Diasporla İş üzrə Dövlət Komitəsi irimiqyaslı layihələrindən olan diaspor gənclərinin növbəti yay düşərgəsinə hazırlaşır.
Dövlət Komitəsindən verilən məlumata görə, bu il iyulun 12-dən 19-dək Qusarda keçiriləcək “Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyən gənclərin artıq qeydiyyatına başlanıb.
Düşərgə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə həsr olunur.
Komitə artıq diaspor gənclərinin iki yay düşərgəsini uğurla təşkil edib, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri bu mühüm platforma çərçivəsində bir araya gələrək ölkəmizlə daha yaxından tanış olub, eyni zamanda, şəbəkələşmək imkanı qazanıblar.
Hər il olduğu kimi, bu il də düşərgədə yaşı 18-29 arasında olan, Azərbaycan dilində ünsiyyət qurmağı bacaran gənclər iştirak edə bilərlər. Əvvəlki düşərgələrdə olduğu kimi, Diaspor Gənclərinin III Yay Düşərgəsində də iştirak ödənişsizdir.
“Könüllülər-2020” Azərbaycan Diaspor Gənclərinin III Yay Düşərgəsində iştirak etmək istəyənlər Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi saytına daxil olaraq müraciət forması və düşərgədə iştirak şərtlərini öyrənə bilərlər.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Türkiyənin Kırıkkale Universitetinin təşkilatçılığı ilə aprelin 16-17-də Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq simpoziuma tezislər qəbul olunur.
Aİİ-dən bildirilib ki, simpoziumda iştirak üçün tezislərin fevralın 16-dək göndərilməsi vacibdir. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və elektron poçt ünvanı göstərilməlidir. Yazının əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir. Tezisin mətni A4 formatda, 12 ölçülü “Times New Roman” şriftində, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində symposiumbaku@ait.edu.az elektron ünvana göndərilməlidir.
Tezislər İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi, onu gücləndirən və qarşısında duran amillər, ona töhfə verən nümunəvi şəxsiyyətlər, İslam tarixində birgəyaşayışa dair nümunələr, fanatizm və təkfir kontekstində müsəlmanlıq anlayışının birgəyaşayışa mənfi təsirləri və digər bu kimi mövzuları əhatə etməlidir.
Xatırladaq ki, simpoziumun keçirilməsində məqsəd İslam mədəniyyəti kontekstində Azərbaycan və Türkiyə arasında birgəyaşayışla bağlı imkanları müəyyənləşdirmək, müsəlman cəmiyyətlərindəki təcrübədən istifadə etməklə bu sahədə mütəxəssis və tədqiqatçıların verdikləri töhfəni üzə çıxarmaqdır. Həmçinin ölkələrarası birgəyaşayış təcrübəsindən müasir dövrdə istifadə imkanını və bu təcrübənin gələcək rolunu müəyyənləşdirmək və təşviq etmək, İslam mədəniyyətində birgəyaşayış təcrübəsi haqqında elmi, siyasi, ictimai və fərdi tədqiqatların artmasına töhfə vermək, Azərbaycan və Türkiyə arasında əlaqələrin daha möhkəm və gələcəkdə davamlı olmasını təmin etməkdir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Musiqişünaslıq üzrə elmi şurasının ilk iclası keçirilib.
İclasda şuranın sədri, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova yeni yaradılmış şuranın fəaliyyət göstərməsi üçün mövcud olan normativ-hüquqi bazanı təşkil edən sənədlər barədə məlumat verib. Bildirib ki, şuranın fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin sərəncam və fərmanları, “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin müvafiq qərarları, habelə Elmi istiqamətlər üzrə elmi şuralar haqqında Əsasnamə ilə tənzimlənir.
AMEA-dan bildirilib ki, Sevil Fərhadova qurumun qarşısında duran əsas vəzifələrdən, musiqi sənəti ixtisası və bu elm sahəsi üzrə ölkəmizdə və dünyada aparılan elmi tədqiqatlardan bəhs edib. O, bu sahədə aparılan tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra şuraya təqdim olunmuş dissertasiya mövzularının geniş müzakirəsi aparılıb.
Tədbirdə elmlər doktoru hazırlığı üzrə 1, fəlsəfə doktoru hazırlığı üzrə isə 14 tədqiqat mövzusu müzakirə olunub. Onlardan 10-u təsdiq edilib, 4 elmi işin isə yenidən baxılması üçün müvafiq institutların və ali məktəblərin elmi şuralarına göndərilməsi qərara alınıb.
Təhsil nazirinin 2008-ci il 19 sentyabr tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil məktəbləri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə Bakı Slavyan Universiteti (BSU) arasında 2019-2020-ci tədris ili üçün müqavilə imzalanıb.
AMEA-dan bildirilib ki, sənədi BSU-nun rektoru, professor Nurlana Əliyeva və institutun direktoru, akademik Möhsün Nağısoylu imzalayıblar.
Müqavilənin imzalanmasında məqsəd BSU-da təhsil alan tələbələrin Dilçilik İnstitutunda istehsalat təcrübəsi keçmələrinə şəraitin yaradılmasıdır. İstehsalat təcrübəsi kifayət qədər iş stajı olan təcrübə rəhbəri tərəfindən keçiriləcək.
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
Rusiya hökumətinin saytında yerləşdirilən təbrikdə P.Bülbüloğlunun iki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi töhfələr qeyd olunur.
“Sizin gözəl mahnılarınız milyonlarla dinləyici üçün doğma və sevimli olub, bir çox istedadlı ifaçıların repertuarına daxil olub, indi də səmimiyyəti, gözəlliyi, həyat eşqi ilə qəlbləri fəth edir. Siz, həmçinin dövlət və ictimai xadimi kimi də özünüzü parlaq şəkildə göstərmiş, mövqeyinizi qətiyyətlə müdafiə etmək, ölçülü-biçili qərar vermək bacarığınızı dəfələrlə büruzə vermisiniz”, – baş nazirin təbrikində deyilir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər Gələcəyimizin Qarantıdır” adlı tədbir keçirilib.
Tədbir “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi və 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin tərəfdaşlığı ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova gəncləri ürəkdən təbrik edərək onların timsalında bütövlükdə Azərbaycan gəncliyinə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycanda gənclərə qayğı dövlət siyasətinin əsasını təşkil edir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən danışan Z.Dadaşova qeyd edib ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün lazımi şərait yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir. Tədbirdə kitabxanada təşkil olunacaq Könüllülər qrupu ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində layihə ilə bağlı müzakirə aparılıb, tələbələrə maraqlı olan suallar cavablandırılıb.
Sonra könüllülər “Gənclər gələcəyin qarantıdır” adlı kitab sərgisi və kitabxananın şöbələri ilə yaxından tanış olublar.
Sonda könüllər qrupuna daxil olmaq istəyənlər qeydiyyata alınıblar.
Moskvada Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerası olacaq.
“Helikon-opera”da Azərbaycan bəstəkarı Leonid Vaynşteynin “Zoluşka” operasının Rusiya premyerasının təqdimatına hazırlaşırlar. Operanın premyerası 1985-ci ildə Azərbaycanda olub. Tamaşanın dirijoru Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovdur.
“Helikon-opera” Teatrının məlumatında bildirilir ki, Azərbaycan bəstəkarlıq məktəbinin nümayəndəsi Leonid Vaynşteyn dahi Qara Qarayevin tələbəsi olub.
“Zoluşka”nın premyerası 1985-ci ildə Bakıda, Azərbaycan Akademik Opera və Balet Teatrının səhnəsində keçib. 35 ildən sonra maraqlı sehrbazlıq və şəkildən-şəklə çevrilmələr irimiqyaslı dekorasiyalar və müasir qoloqrafiyalı texnologiyanın köməyi ilə yaradılıb.
Şarl Perronun əfsanəvi nağılının motivləri əsasında yazılmış operanın süjetində xeyir və gözəllik şər və paxıllığa qalib gəlir. Qonaqpərəst Nağılçı bütün yaşlarda olan tamaşaçıları maraqlı oyuna cəlb edəcək. Tamaşaçılar balqabağın parlaq karetə, siçanların gözəl atlara, Zoluşkanın Şahzadə xanıma çevriləcəyinin şahidi olacaqlar. Bundan əlavə, teatrda qonaq olan qızlar büllur tuflini geyinib baxa biləcəklər.
Tamaşanın rejissoru İlya İlyin, bədii rəhbəri isə Dmitri Bertmandır.
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 5-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Heydər Əliyev Fondunun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisi layihəsi ilk dəfə Kann şəhərində nümayiş olunub. Azərbaycan xalçalarını görəndə heyran oldum. Sərgini hər gün ziyarət edir və hər dəfə yeni bir şey kəşf edirdim. Getdikcə xalçalara daha da bağlanırdım.
Bu sözləri Heydər Əliyev Fondu tərəfindən UNESKO-nun baş qərargahında təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin ziyarətçisi, Kann şəhər sakini Filip Jüj AZƏRTAC-a müsahibəsində deyib.
“Azərbaycan xalçalarını görəndə heyranlığımı gizlədə bilmədim. Hər gün sərgiyə gəlirdim. Xalçalarla daha yaxından tanış olmağa başladım və beləliklə, xalça dünyasına qərq oldum. Hiss edirdim ki, xalçaya məhəbbətim, marağım artır. Belə gözəlliyi özüm yaratmaq fikrinə düşdüm və Azərbaycana getdim. Azərbaycan xalçalarından ruhlanaraq xalça toxumaq öyrəndim”, -deyə F.Jüj bildirib.
F.Jüj Azərbaycana gəlişi, xalça toxumaq stajı keçməsindən söz açaraq, xalça rəssamı Eldar Mikayılzadə ilə görüşündən, Şəkiyə səfərindən, Xan sarayı ilə tanışlığından danışıb. Qeyd edib ki, xalça sənətinin sirlərini öyrənmək üçün yenidən ölkəmizə gəlmək istəyir. Evində qurduğu xalça dəzgahından danışaraq, toxuduğu 2 xalçanı göstərib. Yeni daha gözəl xalçalar toxuyacağını diqqətə çatdırıb.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Türkiyədə fəaliyyət göstərən “Tiyatro” qəzetinin təsis etdiyi Anadolu teatr ödüllərinə aid “Beynəlxalq sənətə evet” mükafatı ilə təltif olunub.
TÜRKSOY-dan verilən məlumata görə, təşkilat bu mükafata türk dünyasında teatr fəaliyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Mükafatı Anadolu 6-cı teatr ödüllərinin təqdimetmə mərasimində baş katib Düsen Kaseinova Türkiyənin məşhur teatr xadimi Tamer Levent tərəfindən təqdim olunub.