasımov və Həsən Seyidbəylinin ssenarisi əsasında çəkdiyi məşhur “Uzaq sahillərdə” filmi bütün zamanlarda Azərbaycan tamaşaçılarının sevə-sevə baxdıqları ekran əsəridir. Rejissorun yaratdığı Mixaylo obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Bu ekran əsəri 1959-cu ildə Kiyevdə Ümumittifaq Kinofestivalında diploma layiq görülüb, dahi bəstəkar Qara Qarayevə isə filmin musiqisinə görə kinofestivalın ikinci mükafatı verilib.
Tofiq Tağızadə kinorejissor olmaqla yanaşı, bir çox filmlərdə rol alıb, həmçinin uzun illər respublikamızda kino işinin təşkilində və milli kadrların hazırlanmasında da əvəzsiz xidmət göstərib.
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya da yaradıb. Lakin amansız əcəl onun işlərini yarımçıq qoydu. Tofiq Tağızadə 1998-ci il avqustun 27-də dünyasını dəyişib.
Hazırda onun qızı – Xalq artisti İranə Tağızadə böyük sənətkarın yolunu davam etdirir.
Son illər ölkəmizin zəngin mədəni irsinin qorunması, bərpa və konservasiyası, eləcə də təbliği istiqamətində bir çox məqsədyönlü tədbirlər həyata keçirilib. Görülən işlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq etdiyi “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın tədbirlər planına uyğun olaraq ötən il də davam etdirilib. Bu istiqamətdə atılan addımlar 2020-ci ildə də davam edəcək. Bu fikirləri fevralın 3-də Prezident İlham Əliyev Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha diqqətə çatdırdı.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov deyib.
O bildirib ki, dövlətimizin başçısı tarix-mədəniyyət abidələrinin qorunması, bərpa və konservasiyasına böyük diqqət göstərir. Həmçinin bu sahədə idarəçiliyin təkmilləşdirilməsi, yeni qoruqların yaradılması da diqqət mərkəzində saxlanılır: “Prezident İlham Əliyev ötən il “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Dövlət Xidmətinin beş regional idarəsinin yaradılmasını nəzərdə tutan bu Fərmanla yeni yaradılacaq regional idarələr dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət nəzarətini gücləndirəcək, idarəetmənin səmərəliliyini təmin edəcək. Daşınmaz tarix və mədəniyyət abidələrinin, tarix və mədəniyyət qoruqlarının mühafizəsinin müasir səviyyədə təşkili, bu sahədə müasir texnologiyanın və aparıcı beynəlxalq təcrübənin tətbiqi, eləcə də tarix və mədəniyyət abidələrinin genişmiqyaslı tədqiqi təmin ediləcək”.
Qurumun rəhbəri vurğulayıb ki, dövlətimizin başçısının “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” müvafiq Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir şəhəri”, Ağsu rayonunun tarixi ərazisi “Orta əsr Ağsu şəhəri” və “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruqları elan edilib. İndi bizim əsas məqsədimiz ölkə üzrə tarixi-mədəniyyət abidələrinin və qoruqların mühafizəsi, bərpa olunması, təbliği, onların fəaliyyətinin daha da effektiv, müasir tələblər səviyyəsində təşkil edilməsidir. Bura həm ziyarətçilərin qoruqları rahatlıqla ziyarət etmələri üçün müvafiq infrastrukturun yaradılmasından tutmuş, elmi tədqiqatların aparılmasına qədər ən müxtəlif istiqamətlər daxildir.
Z. Sultanov bildirib ki, hazırda Qazax rayonunda yerləşən “Sınıq körpü”, Şabran rayonunda yerləşən “Çıraqqala” abidələrində bərpa-konservasiya, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Ötən illər də isə bir çox abidələrdə, o cümlədən Gəncədə Şah Abbas karvansarası, Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bu il də bir sıra tarixi abidələrin bərpasına vəsaitlər ayrılacaq.
O əlavə edib ki, ötən ilin aprel ayında Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan Qəsri və Tuba şah məscidinin bərpası haqqında niyyət məktubu imzalanıb, hazırda TİKA və yerli mütəxəssislərin iştirakı ilə layihələndirmə işləri yekunlaşmaq üzrədir.
Dövlət Xidməti tərəfindən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, onların mühafizə zonalarının hazırlanması sahəsində işlər davam etdirilir: “Ölkə başçısının uğurla davam etdirdiyi islahatlar üzərimizə düşən vəzifələri və məsuliyyəti daha da artırmış olur”.
Azərbaycanlı caz ifaçısı İsfar Sarabski fevralın 8-də Almaniyanın Qşvend (Gschwend) şəhərində konsert proqramı ilə çıxış edəcək.
Bu barədə Almaniyanın “reservix” internet portalında məlumat yer alıb.
Məlumatda İsfar Sarabskinin yaradıcılığından söz açılır, onun bu il, həmçinin Hamburq şəhərində yerləşən Elb Filarmoniyasında və “Musiqi Qışı” festivalında çıxış edəcəyi nəzərə çatdırılır.
Portalda Almaniyada yaşayan həmyerlimiz, məşhur caz ifaçısı Əzizə Mustafazadə haqqında da məlumat verilir. Onun da 1994-cü ildə “Musiqi Qışı” festivalında iştirak etdiyi qeyd olunur. Əzizənin vətənindən olan musiqiləri öz dəstxətinə uyğun şəkildə ifa etdiyi bildirilir, atası Vaqif Mustafazadənin hələ 1950-ci illərdən etibarən ənənəvi musiqiləri caz ilə sintez etməyə başladığı, Azərbaycanda cazın əsasını qoyan insanlardan biri olduğu vurğulanır. Azərbaycan musiqisində bu ənənələr əsasında yeni nəslin formalaşdığı, onların arasında İsfar Sarabskinin də olduğu qeyd olunur. Sarabskinin özünü Azərbaycanın musiqi ənənələri ilə sıx bağlı hiss etdiyi, tar aləti ilə ifaları sintez etdiyi diqqətə çatdırılır. Xüsusi istedada malik olan gənc ifaçının hələ 19 yaşında olarkən Montre Caz Festivalının qalibi olduğu, Asiya, Avropa və Amerikada keçirilən festivallarda daim iştirak etdiyi vurğulanır.
Fevralın 23-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsində P.Çaykovskinin “Şelkunçik” baleti nümayiş etdiriləcək.
Teatrın saytına istinadla xəbər verilir ki, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Onun librettosu ilə nümayiş olunacaq balet Marius Petipanın (1818-1910) orijinal ssenarisinə əsaslanır.
Səhnə əsərinin dünya premyerası 1892-ci ildə Sankt-Peterburqda Mariya Teatrında olub. Balet Primorye səhnəsində ilk dəfə 2014-cü ildə oynanılıb.
Bakıda dünyaya göz açan Eldar Əliyev Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.
Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında yeni tamaşalardan olan “Mən ağacam” növbəti dəfə nümayiş ediləcək.
Teatrdan bildirilib ki, fevralın 16-da izləniləcək tamaşa dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.
Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov və aktrisa Təranə Ocaqverdiyeva çıxış edəcək.
Əsərdə Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və naqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Əsərin özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.
Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirilib.
Tədbiri MKS-nin direktoru Lətifə Məmmədova açaraq müəllifin bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş yazılarının toplandığını söyləyib. Kitabda, həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də yer alıb.
Tədbirdə kitabxananın direktor müavini Könül Vəliyeva və başqaları yazıçının yaradıcılığından danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonda müəllif çıxış edərək tədbirin iştirakçılarına təşəkkürünü bildirib və onlara öz kitabını hədiyyə edib.
Yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan “Talelər qovuşanda” ikihissəli operetta bu dəfə də teatrsevərlər tərəfindən maraqla qarışlanıb.
Teatrın mətbuat xidmətindən bildirilib ki, uzun illərdir Xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir.
135-ci dəfə nümayiş edilən səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa ediblər.
Balet və xor artistləri də həmişə olduğu kimi, tamaşaya xüsusi ahəng qatıb.