Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Paris İncəsənət və Mədəniyyət Ali Məktəbində Azərbaycan qadınına həsr edilmiş sərgi açılıb

    Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) və Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilmiş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışı olub.

    EAC-da təşkil olunmuş sərginin açılışından əvvəl konfrans olub. EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoru və Milli Assambleyada kabinet müdiri Florans Qabe konfransı açaraq Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənət və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin nümayiş olunduğunu bildirib.

    EAC-ın müəllimi, yazıçı Helen Pişon Azərbaycan qadınlarına səsvermə hüququ verilməsindən, onların cəmiyyətdə mövqeyi və yerindən söz açıb. Cəmiyyətin inkişafında qadınların roluna, gender bərabərliyinin vacibliyinə toxunub. Müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.

    Səfirliyimizin müşaviri Vaqif Ağayev ölkəmizdə qadınlara səsvermə hüququnun verilmə tarixindən söz açıb. Gender bərabərliyinə toxunan müşavir, bu gün qadınların ölkə həyatının bütün sahələrində təmsil olunduğunu diqqətə çatdırıb. Qadınların yüksək vəzifələrdə çalışdığını vurğulayıb. O, ölkəmizdə aparılan gənclər siyasətindən danışıb, EAC-ın müəllim və tələbə heyətinə Azərbaycana həsr etdikləri sərgiyə görə təşəkkür edib.

    EAC-ın tələbələrinin təşkil etdiyi sərgidə azərbaycanlı qadınların - Əsmər Nərimanbəyova, Vəfa Rüstəmova və Maya Bağırovanın əsərləri nümayiş olunub.

    Sərgidə görkəmli rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş, Əməkdar rəssam Əsmər Nərimanbəyovanın kubizm və futurizm təsiri ilə lirik ekspressionist üslubda olan 7 əsəri nümayiş olunub.

    Niderlandda yaşayan rəssam Vəfa Rüstəmovanın mozaikanı xatırladan və ekspressionist üslubda olan 6 əsəri sərgilənib.

    Gənc fotoqraf Maya Bağırovanın azərbaycanlı qadınlara dair 7 fotosu diqqəti cəlb edib. Paris Speos Beynəlxalq Fotoqrafiya Məktəbinin məzunu M.Bağırova bir çox müsabiqələrin qalibidir. O, Parisdə İncəsənət Milli Salonunun Jan Larivyer mükafatına və Fotoqrafiya qızıl medalına layiq görülüb. 2018-ci ildə “Paris Match” jurnalının Tələbə qran-prisinin qalibi olub.

    Tələbələrin təşkil etdiyi “Azərbaycan: ənənə və müasirlik” adlı sərgi fevralın 7-dək davam edəcək.

     
  • Moskvada “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb

    Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.

    Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.

    Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan xalçasının UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur. Ş.Məlikova deyib: “Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dönəmində bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.

    Şərq Muzeyinin direktoru Aleksandr Sedovun sözlərinə görə, ötən əsrdə Azərbaycanda yeni ideologiyanın ənənəvi sənət nümunələri vasitəsilə təbliği Moskva tamaşaçıları üçün də maraqlı olacaq: “Bizim muzeydə də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var. Biz onları da sərgidə nümayiş etdiririk. Bu, tikmələr, çini qablar və sairdir. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.

    Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova sərginin açılışı münasibəti ilə toplaşanları təbrik edərək bildirib ki, bu maraqlı ekspozisiyanın nümayişi Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addımdır. N.Axundova həmçinin vurğulayıb ki, fevralın 4-də ölkəmizin Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun yubileyi qeyd olunur: “Polad müəllim ad gününü doğma Qarabağa, ata yurdu Şuşaya yaxın Beyləqan rayonunda, hərbi hissədə, əsgərlərlə birlikdə qeyd edir. Dünən Azərbaycan Prezidenti İlham Əliyev ona ən yüksək mükafat – “Heydər Əliyev” ordenini təqdim edib. Rusiya Prezidenti Vladimir Putin ona səmimi təbrik məktubu ünvanlayıb”.

    Sərgidə 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Fevralın 4-dən martın 1-dək davam edəcək sərginin açılışı münasibəti ilə ayrıca kataloq da nəşr edilib.

     
  • Arxeologiyaya dair 4 monoqrafiya çap olunacaq

    AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurası cari ildə ilk iclasını keçirib.

    İnstitutdan bildirilib ki, iclasda hazır elmi işlərin çap üçün müzakirəsi aparılıb. Hazır işlər sırasında ilk olaraq Tarixi etnoqrafiya şöbəsinin bas elmi işçisi Solmaz Məhərrəmovanın “XIX-XX əsrin əvvəllərində Kiçik Qafqazın cənub-şərq bölgəsinin tarixi-etnoqrafik tədqiqi (Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının materialları əsasında)” monoqrafiyası müzakirə edilib. İnstitutun direktoru, professor Maisə Rəhimova bildirib ki, monoqrafiyanın rəyçiləri professor Qəzənfər Paşayev və tarix üzrə fəlsəfə doktoru Tofiq Babayev, elmi redaktoru akademik Teymur Bünyadovdur.

    Müzakirəyə çıxarılmış ikinci hazır elmi iş Daş dövrü arxeologiyası şöbəsinin baş elmi işçisi Mənsur Mənsurovun “Qərbi Azərbaycanın alt paleoliti” monoqrafiyası olub. Elmi şuranın üzvü professor Hidayət Cəfərov monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsinin dəqiqləşdirilməsi barədə müəllifə sual verib. M.Mənsurov bildirib ki, monoqrafiyanın adındakı “Qərbi Azərbaycan” ifadəsi müasir Azərbaycan Respublikasının inzibati coğrafi bölgüsü ilə əlaqədardır. Məsələ üzrə çıxış edənlər monoqrafiyanın adının məzmuna bütünlüklə uyğun olduğunu bildiriblər.

    Bundan başqa, Antropologiya mərkəzinin aparıcı elmi işçisi, dosent Dmitri Kiriçenkonun “Azərbaycanın paleoantropologiyası (e.ə. VII - e. V əsrlər)” adlı rus dilində monoqrafiyası, Tarixi etnoqrafiya şöbəsinin elmi işçisi Nigar Coşqunsunun “Erkən orta əsrlərdə Azərbaycanın maddi-mənəvi mədəniyyəti” monoqrafiyası müzakirə edilib.

    Müzakirəyə çıxarılmış 4 monoqrafiya təklif və iradlar olmadığından yekdil müsbət rəylə Elmi şura tərəfindən çapa məsləhət bilinib.

     
  • “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri ilə bağlı fəaliyyət proqramı hazırlanacaq

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşrinin redaksiya heyətinin ilk iclası keçirilib.

    AMEA-dan bildirilib ki, tədbirdə nəşrin redaksiya heyətinin sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova müasir dövrdə ölkəmizdə digər sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsinin də dinamik inkişaf etdiyini, bir sıra nailiyyətlər əldə olunduğunu bildirib.

    Akademiyanın bir sıra dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirildiyini deyən İradə Hüseynova AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi altında bu elm ocağında uğurlu islahatlar aparıldığını vurğulayıb.

    Alim, həmçinin AMEA və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə iştirakı ilə hazırlanan “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın III nəşri barədə məlumat verib. O, AMEA Rəyasət Heyətinin 2020-ci il 9 yanvar tarixli qərarı ilə nəşrin redaksiya heyətinin yeni tərkibinin təsdiq edildiyini diqqətə çatdırıb.

    Qərardan irəli gələn vəzifələr ətrafında akademik Validə Əlizadə, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professorlar Səyyarə İbadullayeva, Şaiq İbrahimov, biologiya üzrə elmlər doktorları Vahid Fərzəliyev, Elşad Əhmədov, Aydın Əsgərov, Dilzarə Ağayeva, Naibə Mehdiyeva və Vüqar Kərimov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

    Tədbirdə nəşrin redaksiya heyətinin üzvləri tərəfindən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib, müvafiq qərarlar qəbul edilib.

    Akademik İradə Hüseynova iclasa yekun vuraraq “Azərbaycan Respublikası Qırmızı Kitabı”nın nəşri ilə bağlı 2020-2023-cü illəri əhatə edən fəaliyyət proqramının hazırlanmasının zəruriliyini qeyd edib.

    Sonda bu məqsədlə akademik Validə Əlizadənin rəhbərliyi ilə işçi qrupunun yaradılması qərara alınıb.

     
  • ADNSU-nun İsrail–Azərbaycan Təlim Mərkəzində veb-proqramlaşdırma kurslarına start verilib

    Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İsrail–Azərbaycan Təlim Mərkəzində veb-proqramlaşdırma kurslarının ilk dərsi keçirilib.

    ADNSU-dan bildirilib ki, rektor, professor Mustafa Babanlı kurs iştirakçıları ilə görüşüb. Veb-proqramlaşdırmanın əhəmiyyətindən danışan rektor tədris mərkəzində gənclərin bu istiqamətdə bilik qazanması üçün hər cür şərait yaradıldığını deyib.

    İsrail-Azərbaycan Ticarət Palatasının prezidenti Aleks Kaplun mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirərək, burada İsrailin İT və yüksək texnologiyalarla bağlı təcrübəsi əsasında gənclərə yüksəksəviyyəli dərslər keçiriləcəyini qeyd edib. Hazırda kursda 9 tələbə və 15 müəllim olmaqla 24 nəfərin iştirak etdiyini vurğulayan İsrail–Azərbaycan Təlim Mərkəzinin rəhbəri Elnur Səfərli “Full stack development” kursunun bütün tədris materiallarının İsrail tərəfindən verildiyini deyib.

    Qeyd edək ki, 500 saatlıq kurs həftədə 4 gün olmaqla hər gün 3 saat müddətində 10 ay davam edəcək. Təlim mərkəzində məsləhət komitəsi fəaliyyət göstərəcək. Komitəyə verilən tapşırıqlar və layihələr əsasında kursun yekununda tələbələrin təqdim edəcəyi layihələrdə qiymətləndirmə aparılacaq.

    Kursu bitirənlərə “Məzun sertifikatı”, layihəni təqdim edə bilməyənlərə “İştirak sertifikatı” veriləcək. Sonda tələbələrin bank sektorunda və digər şirkətlərdə işlə təmin olunmasına dəstək göstəriləcək.

  • ADU-da Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb

    Azərbaycan Dillər Universitetində (ADU) Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaradılıb.

    Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ali təhsil ocağının Elmi şurasının qərarı ilə ölkədə ilk dəfə yaradılan institutun fəaliyyəti çoxşaxəli və səmərəli olacaq. Klassik Dillər və Mədəniyyətlər İnstitutunun yaradılması Azərbaycanın filologiya, humanitar elmlər sahəsində böyük rol oynayacaq.

    Universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla deyib: “Azərbaycanda humanitar elmlər sahəsində belə bir addıma çoxdan ehtiyac var idi. Klassik Dillər və Mədəniyyətlər İnstitutu yaxın gələcəkdə Azərbaycanın bu sahə ilə maraqlanan bütün mütəxəssisləri üçün elm mərkəzinə çevriləcək. İnstitut qədim yunan, Çin, latın və sanskrit dilləri və mədəniyyətlərinin öyrənilməsi istiqamətində artıq konkret işlər həyata keçirir. Ümid edirəm ki, ADU-dan kənarda da bu institutun fəaliyyəti diqqət mərkəzində olacaq. Eyni zamanda, bu dillərin özü ilə gətirdiyi mədəniyyətlərdən söhbət gedir. Bu mədəniyyətlərin də bir-birini tamamlayaraq öyrənilməsi bizim üçün həm Azərbaycan dilində, həm mədəniyyətimizdə, həm öyrəndiyimiz dillərdə olan yeni qatları üzə çıxaracaq. Biz bu yeni qatlardan istifadə edərək öz mədəniyyətimizin daha dərin qatlarına enə biləcəyik və öyrəndiyimiz dillərin uyğun, adekvat, qədim mənzərəsi ilə qarşı-qarşıya duracağıq. Bu proses müasir hind-Avropa dillərinin öyrənilməsinin çox effektiv üsuludur”.

    Akademik Kamal Abdulla əlavə edib ki, klassik dillər və mədəniyyətlər filologiyanın çox böyük məsələsidir. Bu dillərə, ilk növbədə, latın, qədim yunan və sanksrit dilləri daxildir: “Bundan başqa, qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik dörd dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, qeyd etdiyim kimi, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edənlərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələrin universitetləri, bizdəki səfirləri ilə faydalı danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Çin, Yunanıstan səfirlikləri bizə bu istiqamətdə kömək edəcəklər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. İnanıram ki, ilk dəfə ADU-da yaradılan Klassik Dillər və Mədəniyyətlər İnstitutu humanitar elmimizə, filoloji düşüncəmizə çox böyük xidmət göstərəcək”.

     
  • Hindistandan Azərbaycana turist axını artır

    “Hazırda Azərbaycan tərəfi Hindistan aviaşirkətləri ilə birbaşa aviareyslərin bərpası ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir konkretlik yoxdur”.

    “Times of India”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zengşmidt Mumbayda deyib.

    O bildirib ki, AZAL ötən il Bakını Dehli ilə bağlayan birbaşa aviareyslərə başladıqdan sonra hindlilər arasında Azərbaycanın populyarlığı artıb və nəticədə Azərbaycana gələn turistlərin sayı xeyli artıb: “2018-ci ildə 39 min hindistanlı Azərbaycana səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 65 min nəfərə çatıb. Bu isə 67%-lik artım deməkdir. Birbaşa reyslər dayandırılsa da, Hindistandan Azərbaycana turist axını artmaqda davam edir. Büro bu il 30% həcmində artım gözləyir. Aviaşirkətlər yenidən birbaşa uçuşlar həyata keçirsələr, bu rəqəm iki dəfə artacaq”.

    Büro rəhbəri əlavə edib ki, hazırda Hindistandan gələn turistlər Yaxın Şərq ölkələri vasitəsi ilə Bakıya gələ bilir. “Bu gün turistlərin əksəriyyəti Azərbaycana Dehli, Mumbay, Banqalora, Əhmədabad kimi Hindistanın böyük şəhərlərindən gəlirlər. Dekabr-yanvar aylarında Bakıda hindli turistlərinin çoxluğu müşahidə edilib”, - o söyləyib.

    Büro direktoru hindistanlı turistlərin Azərbaycana, adətən, ailəvi tətillər, bal ayı səyahətləri və s. hallarda gəldiyini qeyd edib.

    “Hindistan beynəlxalq səyahətçilərin çoxluğuna və ölkədə Qafqaz bölgəsinə artan marağa görə bizim üçün böyük potensiala malik vacib bazardır. İki ölkə arasında güclü mədəni və tarixi təmas nöqtələri, elektron vizaların alınması üzrə sadələşdirilmiş proses olduğundan daha çox hindistanlı turistin Azərbaycana gəlməsinə çalışırıq”, - F.Zengşmidt vurğulayıb.

     
  • “Haqq mənəm” tamaşası nümayiş olunacaq

    Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 18-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan tamaşanı - ikihissəli tarixi elegiyanı təqdim edəcək.

    Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

    Rollarda Natiq Həziyev, Əməkdar artist Rəşid Rzayev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev, Güney Əliyeva, Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış edəcəklər.

    Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.

    Tamaşaya biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, Rus Dram Teatrının kassasından və iTicket.az saytından əldə etmək olar.

     
  • Professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabı çapdan çıxıb

    Bakı Slavyan Universitetinin (BSU) rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim, professor Nurlana Əliyevanın “Qüdrətli Azərbaycan naminə” kitabı nəşr olunub.

    BSU-dan bildirilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuş bu monoqrafiya maraqlı məzmunu, yüksək ideya-siyasi və bədii keyfiyyətləri ilə diqqəti cəlb edir.

    “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində nəşr olunmuş kitabda dünya siyasətinin görkəmli siması, Azərbaycan xalqının ümummilli lideri, böyük düha sahibi Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illik dövrünü əhatə edən fədakar fəaliyyətinə, tarixi xidmətlərinə, xalqın nurlu gələcəyinə yönəlmiş ölməz ideyalarına işıq salınır. Eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən müstəqil ölkəmizin müasir dünya standartlarına və yeni beynəlxalq çağırışlara uyğun beynəlxalq siyasi münasibətlər sistemində layiqli yer tutan genişmiqyaslı fəaliyyətləri, çoxcəhətli addımları işıqlandırılır.

    Kitabda ölkənin ən böyük və aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası, örnəyə çevrilmiş Azərbaycan qadınlarının həyatı, fəaliyyəti, Qarabağ həqiqətləri təhlil edilir. İllərlə qələmə alınmış bu publisistik məqalələrdə Azərbaycanın uğurlu siyasəti, xalqın xoşbəxtliyi naminə töhfə vermiş şəxsiyyətlərin fəaliyyəti haqqında ən böyük həqiqətlər təqdim edilir.

     
  • Süni intellektə dair keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır

    AMEA-nın Fəlsəfə İnstitutunda aprelin 21-də “Süni intellekt və yaxın gələcək: problemin fəlsəfi-etik və hüquqi aspektləri” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa məqalə qəbulu aparılır.

    İnstitutdan bildirilib ki, konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini aprelin 2-dək elmi katibliyə təqdim etməlidirlər. Məqalələr Azərbaycan, ingilis və fransız dillərində qəbul olunur.

    Məruzələrin tərtibi qaydaları:

    - Həcm 6-7 səhifə, format A4, ölçü 14, şrift “Times New Roman”, hər tərəfdən 2,0 santimetr, 1,5 interval, abzas 1,25;

    - Ədəbiyyat siyahısı əlifba sırası ilə tərtib edilməli, istinadlar kvadrat mötərizədə olmalı, mənbənin nömrəsi, səhifə qeyd edilməlidir.