Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya bölməsinin müdiri, yazıçı-dramaturq Firuz Mustafa ilə müsahibə dərc olunub.
Qəzetin müxbiri Raxmat Bobojonun hazırladığı “Hər günün öz sözü var” sərlövhəli müsahibədə, əvvəlcə, Firuz Mustafanın yaradıcılığı haqqında məlumat verilir, yazıçının povest və hekayələri, dram əsərləri haqqında söhbət açılır.
Firuz Mustafa müsahibəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışır, son vaxtlar Azərbaycanda özbək, Özbəkistanda isə Azərbaycan şair və yazıçılarının əsərlərinin daha çox çap olunduğunu vurğulayır.
Yazıçı müsahibədə deyir: “Hekayələrim, şerlərim, esselərim rus, ingilis, türk, özbək və digər dillərə tərcümə olunub. Daşkənddə Şəhla Qasımovanın tərcüməsində “Dəniz köçü” kitabım çap edilib. Bu kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə işıq üzü görüb”.
Qəzetin həmin nömrəsində Azərbaycan yazıçısı Günel Natiqin “Məhəbbət quşları” adlı hekayəsi də yer alıb.
Bu sərgidə Azərbaycan qadınlarının əsərləri ilə tanış olmağıma çox şadam. Əsərlər XXI əsr qadınının baxışlarını əks etdirir. Burada nümayiş olunan əsərlər ənənə ilə müasirliyin vəhdətidir. Bu gün bütün dünyada, xüsusilə də dini sahədə gender bərabərliyi ən vacib məsələlərdəndir.
Azərbaycan qadınlarının burada sərgilənən əsərləri incəsənət sahəsində də qadınların liderliyini təcəssüm etdirir.
Bu fikirləri Paris İncəsənət və Mədəniyyət Ali Məktəbinin (EAC) tələbələri tərəfindən təşkil olunmuş və Azərbaycan qadınlarına seçib-seçilmək hüququ verilməsinin 100 illiyi ilə bağlı “Azərbaycan: ənənə və müasirlik” adlı sərginin açılışında EAC-ın müəllimi, yazıçı Helen Pişon AZƏRTAC-a müsahibəsində deyib.
“Müsəlman ölkəsi olan Azərbaycanda qadınların cəmiyyətdə yeri, rolu bəyəniləndir. Onlara səsvermə hüququ belə, avropalı qadınlardan əvvəl olub. Daha çox maraqlı olan isə, onların səsvermə hüququnu mübarizə aparmadan əldə etmələridir”,- deyə H. Pişon diqqətə çatdırıb.
O, cəmiyyətin inkişafında qadınların roluna, gender bərabərliyinin vacibliyinə də toxunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev və elmi müəssisənin laboratoriya müdiri, kimya elmləri doktoru, professor Asif Məmmədovun həmmüəllifi olduqları “Gələcəyin kimyası” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kimyanın yaxın gələcəkdə və daha uzaq dövr üçün perspektiv inkişaf istiqamətlərinə həsr olunmuş əsər Azərbaycan dilində ilk dəfə nəşr edilib. Kitabda kimyanın və kimya ilə bağlı fizika, biologiya elmlərinin yeni nailiyyətlərinə, o cümlədən son illərdə Nobel mükafatına layiq görülən tədqiqatlara əsaslanaraq kimyanın inkişafının strateji istiqamətləri öz əksini tapıb.
Nəşrdə kompozitlər, supramolekullar, molekulyar maşınlar, topolojı izolyatorlar, biosensorlar, litium ion batareyaları haqqında məlumat verilir. Molekulyar və qeyri-molekulyar təbiətli birləşmələrin quruluşu, kimyəvi rabitələrin kvant təbiəti, çevrilmələrin femtozaman və nanoölçü miqyaslarında metadinamikasının mexanizmi izah edilir, kimyəvi maddələrin quruluşu və kimyəvi reaksiyalar estetik mövqedən – “gözəl kimya” mövqeyindən təqdim edilir. Kitabın mühüm cəhətlərindən biri də odur ki, mövzular yığcam şəkildə təqdim edilir, izahlar daha asan başa düşüləndir və elmin populyarlaşdırılması baxımından dəyərli bir əsərdir.
Yeni nəşr elmi işçilər, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulub. Kitab elmi-populyar forma və məzmunda yazıldığından daha geniş oxucu kütləsi tərəfindən də istifadə oluna bilər.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının ilk nömrəsi işıq üzü görüb.
İnstitutdan bildirilib ki, jurnalın bu nömrəsində filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 29 elmi məqalə dərc olunub. Nəşrdə “XIX əsrin sonu-XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi dəyişikliklərin ədəbi prosesə təsiri və yeni ədəbiyyatın əsas mərhələləri”, “Tənzimatdan II məşrutiyyətə qədər olan dövrdə mətbuat ətrafında yaranan ədəbiyyat mühiti”, “Aşıq Veysəl şeirlərində milliliyin təzahür formaları”, “Sufilikdə məqam və hal anlayışı”, “Türkiyə romanında qadın imzası”, “Oğuz qrupu türk dillərində iqlim leksikasının etimoloji aspektləri”, “Qafqaz albanlarının Şərq ilə konfessional əlaqələri”, “Türk dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mədəni inteqrasiyası: mövcud reallıqlar və perspektivlər”, “Müasir fəlsəfə və plüralizmin ünsiyyət mədəniyyətinə dair”, “Peyğəmbərin hədislərində etik normalar” və s. maraqlı məqalələr yer alıb.
Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısına daxil olan jurnalın baş redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevadır. Jurnalın redaksiya heyətinə Azərbaycan, Rusiya, Rumıniya, Türkiyə və Gürcüstandan nüfuzlu alimlər daxildirlər.
Jurnalın ikinci sayına məqalə qəbuluna başlanılıb.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi fevralın 15-də görkəmli yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızı bu tamaşada baş rolu ifa edəcək. Quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov olan tamaşada əsas obrazları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlili, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov və Ağaxan Şərifov ifa edirlər.
Tamaşanın baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Gözlənilməz və maraqlı situasiyalarla zəngin tamaşada cərəyan edən hadisələr oğlunun toyuna bir gün qalmış vəzifəli şəxsin dünyasını dəyişməsi ilə başlayır. Onun həyat yoldaşının isə bunu hamıdan gizlətməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Qadın düşünür ki, ərinin ölümünü ört-basdır etməsə, toy təxirə düşəcək və onların bir sıra maraqlarına zərbə dəyəcək. Beləliklə, ailə dəfn işləri ilə məşğul olmaqdansa, toy hazırlıqlarını davam etdirir.
İştirak etmək istəyənlər biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.
Yaxın zamanlarda Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycanın rəsmi turizm nümayəndəliyi açılacaq.
Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə məlumat verib. Onun sözlərinə görə, nümayəndəliyin açılmasında əsas məqsəd Ukrayna vətəndaşlarını Azərbaycanın turizm potensialından daha çox xəbərdar etmək, onların ölkəmizə səfər sayını artırmaqdır: “Bu il Bakıda keçiriləcək “Formula-1” yarışmasına, “Jara” Beynəlxalq Musiqi Festivalına, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 3 oyununa turist axınını təmin etmək məqsədilə işimizi davam etdirəcəyik”.
C. Talıbzadə əlavə edib ki, ötən il 59 min ukraynalı turist Azərbaycana səfər edib. Bu da 2018-ci illə müqayisədə 2,5 faiz çoxdur. Ötən il ümumilikdə xarici ölkələrdən Azərbaycana 3 milyondan artıq turist gəlib.
Xətai Sənət Mərəzi “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri təşkil olunub. Sərgi-plenerdə seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediliblər.
Bu barədə Xətai Sənət Mərəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil olunan müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib.
Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilib: “Mənə məlumat verildi ki, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.
Dünyanın ən böyük alimlərindən olan Eynşteyn və Nyutonla bir sıraya qoyulan Lütfi Zadə elmə mühüm töhfələr verib.
Bu gün dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin anadan olmasının 99-cu ildönümüdür.
1921-ci il fevralın 4-də Bakıda anadan olan Lütfi Rəhim oğlu Ələsgərzadə ibtidai təhsilini 16 nömrəli orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurduna - Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıb. Burada orta təhsilini başa vuran Lütfi Zadə Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə qəbul olunub. Bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra o, 23 yaşında ABŞ-a gedib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan altı mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
Lütfi Zadə 1944-cü ildən 1959-cu ilədək Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. O, 1959-cu ildən Berkli Universitetində çalışıb, 1963-cü ildən isə elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. Lütfi Zadə həmin ali təhsil ocağında ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab sayılan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsi olub. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə cərəyan edən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Hazırda Yaponiyanın “Mitsubishi”, “Toshiba“, “Sony“, “Canon“, “Sanyo“, “Nissan“, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar və vakuum kimyəvi təmizləyicilərinin istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynayan elmi kəşflərin müəllifidir. Onun haqqında “Müasir elmin korifeyi”, “Dünya dahilərsiz yaşaya bilmir” kitablar yazılıb, “Uzaq və yaxın Lütfi Zadə” sənədli filmi çəkilib, Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyası yaradılıb.
Alimin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiqini həyata keçirir.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib. 2011-ci ilin fevralında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən dünya şöhrətli alim texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
O, sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlmişdi. Lütfi Zadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edib, ona elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
AMEA Rəyasət Heyətinin 2016-cı il aprelin 20-də keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb. O, 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verilən ən yüksək “Honda” mükafatı ilə təltif olunub.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs idi. O, NASA və NATO-nun aparıcı mütəxəssisi olub. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edib. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz yaranıb.
Bir çox xarici ölkə akademiyalarının üzvü olan Lütfi Zadə çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif edilib. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru olub. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki seçilib. Lütfi Zadə həm də AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” və “İnformasiya Texnologiyaları Problemləri” jurnallarının fəxri baş redaktoru olub.
Alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və birinci Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsində növbəti elmi seminar keçirilib.
UNEC-dən bildirilib ki, seminarda İqtisadiyyatın tənzimlənməsi kafedrasının müəllimi Günay Quliyeva “Azərbaycanda inkişaf iqtisadiyyatının perspektivləri” mövzusunda çıxış edib. Məruzəçi inkişaf iqtisadiyyatı və ənənəvi iqtisadiyyatın fəqrlərindən danışıb. Bildirib ki, əgər ənənəvi iqtisadiyyat daha çox istehsal amillərini, məhsuldarlığa təsir edən faktorları öyrənirsə, inkişaf iqtisadiyyatı cəmiyyətdə inkişafa təsir edən bütün amilləri, fərdlər arasında münasibətin iqtisadiyyata təsirini, institutların iqtisadi inkişafda rolunu və digər bu kimi məsələləri tədqiq edir. Artıq inkişaf yalnız iqtisadi artımla ölçülmür, ona daha yeni indikatorlar - xoşbəxtlik, gəlirin faydalılığı, məhsuldar məşğulluq, məmnuniyyət hissi və s. daxil edilib. G.Quliyeva, həmçinin ölkələrin inkişaf səviyyəsini müəyyənləşdirmək üçün dünya iqtisadi ədəbiyyatında Dünya Bankı yanaşması və həmin klassifikasiyaya görə dövlətlərin hansı qruplara ayrıldığı barədə məlumat verib.
Təqdimatdan sonra seminarda iştirak edən professor-müəllim heyətinin mövzu ilə bağlı sualları cavablandırılıb.