Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun şeirlərində həyati gerçəkliklər, gündəlik təlaşlar, adi hesab olunan təfərrüatlar əksini tapır.
Bu fikriləri türkiyəli tədqiqatçı Aysun Dəmirəz Günəri deyib.
Böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşən tədqiqatçı deyib: “Vaqif Səmədoğlunun şeirləri Azərbaycan xalqının səsidir. O, əsl könül şairidir. Əminəm ki, onun nadir üslubda yazdığı şeirləri kimi, həyat reallıqlarını əks etdirən pyesləri də daim ədəbiyyatsevərlər üçün cəlbedici olacaqdır”.
İsrailin Hayfa şəhərinin yaxınlığında 3 min ildən çox yaşı olan qədim Misir artifaktı tapılıb. “Egypttoday” portalına istinadla xəbər verilir ki, bu barədə İsrail KİV-də məlumat yayılıb.
Arxeoloqlar bildiriblər ki, daş kitabənin üzərində qədim Misir ilahəsi olan Seşat haqqında yazılar və rəsmlər var. Artifaktı Hayfa yaxınlığında üzən bir israilli baytar aşkar edib. Daş kitabənin tədqiqatı zamanı məlum olub ki, bu qiymətli artifakt eramızdan əvvəl XV əsrə aiddir. Həmin dövrdə qədim Misirdə on səkkizinci sülalənin hökmranlığı olub.
Arxeoloqların ehtimalına görə, tapılan daş kitabə qədim Misir fironlarının sarayına daxil olan məbəddə olub. Onlar artifaktın üzərindəki yazıların və rəsmlərin suyun altında qalmasına rəğmən keyfiyyətini qoruyub saxlamasından heyrətlərini də gizlətməyiblər. Güman edilir ki, daş kitabə firon III Tutmosun hərbi səfəri zamanı istifadə olunan və batan gəmidə olub.
Fevralın 11-də Heydər Əliyev Sarayında “Gənc-Mix” adlı konsert proqramı təqdim olunacaq.
Saraydan bildirilib ki, konsertdə gənc ifaçılar Nərmin Kərimbəyova, Rəsul Əfəndiyev, Samira Əfəndi, Aynur İsgəndərli, Tofiq Hacıyev, Promete, İlkin Fuad, Kənan Qədimov, Ayşən Mehdiyeva, Elxan Qaraxanoğlu, Fərhad Xəlif, Anar Bəylər,Orxan Babazadə, Ramazan Şərifzadə, Ayaz Babayev, Aygün Ağayeva və “The passion” kvarteti çıxış edəcəklər.
Gecədə ifaçılar tərəfindən təqdim olunacaq pop, rep, caz, muğam və başqa janrda mahnılar tamaşaçıların zövqünü oxşayacaq.
Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından əldə etmək olar.
Azərbaycanda şənbə gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də səhər və axşam havanın əsasən yağıntılı olacağı gözlənilir.
Gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 752 mm civə sütunundan 757 mm civə sütünuna yüksələcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacağı, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.
Azərbaycan Milli Kitabxanası dünyanın 70-dən çox ölkəsi ilə kitab mübadiləsi aparır. Çalışırıq ki, mübadilə zamanı tarixi kitablara xüsusi diqqət ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşrlərinin Azərbaycan Milli Kitabxanasına təqdim edilməsi bizim bu sahədə işlərimizə bir töhfədir.
Bunu Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov AMEA-nın Tarix İnstitutunun xarici dillərdə nəşrlərinin Milli Kitabxanaya təqdimatında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, təqdim olunan nəşrlər bir ay müddətində əməkdaşlıq etdikləri kitabxanalara göndəriləcək.
“Azərbaycan Milli Kitabxanası bir il ərzində 10-dan çox beynəlxalq kitab sərgisində iştirak edir. Bundan sonra Tarix İnstitutunun xarici dillərdə nəşrləri iştirak etdiyimiz beynəlxalq sərgilərdəki stendimizdə də nümayiş olunacaq. Tariximiz haqqında kitabların xarici dillərdə nəşri Azərbaycan tarixinin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıyır”, - deyə professor Kərim Tahirov qeyd edib.
Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 80-ci ildönümü ilə əlaqədar Ankarada yubiley tədbiri keçirilib.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında keçirilən tədbirdə rəsmi şəxslər, elm və mədəniyyət adamları, yazıçı və şairlər, vaqifsevərlər iştirak ediblər.
TÜRKSOY-un fəaliyyətinə dair filmin nümayişindən sonra Vaqif Səmədoğlu barədə sənədli ekran əsəri göstərilib.
Sonra TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu böyük şair Vaqif Səmədoğlunun həyat yolundan, zəngin yaradıcılığından, yüksək insani keyfiyyətlərindən, dəyişməz vətəndaş mövqeyindən, böyük şairlə xoş xatirələrindən danışıblar.
Yüksək təşkilatçılığa görə TÜRKSOY rəhbərliyinə təşəkkürünü ifadə edən Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova bütün iştirakçılara minnətdarlığını bildirərək deyib ki, görkəmli şairlə bağlı ən böyük arzusu Vaqif Səmədoğlunun şeirlər toplusunun Türkiyədə nəşr olunmasıdır.
Sonra Akademik Zemfira Səfərova və Aysun Dəmirəz Günəri böyük şairin yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə fikir və düşüncələrini bölüşüblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, böyük Azərbaycan şairi özünəməxsus yazı üslubu ilə poeziyasevərlərin qəlbinə əbədi yol tapıb.
Tanınmış şair-dramaturqun həyat və yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriləndən sonra şeirlərindən nümunələr oxunub.
Mərasim geniş ədəbi-musiqili proqramla başa çatıb.
Musiqi proqramında Ankara Opera və Balet Teatrının solisti Günlər Erkan Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnıları oxuyub. Solisti teatrın baş pianoçusu Məlahət İsmayılova müşayiət edib.
Azərbaycandan geniş tərkibli heyət yubiley mərasimində iştirak edib.
Fevralın 5-də Beynəlxalq Muğam Mərkəzində “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində aşıq Cahangir Sənanoğlunun ifasında “Aslan şahla İbrahimin dastanı” təqdim olunub.
Layihənin əsas məqsədi Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli layihə haqqında məlumat verib. Bildirib ki, AMEA-nın Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə əməkdaşlığı ilə layihə artıq ikinci ildir davam edir. “Layihədə məqsədimiz aşıq sənətini təbliğ etmək və onu sevdirməkdır. Ötən əsrin 80-ci illərində fəaliyyət göstərən bir çox görkəmli aşıqların ifaları, söylədikləri dastanlar televiziya məkanında qorunub saxlanılır. Təəssüflər olsun ki, son zamanlar bu sənətə maraq azalıb. Biz bu layihədə aşıqların ifasında dastanları tamaşaçılara yenidən təqdim etməyə çalışırıq”.
Qeyd edib ki, son iki ildə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində 8 dastan təqdim olunub. Tanınmış aşıqlardan Qələndər Zeynalov, Cahandar Sənanoğlu, Əşrəf Qəriboğlu və digər ustadlar sazla tamaşaçıların görüşünə gəlib. Layihə çərçivəsində Şirvan və Qərb bölgəsinin, eləcə də qadın aşıqlarımızın ifaları da dinlənilib.
Sonra aşıq Cahangir Sənanoğlu “Aslan şahla İbrahimin dastanı”nı söyləyib.
Fevralın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramaturq Mark Kamolettinin “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada ağlasığmaz sevgi oyunlarından bəhs olunur. Tamaşa boyu gözlənilməz situasiyalar, biri digərinə ipucu verən olaylar, sirli, maraqlı hadisələr sürətlə bir-birini əvəz edir.
Teatrın rus bölməsinin aktyorları tərəfindən hazırlanan bu komediyanın ilk nümayişi 2011-ci ilin oktyabrın 1-də izlənilib və o vaxtdan indiyə qədər tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, “Fransızsayağı qarnir” ikihissəli musiqili lirik komediyasının quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar – Emil Heydərov, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova Eleonora Mustafayeva və Valeriya İsgəndərova ifa edəcəklər.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının hazırladığı ən yeni tamaşalardan olan “Şəhərin qış gecələri” adlı tamaşa növbəti dəfə fevralın 23-də teatrsevərlərin ixtiyarına veriləcək.
Teatrdan bildirilib ki, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur.
Səhnə əsərində Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə əlaqədar sahibkarlara müraciət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, müraciətdə bildirilir ki, dünyada yayılan koronavirus epidemiyası və yüksək patogen quş qripi epizootiyası nəzərə alınmaqla AQTA-nın regional bölmələri, həmçinin Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları xüsusi hazırlıq vəziyyətinə gətirilərək gücləndirilmiş iş rejiminə keçiblər. Həmçinin koronavirus epidemiyası və quş qripi epizootiyası ölkəmizin bioloji təhlükəsizliyinin qorunmasında sahibkarların və vətəndaşların üzərinə müəyyən məsuliyyət və öhdəliklər qoyur.
Bütün bunları nəzərə alaraq, agentlik ölkəmizə heyvan və heyvan mənşəli məhsulların idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara bildirir ki, məhsul ölkəyə idxal edilməzdən əvvəl AQTA və ya onun regional bölmələri vasitəsilə həmin məhsullara dair idxal baytarlıq tələbləri ilə tanış olsunlar və onları nəzərə alsınlar. Sahibkarlar idxal tələblərini agentliyin www.afsa.gov.az rəsmi internet səhifəsindən əldə edə bilərlər. Həmçinin dünyanın müxtəlif ölkələrində bir sıra heyvan xəstəliklərinə qarşı epizootik vəziyyət barədə isə Ümumdünya Heyvan Sağlamlığı təşkilatının www.oie.int rəsmi internet səhifəsindən ilkin məlumatlarla tanış olmaq mümkündür.
Sahibkarların nəzərinə çatdırılır ki, beynəlxalq tələblərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin ixracı-idxalı və tranziti Qida Təhlükəsizliyi Agentliyi və onun regional bölmələrindən həmin ölkələrdə epizootik vəziyyət, heyvan xəstəlikləri törədicilərinin yayılmasını istisna edən baytarlıq (baytarlıq-sanitariya) qaydaları barədə əvvəlcədən məlumatlar almaqla həyata keçirilir.
Agentlik bəyan edir ki, heyvanlar və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsindən sonra həyata keçirilməlidir. Əks halda baş verə biləcək hər hansı neqativ halların məsuliyyəti həmin sahibkarların üzərinə düşür.