Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Opera və Balet Teatrının səhnəsində “Eşq və Ölüm” olacaq

    Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, “Kitabi -Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan balet əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir. Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izləniləcək. Səhnə əsəri teatrın baş dirijoru, Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

    Səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova (Baycan), Makar Ferştandt (Yalıncıq), Samir Səmədov (Məlik xan), Xalq artisti Gülağası Mirzəyev (Qazan xan), solistlər Timur Oduşev (Azər), Ayan Eyvazova (Ölüm) və başqaları canlandıracaq.

    Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub. Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyerasından sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburqun Mariinski adına Teatrının səhnəsində də təqdim olunub.

  • FAO Azərbaycanda qida israfçılığının azaldılmasına kömək edəcək

    "BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qida israfçılığının azaldılması istiqamətində layihə həyata keçirə bilər. Layihənin bu il ərzində başlanılması gözlənilir". 

    Bu barədə "Report"a FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssisi Kaan Başaran deyib. 

    O vurğulayıb ki, layihənin məqsədi turizm sektorunda, iaşə obyektlərində israf olunan qidaların yenidən dəyərləndirilməsidir: "İlk növbədə, layihənin icrası ilə bağlı ilkin qiymətləndirmələr aparılmalıdır. Layihənin tərkib hissəsinə qida israfçılığının qarşısının alınmasında müasir standartın tətbiqi kimi məsələlər daxildir. Qida artıqlarının bioqaza dönüşdürülməsi (müxtəlif növ bioloji kütlənin köməyi ilə alınan qazlara bioqaz deyilir) heyvanlar üçün yemə çevrilə bilər". 

    K.Başaran bildirib ki, Türkiyə hökuməti ilə FAO-nun tərəfdaşlığı çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycan üçün proqramı var: "Sözügedən layihə həmin proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur".

  • Sabah bəzi rayonlarda qar yağacaq

    Bakıda və Abşeron yarımadasında fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-15, Bakıda gecə 3-5, gündüz 13-15 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 gündüz 45-50 faiz olacaq.

    Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq

    Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 4-5-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • “Elm” qəzetinin növbəti nömrəsində...

    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

    AMEA-dan bildirilib ki, qəzetin ilk səhifəsində akademiyanın Rəyasət Heyətində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, eləcə də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla keçirilən görüşlər yer alıb.

    Mətbu orqanın növbəti səhifələrində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Yüksək Texnologiyalar Parkına ziyarəti, Prezident İlham Əliyevin fəaliyyəti haqqında akademik Ramiz Mehdiyevin məqaləsi, Kimya, Humanitar, Biologiya və Tibb Elmləri, Gəncə bölmələrinin, eləcə də Şəki və Lənkəran regional elmi mərkəzlərinin 2019-cu ildəki fəaliyyətinə dair akademiyanın Rəyasət Heyətinin iclasındakı hesabatları, yeni təyinatlar, həmçinin YAP AMEA Rəyasət Heyəti ilk ərazi təşkilatının iclası və “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı haqqında ətraflı məlumat verilir.

    Bundan əlavə, elmi ictimaiyyətin nümayəndələrinin Şəhidlər xiyabanına ziyarəti, Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının AMEA-da keçirdiyi tibbi aksiya, Xəzər dənizinin səviyyəsinin dəyişilməsinə dair tədqiqatlar, akademiyanın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası, Lənkəran Regional Elmi Mərkəzində AMEA-nın Ümumi yığıncağından irəli gələn tədbir, Şəki Regional Elmi Mərkəzinin Elmi şurasının iclası qəzetin altıncı səhifəsində oxuculara təqdim edilir. Növbəti səhifələrdə akademiklər Ramiz Məmmədov və Fuad Əliyevin 70, professor Kamandar Şərifovun isə 80 illik yubileylərinə həsr olunan materiallar, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə müsahibə və elmi yeniliklərə dair xəbərlər yer alıb.

    On altı səhifəlik qəzetdə rus dilində məqalələr də əksini tapıb.

    Qeyd edək ki, 1984-cü ildən nəşr olunmağa başlayan “Elm” qəzetinin baş redaktoru İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

     

     
  • Təhsil Nazirliyi: Bu günədək 72 tələbə köçürülmək və ixtisasını dəyişdirmək üçün müraciət edib

    Tələbələrin köçürülməsi prosesi davam edir.

    Təhsil Nazirliyindən bildirilib ki, bu günədək 72 nəfər köçürülmək yaxud ixtisasını dəyişdirmək üçün müraciət edib.

    Transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

    Bu portal vasitəsilə tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi mümkündür.

    Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.

    Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 2016-cı ildə yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bu günədək 6 minə yaxın tələbənin köçürülməsi həyata keçirilib.

     
  • Dövlət İmtahan Mərkəzi təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb

    Dövlət İmtahan Mərkəzi (DİM) yeni və təcrübəsi az olan müəllimlər üçün seminar-məşğələləri yekunlaşdırıb.

    DİM-dən bildirilib ki, təlimlərdə nəzarətçi-müəllimlər cari ildə keçiriləcək test imtahanlarının texnologiyaları, imtahan materialları və qaydalar barədə ətraflı məlumatlandırılıb. Bununla yanaşı, onlara imtahanda idarəetmə ilə bağlı yeni metod və üsullar izah edilib.

    Bütün respublika ərazisini əhatə edən təlimlərə 4491 nəzarətçi müəllim dəvət olunub. Nəzarətçilərdən 194 nəfər seminarlarda iştirak edə bilməyib. Üzrsüz səbəblərdən məşğələlərdə iştirak edə bilməyənlər nəzarətçilərin elektron bazasından xaric edilib.

    Treninqlərdə iştirak edən müəllimlər DİM tərəfindən keçiriləcək imtahanlara nəzarətçi kimi cəlb olunacaqlar.

    Xatırladaq ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində, ümumilikdə 15 min 9 nəzarətçi-müəllim haqqında məlumat var. Elektron bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl seminar məşğələlər keçiriləcək.

     
  • Psixoloq və direktor müavinləri üçün təlimlərə başlanılıb

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün yeni təlimlərə start verilib.

    BŞTİ-dən bildirilib ki, “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakının 12 rayonu üzrə bütün ümumtəhsil məktəblərini əhatə edəcək.

    “Davranış pozuntuları və müdaxilə: yeniyetmələrdə neqativ asılılıqlar və onlarla mübarizə yolları, bulinq, psixodiaqnostika” mövzusunda təlim ilk olaraq Qaradağ və Səbail rayonlarını əhatə edib.

    Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumtəhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdən ibarətdir.

    Təlimlərin fevral ayı ərzində davam etdirilməsi nəzərdə tutulur.

     
  • Abay Kunanbayevə həsr olunan respublika elmi konfransına məqalə qəbulu davam edir

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsi tərəfindən aprelin 22-də “Azərbaycandan Qazaxıstana dostluq körpüsü: Abay Kunanbayev-175” mövzusunda keçiriləcək respublika elmi konfransına məqalə qəbulu davam edir.

    İnstitutdan bildirilib ki, görkəmli qazax şairi Abay Kunanbayevin 175 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək istəyənlər məqalələrini martın 10-dək təşkilat komitəsinin hümmatovax@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.

    Məqalələr Abay Kunanbayebin həyatı və ədəbi irsi, lirikası, poemaları, ictimai məzmunlu şeirləri, nəsihətləri, şairin yaradıcılığının dil və üslub xüsusiyyətləri mövzularını əhatə etməlidir. Məqalə işçi dillərdən birində 5-10 səhifə həcmində “Times New Roman” şriftində 14 ölçüdə, sətirlərarası interval 1,5, paraqraf abzası 1 sm, səhifəkənarı ölçülər 2 sm olmaqla yazılmalıdır.

    Mətnin əvvəlində ortadan tünd qara şriftlə, böyük hərflərlə müəllifin adı, atasının adı, soyadı; onun altından kursivlə elmi dərəcəsi, vəzifəsi və aid olduğu təşkilat qeyd olunmalıdır. Məqalənin adı ortada böyük hərflərlə, ondan sonra əsas mətn verilməlidir.

    Məqalələrin məzmunu elmi yeniliyi və aktuallığı ilə fərqlənməlidir.

    Ədəbiyyat siyahısı məqalənin sonunda “İstifadə olunmuş ədəbiyyat” adı ilə verilməli və əlifba sırası ilə gözlənilməlidir. Mətndə ədəbiyyata istinadlar mötərizədə mənbənin siyahıdakı nömrəsini və götürülən sitatın səhifəsini göstərməklə verilməlidir.

    Xülasə 5 cümlədən, açar sözlər isə 5 sözdən az olmamalıdır. Məqalə Azərbaycan dilindədirsə xülasə ingilis dilində, məqalə rus və ingilis dillərindədirsə xülasə Azərbaycan dilində olmalıdır.

    Konfransa elmi dərəcəsi olan şəxslər (fəlsəfə və elmlər doktorları), müəllimlər, elmi işçilər, doktorantlar, magistrantlar və tələbələr (hər kəs yalnız bir məqalə ilə) qatıla bilərlər.

    Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Təqdim olunmuş yazılar təşkilat komitəsi tərəfindən dəyərləndirildikdən sonra müəlliflərə elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.

  • Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçiriləcək

    Fevralın 4-də Beynəlxalq Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

    Gecədə şair-publisistin yaradıcılığından danışılacaq, sözlərinə yazılmış mahnılar səsləndiriləcək.

    Qeyd edək ki, Gülhüseyn Kazımlı “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.

    Onun şeirlərinə Azərbaycanın məşhur bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib.

  • Aktauda “Könüllülər ili” çərçivəsində xeyriyyə aksiyası keçirilib

    Azərbaycanın Aktaudakı Baş Konsulluğu həmyerli gənclərimizin iştirakı ilə xeyriyyə aksiyası keçirib.

    Xeyriyyə aksiyası “Könüllülər ili” çərçivəsində Azərbaycanda keçirilən Gənclər Günü münasibətilə təşkil olunub.

    Aksiya çərçivəsində Aktauda yerləşən “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan 32 az yaşlı və yetkinlik yaşına çatmamış uşaqlar “Astana” ticarət əyləncə mərkəzinə dəvət olunublar.

    Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Elmar Məmmədov aksiya iştirakçılarına ölkəmizdə bu ilin “Könüllülər ili” elan edilməsindən, Gənclər Gününün tarixindən və hər zaman gənclərə göstərilən diqqət və qayğıdan söz açıb.

    İki ölkə arasında dostluq münasibətindən danışan E. Məmmədov, gənclərə yaxşı oxumağı tövsiyə edib.

    Aksiyanın sonunda, Baş konsulluğun və gənclərin adından uşaqlara hədiyyələr təqdim olunub.

    “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan və çalışan müəllim heyəti Baş Konsulluğa aksiya üçün öz dərin təşəkkürlərini bildirıb.