AMEA-nın Geologiya və Geofizika İnstitutunda müasir standartlara cavab verən “Azərbaycanın paleontoloji atlası”nın tərtib olunması üçün fundamental elmi işlərə başlanılıb.
İnstitutdan bildirilib ki, atlasda Azərbaycan Respublikasının fauna və florasının müasir öyrənilmə dərəcəsi və stratiqrafik cəhətdən əhəmiyyətli olan qazıntı orqanizm qruplarının tərkibi haqqında məlumatlar əks olunacaq. Uzun illər ərzində toplanmış zəngin paleontoloji materiallara əsasən atlasın üç cilddə nəşr olunması nəzərdə tutulur. Birinci cild Azərbaycanın onurğasızlar faunasına (molyusklar, braxiopodlar, krinoideyalar, mikrofauna, mərcanlar və s.) həsr olunacaq. İkinci cild Azərbaycanın onurğalılar faunasını (hipporion fauna, məməlilər, sürünənlər, quşlar və s.) əhatə edəcək. Üçüncü cilddə isə Azərbaycanda paleofloristik tədqiqatların nəticələri (yarpaq flora, bitkilərin spor-tozcuğu, diatomlar, dinosistlər, nanoplankton və s.) yer alacaq.
Ötən əsrdən başlayaraq Geologiya və Geofizika İnstitutunun Paleontologiya şöbəsində Azərbaycanın əhəmiyyətli qazıntı qrupları kompleks şəkildə öyrənilir. Əldə olunan məlumatlara əsasən paleontologiyaya aid çoxsaylı işlər dərc olunub və Devondan Holosenədək yaş dövrünü əhatə edən qazıntı orqanizmlərinin kolleksiyası Həsən bəy Zərdabi adına Milli Təbiət Tarixi Muzeyində və Geologiya və Geofizika İnstitutunda saxlanılır.
Azərbaycanın xalçaçılıq sənəti ilə tanışam. UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində Milli Xalça Muzeyini ziyarət etdim. Azərbaycan xalçalarının əsrarəngiz motivləri, əlvan rəngləri göz oxşayır. Belə bir sərginin UNESKO-nun baş qərargahında təşkil edilməsi vacibdir və bu bizi çox sevindirdi.
Bu sözləri Heydər Əliyev Fondu tərəfindən UNESKO-nun baş qərargahında təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərginin ziyarətçisi, Venesuelanın UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Hektor Alexandro Konstant Rosales deyib.
Bildirib ki, Azərbaycanın zəngin mədəniyyətini, tarixi keçmişini daha yaxından tanımaq üçün bu sərginin əhəmiyyəti böyükdür: “UNESKO yanında Azərbaycan Daimi Nümayəndəliyi çox fəaldır. Azərbaycan bütün dünya ölkələri ilə, o cümlədən Venesuela ilə əlaqələrini inkişaf etdirir. Ötən il Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib. Bu keçid, iki dost dövləti bir-birinə daha da yaxınlaşdırdı”.
Zərdab Peşə Liseyinin pambıqçı və aqroservis mütəxəssisi ixtisasında təhsil alan tələbələri “MKT-İK” MMC-nin Zərdab filialında ekskursiyada olublar.
Peşə liseyindən bildirilib ki, ekskursiya zamanı tələbələrə “MKT-İK” MMC-nin Zərdab filialının fəaliyyəti, ərazilərdən tədarük olunan pambığın müxtəlif mərhələlər üzrə hazırlanması, laboratoriyada analiz edilməsi, yığılmış pambıqdan ayrılan digər məhsulların emalı haqqında məlumat verilib. Pambığın əkilməsindən başlayaraq satış vəziyyətinə gətirilənədək keçdiyi bütün proseslər tələbələrə izah olunub.
Bu il mayın 11-dən 15-dək ABŞ-ın Anahaym şəhərində Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF – International Science and Engineering Fair) keçiriləcək.
Təhsil Nazirliyindən bildirilib ki, bu il müsabiqənin tarixində ilk dəfə olaraq ISEF-in münsiflər heyətinin tərkibinə fizika və astronomiya kateqoriyası üzrə “Böyük mükafat” münsifi qismində azərbaycanlı alim – Sumqayıt Dövlət Universitetinin əməkdaşı, “Sabahın alimləri” respublika müsabiqəsinin Elmi Ekspertiza Komitəsinin rəhbəri Samir Orucov daxil edilib.
Qeyd edək ki, 1958-ci ildən etibarən ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi hər il 70-80 ölkədən IX–XI sinif şagirdlərini bir araya gətirir.
2012-ci ildən etibarən “Sabahın alimləri” respublika müsabiqəsinin qaliblərindən ibarət komanda ISEF-də Azərbaycanı uğurla təmsil edir.
Fevralın 8-də Azərbaycan Milli Xalça Muzeyində mədəniyyət tariximizdə xüsusi yeri olan şəxsiyyətlərə həsr olunmuş süjetli xalçaların müəllifi, xalçaçı-rəssam Afaq Kərimova tərəfindən mühazirə oxunacaq.
Muzeydən bildirilib ki, iştirakçılar mühazirə zamanı, xalçaçı-rəssamın müxtəlif dövrlərdə yaratdığı “Dədə-Qorqud”, “Nizami”, “Məhsəti Gəncəvi”, “Füzuli-500”, “Vazeh”, “Hüseyn Cavid”, “Sənsiz”, “Natəvan”, “Səməd Vurğun”, “60-cılar”, “Ziyalı” və digər süjetli xalçalar barədə maraqlı məlumatlar əldə edəcəklər.
Mühazirə Azərbaycan dilində aparılacaq.
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - şəhid şəhər” adlı müsabiqə davam edir. Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub, 1 və ya 2 əsərinin fotosunu göndərməklə göstərilən anketi doldurmalıdırlar.
Qeydiyyat fevral ayının 2-dək aparılacaq.
Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Bu gün Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin doğum günüdür.
Azərbaycanın sevilən şairlərindən olan Əli Tudə ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrəti ilə yaşayıb-yaradıb.
Mühacir Azərbaycan şairi Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən İrandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur. Orada da Əlini sakit həyat gözləmir. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən süzülən şeirləri kağıza köçürür.
Sən ey baxıb neçə yerə,
Nəsə xəbər alan dünya!
Heç demirsən bircə kərə,
Nə təhərdi balan, dünya!
1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır.
Nə qədər döyüş var, mübarizə var,
Bayrağım vətəndir, silahım qələm.
- deyən gənc Əli bu hərəkata qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. “Öz gözlərimlə” kitabında Əli Tudə yazır: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.
Tudə təxəllüsünü
Xalq özü verdi mənə.
Mərd, fədai olmağı
Məsləhət gördü mənə.
Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. O zaman Əli Tudənin 22 yaşı vardı...
Üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti süqut edir. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.
O, yenidən Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir.
Hər kəsin öz qibləsi var,
Mənim qibləm Vətəndir
- deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.
Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib. Onun yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Ədəbi əsərlərindən, həyat və yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.
“Small Luxury Hotels of the World” şirkəti 2020-ci il üçün “Luxury Travel Trends” adlı hesabatını yayımlayıb.
Hesabat altı punkt üzrə hazırlanıb. Belə ki, hesabatda memarlıq, ətraf aləmi qoruma prinsipləri, plastik tullantıların az olduğu, ekoloji təmiz yeməklər təqdim edən otellərə xüsusi üstünlük verilib. Habelə otelin isinmə və yemək hazırlanmasında karbon istiliyindən (kömürdən) istifadə olunmaması da əsas punkt kimi götürülüb.
Sözügedən hesabatda Bakıdakı “Dinamo Hotel Baku” da yer alıb. Bu məkan dünya turizminin yeni istiqaməti kimi göstərilən Azərbaycanın ən yaxşı butik oteli olaraq siyahıya salınıb. Göstərilib ki, özündə Avropa və Asiyanın möcüzələrini ehtiva edən Azərbaycan turistlər üçün yenilikləri kəşf etmə ölkəsidir.
Hirkan Milli Parkında “Atla sağlam həyat sürək, ekologiyanı qoruyaq” şüarı altında yürüş keçirilib.
Yürüşün keçirilməsində məqsəd xalqımızın mədəni irsi olan atüstü milli oyunların qorunub saxlanması, qədim atçılıq ənənələrinin inkişaf etdirilməsi, insanların asudə vaxtlarının təbiət qoynunda səmərəli keçirməsinin təşkili, eyni zamanda, Milli parklarda ekoturizm potensialının təbliğ olunmasıdır.
Ümumilikdə, 370 nəfərin qatıldığı yürüşdə 10 kilometr məsafə qət olunub: “Bu cür tədbirləri keçirməklə biz Milli parklarda ekoloji turizmin təbliğinə nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək verməyə çağırmaq, Milli parklara turistlərin marağını artırmaq, eyni zamanda, atçılıqla bağlı milli ənənələrimizi qoruyub saxlamaq istəyirik”, - deyə Hirkan Milli Parkının direktoru Azər Mirzəyev söyləyib.
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevralın 4-də Azərbaycan Respublikası Ədliyyə nazirinin müavinləri Toğrul Musayev tərəfindən Qobustan rayonunda, Eldar Nuriyev tərəfindən isə Quba rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qobustan İdman Kompleksində (ünvan: Heydər Əliyev prospekti 5) keçiriləcək qəbulda Qobustan, Abşeron, Xızı, Ağsu rayonlarında və Sumqayıt şəhərində yaşayan vətəndaşların, Quba şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək qəbulda isə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar Qobustan rayonunda keçiriləcək qəbula Sumqayıt regional ədliyyə idarəsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12; əlaqə telefonu: (01865) 5-57-45, 050-359-10-57, 055-925-37-41), Quba rayonunda keçiriləcək qəbula isə Xaçmaz regional ədliyyə idarəsi (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 17; əlaqə telefonu: (02332) 5-18-88, 055-950-58-83, 077-338-31-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104) nömrəli telefonu və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün nazir müavinlərinin həmin gün keçiriləcək qəbullarına nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.