Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rusiyalı kosmonavt Bakının gecə şəkillərini təqdim edib

    Rusiya Dövlət Kosmik Fəaliyyətlər Korporasiyası (“Roscosmos”) kosmonavt Oleq Kononenkonun beynəlxalq fəza stansiyasından çəkib göndərdiyi Bakının şəkillərini dərc edib.

    Bakı ilə yanaşı, dünyanın bir çox iri şəhərlərinin də gecə mənzəsini əks etdirən şəkillər paylaşılıb. Bunların arasında Nyu-York, Vaşinqton, London, Roma, Afina, Tehran, İstanbul, Mumbai, Tokio və digər şəhərlər, həmçinin Yer kürəsinin, Ayın müxtəlif şəkilləri də var.

     
  • Nazirlik: Quşların müşahidəsi turizminin inkişafına diqqət artırılır

    Fevralın 2-si - “Ümumdünya Su-Bataqlıq günü” ilə əlaqədar Qızılağac Milli Parkında İDEA İctimai Birliyinin, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının, Azərbaycan Ornitoloji Cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-məlumatlandırıcı tədbir keçirilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, nadir quş növlərinin mühafizəsi və quşların müşahidəsi turizminin inkişafı ilə bağlı milli parkda təşkil olunan elmi seminardan sonra iştirakçılar Qızılağac Milli Parkındakı “Turac” və “Bala dəniz” marşrutlarında quşları müşahidə edib, parkda yaradılmış “Turizm İnformasiya Mərkəzi” ilə tanış olublar.

    "Quşlarımızı qoruyaq" devizi ilə təşkil olunan tədbirin keçirilməsində məqsəd nadir və nəsli kəsilmək təhlükəsində olan quş növlərinin vəziyyətinin öyrənilməsi, say göstəricilərinin izlənilməsi, quşların müşahidəsi turizminə diqqətin çəkilməsi və təbii varlıqların qorunmasının vacibliyini aşılamaqdır.

    Qeyd edək ki, Su-bataqlıq quşlarının kütləvi surətdə çoxaldığı və ayrı-ayrı mövsümlərdə toplaşdıqları yer kimi beynəlxalq əhəmiyyət daşıyan su-bataqlıq əraziləri barədə Konvensiya 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində imzalanıb. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi 25 may 2001-ci il tarixindən Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib.

    Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq olan su-bataqlıq ərazisi mövcuddur və həmin ərazilərə qışlama və köç mövsümündə 100 minlərlə müxtəlif quş toplanır.

     
  • Bədii və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb

    Mədəniyyət Nazirliyi tərəfindən ötən ilin noyabrın 1-dən elan edilən bədii və animasiya filmi ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb. Nazirlikdən bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə təşkil olunub.

    Kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 90-dək bədii və animasiya filmi ssenarisindən münsiflər heyəti aşağıda qeyd olunan film layihələrini seçib:

    Tammetrajlı bədii

    “Olimpiya” – Rüstəm Babazadə

    “Zamandan kənarda” – Yavər Rzayev

    “Ata” – Fariz Əhmədov, Esmira Əyyub

    “Bağlı otaq” – Ramiz Fətəliyev, Yavər Rzayev

    Qısametrajlı bədii

    “Borc” – Ülviyyə Heydərova

    “Snayper” – Əyyub Qiyas

    “Buludlar” – Behzad Əhmədov

    “Yonca tarlası” – Bəhruz Mustafayev

    Animasiya

    “Tıq-tıq və dostları möcüzələr axtarışında-2” – Sultan Abbasbəyli

    “Dostum Mimi” – Reyhan Yusifqızı

    “Sehrli planşet” – Vüqar Haqverdiyev

    Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

    Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

  • Doktorantura və dissertanturaya qəbul üçün keçirilən xarici dil üzrə imtahanın nəticələri elan olunub

    Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün yanvarın 26-da keçirilən xarici dil üzrə imtahanın nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, namizədlər DİM-in internet saytında imtahan nəticələri, cavab kartının və esselərin qrafik təsviri ilə tanış ola bilərlər.

    Namizədlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda 1489 namizəd iştirak edib. 30 nəfər imtahana gəlməyib. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahan nəticələrinə əsasən, 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

    Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunub. İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib, ümumilikdə, 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıblar.

    Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

    İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün 2020-ci il 3-4 fevral tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Namizədlər Apelyasiya Komissiyasına şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət edə bilərlər.

  • Brüsseldə azərbaycanlı rejissorun filmi nümayiş olunub

    Şərq Tərəfdaşlığı ölkələri ilə mədəni əməkdaşlıq proqramı çərçivəsində Brüssel İncəsənət Sarayında (BOZAR) təşkil edilən “Bridges” film festivalında rejissor Hilal Baydarovun “Xurmalar yetişən vaxt” filmi nümayiş olunub.

    Film yerli tamaşaçı auditoriyası ilə yanaşı, Belçikada yaşayan azərbaycanlılar tərəfindən də maraqla izlənilib.

    Filmin nümayişindən sonra rejissor H.Baydarov tamaşaçıların suallarını cavablandırıb.

  • Azərbaycan Rəngkarlığı Muzeyində növbəti görüş olacaq

    Fevralın 7-də Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişinin müəllifi Fuad Axundov ilə görüş keçiriləcək.

    “YARAT”dan bildirilib ki, görüş hazırda muzeydə nümayişi davam edən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində təşkil olunacaq. Sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm və qrafik əsərlər, həmçinin ədəbiyyat nümunələri, arxiv xronikası və sənədlər nümayiş olunur.

    Qeyd edək ki, sərginin ekspozisiyasında İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov kimi rəssamların, həmçinin Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi şair(ə)lərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.

  • Şah Mat Teatrının hazırladığı yeni tamaşa maraqla izlənilib

    Müstəqil Şah Mat Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M. Şərifzadə səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında hazırladığı “Edama məhkumun son günü” adlı tamaşa ilə çıxış edib.

    Şah Mat Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təqdim olunub.

    Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadədir.

    Psixoloji dram janrında hazırlanan səhnə əsərində teatrın istedadlı aktyoru Anar Bulud çıxış edib.

    Xronometrajı 40 dəqiqə olan tamaşanın rejissoru Mir Qabil Əkbərov fransız dramaturqunun klassik romanına tamamilə fərqli aspektdən yanaşmağı bacarıb, maraqlı bir monotamaşa ərsəyə gətirə bilib.

  • “Planet Parni iz Baku” əmtəə nişanı almaq üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edib

    2019-cu ildə Əqli Mülkiyyət Agentliyinə milli əmtəə nişanlarının qeydiyyatına dair 2317 iddia sənədi daxil olub.

    Bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

    Bildirilib ki, əmtəə nişanlarının qeydiyyatı üçün müraciət edənlər arasında “Planet Parni iz Baku” MMC də var.

    Belə ki, “Planet Parni iz Baku”nun ötən il əmtəə nişanı almaq üçün Agentliyə ünvanladığı müraciətinə 2020-ci ilin yanvar ayında müsbət cavab verilib.

  • Milli Dram Teatrı “Yaşar”ı yenidən təqdim edəcək

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni tamaşalardan olan “Yaşar” sənət ocağının gələnaykı repertuarına salınıb.

    Görkəmli ədib, nasir, dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, rejissorları Mehman Fətullayev və Emil Əskərov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Нərmin Həsənоvаdır.

    Fevralın 15-də göstəriləcək səhnə əsərində rolları Xalq artistləri Ramiz Məlik, Nurəddin Mehdixanlı, Cəfər Namiq Kamal, Əməkdar artistlər Elnar Qarayev, Rəşad Bəxtiyarov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Mehriban Xanlar, Elşən Rüstəmov və Elxan Quliyev, aktyorlar Cavidan Novruzov, aktyor Elçin Əfəndi, Əli Nurzadə, Rada Nəsibova, Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Firuzə Balayeva, İlyas Əhmədov, Elnur Qədirov və Vüsal Mustafayev canlandıracaq.

    Qeyd edək ki, müəllif “Yaşar” pyesini 1932-ci ildə tamamlayıb və həmin il də səhnəyə qoyulub. Yaşar, Toğrul və Tanya kimi gənc alimlər və onların elmi rəhbəri Belokurov şoranlıq torpaqları əkin sahələri üçün yararlı edib, pambıq tarlalarına çevirmək istəyirlər. Pyes əsas qəhrəmanın adı ilə “Yaşar” adlandırılıb. “Yaşar”dakı obrazlar, müsbət və mənfi olmalarından asılı olmayaraq dövrünün gerçəkliyinin özü qədər sərt, canlı və realdırlar.

  • İcbari tibbi sığorta çərçivəsində bir ailə həkiminə neçə nəfər təhkim olunacaq?

    "İcbari tibbi sığorta çərçivəsində hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə isə 800-ə qədər uşaq təhkim olunacaq".

    Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

    Onun sözlərinə görə, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir:

    "Xəstə xəstəxanaya müraciət edərək "burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidir".

    Agentlik rəsmisi bildirib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq:

    "İki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır".

    O xatırladıb ki, yanvarın 1-dən ilkin mərhələdə şimal rayonlarında əhali icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıb və nəticələr qənaətbəxşdir: "Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib ".