Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Anomal isti hava şəraiti nə vaxtadək davam edəcək?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edib.

    O, otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələrin baş verdiyini deyib.

    U.Tağıyeva qeyd edib ki, qışın ən soyuq dövrü olan kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi tempertur müşahidə edilməyib: “İqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir. Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək? Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur”.

    Onun sözlərinə görə, mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir müşahidə edilir: “Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər”.

    Direktor vurğulayıb ki, uzun sürən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olacaq: “Hava şəraiti kəskin dəyişəcək. Fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir”. 

  • “Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsinə qeydiyyat başa çatıb

    Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqəyə qeydiyyat başa çatıb.

    Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

    Onun sözlərinə görə, yaxın günlərdə seçilmiş əsərlərdən ibarət Xətai Sənət Mərkəzində aşılacaq sərgi çərçivəsində işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

    Xatırladaq ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

    Müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilib.

     
  • “Mezzo” jurnalının növbəti nömrəsi çapdan çıxıb

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Mezzo” elmi publisistik informasiya jurnalının 24-cü nömrəsi çapdan çıxıb.

    Baş redaktoru Vüqar Hümbətov olan jurnalda, akademiyanın müəllim və tələbələrinin məqalələri dərc olunub. Belə ki, sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Həbibə Məmmədova, Nərgiz Hüseynova, Turan Məmmədəliyeva, Yavər Neymətli, BMA-nın əməkdaşları Röya Hüseynova, Ofeliya İsgəndərova, Könül Əhmədova, İlahə İsrafilovanın qələmindən çıxan və 2019-cu ilin noyabr-dekabr aylarını əhatə edən ən əlamətdar mədəniyyət xəbərləri, akademiyanın ictimai-siyasi həyatında baş verən hadisələr jurnalda işıqlandırılıb. Ənənəyə sadiq olaraq jurnalda təhsil, incəsənət, tədbirlər, nailiyyətlər, qonaqlar, ustad dərsləri, festivallar və yeni layihələr haqqında xəbərlər dərc olunub.

    Oxucular jurnalı vərəqləyərkən önəmli tədbirlər silsiləsindən, birinci orqan festivalı, ulu öndər Heydər Əliyevə həsr olunmuş anım tədbirləri, “LoLa” proyekti, Azərbaycan Vokalçıları Festivalı, Cəfər Cabbarlının 120, Əminə Dilbazinin 100, Rafiq Quliyevin 85, Yalçın Adıgözəlovun 60 və digər görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı məqalə və tədbirlər, həmçinin Məhəmməd Əmin Rəsuzadənin 100 illik tarının bərpası ilə bağlı təqdimat-seminar, Vaqif Mustafazadəyə və Arif Məlikova həsr olunmuş anım tədbirləri, Azərbaycan - Çili beynəlxalq seminarı, хarici qonaqların BMA-ya səfəri, müəllim və tələbələrin uğurları, yeni layihələr və BMA-nın nailiyyətlərini əks etdirən başqa yazılardan xəbərdar olacaqlar. Jurnalın üz səhifəsi Bakı Musiqi Akademiyasındakı orqan alətinin 55 illiyinə həsr olunub.

  • Sabah yaz havası olacaq

    Bakıda və Abşeron yarımadasında fevralın 6-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 15-19, Bakıda gecə 5-7, gündüz 17-19 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

     
  • Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında ölkəmiz də təmsil olunur

    Fevralın 5-də Belarus paytaxtı Minskdə XXVII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb.

    Mədəniyyət Nazirliyindən bildirlib ki, Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli sərgidə iştirak edir.

    Sərgi-yarmarkada Azərbaycan haqqında məlumatlar kitabsevərlərə çatdırılır. Ölkəmizin stendində müxtəlif nəşriyyatların 100 addan çox kitabı nümayiş olunur.

    Stenddə ölkəmizin tarixi, müasir inkişafı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı kitablar, bədii ədəbiyyat nümunələri sərgilənir.

    Stendimizi ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, müasir ədəbiyyatı haqqında məlumat verilir, jurnal, informasiya bukletləri paylanılır.

    Qeyd edək ki, sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi ilə yanaşı, “Azərnəşr”, “Şərq-Qərb” nəşriyyatları və Respublika Gözdən Əlillər Kitabxanası təmsil edir.

     
  • Florans Qabe: Tələbələrimiz Azərbaycan mədəniyyətinə olan sevgilərini bu konfrans-sərginin təşkili ilə göstəriblər

    Paris İncəsənət və Mədəniyyət Ali Məktəbi (EAC) ilə Azərbaycanın Fransadakı Səfirliyi arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Tələbələrimiz Azərbaycan Mədəniyyət Mərkəzindəki muzeyi ziyarət ediblər. Ölkənizin tarixi və mədəniyyəti ilə maraqlanıblar və Azərbaycan tarixi və mədəniyyətinə dair mühazirələri dinləyiblər.

    Bu sözləri Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) tələbələri tərəfindən təşkil olunmuş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyinə həsr edilmiş “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışında EAC-ın MBA-Magistr pilləsinin pedaqoji direktoru, EAC-ın institutlararası əlaqələrinin direktoru, Avropa Robert Şuman İnstitutunun prorektoru və Milli Assambleyada kabinet müdiri Florans Qabe AZƏRTAC-a müsahibəsində deyib.

    F. Qabe səfirliyimizlə olan əlaqələrə toxunaraq, Azərbaycan səfirliyinə və təşkilatçılara minnətdarlığını bildirib. Sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın coğrafiyası, tarixi, incəsənət və mədəniyyətindən danışıb. Mürəkkəb məkanda yerləşən ölkəmizin kimliyini qoruyub saxladığını vurğulayıb. Azərbaycan qadınlarına həsr edilmiş sərgidə qadın rəssamlarımızın əsərlərinin mükəmməlliyindən söz açıb.

    Əlavə edib ki, EAC tələbələrinin ölkəmizlə bağlı hazırladıqları layihə çərçivəsində mart ayında böyük konfrans keçiriləcək.

  • Yapon alimlər Parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildiriblər

    Yaponiyanın Kioto Universitetinin bir qrup alimi parkinson xəstəliyinin iPS hüceyrələri vasitəsilə müalicəsinin uğurla davam etdiyini bildirib.

    Yaponiya KİV-lərinə istinadla xəbər verilir ki, həmin kliniki sınaqlar zamanı istənilən toxumanın hüceyrələrində inkişaf etmək qabiliyyətinə malik olan modifikasiyalı iPS hüceyrələrindən istifadə edilib.

    Qeyd edək ki, statistik məlumatlara görə Yaponiyada 150 min adam ətrafların əsməsinə səbəb olan və hərəkətin sürətinə təsir edən Parkinson xəstəliyindən əziyyət çəkir.

    Xatırladaq ki, 2018-ci ilin oktyabrında bir qrup alim iPS hüceyrələrini orqanizmin funksiyalarını bərpa etmək məqsədilə bir pasiyentin beyin hüceyrələrinin üzərinə yerləşdirib.

    Belə bir prosedur ötən il daha iki pasiyentə tətbiq olunub.

    Alimlərin bildirdiyinə görə, iPS hüceyrələrin neyronlara çevrilməsindən sonra həmin xəstələrin heç birində problem müşahidə edilməyib.

  • Məşhur “İndiana Cons” filminin yeni hissəsi çəkiləcək

    Amerika aktyoru Harrison Ford beşinci dəfə “İndiana Cons” rolunu canlandıracaq.

    Bu barədə NME bildirib.

    “Lucasfilm”in prezidenti Ketlin Kennedi aktyorun filmdəki iştirakını təsdiq edib. "Biz səylə çalışırıq, ssenari üzərində işi bitiririk. Onu nə vaxt yazıb qurtarsaq, dərhal çəkilişlərə başlayacağıq. Bəli, Harrison Ford layihəyə qoşulacaq və bu yenidən başlama deyil, davamdır", - deyə o bildirib.

    Beləliklə, baş rolun başqa aktyora həvalə ediləcəyi barədə şayiələr təkzib olunub.

    Harrison Ford 1981-ci ildən dörd filmdə - "İndiana Cons: İtirilmiş gəminin axtarışlarında", "İndiana Cons və taleyin məbədi", "İndiana Cons və son səlib yürüşü", "İndiana Cons və büllur kəllənin krallığı"nda çəkilib.

    Filmin beşinci hissəsinin adı hələlik yoxdur.

    Daha əvvəl bildirilirdi ki, amerikalı rejissor Stiven Spilberq İndiana Consun macəraları haqqında filmin beşinci hissəsi üzərində işə başlayır.

  • Qara Qarayev Azərbaycanı öz sənəti ilə dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir

    Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    Kitabxanadan bildirilib ki, tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov dahi bəstəkarın həyat və yaradıcılığı haqqında geniş söhbət açıb. Bildirib ki, bu gün xalqımız öz istedadlı oğlu Qara Qarayevi fərəhlə və qürur hissi ilə anır.

    Qeyd edib ki, Qara Qarayev Azərbaycanı dünyaya tanıdan nadir şəxsiyyətlərdən biridir. O, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında, milli musiqi təfəkkürünün formalaşmasında, Azərbaycan musiqisinin dünya musiqi mədəniyyəti ilə əlaqəli şəkildə inkişafında misilsiz xidmətlər göstərib. Bəstəkarın “İldırımlı yollarla” baletində, “Alban” rapsodiyasında, “Vyetnam” süitasında, “Don Kixot” simfonik lövhələrində, “Leyli və Məcnun” simfonik poemasında, “Ürək mahnısı” kantatasında, “Yeddi gözəl” baletində və bir sıra dram əsərlərində və kino filmlərinə yazdığı musiqilərdə millilik duyulur. Kərim Tahirov onu da qeyd edib ki, bəstəkarın musiqi əsərləri hələ onun sağlığında ikən dünyanın bir çox ölkəsində ABŞ, İngiltərə, Fransa, Almaniya, Misir, Türkiyə, Rusiya, Polşa, Çexiya, Rumıniyada uğurla səsləndirilib.

    O, çıxışında bildirib ki, Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyli və Dmitri Şostokoviç kimi dahi bəstəkarlardan dərs alan Qara Qarayev musiqi mədəniyyətimizin tarixində yeni çığır açıb və onlarla bəstəkarlar yetişdirib.

    Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın not-musiqi əsərləri, Azərbaycan və xarici dillərdə haqqında yazılmış kitablar və dövri mətbuat materiallarıdan ibarət “Unudulmaz bəstəkar Qara Qarayev” adlı geniş kitab sərgisi ilə tanış olublar.

     
  • Fevralın 5-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

    Fevralın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında yeni tamaşalardan olan “Qətibə İnanc” növbəti dəfə təqdim olunacaq.

    İkihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.

    Xalq artisti Mərahim Fərzəlibəyevin quruluşunda təqdim olunacaq tamaşada rolları Xalq artistləri Bəsti Cəfərova, Sabir Məmmədov, Əməkdar artistlər Kazım Abdullayev, Mirzə Ağabəyli, Rövşən Kərimduxt, Elxan Quliyev, Məzahir Cəlilov, Əlvida Cəfərov, aktyorlar Rüstəm Rüstəmov, İlyas Əhmədov, Şəhla İsmayılova, Fidan Cəfərova, Elnur Qədirov və Cümşüd Zeynalov ifa edəcək.

    Rəsmlərinin quruluşu Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı Kamil İsmayılova məxsusdur.

    Tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.

    Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.