Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qida Təhlükəsizliyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əhaliyə müraciət edib

    Ölkə ərazisinin quş qripi xəstəliyindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq epizootoloji monitorinqlər həyata keçirir.

    Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvarında keçirilən sonuncu monitorinqlər zamanı milli park və dövlət təbiət qoruqları, su-bataqlıq əraziləri, dənizsahili zonalar, eləcə də sənaye əsaslı iri quşçuluq müəssisələri, həyətyanı və kiçik həcmli kommersiya tipli quşçuluq təsərrüfatlarından götürülmüş nümunələrin laboratoriya müayinələri nəticəsində quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb, həmçinin xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

    Bununla yanaşı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisinin aşkar olunması və müvafiq beynəlxalq təşkilatların epizootik vəziyyətlə bağlı məlumatlarını ciddi siqnal kimi qəbul edərək hazırda AQTA və ETSN tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilməkdədir.

    Eyni zamanda ölkəmizin coğrafi, iqlim xüsusiyyətlərinə görə qış və erkən yaz dövründə köçəri quşların kütləvi şəkildə ölkə ərazisindən keçməsi və köçəri quşların mövsümlə əlaqədar yemlərlə yetərincə təmin olunmaması quşlar üçün epizootik risk yaradır.

    AQTA və ETSN vətəndaşları epizootik vəziyyətlə bağlı diqqətli olmağa, eyni zamanda xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədlərindən uzaq durmağa, bununla bağlı şübhəli hallar müşahidə etdikdə agentliyin regional bölmələrinə, yaxud “1003-Çağrı Mərkəzi”nə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətti”nə məlumat verməyə çağırır.

  • Milli Azərbaycan Tarixi Muzeyinə XVI əsrə aid sikkələr hədiyyə edilib hədiyyə edilib

    AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna jurnalist, kolleksiyaçı Ruslan Rəhimov tərəfindən 35 ədəd sikkə hədiyyə edilib.

    Akademiyadan bildirilib ki, sikkələrin təyinatı nəticəsində onların XVI əsrə aid olduğu müəyyənləşdirilib.

    Zəyəm, Kaxetiya zərbxanalarının istehsalı olan, üzərində müxtəlif yazı və heyvan təsvirlərinin həkk edilmiş sikkələr o dövrün yerli pul bazarının tədqiqində önəmlidir.

  • Hollivud ulduzu Kirk Duqlas vəfat edib

    Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

    TASS informasiya agentliyinə istinadla xəbər verilir ki, bu barədə aktyorun oğlu Maykl Duqlas deyib.

    Qeyd edək ki, Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, “Spartak” və “Detektiv tarixi” filmlərində rol oynayıb. O həmçinin on kitab yazıb.

    Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.

  • Koronavirusa qarşı vaksin hazırlandı

    Londonun İmperiya Kolleci yeni koronavirusa qarşı vaksinin hazırlanması haqqında bildirib.

    Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

    Qeyd edilir ki, vaksinin laboratoriya mərhələsi cəmi 14 gün çəkib. Artıq gələn həftə preparatı heyvanlar üzərində yoxlamağa başlayacaqlar.

    Adətən iş kliniki sınaqlara qədər yalnız iki-üç il sonra çatır. Lakin professor Robin Şettok alimlərin işində qeyri-adi operativlik göstərib.

    Qeyd edilir ki, əgər bunun üçün maliyyələşmə kifayət qədər olsa, artıq yayda vaksin insanların müalicəsinə tətbiq edilə bilər.

    “Report” xatırladır ki, İtaliya alimləri də koronavirusa qarşı yeni vaksin hazırladıqlarını açıqlayıblar. 

     
  • Dövlət qulluğu üzrə müsahibə davam edir: 187 namizəd uğur qazanıb

    Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il sentyabrın 17-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

    DİM-in fevralın 6-sı saat 11:50-yə olan göstəricilərinə əsasən xəbər verilir ki, müsahibədə indiyədək 187 nəfər uğur qazanıb. Onlardan 101-i Qida Təhlükəsizliyi Agentliyində, 26-sı Təhsil Nazirliyində, 19-u Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 18-i Maliyyə Nazirliyində, 17-si Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, 3-ü Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində, 1-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 1-i Milli Televiziya və Radio Şurasında, 1 nəfər isə Masallı Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

    Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 3704 nəfər sənəd verib. Müsahibə mayın 4-də başa çatacaq.

  • 2020-ci ilin yanvar ayı rekord dərəcədə isti keçib

    Avropanın “Kopernik” xidmətinin məlumatına görə, bu ilin yanvar ayı meteomüşahidələrin aparıldığı bütün dövr ərzində Avropada ən isti yanvar ayı olub. Statistikanın aparıldığı vaxtdan ən isti yanvar 2016-cı ildə qeydə alınıb. “Euronews”a istinadla xəbər verir ki, bu ilin birinci ayında planetimizdə orta temperatur 2016-cı ilin yanvar ayı ilə müqayisədə 0,03 dərəcə, 1981-ci ildən 2010-cu ilə qədər dövr ərzində qeydə alınmış orta göstəricidən 3,1 dərəcə yüksək olub.

    Avstriya, Almaniya və İsveçrənin bəzi regionlarına yağan güclü yağışlardan sonra daşqınlar başlayıb. Avstriyanın Kössen şəhərində yağışlar bir gündən çox davam edib. Sonra kəskin şaxta düşüb. Yağış suları torpağa hopmağa macal tapmadığına görə yolları və evləri su basıb.

    Rumıniyada kənd təsərrüfatı yerləri və evlər daşqın təhlükəsi ilə üzləşib. Ötən həftə temperaturun yüksəlməsi səbəbindən mərkəzi dağlıq bölgələrdə buzlaqlar əriyərək çayların məcrasını basıb.

    Bolqarıstanda tamamilə başqa mənzərə - quraqlıq və qarsız qış müşahidə olunur. Ekspertlərin fikrincə, belə vəziyyət sonralar ölkə ərazisində ciddi quraqlığa gətirib çıxaracaq. İçməli su ehtiyatı isə onsuz da minimum miqdardadır.

    İsti qış Azərbaycan ərazisində də müşahidə olunur. Yanvar ayında Bakıda temperatur iqlim normasından 6 dərəcə yüksək olub. Qış fəsli artıq başa çatmaq üzrədir, lakin hətta gecələr də Bakıda mənfi temperatur müşahidə olunmayıb.

     
  • AMEA-nın İctimai Elmlər Bölməsi əməkdaşlarının 2 min 185 əsəri nəşr olunub

    Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin əməkdaşlarının 2 min 185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir.

    AMEA-dan bildirilib ki, 54 məqalə impakt faktorlu jurnalda dərc edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub.

    2019-cu ildə bölmənin alimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Çin, Misir, Polşa, Bolqarıstan, Yaponiya, Vyetnam, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edib. Hesabat ilində İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri tərəfindən 20 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.

  • UNEC Tbilisi Dövlət Universiteti ilə əməkdaşlığa başlayır

    Tbilisi Dövlət Universiteti Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Tamar Sulukhia Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

    UNEC-dən bildirilib ki, ali təhsil ocağının Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovla görüşdə T.Sulukhia iki universitet arasında əməkdaşlığın genişləndirilməsi, professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili istiqamətində fikir mübadiləsi aparıb. O, həmçinin magistratura proqramları haqqında məlumat verib.

    Sonra Aqil Əzizov və Tamar Sulukhia iki ali təhsil müəssisəsi arasında anlaşma memorandumunu imzalayıblar. Memoranduma əsasən, iki universitet arasında tələbə və magistr mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, konfrans və seminarların təşkili, o cümlədən distant təlimlərin aparılması nəzərdə tutulur.

  • Universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdır

    Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) olub.

    Nazirlikdən bildirilib ki, C.Bayramov universitetin maddi-texniki bazası, tədris prosesi ilə tanış olduqdan sonra təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb. Təhsil nazirinə universitetin tarixi, strukturu və tədrisin təşkili barədə ətraflı məlumat verilib.

    ADMİU-nun rektoru Ceyran Mahmudova bildirib ki, ölkənin mədəniyyət və incəsənət sahəsi üçün ixtisaslı kadrlar yetişdirən ali təhsil müəssisəsində 2 min 265 tələbə təhsil alır. Universitetin tələbələri ölkənin mədəni həyatında fəal iştirak edirlər.

    Təhsil naziri Ceyhun Bayramov qeyd edib ki, universitetlər güclü rəqabət imkanlarına malik olmalı, müasir idarəetmə prinsiplərinə əsaslanmalıdır. Dövrün çağırışları hər bir universitetdən öz keyfiyyətini artırmağı və fəaliyyətini innovativ tədris texnologiyaları əsasında qurmağı tələb edir.

    Daha sonra rəssamlıq fakültəsinin müəllim və tələbələrinin əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Nazir teatr sənəti fakültəsinin tələbələrinin məşq prosesində olub və ADMİU-nun “SABAH” qrupları tələbələrinin ifasında “Tiran Edip” tamaşasını izləyib.

    Sonda Təhsil naziri Ceyhun Bayramov səhnə əsəri haqqında təəssüratlarını bölüşüb.

     
  • Gəncədə qadınların işgüzar inkişafı təlimlərinə start verilib

    Gəncə şəhərində “ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” Fondunun birgə təşkilatçılığı ilə “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM – W” layihəsinin təlimlərinə start verilib.

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, qadınların işgüzar inkişaf platforması olan “AIM – W” layihəsinin məqsədi Azərbaycanda qadınların məşğulluq potensialının gücləndirilməsinə, o cümlədən regionlarda yaşayan qadın və qızların məşğulluğunun təmin edilməsinə və onların sahibkarlıq bacarıqlarının yüksəldilməsinə dəstək göstərməkdir. Azərbaycanda turizm sahəsində mövcud olan geniş imkanları nəzərə alaraq, “AIM-W” 2019-2020-ci illər üzrə fəaliyyətini “Turizmdə qadınlar” mövzusu üzrə icra edəcək.

    Layihədə təlimçi qismində yerli mütəxəssislərlə yanaşı, beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan da iştirak edirlər.

    Agentliyin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli Gəncədə təşkil edilən təlimin ilk gününün aktiv və səmərəli keçdiyini vurğulayıb. O bildirib ki, təlimdə 200-ə yaxın qadın iştirak edib: “Gəncə tarix boyunca Azərbaycanın fəal şəhərlərindən olub. Bu, heç dəyişməyib. Bu şəhərdə daim qadınlar da, kişilərlə birgə çalışıb, səy göstərib, daha yaxşı Azərbaycan uğrunda yaşayıblar. Bu gün də təlimlərdə iştirak edən qadınların hər biri əzmkarlığı, istəyi və səyi ilə yadda qaldı. Təlimlərimiz hələ bir neçə gün davam edəcək. İnanıram ki, təlimin sonunda Gəncədə yaşayan qadınların sahibkarlıq fəaliyyəti üçün layihələri hazır olacaq və yaxın aylarda onların reallaşmasını görəcəyik”.

    Layihəyə dəvət olunan beynəlxalq təlimçi Soner Şahan da Gəncə təliminin ilk günündən bol təəssüratla ayrıldığını və buradakı qadınların gələcəkdə çox yaxşı işlər görəcəyinə inandığını bildirib: “Bu təlimdə mən anladım ki, Azərbaycanın harasına getsək, belə çalışqan və həvəsli qadınlarla qarşılaşacağıq. Onlar sahibkar olmaqdan çəkinmir, qarşılaşacaqları istənilən çətinliyi aşmağa hazırdırlar. Proqramda nəzərdə tutulan kimi bu gün ideyaları dinlədik. İçlərində yararlı, hətta bizi təəccübləndirən fikirlər vardı. Hər biri üzərində yaxın günlərdə çalışacağıq”.

    Layihə Gəncə ilə yanaşı, Quba, Mingəçevir, Qəbələ, Sumqayıt və Şəki iqtisadi zonalarını da əhatə edir.

    2017-ci ildən etibarən “ASAN Könüllüləri” və “Coca-Cola” Fondu tərəfdaşları ilə birlikdə Gəncə, Masallı və Qəbələdə yaşayan qadınların sahibkarlıq bacarıqlarının artırılması üçün “Uğurlu qadın, uğurlu gələcək” layihəsini icra edib. Layihə çərçivəsində həmin bölgələrdə yaşayan 312 qadın və qızlar turizm sahibkarlığı mövzusunda təlimlərə qoşulublar.