Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə əldə ediblər. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Bildirilib ki, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev, həmin şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Geoekologiya şöbəsinin baş elmi işçisi, professor Mirəli Alosmanov, eləcə də Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
Alimlər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə yanaşı, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrə müxtəlif torpaqlarda tətbiq olunub və onun bitkilərin inkişafına müsbət təsiri təsdiqini tapıb.
Bakı Marionet Teatrı fevral repertuarını açıqlayıb.
Tamaşaçılar fevral ayı ərzində teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını izləyə biləcəklər.
On iki pərdəlik səhnə əsəri fevralın 1, 8, 15, 22 və 29-da nümayiş olunacaq.
Tamaşanın quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.
Qeyd edək ki, “Arşın mal alan” Üzeyir Hacıbəylinin üçüncü və sonuncu operettasıdır. Dünya şöhrətli bu musiqili komediyanın süjeti məşhur xanəndə Məcid bəyin həqiqətən başına gəlmiş əhvalatdan götürülüb. Səhnə əsəri müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daim izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.
Özbəkistanın nargis.uz portalında öz səhifəsində rus dilində “Aşıq Ələsgər: aşıq poeziyasının patriarxı” sərlövhəli məqalə yerləşdirilib.
Yazıda Aşıq Ələsgərin İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində dünyaya gəldiyi bildirilir, Azərbaycan aşıq sənətinin və aşıq poeziyasının görkəmli nümayəndələrindən biri olduğu vurğulanır. Bildirilir ki, Aşıq Ələsgər Ağ Aşıq Allahverdi və Aşıq Alıdan sonra Göyçə aşıq məktəbini daha da zənginləşdirən sənətkar olub.
Yazıda Aşıq Ələsgərin yetişdirdiyi aşıqlar haqqında da danışılır. Deyilir ki, sonradan məşhur aşıq kimi yetişən Aşıq Nəcəf, Əsəd, Yusif, Mikayıl, Qiyas, Nağı, Qurban, Qasım, Ağayar, İsa, Mustafa, Talıb və başqaları Aşıq Ələsgərin şagirdləri olublar.
Materialda Aşıq Ələsgərin gənclik illəri və saz çalmağa başlaması, ailə qurması və övladları haqqında söhbət açılır. Vurğulanır ki, Aşıq Ələsgərin oğlanları Bəşir, Əbdüləzim və Talıbın da saz çalmağı və şairliyi olub, ancaq Talıb atasının yolu ilə gedib, professional aşıq kimi yetişib.
Qeyd edilir ki, Aşıq Ələsgər böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Şərqin digər şairlərinin əsərləri ilə yaxından tanış olub. O, həm də bəstəkar aşıq kimi tanınıb. Onun “Göyçəgülü”, “Zarıncı”, “Orta Şərili”, “Şərili Dübeyti” havaları məşhurdur.
Vurğulanır ki, Aşıq Ələsgərin doğulduğu Ağkilsə kəndində abidəsi olub, ancaq azərbaycanlılar öz ata-baba yurdlarından qovulduqdan sonra abidə vəhşicəsinə dağıdılıb.
Fevralın 1-nə ölkə ərazisində müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 1-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 1-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və gün ərzində yağmurlu keçəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin, şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyevin və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın həmmüəllifi olduqları məqalə “International Journal of Oil, Gas and Coal Technology” jurnalında dərc olunub.
İnstitutdan bildirilib ki, məqalə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun maliyyələşdirdiyi “Neft-qaz sənayesi üçün Big Data analizi texnologiyalarının tədqiqi” qrant layihəsi çərçivəsində aparılmış tədqiqatlar əsasında yazılıb.
Qeyd edək ki, “Inderscience” nəşriyyatında çap olunan “International Journal of Oil, Gas and Coal Technology” jurnalı “Science Citation Index Expanded” (Clarivate Analytics), “Scopus” (Elsevier), “Compendex” (Elsevier), “Academic OneFile” (Gale) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 31-də şəhər və rayonlarda vətəndaşların mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Saatlı rayonunda vətəndaşları qəbul edib.
Mərkəzdən bildirilib ki, qəbulda Saatlı rayonu ilə yanaşı, Şirvan şəhəri, Hacıqabul, Sabirabad və İmişli rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.
DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Görüşdə əsasən dövlət qulluğuna qəbul, vakant dövlət qulluğu vəzifələri, magistratura və rezidenturaya qəbul, ali təhsil müəssisələrinə abituriyentlərin qəbulu və digər məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciətlər edilib.
Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Həssas qrupa daxil olan uşaqlarla ən mühüm iş, təbii ki, məktəb psixoloqlarının üzərinə düşür. Təəssüf ki, bu sahədə olan ümumi vəziyyət bizi yetərincə qane etmir. Əsaslı dönüş yaratmaq, ümumtəhsil müəssisələrində psixoloji xidmətin düzgün təşkilinə və səmərəliliyinin artırılmasına nail olmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə məktəblərdə çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün fevral ayından başlayaraq təlimlər keçiriləcək.
Bunu açıqlamasında BŞTİ-nin müdiri Rəşad Tağıyev söyləyib.
O bildirib ki, bu sahədə uğurlu nəticələr əldə etmək üçün təhsili idarəetmə orqanlarının müvafiq dövlət qurumları ilə sıx əməkdaşlığı böyük əhəmiyyət kəsb edir. Birgə əməkdaşlıq çərçivəsində küçə həyatına məruz qalmış uşaqların təhsilə cəlb edilməsi və onların təhlükəsizliyinin təmin olunması məqsədilə təsirli tədbirlər görülür. Təhsildən yayınan uşaqların məktəbə cəlb edilməsi ilə bağlı internet-klublarda mütəmadi olaraq reydlər keçirilir. Qeyd olunan məsələlərlə bağlı bilavasitə məktəblərdə həmin uşaqlar və onların valideynləri ilə profilaktik işlər aparılır.
Müvafiq əməkdaşlıq çərçivəsində hər zaman bu məsələlərə həssas yanaşan rayon icra hakimiyyətləri yanında fəaliyyət göstərən Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların, Daxili İşlər Nazirliyinin, Bakı Şəhəri Baş Polis İdarəsinin və Rayon Polis İdarələrinin müvafiq əməkdaşlarının, Səhiyyə Nazirliyinin, Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin, Bakı Şəhəri İdman Baş İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin davamlı fəaliyyətini və dəstəyini xüsusilə qeyd etməliyik.
Gənclərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında fəal iştirakı, siyasi idarəçilik sisteminə cəlb edilməsi, yüksək dövlət vəzifələrinə təyin olunması, mədəni dünyaya inteqrasiyası daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Son vaxtlar ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycan gəncliyində böyük inam və ümid yaradıb.
Bunu müsahibəsində Bakı Slavyan Universitetinin (BSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əkrəm Mirzəzadə deyib. O qeyd edib ki, Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan, cəmiyyətdə yenilikçi ruhu və müasirliyi ilə seçilən BSU-da dövlət gənclər siyasətinin icrası üçün səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Təcrübəli elm və təhsil təşkilatçısı, rektor Nurlana Əliyeva tələbə-gənclərin keyfiyyətli təhsil almalarını, sosial fəallıqlarının gücləndirilməsini, universitetin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirakını, onların xalqımızın yüksək milli-mənəvi dəyərlərinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmalarını əsas vəzifələr kimi qarşıya qoyub. BSU-da yaradılmış sağlam və işgüzar mənəvi-psixoloji mühit, şəffaf və obyektiv tədris və imtahan prosesi, tələbə ictimai təşkilatlarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi tələbələrin yaxşı təhsil almalarına müsbət təsir göstərməklə yanaşı, onların fərdi təşəbbüskarlığını artırır, fəaliyyətlərinə ciddi stimul verir. Eyni zamanda, BSU-da tələbələrin sosial müdafiəsi daim universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan, mövcud qanunvericilikdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulan ailələrdən olan tələbələrin yataqxanada otaqla təmin edilmələri, onlara hər ay yemək talonlarının verilməsi, maddi yardım göstərilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən hər tədris ilində iki dəfə adlı təqaüdlərin verilməsi, eləcə də fəal tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli təşkil olunması bunun əyani sübutudur.
“Tələbə-gənclərimiz müasir dövrümüzün trendlərindən sayılan könüllülük hərəkatında fəal iştirak edirlər. BSU-nun mindən çox tələbə-könüllüsü respublika səviyyəli tədbirlərdə, eləcə də beynəlxalq tədbirlərdə universitetimizi yüksək təəssübkeşliklə, layiqincə təmsil edirlər. Dövlətimizin başçısının Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi tələbələrimizin könüllülük hərəkatına verəcəkləri töhfələrin miqyasını artıracaq. BSU-nun tələbə-gəncləri bundan sonra da yüksək səviyyədə təhsil almaqla bərabər, xalqımıza, dövlətimizə ləyaqətlə, vicdanla, sədaqətlə xidmət edəcək və göstərilən etimadı layiqincə doğruldacaqlar”, - deyə Ə.Mirzəzadə vurğulayıb.
O, məmnunluq hissi ilə qeyd edib ki, müstəqil Azərbaycan Respublikasında gəncliyə böyük diqqət və qayğı göstərilir. Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin əsası Azərbaycan xalqının ümummilli lideri, təcrübəli və müdrik dövlət rəhbəri, dünya miqyaslı siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub. Müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev öz çoxşaxəli idarəçilik və dövlətçilik fəaliyyətində həmişə gəncliyə xüsusi həssaslıqla, böyük diqqət və qayğı ilə yanaşıb, bilikli, savadlı, istedadlı gənclərin cəmiyyətdə layiqli yerlərini tutmaları üçün onlara əlverişli şərait yaradıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva gənclərin elmi-intellektual səviyyəsinin yüksəldilməsinə, onların sağlam və müasir düşüncəli, vətənpərvər ruhda tərbiyə olunmalarına böyük önəm verirlər.
Rusiya Dövlət Şərq Muzeyində “Sərhədsiz sufilik. Əhməd Ziyauddin Gümüşxanəvi və onun əlyazmaları” sərgisi açılıb.
Rusiya ilə Türkiyə arasında diplomatik münasibətlərin yaranmasının 100 illiyinə həsr olunmuş sərgi XIX əsrin sonları - XX əsrin əvvəllərində Osmanlı imperiyasında sufiliyin yayılmasından bəhs edir. Ekspozisiyada 1813-1893 illərdə yaşamış Osmanlı şeyxi, Nəqşibəndi təriqətinə məxsus Əhməd Ziyauddin Gümüşxanəvinin 30-a yaxın əlyazması nümayiş etdirilir.
Şeyx Əhməd Ziyauddin Gümüşxanəvinin bir neçə min kitabdan ibarət böyük kitabxanası Birinci Dünya müharibəsi dövründə məhv olub. Bir neçə il əvvəl onun şəxsi möhürü olan 30-a yaxın əlyazması Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda, Rusiya Dövlət Kitabxanasında və şəxsi kolleksiyalarda aşkar edilib. Bu nadir əlyazmalar rus alimləri tərəfindən Rusiyaya 1916-cı ildə gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Nazirlikdən verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.
Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.
Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.
Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.