Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin elmi müəssisələrində ötən il səkkiz elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi-tədqiqat işləri aparılıb, 45 mövzu, 127 iş, 212 mərhələ tamamlanıb.
AMEA-dan bildiriblər ki, bölmənin əməkdaşları 12 dövlət proqramının icrasında iştirak edirlər.
Hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, bölmənin institutlarında çoxsaylı tədbirlər keçirilib.
Böyük Britaniyanın Şərqi London Universitetinin professoru Syuzan Dikson və universitetin müəllimi Niki Kartis fevralın 10-dan 13-dək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 4 günlük təlim keçəcəklər.
UNEC-dən bildirilib ki, təlimdə fəal iştirak edən tələbələr layihə koordinatoru tərəfindən seçilərək, may ayında Şərqi London Universitetinə getmək imkanı qazanacaqlar.
Təlimdə iştirak etmək istəyən tələbələr ingilis dilində 500 sözlük “İxtisasınızda əldə etdiyiniz bilik-bacarıqlar, gələcək karyera planlarınız və Creative Spark layihəsinin hədəflərinizdə rolu” mövzusunda yazını fevralın 8-dək rauf_mammadov@unec.edu.az ünvanına göndərməlidirlər.
Ankarada ənənəvi Bilkənt beşinci musiqi günlərinin açılışı olub.
Açılış mərasimində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak ediblər.
“İşıq və qaranlıq” şüarı altında keçirilən musiqi günləri martın sonunadək davam edəcək.
Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) və Fransadakı səfirliyimizin dəstəyi ilə EAC-ın İncəsənət menecmentliyi fakültəsinin magistr pilləsi üzrə tələbələri tərəfindən təşkil edilmiş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışı olub.
EAC-da təşkil olunmuş sərginin açılışından əvvəl konfrans olub. EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoru və Milli Assambleyada kabinet müdiri Florans Qabe konfransı açaraq Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənət və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin nümayiş olunduğunu bildirib.
EAC-ın müəllimi, yazıçı Helen Pişon Azərbaycan qadınlarına səsvermə hüququ verilməsindən, onların cəmiyyətdə mövqeyi və yerindən söz açıb. Cəmiyyətin inkişafında qadınların roluna, gender bərabərliyinin vacibliyinə toxunub. Müsəlman ölkəsi olan Azərbaycanın dünyəvi dövlət olduğunu diqqətə çatdırıb.
Səfirliyimizin müşaviri Vaqif Ağayev ölkəmizdə qadınlara səsvermə hüququnun verilmə tarixindən söz açıb. Gender bərabərliyinə toxunan müşavir, bu gün qadınların ölkə həyatının bütün sahələrində təmsil olunduğunu diqqətə çatdırıb. Qadınların yüksək vəzifələrdə çalışdığını vurğulayıb. O, ölkəmizdə aparılan gənclər siyasətindən danışıb, EAC-ın müəllim və tələbə heyətinə Azərbaycana həsr etdikləri sərgiyə görə təşəkkür edib.
EAC-ın tələbələrinin təşkil etdiyi sərgidə azərbaycanlı qadınların - Əsmər Nərimanbəyova, Vəfa Rüstəmova və Maya Bağırovanın əsərləri nümayiş olunub.
Sərgidə görkəmli rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş, Azərbaycanın Əməkdar rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş, Əməkdar rəssam Əsmər Nərimanbəyovanın kubizm və futurizm təsiri ilə lirik ekspressionist üslubda olan 7 əsəri nümayiş olunub.
Niderlandda yaşayan rəssam Vəfa Rüstəmovanın mozaikanı xatırladan və ekspressionist üslubda olan 6 əsəri sərgilənib.
Gənc fotoqraf Maya Bağırovanın azərbaycanlı qadınlara dair 7 fotosu diqqəti cəlb edib. Paris Speos Beynəlxalq Fotoqrafiya Məktəbinin məzunu M.Bağırova bir çox müsabiqələrin qalibidir. O, Parisdə İncəsənət Milli Salonunun Jan Larivyer mükafatına və Fotoqrafiya qızıl medalına layiq görülüb. 2018-ci ildə “Paris Match” jurnalının Tələbə qran-prisinin qalibi olub.
Tələbələrin təşkil etdiyi “Azərbaycan: ənənə və müasirlik” adlı sərgi fevralın 7-dək davam edəcək.
Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgi açılıb.
Rusiya Dövlət Şərq Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı, Azərbaycan və Rusiya Mədəniyyət nazirlikləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə açılmış “Sovet Azərbaycanının əks-sədası. Xalça. Tikmə. Plakat” adlı sərgidə 40-dan çox eksponat nümayiş olunur.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Azərbaycan xalçasının UNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsinin 10 illiyinə həsr edilmiş sərgidə ötən əsrin 20-70-ci illərində “Azərxalça” İstehsalat Birliyində hazırlanmış, maraqlı süjet kompozisiyalarından ibarət xalçalar təqdim olunur. Ş.Məlikova deyib: “Azərbaycan xalçası xalqımızın tarixinin bütün dövrlərini əks etdirən rəmzdir. Sovet dönəmində bir çox milli sənətlər unudulsa da, Azərbaycanda xalçaçılıq sənəti inkişaf edir, milli xalçalarımız bütün dünyaya ixrac olunurdu. Məşhur rəssamlarımız Lətif Kərimov, Mikayıl Abdullayev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, Salam Salamzadə və başqalarının eskizləri əsasında hazırlanmış xalçalar indi də dünyanın məşhur muzeylərində saxlanılır. Bu ənənə hazırda uğurla davam etdirilir”.
Şərq Muzeyinin direktoru Aleksandr Sedovun sözlərinə görə, ötən əsrdə Azərbaycanda yeni ideologiyanın ənənəvi sənət nümunələri vasitəsilə təbliği Moskva tamaşaçıları üçün də maraqlı olacaq: “Bizim muzeydə də ötən əsr Azərbaycanına aid bir sıra eksponatlar var. Biz onları da sərgidə nümayiş etdiririk. Bu, tikmələr, çini qablar və sairdir. Sərgini gələcəkdə Bakıda və daha sonra digər xarici ölkələrdə nümayiş etdirmək niyyətindəyik”.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova sərginin açılışı münasibəti ilə toplaşanları təbrik edərək bildirib ki, bu maraqlı ekspozisiyanın nümayişi Azərbaycan mədəniyyətinin Rusiyada təbliği istiqamətində atılan daha bir uğurlu addımdır. N.Axundova həmçinin vurğulayıb ki, fevralın 4-də ölkəmizin Rusiyadakı səfiri, görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlunun yubileyi qeyd olunur: “Polad müəllim ad gününü doğma Qarabağa, ata yurdu Şuşaya yaxın Beyləqan rayonunda, hərbi hissədə, əsgərlərlə birlikdə qeyd edir. Dünən Azərbaycan Prezidenti İlham Əliyev ona ən yüksək mükafat – “Heydər Əliyev” ordenini təqdim edib. Rusiya Prezidenti Vladimir Putin ona səmimi təbrik məktubu ünvanlayıb”.
Sərgidə 40-dan çox eksponat – xalçalar, plakatlar, əl işləri, kitab qrafikası, teatr afişaları və tikmələr nümayiş etdirilir. Fevralın 4-dən martın 1-dək davam edəcək sərginin açılışı münasibəti ilə ayrıca kataloq da nəşr edilib.
Həyatda çoxluğun qəbul etdiyi belə bir fikir də öz təsdiqinə söykənib: Sənətdə yaratdıqlarına məxsusilik gətirməklə özünün səsi, sözü, təsviri ilə mükəmməllik qazanmaq, xalqın yaddaşında həmişəyaşarlığı ilə xatırlanmaq hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Bu, möhtəşəmlikdir və onun bir adı da ali varlığın fəth etdiyi sənət zirvəsidir. Hər sənətin öz xiridarı var, onlar öz yaradıcı əməlləri ilə tarixdə iz qoyurlar. Belə sənətkarlardan biri də muğam və təsniflərin gözəl ifaçısı, xanəndə, bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, Prezident təqaüdçüsü Əlibaba Balaəhməd oğlu Məmmədovdur...
Bir haşiyə: Həmişə yaşlı insanlardan eşidirdim ki, keçmişlərdə qış çox sərt keçir, yolu-rizi qar elə basırdı ki, keçib-getmək mümkün olmurdu. Belə söhbətlərdən sonra düşünürdüm, bəlkə elə həmin fəsildə doğulan insanlar da soyuq, sərt təbiətli olurmuşlar. Axı insanın xarakterində formalaşmış xüsusiyyətlər təbiətlə sanki həmahəngdi: sərt, mülayim, dəymədüşər, tutqun, sakit, qaynar... Bəlkə fəsillərin insanların təbiətinə aşıladığı xüsusiyyətlər bu səbəbdən xarakterində doğallıq kəsb edir... Bilmirəm, qədim Maştağa kəndində qışın oğlan çağı, kiçik çillənin özünü göstərdiyi bir vaxtda – fevral ayında doğulan Əlibaba müəllimin təbiətində də bu fəslə xas olan əlamətlər varmı... Onun mənəvi aləminə müəyyən mənada bələd olmaqdan ötrü xanəndənin ömürlüyünü vərəqləyir, sənətdə keçdiyi həyat yoluna nəzər salır, muğam, təsnif və bəstəkar mahnılarından bəzilərini yaddaşımda təzələmək üçün onlardan bəzisini yenidən dinləyirəm. Hər muğam və təsnifin insan mənəviyyatında yaratdığı təbəddülatlarla süslənmiş zənginlik, mahnıların yaddaşımda közərtdiyi yanğı, kədər, sevinc, yurdsevərlik, vətənpərvərlik kimi duyğular düşüncəmi sarır, xəyal məni haralara aprmır ki... Bu zaman məndə belə bir hiss, əminlik yaranır ki, yeniyetmə çağlarından həyata, insanlara bəslədiyi sevgisi, musiqinin xarakterinə aşıladığı cazibədarlıq, ruhuna gətirdiyi qaynarlığı ilə təbiətində həmişəbahar ovqatı yaşayan bu alicənab, müdrik insan özünün sənət ecazı ilə neçə onilliklərdi xalqına mənəvi gözəllik, rahtlıq zənginlik bəxş edir...
Bəs, Əlibaba Məmmədovu xanəndəlik sənətinə aparan yollar haradan başladı... Hələ yeniyetmə çağlarında o, çal-çağırlı kənd toylarında müğənnilərin səsinə qulaq asar, özünün də məlahətli səsi olduğundan onların oxu tərzini öyrənməyə çalışardı. Bu, həm də Əlibabanın ürəyində musiqiyə olan intəhasız sevgisindən yaranmışdı. Elə günlərlə eşitdiyi muğamları dodaqaltı zümzümə etməkdən yorulmazdı. O vaxtdan da yeniyetmə-gənc özünün sənət yolunu müəyyənləşdirdi: xanəndə olacaq, xalqın milli ruhunu yaşadan qədim muğamlarımızı yaxşı mənimsəyəcək. Bunun üçün o, sənətdə əsl ustad məktəbi keçməli idi. Burda belə bir maraqlı nüansı da xatırlatmaq vacibdir ki, Əlibaba Məmmədovun əsl xanəndə kimi yetişib-formalaşmsında Abşeron kəndlərinin özünəməxsus muğam mühiti, mədəniyyətinin böyük təsiri olmuşdur.
Vikipedi məlumatından sətirlər: “Əlibaba Məmmədov musiqi təhsilini (1953-1958) Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə isə “Azkonsert birliyi”nin solisti kimi fəaliyyət göstərmişdir. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniysının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir... ” Yeri düşmüşkən, Əlibaba Məmmədov bu ansamblın bədii rəhbəri və ilk solisti oldu. Bu ilkinlik ona böyük sənət uğurları bəxş etdi. “Humayun” onun ifasında mükəmməllik qazandı, bu mükəmməlliyi bir çox sənətçilər qəbul etdilər. Görkəmli sənətkar Hacı Məmmədov da bununla bağlı fikrini belə ifadə etmişdi: ”Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... ” 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi sənətkarlar arasında Əlibaba Məmmədov da var idi. O zaman onun oxuduğu "Bayatı Kürd" muğamı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İlk dəfə sovet hökumətinin fəxri fərmanına da həmin il layiq görülmüşdü. Sonra isə 1963-cü ildə Azərbaycanın əməkdar artisti, ondan düz 26 il sonra – 1989-cu ildə xalq artisti fəxri adlarını aldı.
Əlibaba müəllim hər zaman radio və televiziya ilə çıxışları zamanı müsiqidə, muğam sənətində atdığı ilk addımlarından özünü bir sənətkar kimi yetişdirməkdən ötrü ustadlardan, muğam bilicilərindən dərs aldığını, bəhrələndiyini və muğam sənətində öz yolunu açmaqdan ötrü böyük zəhmətlərə qatlaşdığını dilə gətirir, bununla gənc müğənnilərə xanəndəlikdə düzgün ifaya, fərdi yaradıcılıq üslubuna yiyələnməyin sirrini öyrədirdi. Ustad xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan “Rast”, “Bayatı-Şiraz”, “Dəşti”, “Rahab” kimi muğam-dəsgahları xalqımızın bu gün də sevə-sevə dinlədiyi, mənəvi zövq aldığı ifalarındandır. Hər gələn xanəndə nəslinin nümayəndələri Əlibaba Məmmədovun yaratdığı mahnı və təsnifləri ustaddan dərs alaraq, ondan öyrənərək oxu maneralarında özünəməxsusluğa malik olmağa çalışırlar.
Bu gün Azərbaycanda xanəndəlik məktəbinin korifey nümayəndələri – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinskinin davamçısı olaraq öz ifası ilə klassik muğamlarımızın, ümumən milli musiqimizin koloritini, saflığını qoruyan, təəssübünü çəkən, bu xüsusiyyətləri gənc sənətçilərə ərməğan edən Əlibaba Məmmədov az sayda xanəndələrdəndir ki, musiqi mədəniyyətimizin inkişafına təkcə muğam və təsniflərin mahir ifaçısı kimi deyil, eyni zamanda, M.Füzuli, Ə.Vahid, M.Müşfiq, S.Rüstəm, B.Vahabzadə kimi şairlərin sözlərinə yazdığı və bu gün öz şöhrətini saxlayan mahnıları ilə də xalq sevgisinin zirvəsindədir. O, muğam ifaçılığı ənənələrinin yaşadılmasında gənc xanəndələr üçün mükəmməl bir məktəb yaratmışdır. Əlibaba müəllim 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir. 60 ilə yaxın çalışdığı pedaqoji fəaliyyətində gənc xanəndələr nəslinin yetişməsinə, bu sahədə klassik ənənələr üzərində kamilləşməsinə böyük əmək sərf edir.
Əlibaba müəllim bəstəkarlıq iddiasında olmasa da bir qədər əvvəldə adlarını çəkdiyimiz şairlərin sözlərinə bir-birindən bənzərsiz, yaddaqalan, sevilən mahnılar bəstələmişdir. Belə mahnıların təkcə adlarını çəkmək kifayətdir ki, yaddaşına yazılan müsiqini şirin-şirin zümzümə edəsən. “İnandır məni”, “Yaşa hələ”, “Mənim Azərbaycanım”, “Müxalif təsnifi”, “Şur təsnifi”, “Vətən yaxşıdır”... xanəndənin yaradıcılıq fəaliyyətində hər zaman məhəbbətlə xatırlanan, ifası arzulanan mükəmməl musiqi incilərindəndir. Xanəndənin muğam, təsnif və mahnıları ifa edərkən sözləri düzgün, aydın tələffüs etməsi, fərqlilik prizmasından fərdi üsluba malik olması sənətkarlığının “Əlibaba Məmmədov” novatorluğunu ehtiva edən amillərdəndir.
Əlibaba Məmmədov bütün zamanlarda muğamlarımızın mahir ifaçısı olmaqla yanaşı, təsnif janrında da bənzərsiz, bir ustad dəst-xətti ilə oxuyan sənətkar olaraq tanınıb. Çünki oxuduğu mahnıların taleyi, orda təsvir olunan həyatın böyük təsiri ilə yaşayıb. Bu cür ürəkdən, candan gələn ifasına özəlliklə müşaiyət olunan bir həyat bəxş edib. Bu yerdə “Ağarma saçım, ağarma”, “Ağrıma ürəyim, ağrıma hələ” mahnısını təkcə yada salmaq bəs edir ki, sözlərin, musiqinin və ifanın qəlbimizi kövrəldən nisgili, məyusluğu və şamın şöləsitək titrəyən alovu ürəyimizi alışdırsın... Amma müğəninin ürəyə bir qığılcım təki düşən sevgidən, qəlbinə dolan ümiddən danışan mahnıları da ovqatın bir başqa üzündə insanı sanki göyün üzünə pərvazlandırır. Bu təzadlı duyğuları bizə bəxş edən də sənətkarın kamilliyi, səsinin, nəfəsinin hikmətidir.
Bir vaxt xalq mahnılarımızın, muğamlarımızın az qala unudulması, diqqətdən kənarda qalması bir sənətkar kimi Əlibaba Məmmədovu da narahat edirdi. Nə xoş ki milli kimliyimizi, mənsubluğumuzu, xalqın ruhunu yaşadan bu sənət incilərinə yeni həyat verən oldu. Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu sənəti unudulmaqdan xilas etdi. Sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət ilk növbədə yaşlı sənətkarlarımızın, o cümlədən bu sənətin xiridarı Əlibaba Məmmədovun hədsiz sevincinə səbəb oldu. O zaman Əlibaba Məmmədovun söylədiyi bu fikirləri indi hamımız xatırlayırıq: “Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşdü. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrimizi bölüşmək üçün imkanımız və yerimiz olacaq”.
Ustad sənətkardan dərs almaq, onun məktəbində yetişmək, inkişaf etmək mütləq halda özünün bəhrəsini verir. Əlibaba müəllimin ustadı Seyid Şuşunskidən aldığı dərs də onun yaradıcılıq yolunda bir mayak oldu. Özünütəsdiqlə, mükəmməllik sənətdə ona bir əzəmət verdi. Gənc xanəndələri yetişdirməsinə, milli musiqimizin təbliğinə böyük yol açdı...
Əlibaba Məmmədov mahnılarının birində şövqlə, şirin avazla sanki neçə onilliklərdi uzun bir səfərə çıxdığını bəyan edir: “Səfərdəyəm, səfərimi vurmamışam başa hələ...” Hər dəfə mərhum şairimiz Rasim Kərimlinin sözlərinə xanəndənin özünün bəstələdiyi bu mahnını eşidəndə mənə elə gəlir ki, bu səfər heç zaman bitməyəcək. Əlibaba müəllim bu səsin, sözün, musiqinin yaddaşımızda közərtdiyi xatirələrə özünün sənət işığını saçaraq yolunda var olacaq. Ömür ahıllıq zirvəsinə çatsa da nə qəm... ürək ki yaşamaq, yaratmaq eşqilə çırpınır. Ömür deyir qocalmışam, ürək deyir, yaşa hələ!
Ürəyinizin səsini eşidirsinizmi, Əlibaba müəllim...
Azərbaycan musiqisinə şöhrət gətirən məşhur sənət korifeyləri sırasında böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin xüsusi yeri var. Onun əbədiyaşar musiqisi neçə-neçə illərdir ki, dünyanın nəhəng konsert salonlarında səslənir. Bu gün bu böyük sənətkarın anadan olmasından 102 il ötür.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Xatirə Həsənzadənin bu münasibətlə AZƏRTAC-a təqdim etdiyi məqalədə də görkəmli bəstəkarın zəngin və bənzərsiz yaradıcılığından bəhs olunur.
Azərbaycan musiqisində yeni nəfəs
Deyirlər insanın alın yazısı əvvəldən müəyyən olunur. Ömür yolunda enişlər də olur, yoxuşlar da, qələbə də olur, uğursuzluq da, sevgi də, xəyanət də...
Zirvəyə qalxıram dolama yolla,
Zirvənin yolu birbaşa deyil...
N. Həsənzadə.
Körpəlikdən boya-başa çatdığın ailənin ab-havasını həmişə “özündə yaşadırsan” yaşından asılı olmayaraq... Atası Mürsəl Qarayev dövrünün böyük ziyalılarından biri, təcrübəli uşaq həkimi, xeyirxah insan idi. Kimsəsiz uşaqları müalicəsi ilə yanaşı, onları dava-dərmanla da təchiz edərdi. Oğlunu da həkim görmək arzusundaydı... Anası, ziyalı Sona xanım hekayələr yazıb çap etdirərdi. Uşaqların tərbiyəsi ilə məşğul olardı... O, isə musiqi yolunu seçdi. Ulduz kimi parlayan, hər yerə işıq saçan nəhəng, titanık qüvvəyə malik bəstəkar oldu.
Qara Qarayev... 5 fevral 1918-ci il. Doğulduğu yer - Bakı şəhəri. Dünya şöhrətli Azərbaycan bəstəkarı, ictimai xadim və əvəzsiz pedaqoq...
İstedadını ilk görən dahi Üzeyir Hacıbəyli olur. Onun R.Rzanın sözlərinə yazdığı “Ürək nəğməsi” kantatasını eşidəndən sonra, adəti üzrə bığlarını tumarlayıb – “bu gəncin böyük istedadı var, gələcəyi parlaqdı”, - demişdi. O zaman Qara Qarayev Konservatoriyada (indi Bakı Musiqi Akademiyası) iki fakültədə, fortepiano və bəstəkarlıq ixtisasları üzrə təhsil alırdı. Fortepiano sinfində istedadlı pianoçular nəsli yetişdirmiş gözəl pedaqoq, professor Georgi Şaroyevdən, bəstəkarlıq üzrə Leopold Rudolfdan, “Azərbaycan xalq musiqisinin əsasları” fənni üzrə isə Üzeyir Hacıbəylidən dərs alıb. Üzeyir bəyin tövsiyəsi ilə təhsilini davam etmək üçün Cövdət Hacıyevlə birgə P.Çaykovski adına Moskva Konservatoriyasına göndərilir. Orada dünya şöhrətli Dmitri Şostakoviçdən sənətin sirlərini öyrənir.
Azərbaycan musiqisinə yeni nəfəs gətirərək – “Üzeyir bəyin əsasını qoyaraq getdiyi yolu biz qısa zaman kəsiyində keçmişik. Buna baxmayaraq, dünya təcrübəsini daha dərindən öyrənməliyik”, - deyirdi Qara Qarayev.
Zamanı not işarələri ilə yazmaq mümkün olsaydı...
“Gecikmək olmaz, irəliyə!”,- bu onun yaradıcılıq kredosu idi. “Vətən” operası (C.Hacıyevlə birgə), “Leyli və Məcnun” simfonik poeması, iki simli kvarteti, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürləri, Azərbaycan süitası, Alban rapsodiyası, üç simfoniyası, skripka və orkestr üçün konserti, fortepiano prelüdləri, kino və tamaşalara yazdığı musiqilər və digər kamera əsərlərində axtarışlarını davam edən bəstəkar zamanın döyünən nəbzini öncədən duyurdu. “Əgər zamanı not işarələri ilə yazmaq mümkün olsaydı, XX əsri – tezləşdirmə və gücü artırma - sürətilə işarə edərdim. Sənətkar bəzən öz tapıntılarından imtina etməyə iradə, güc tapmalıdır”, - deyərdi görkəmli bəstəkar.
Q.Qarayev həyatında enişli-yoxuşlu yollardan qorxmayaraq aşırımları adlayan sənətkar idi. Musiqi dilinin olduqca mürəkkəbliyinə, “formalist axtarışlarına” görə ittiham olunmasına baxmayaraq, heç zaman geriyə çəkilməzdi. Bu sıxıntılar, çəkişmələr və mübarizə pərdəsi arxasında işləyir və qalib çıxırdı. Müəyyən zaman keçəndən sonra isə yazdıqları klassika hesab olundu. Vaxtilə “Leyli və Məcnun” simfonik poemasına (1948) istehzayla yanaşıb, onun üslubunu bəyənməyən, qəti qəbul etməyən, ya da qısqananlar “bu bizim musiqi deyil”, - deyənlər də çox idi...
Azərbaycanın Xalq Artisti, bəstəkar Xəyyam Mirzəzadənin söylədilkərindən: “O, təkcə bəstəkarlıqla məşğul olsaydı, daha çox əsər yazardı. Cəmi 64 il yaşadı. İctimai fəaliyyəti, təbii ki, çox vaxt aparırdı. Ali Sovetin deputatı kimi Moskvaya iclaslara gedir, MK-nın üzvü kimi plenumlarda iştirak edir, SSRİ Bəstəkarlar İttifaqının katibi kimi bu işi də aparır, öz seçiciləri ilə görüşürdü. Azərbaycan Dövlət Konservatoriyasının rektoru, nəhayət, hər zaman gördüyü işə olduqca məsuliyyətlə yanaşan gözəl pedaqoq idi... Bütün bunlara baxmayaraq o, həm az, həm də çox iş gördü. O, elə bir iz qoyub getdi ki, çoxları nə qədər məhsuldar işləsə belə, bu işləri görməmişlər”.
Özünə inanırsansa, dinləyicinə də inan
Qara Qarayev nəinki zamanın nəbzini tutur, həm də ölkənin musiqi həyatında baş verən hər bir hadisənin onunla bağlı olmasını hiss edirdi. O, təbiətən lider idi. Təbii ki, hər bir yaradıcı şəxsiyyət kimi, o da getdiyi yolun düz olub-olmaması barədə şübhələri yaşayırdı... Moskvadakı təhsildən sonrakı illər... Müəyyən “fasilədən” sonra II simli kvartetini yazır. Bu əsər Azərbaycan kamera instrumental musiqisinin gözəl nümunələrindən biri olur. İkinci dəfə bu yaşantı 60-cı illərə təsadüf edirdi. “Yazdıqlarım mənə sadəlövh, həddindən artıq səmimi və emosional görünür”, - deyirdi. Lakin Qara Qarayev bu illərdə bir çox mükafatlara layiq görülmüşdü. “Dağları yaran” buzqıran gəmisi tək III simfoniyasını (1964) və skripka və orkestr üçün konsertini (1967) yazır. “Musiqidə özümü amansızcasına “sındırdım”. Öz dəst-xətti, fitri istedadı, böyük zəhməti sayəsində yaratdığı əsərləri ilə Azərbaycan mədəniyyətinin qüdrətli nümayəndələri sülaləsinə daxil olur və musiqi mədəniyyəti tariximizdə yeni səhifə açır. Dünya şöhrətli skripkaçı Qidon Kremerin dediklərindən: “Bu konsertin fəlsəfi, dərin sonluğu var. Skripka konserti - musiqidə öz yolu olan, fəlsəfi ümumiləşmə gücünə malik musiqi əsəridir. Bundan əlavə, Qarayevin əsərlərində güclü intellektual yanaşma var. Müəllif üçün hər hansı məktəbə aid olması deyil, dəsti-xətt vacibdir. Onun prelyüdləri, simfonik poemaları, kamera əsərləri artıq Azərbaycan məkanından çıxaraq dünyəvi müasir klassika məkanına daxil olmuşdur".
“Dinləyici qarşısında məsuliyyəti heç zaman unutmamalısan. Özünə inanırsansa, dinləyicinə də inan. Əgər yazı texnologiyalarının arxasında aydın, ürəyə yaxın məzmun durursa, əlbəttə, sənin dinləyicin səni duyacaq hər zaman!”, -deyərdi tələbələrinə.
Müəlliminin nəsihətlərinə əməl etdi
Onun Üzeyir bəylə əlaqəsi müəlliminin yaradıcılıq prinsiplərini yeni mərhələyə qaldırması, Şərq və Qərb musiqi mədəniyyəti qanunauyğunluqlarının sintezi ilə bağlıdır. Əgər Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin başlanğıcında duraraq onun inkişafının gələcək platformasını uzaqgörənliklə müəyyənləşdirdisə, Qara Qarayev də onun nəsihətlərinə əməl etdi.
Qara Qarayev xalq musiqisinə, torpağına, doğma Abşerona iliyinə qədər bağlı bəstəkar idi. Tələbələrinə də böyük sevgi və həssaslıqla yanaşardı. Onları "açıq kitab" kimi oxuyar, yaradıcı potensialını duyar, fərdi üslublarını qoruyar, öz dəsti-xətlərini müəyyənləşdirməyə yönəldərdi. Bəlkə də atasının arzusunu yerinə yetirmişdi o... Bir təbib kimi, sağlam cəmiyyətin böyüməsində onların getdiyi yola “işıq” salıb, onları bu yolla getmələrini, ən əsası xalq musiqisi intonasiyalarına olduqca ehtiyatla yanaşmanı tövsiyə edərdi. “...Biz soyuqqanlılıqla musiqi xəzinəmizin üst qatlarından asan mənimsənilərək istifadə etmirikmi? Xalq musiqisi doğrudan da tükənməzdir, amma onun zənginliyi tək bu qatlarda deyil, bizim düşündüyümüzdən daha dərindədir, neft yataqları kimi və lazımi “texniki yazılara” yiyələnib, o dərinliyə getmənin vaxtı çatmışdır". Bu da Üzeyir bəyin getdiyi yolun davamı idi... Bu yolun davamçıları onun tələbələri idi... B.Yermolayev, H.Xanməmmədov, R.Hacıyev, A.Məlikov, X.Mirzəzadə, T.Bakıxanov, V.Adıgözəlov, O.Zülfüqarov, M.Mirzəyev, V.Şainski, L.Vanşteyn, M.Quliyev, N.Şəfiyeva, S.İbrahimova, F.Qarayev, F.Əlizadə, İ.Hacıbəyov, R.Həsənova, A.Cəfərova, R.Şəfəq, E.İbrahimova, E.Dadaşova, A.Dadaşov, A.Əzimov, C.Abbasov.... Bu siyahını onun tələbələri davam etdirərək növbəti nəsillərə aparır... Bir ağacın kökündən qidalanaraq böyüyən, budaqlara şaxələnərək ucalan qollar kimi...
“Şagirdlər bizim ən ciddi hakimlərmizdir. Əgər müəllim dərsdə bir fikir söyləyib, həyatda isə başqa cür hərəkət edərsə, bu, müəllimin mənəvi məğlubiyyətidir”. Tələbələrinin xatirələrində Qara Qarayev təkcə bəstəkar deyil, geniş erudisiyaya malik ziyalı, alim, filosof, yetirmələrinin şəxsiyyətini “yonan” heykəltəraş, şair təbiətli əbədi romantik, bəzən “Don Kixot”, bəzən də Sirano kimi yaşayır... Amma hər zaman sözün əsl mənasında sənət fədaisi, Vətən, torpaq eşqi İlə yaşayan bir Məcnun idi o...
Planlaşdırdığı layihələri çox idi. “Hamlet”, “Leyli və Məcnun”, “Don Juan” baletləri, “Gözəl Yusif” operası, "Oxuyan daşlar" simfonik süitası, simfocaz üçün konsert, "Uşaqsız şəhər" oratoriyası... "Qərblə Şərq lap əvvəldən içimdədir"- deyərdi. Arzular tükənməz olur.
Ölüm - yeni həyatın dünyaya gəlməsidir
Ad günü keçirməyi sevməzdi...
Otuz altı il bundan əvvəl, 1982-ci il mayın 13-də 64 yaşında Moskvada gözlərini əbədi yuman sənətkar doğma vətəndə torpaqda tapşırıldı...
Ölümündən əvvəl dediyi sözlər ən həzin və kədərli nəğmə kimi bu gün də eşidilməkdədir: “Keçdiyim yola nəzər salmayaraq dünyanı tərk etməyə hazırlaşıram, gözlərim yaşla doludur... Həyatımın ən gözəl çağında malik ola bilmədiyimi itirdim. Günəş mənimçün işıq saçmır, külək mənimçün əsmir, dəniz mənimlə danışmırdı. Arxaya baxmadan gedirəm, çünki geriyə dönmək ürək ağrısı qədər ağırdır. Ölüm - yeni həyatın dünyaya gəlməsidir”.
Sevdiyi dəniz kənarı, Bakı küləyi, Fatmayı bağı və əbədi yaşayan musiqisi... “Ad günü keçirməyi sevməzdi. Öz ailəmiz olardı. Anam, bacım Züleyxa və mən... Onun xatirəsini yaşadan ən gözəl hədiyyə isə - onun hər zaman səslənən musiqisidir”, - deyir oğlu Fərəc Qarayev.
Ruhun şad olsun, Maestro!
Azərbaycan Dövlət “Yuğ” Teatrının ən yeni tamaşalarından olan V.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası növbəti dəfə fevralın 8-də nümayiş ediləcək.
Teatrdan bildirilib ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan dilinə teatrın aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə edib.
Yeni səhnə redaksiyasında təqdim olunacaq səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova (Marqarita), aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoginya York, Riçardın anası, Kölgə) çıxış edəcək.
Azərbaycan Dövlət “Yuğ” Teatrı növbəti dəfə “Vəsvəsə” tamaşası ilə teatrsevərlərin görüşünə gəlib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.
Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış ediblər.
Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Fevralın 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı azyaşlı tamaşaçıları üçün Pərvin Nurəliyevanın eyniadlı pyesi əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi “Qoğalın sərgüzəştləri” tamaşasını təqdim edəcək.
Teatrdan bildirilib ki, səhnə əsərində əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Tahir İsmayılov, Günel Məmmədova, Asya Atakişiyeva canlandıracaq.
Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğludur, musiqi tərtibatı İradə Muradovaya aiddir.