Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Məktəblərdə və seçki dairələrində yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər Nizami rayon 38 və 39, Kəpəz rayon 40 saylı seçki dairələrində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki rayon 115 və Göynük kənd 114 saylı seçki dairələrində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıtdakı 1 saylı seçki məntəqəsində, Bakı şəhəri 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Sabunçu rayon 187 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Sosial-İqtisad Kollecində maarifləndirmə tədbirləri keçirib.

    FHN-dən bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

    Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb.

    İkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

    Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

     
  • Dünya Səhiyyə Təşkilatı koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan edib

    Dünya Səhiyyə Təşkilatının (DST) fövqəladə komitəsinin yanvarın 30-da keçirilən iclasında yeni növ koronavirusla bağlı qlobal fövqəladə vəziyyət elan olunub.

    DST-nin açıqlamasında fövqəladə vəziyyətin üzv dövlətlərə konkret tövsiyələrlə bağlı olduğu qeyd edilib. Bu tövsiyələrin məqsədi virusun ölkələrin sərhədlərini aşaraq daha da yayılmasını önləməkdir. Təşkilatın rəhbəri Tedros Adhanom Ghebreyesus qeyd edib ki, hazırda Çinin hüdudlarından kənarda infeksiya hallarının sayı hələ ki, azdır, lakin zəif səhiyyə sisteminə malik bir ölkədə bu virusun yayılmasının necə nəticələnəcəyini təsəvvür etmək mümkün deyil.

    Qeyd edək ki, yeni növ koronavirusa (nCoV-2019) dünya üzrə yoluxma hallarının sayı 17 il bundan əvvəl tüğyan etmiş SARS pandemiyasını aşıb. Hazırda rəsmi rəqəmlərə görə, dünya üzrə 8100-dən artıq adam bu virusa yoluxub. DST-nin məlumatına görə, SARS virusuna 2002-2003-cü illərdə 8096 nəfər yoluxmuş, 774 nəfər ölmüşdü.

     
  • Dövlət Miqrasiya Xidməti Qobustan rayonunda səyyar xidmət keçirib

    Dövlət Miqrasiya Xidmətinin (DMX) Ağsu regional miqrasiya idarəsinin xidməti ərazisinə daxil olan Qobustan rayonunun ucqar və dağlıq ərazisində yerləşən Xilmilli kəndində səyyar xidmət göstərilib.

    DMX-dən bildiriblər ki, səyyar xidmət vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə təşkil olunub.

    Səyyar xidmət zamanı iki nəfərə Gürcüstan Səfirliyinə təqdim etmək üçün Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin tanınmaması barədə arayış verilib.

     
  • AQTA ölkəyə quşçuluq məhsulları idxal edən sahibkarlara müraciət ed

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edir.

    AQTA-dan bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar, AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

    Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

    Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

    AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

     
  • Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 100 əcnəbi saxlanılıb

    Dövlət Miqrasiya Xidmətinin son həftə ərzində qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 100 əcnəbi saxlanılıb.

    Xidmətin saytına istinadla xəbər verilir ki, saxlanılanlardan 10-nun qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi, 1-nin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 89 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

    Miqrasiya qanunvericiliyini pozan 81 nəfər barəsində inzibati qərarlar qəbul edilib. Digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

    Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini fasiləsiz davam etdirir.

  • Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda səyyar xidmət təşkil edib

    Əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən Dövlət Miqrasiya Xidmətinə (DMX) edilən bütün növ müraciətlərin qəbulunu yerində və operativ şəkildə həyata keçirmək məqsədilə Zaqatalada səyyar xidmət həyata keçirilib.

    DMX-dən bildiriblər ki, səyyar xidmətin imkanlarından 18 nəfər yararlanıb. Onlardan 7 nəfərə Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış, həmçinin 2 əcnəbi vətəndaşa inzibati tənbeh vermə haqqında qərarın surəti təqdim olunub, 4 nəfərindən isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənəd qəbul edilib.

    Bundan başqa, 5 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

    Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

     
  • Vəkillər üçün ilk dəfə mediasiya üzrə təlim keçirilib

    Avropa İttifaqı və Azərbaycan Respublikasının “Mübahisələrin alternativ həlli mexanizmlərinin tətbiqində və əhaliyə hüquqi yardım xidmətlərinin göstərilməsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin institusional potensialının artırılması” adlı layihəsi çərçivəsində Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzində 30-dan artıq vəkilin iştirakı ilə mediasiya üzrə təlim keçirilib.

    Vəkillər Kollegiyasından bildiriblər ki, ölkəmizdə “Mediasiya haqqında” qanun ötən il martın 29-da qəbul olunub və qanuna əsasən məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu müddəalara əsasən iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunacaq.

    Mediasiya prosesində, mediatorların hazırlanmasında vəkilliyin rolunu nəzərə alaraq ölkəmizin tarixində ilk dəfə olaraq bu sahədə tədris məhz vəkillər üçün keçirilməyə başlanılıb. Təlim beynəlxalq ekspert Adi Gavriladan və baş ekspert, Vəkillər Kollegiyasının üzvü Ruslan Mirzəyev tərəfindən keçirilib.

  • Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

    Fevralın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçiriləcək.

    DİM-dən bildirilib ki, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

    İmtahan saat 09:30-da başlayacaq. İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

    TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. İmtahan haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq mümkündür.

  • Paytaxt məktəbliləri budo döyüş növləri üzrə dünya kuboku turnirində uğur qazanıblar

    Paytaxt məktəbliləri Bakıda keçirilən budo döyüş növləri üzrə dünya kuboku turnirində parlaq uğur qazanıblar.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, bu qurumun tabeliyindəki 180 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mustafa Məmmədzadə, 7-ci sinif şagirdi Rəsul Şirvanlı I, 6-cı sinif şagirdləri Elmir Bəşirli və Rəvan Şahverdiyev, 2-ci sinif şagirdləri Kərəm Şükürov və Orxan Ağazadə, 1-ci sinif şagirdi Turan Əli II, 4-cü sinif şagirdləri Emil Şükürov və Zaur Ağazadə III yerə layiq görülüblər. Qalib məktəblilər diplom və medalla təltif olunublar.

    Qeyd edək ki, turnirdə 14 ölkədən 900-ə yaxın idmançı iştirak edib.

     
  • Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi müəyyənləşib

    Nazirlər Kabineti “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” qərarında dəyişiklik edib.

    Qərara görə, “Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yaradılması haqqında” Nazirlər Kabinetinin 2018-ci il 20 fevral tarixli qərarı ilə yaradılmış Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının yeni tərkibi aşağıdakı redaksiyada müəyyənləşib:

    Şuranın sədri:

    Ramiz Mehdiyev - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

    Şuranın sədr müavini:

    Dilqəm Tağıyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

    Şuranın məsul katibi:

    Əminağa Sadıqov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

    Şuranın üzvləri:

    İsa Həbibbəyli - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

    İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik

    Nərgiz Paşayeva - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

    Rasim Əliquliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

    Arif Paşayev - Milli Aviasiya Akademiyasının rektoru, akademik

    Xoşbəxt Yusifzadə - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik

    İsmayıl Hacıyev - Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik

    Fuad Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik

    Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının direktoru, akademik

    Rəfail Mirzəyev - Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin birinci müavini

    Rahim Əliyev - Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini

    Rauf Hacıyev - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, biologiya elmləri doktoru

    Sevinc Həsənova - Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini

    Firudin Qurbanov - Azərbaycan Respublikası Təhsil nazirinin müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru

    Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü

    Elçin Zeynalov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini, texnika elmləri doktoru

    Elmir Vəlizadə - Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

    Rövşən Əhmədov - Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin müşaviri

    İqbal Babayev - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-mayor, texnika elmləri doktoru

    Heydər Piriyev - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant

    Ceyhun Salmanov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

    Balarəhim Quliyev - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

    Rövşən Rüstəmov - “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

    Nazirlər Kabinetinin digər qərarı ilə “Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”də də dəyişiklik edilib. Dəyişikliyə əsasən, Şuranın tərkibi 15 nəfərdən 26 nəfərə qaldırılıb.