Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Fevralın 4-ü Dünya Xərçənglə Mübarizə Günüdür

    2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

    Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır.

    Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatə dairəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.

    Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.

    Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Lakin bununla yanaşı, hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var.

    2009-cu ildə Milli Onkoloji Mərkəzinin açılışından sonra ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsi sahəsində çox böyük irəliləyişlər baş verib. 2012-ci ildə Uşaq Onkologiya Mərkəzi, 2014-cü ildə yeni müalicə korpusu və bədxassəli şişlərinin molekulyar diaqnostikası laboratoriyaları açılıb. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində regionda yeganə olan Nüvə Tibb Mərkəzi açılıb.

    2019-2021 illərdə Dünya Xərçəngə Qarşı Mübarizə Günü "Mən varam və olacağam" şüarı altında keçirilir.

  • “İntellektual Klubların II Gənclər Kuboku”nun qalibləri açıqlandı

    Bakı Konqres Mərkəzində müxtəlif regionları və klubları təmsil edən komandalardan ibarət “İntellektual Klubların II Gənclər Kuboku” keçirilib. 

    Təşkilatçı Gənclər Fondundan verilən məlumata görə, yarış 2 fevral - Gəncləri Günü münasibətilə təşkil olunub. Tədbirin ilk günü rəsmi açılış hissəsində Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali təhsil ocaqlarının rektorları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev bilik yarışına qatılan komandalara uğurlar arzulayıb. 

    Rəsmi hissədən sonra 70 komandanın 500-dək gəncinin iştirak etdiyi turnir açıq elan olunub. Bu komandaların 20-si müxtəlif regionları təmsil edib. 

    Yekunda “This ıs MaSumBa” komandası 1-ci, "Revolver" 2-ci, "Prestij" 3-cü yeri tutub. Regionlar üzrə komandalardan isə ilk 3 yerdə müvafiq olaraq, “Kəpəz”, “Next” (Şirvan) və "Maqnat” ( Şabran) qərarlaşıb. 

     
  • Bəstəkarlar İttifaqında Qara Qarayevin ömür yoluna nəzər salınacaq

    Fevralın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında dahi bəstəkar, görkəmli pedaqoq və ictimai xadim, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 102-ci ildönümü ilə bağlı konfrans keçiriləcək.

    Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, tədbirdə bəstəkarın ömür yoluna nəzər salınacaq və yaradıcılığı barədə məruzələr dinləniləcək.

  • Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq

    Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, “Kitabi - Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

    Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaq.

    Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyerasından sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində də təqdim olunub.

  • Gənc Tamaşaçılar Teatrı rusdilli tamaşaçılarını unutmayıb

    Fevralın 8-də Gənc Tamaşaçılar Teatrının səhnəsində Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçıların ixtiyarına veriləcək.

    Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

    Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.

    “Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

  • Kinostudiyada prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olunub

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında uzun illər direktor müavini çalışan, prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olunub.

    Tədbirdə kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Qasımov və başqaları çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıblar. Bildirilib ki, Azər Quliyev “Azərbaycanfilm”in istehsalı olan “Qəm pəncərəsi”, “Cavad xan”, “Ata”, “Qorxma, mən səninləyəm”, “Buta”, “Yarımçıq xatirələr” və digər ekran əsərlərinin ərsəyə gəlməsində böyük əmək sərf edib.

    Çıxışçılar yubilyarı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

     
  • Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

    Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Hindistanın Mumbay şəhərində keçirilən “OTM Mumbai 2020” sərgisində iştirak edir.

    Dövlət Turizm Agentliyindən bildirilib ki, fevralın 5-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, həmçinin Azərbaycanın təklif etdiyi müxtəlif turizm imkanları müzakirə olunur.

    Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid qeyd edib ki, Hindistan Azərbaycan üçün böyük potensiallı prioritet bazardır və “OTM Mumbai 2020” sərgisi Azərbaycanın turizm potensialının tanıdılması üçün əlverişli platformalardan biridir.

    “2020-ci ildə korporativ, toy və digər turizm növləri üzrə daha çox səyahətçinin cəlb edilməsini, həmçinin haykinq və ornitoloji turizm kimi yeni turizm məhsullarının təklif olunmasını planlaşdırırıq. Asanlaşdırılmış viza proseduru, iki ölkə arasında mədəni və tarixi əlaqələri nəzərə alaraq 2020-ci ildə daha çox hindistanlı turisti qarşılamaq niyyətindəyik”, - deyə Florian Zenqstşmid bildirib.

    “OTM Mumbai” hər il keçirilən B2B formatlı turizm ticarət sərgisidir və turizm sənayesinin dünya üzrə aparıcı nümayəndələrini bir yerə toplayır.

    Ötən il sərgidə 55 ölkədən mindən çox turizm şirkəti təmsil olunub və 15 mindən artıq ziyarətçi sərgiyə qatılıb.

    Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 65 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8 faiz artım deməkdir.

     
  • Özbəkistanın televiziya kanalında ölkəmizin mədəniyyəti, mətbəxi, adət-ənənələri haqqında məlumat verilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) əməkdaşları bu ölkənin “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” verilişində ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri haqqında məlumat veriblər.

    Verilişdə AMM-nin əməkdaşı Yusif Məmmədov mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, Özbəkistanın müxtəlif vilayətlərində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, mərkəzin təşəbbüsü ilə Daşkənddə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı özbək dilində çap olunan kitablar, burada fəaliyyət göstərən muzeylər, kurs və dərnəklər, habelə ölkəmizin son illər əldə etdiyi uğurlar haqqında söhbət açıb.

    Mərkəzin Azərbaycan dili müəllimi Salama Fətəliyeva ölkələrimiz və xalqlarımız arasında olan sıx dostluq əlaqələri, xalqlarımızın oxşar mədəniyyəti, xalçaçılıq sənəti, Qarabağın milli qadın və kişi geyimləri haqqında ətraflı məlumat verib, həmçinin verilişdə bu geyimlər nümayiş etdirilib.

    AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva ölkəmizin rəqs mədəniyyəti haqqında danışıb, “Tərəkəmə”, “Nəlbəki”, “Yallı” və digər milli rəqslərimiz haqqında söhbət açıb.

    Özbəkistanda tanınan saz ifaçısı İlham Abdullayev saz sənəti və saz haqqında ətraflı məlumat verib, qədim saz havalarını çalıb, “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

  • “AgroHackathon 2020” müsabiqəsinə qeydiyyat başlanıb

    Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon 2020” müsabiqəsinə start verilir.

    ADNSU-da bildirilib ki, yarışmanın Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə qatılmaq istəyən komandalar ADNSU-nun saytında qeyd olunan linkdə qeydiyyatdan keçməlidirlər.

    “Uzun il, qısa vaxt” şüarı ilə fevralın 29-dan martın 2-dək keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaq. “AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar mükafatlandırılacaq.

    Yarış zamanı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində həm komandalar, həm də onların azarkeşləri üçün xüsusi yerlər ayrılacaq, ekoloji təmiz qida və şirələrlə təmin olunacaqlar.

    “AgroHackathon 2020” yarışması ilə bağlı daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək. Müsabiqə ilə bağlı bir sıra aparıcı ali təhsil müəssisələrində görüşlərin keçirilməsi nəzərdə tutulur.

     
  • Azərbaycanlı alim nüfuzlu jurnalın rəyçi sertifikatına layiq görülüb

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova elmi ekspertiza fəaliyyətinə görə “Directory of Open Access Journals” (DOAJ) və “Google Scholar” kimi məşhur verilənlər bazaları tərəfindən indeksləşən “The journal of Soft Computing in Civil Engeneering” (SCCE) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

    İnstitutdan bildirilib ki, SCCE 2017-ci ildə təsis edilmiş beynəlxalq səviyyəli açıq (onlayn) jurnaldır. Jurnalın əsas elmi istiqamətlərinə mülki mühəndislikdə yumşaq hesablama metodlarının tətbiqi, struktur mühəndisliyi, diaqnostika və sağlamlıq monitorinqi, hidrotexnika, geotexnika, nəqliyyat, ətraf mühit, sahil və okean mühəndisliyi daxildir.

    Jurnal ildə 4 dəfə nəşr olunur.