Fevralın 1-dən start verilən tələbələrin köçürülməsi üzrə qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyindən bildirilib ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir.
Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aliyə Əbülfəz qızının müəllifi olduqları “Professor Yusif Seyidovun elmi irsində yazıçı və dil məsələləri (XX əsrədək)” adlı monoqrafiya işıq üzü görüb.
AMEA-dan bildirilib ki, kitabda Azərbaycan dilçiliyinin və ədəbiyyatşünaslığının inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, professor Yusif Seyidovun elmi-nəzəri irsi ilk dəfə sistemli şəkildə araşdırılıb. Nəşrdə, həmçinin Yusif Seyidovun Azərbaycan dilçiliyinin nəzəri sahələri ilə yanaşı, yazıçı və dil problemlərinə dair tədqiqatları da əksini tapıb.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun elmi redaktorluğu ilə nəşr olunan monoqrafiya giriş, üç fəsil, nəticə və 250-yə yaxın əsəri əhatə edən ədəbiyyat siyahısından ibarətdir.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) ikili diplom proqramlarını bitirən tələbələrin diplomları Avropanın 27 ölkəsində tanınır.
Bunu fevralın 6-da UFAZ-da keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib. O bildirib ki, bu diplomlar UFAZ məzunlarının Avropada asanlıqla işlə təmin olunmasına imkan verir.
Özbəkistanın “Zor” televiziya kanalında nümayiş etdirilən “JOZİBA” verilişinin canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub.
Televiziya kanalında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi nümayiş etdirib.
Verilişin aparıcısı Matluba Safarova milli rəqslərimiz barədə danışıb, Azərbaycan xalqının zəngin mədəniyyəti, incəsənəti haqqında məlumat verib.
Ansamblın bədii rəhbəri, Əməkdar artist, xoreoqraf Kövkəb Əliyeva Azərbaycanda milli rəqs sənətinin yaranması və formalaşması prosesi, eləcə də ansamblın ifa etdiyi çoxsaylı rəqslər haqqında ətraflı söhbət açıb.
Layihənin əsas məqsədi uşaqlar arasında incəsənəti, rəqs sənətini təbliğ etmək və onlarda milli rəqslərə olan marağı artırmaqdır.
Müsabiqənin şərtlərinə görə, dəvət olunan xoreoqraflar müxtəlif rəqs növlərinə dair canlı efirdə usta dərsləri keçirlər.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında yeni tamaşalardan olan “Yeddi nar çubuğu” fevralın 8-də təqdim ediləcək.
Kiçik həcmli ibrətamiz məişət nağıllarımızdan olan “Yeddi nar çubuğu”nun motivləri əsasında hazırlanan tamaşanın səhnələşdirmə və mahnı mətnlərinin müəllifi publisist Zülfüqar Rüfətoğludur. Teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimovun quruluş verdiyi səhnə əsəri klassik nağıl üslubuna tam fərqli baxış kimi də xarakterizə oluna bilər. Belə ki, rejissor əsərdə ideyadan irəli gələn ibrətamiz hadisələr fonunda tamaşaçılara fərqli kukla texnikalarının köməyi ilə bitkin bir təsvir təqdim edə bilib. Quruluşçu rəssamı Rəvanə Yaqubova olan bu tamaşada teatrsevərlər bütün zamanlarda öz füsunkarlığını qoruyan sehrli nağıl təsvir-təyinini hakim saxlamaqla çağdaş zamanın texnoloji vasitələrinin fonunda tam klassik, bir növ, nostalgiya yaradan səhnə həllinə nail olub. Mahnı və rəqslərlə zəngin tamaşanın bəstəkarı, Əməkdar artist Vüqar Camalzadə əsas etibarilə yurd, torpaq təəssübü, çağırış, cəng ruhlu musiqilər yazmaqla tamaşanın yüksək tempini və ümumi fabulasını qorumağa çalışıb.
Tamaşada obrazları teatrın aparıcı aktyorları Əməkdar artistlər Rəhman Rəhmanov, Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Ramiz Qəmbərov, Yasin Abbasov, Araz Həsənli, Samirə Nəcəfova və Aygül Ağayeva canlandıracaq.
Qeyd edək ki, səhnə əsəri Kukla Teatrı, “ITALDIZAIN” şirkəti və Fransanın Bakıdakı “Cartier zinət evi”nin dəstəyi ilə ərsəyə gəlib
Azərbaycanda fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 14-18° isti, Bakıda gecə 6-8°, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 752 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı, pedaqoji elmlər namizədi Allahverdi Eminovun “Professor Nizami Xudiyevin həyatı və yaradıcılıq yolu” adlı kitabı işıq üzü görüb.
Nazirlikdən bildirilib ki, kitabda görkəmli ictimai, mədəniyyət və dövlət xadimi, filologiya elmlər doktoru, Əməkdar elm xadimi, professor Nizami Xudiyevin həyat və yaradıcılıq yolundan bəhs olunur.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
Fevralın 6-da Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı olub.
Kitabxanadan bildirilib ki, qurumun direktoru Lətifə Məmmədova çıxış edərək yazıçının bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının toplanıldığını söyləyib. Bildirib ki, kitabda, həmçinin müəllifin ilk kitabından (“Qəlbimin istəkləri”) şeirlər də yer alıb.
Tədbirdə direktor müavini Könül Vəliyeva çıxış edərək, müəllifin şəxsi keyfiyyətlərinin yazıları ilə tarazlıq təşkil etdiyindən söz açıb, ona yaradıcılıq uğurları arzulayıb.
Şöbə müdiri Təranə Heydərova, Q.Musabəyov adına 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, A.Şaiq adına nömrəli kitabxana filialının əməkdaşı Aybəniz Əliyeva, böyük metodist İradə Hüseynova və başqaları müəllifin yazılarını daim izlədiklərini bildiriblər.
Sonda müəllif tədbirin iştirakçılarına və təşkilatçılarına təşəkkür edib, imzalı kitabları tədbir iştirakçılarına və kitabxanaya hədiyyə edib.
Moskvada, Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə şair-filosof Sahib Məmmədovun “Ötən günlərin pazlları” kitabının təqdimatı olub.
Şair Sahib Məmmədov 1986-cı ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, boks üzrə idman ustası, iki dəfə “Nəsimi” festivalının qalibi, Bakıda keçirilən “LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının mükafatının laureatıdır.
S.Məmmədov 2007-2010-cu illərdə yazdığı şeirlərinin toplandığı “Ötən illərin pazlları” kitabından danışaraq deyib: “Mən özümü şair adlandırmıram, mən sadəcə şeirlərin müəllifiyəm. Şair olub-olmadığımı zaman göstərəcək. Həyat gerçəkliklərini göstərmək mənim üçün çox vacibdir. Məqsəd budur ki, oxucu bu şeirləri oxuyanda ya bu qəhrəmanlara bənzəməyə çalışsın, ya da öz qüsurlarını görüb onları düzəltməyə çalışsın”.
Şairə, bəstəkar, müəllif və ifaçı Tatyana Sitnikova Sahibi birinci kitabının çıxması münasibətilə təbrik edərək deyib: “Mən Sahiblə gözəl və günəşli Bakı şəhərində - tanınmış rus şairi və bardı Aleksandr Qorodnitskinin 85 illiyi münasibətilə festivalda tanış olmuşam. Onun şeirlərinin dərinliyi və müdrikliyi məni valeh edib. Bakı şəhərindən və bakılılardan ən xoş xatirələrim qalıb. Sahib onlardan biridir. Buna görə də iş rejimimin gərgin olmasına baxmayaraq bakılı dostumu təbrik etmək üçün bu gün macal tapıb onun kitabının təqdimatına gəldim”.
Şair, bəstəkar və müğənni İlona Yankovskaya qeyd edib ki, Sahib Məmmədovun əsərləri düşüncə dərinliyi, cəsarətliliyi, ideya və xəyal gücü ilə onu fəth edib. O deyib: “Mən ona böyük yaradıcılıq uğurları və ən xoş arzularımı diləyirəm”.
Tanınmış şair-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin məsul katibi Afaq Şıxlı Sahib Məmmədovun qeyri-standart təfəkkürünü və xarizmasını qeyd edərək, onu parlaq şəxsiyyət adlandırıb. O vurğulayıb ki, gələcəkdə şairin şeirlərini Azərbaycan dilinə tərcümə etməyi planlaşdırır.
Sahib Məmmədov AZƏRTAC-ın müxbirinə müsahibəsində vurğulayıb ki, bu, onun ilk kitabı və xarici ölkədə ilk təqdimatıdır. O deyib: “Oxucular qarşısında çıxış etmək çox məsuliyyətlidir. Buna görə də şeirləri səylə seçmişəm. Mən kitabımın təqdimatına gələnlərin hamısına təşəkkür edirəm. Ədəbiyyat, sözlə işləmək zərgər işidir. Buna görə də asudə vaxtlarımda özümü yaradıcılığa həsr edirəm”.
Gənc şair Rusiya regionlarında yaradıcılıq gecələri keçirməyi, habelə şeirlə yazılmış roman və növbəti şeirlər toplusunu çap etdirməyi düşünür.
Əmək və Əhalinin Sosisal Müdafiəsi Nazirliyi pensiya artımı ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılır".
Bu artım Prezident İlham Əliyevin tapşırığı ilə ötən il sosial ödənişlərin artırılması sahəsində inqilabi addımların atılmasını təmin edən, 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olan uğurlu sosial islahatların 2020-ci ildə də davam etdiyini göstərir.
Sərəncamla pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək.
Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlir.
Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Misal üçün, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq.
Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılır".