Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda 2019-cu ildə aparılan 5 tədqiqat işi üzrə əldə edilən nəticələrə həsr olunan məqalələr “Web of Science” bazasına daxil olan jurnallarda dərc olunub.
Biofizika İnstitutundan bildirilib ki, ümumilikdə ötən il elmi müəssisənin alimlərinin məqalələrinə 152 istinad qeydə alınıb.
Xatırladaq ki, 2019-cu ildə institutda 6 qrant layihəsi çərçivəsində tədqiqatlar aparılıb.
Dövlət İmtahan Mərkəzi inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid AA, AB və AC qrupları üzrə dövlət qulluğuna yanvarın 25-də keçirilmiş qəbul imtahanına dair statistik göstəriciləri açıqlayıb.
Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 53 nəfəri kişi, 18 nəfəri qadın olub. Qeydiyyatdan keçən namizədlərdən 53 nəfər 20-39 yaş intervalında olanlardır. Onlardan 23 nəfər imtahanda uğur qazanıb. Daha yuxarı yaş qrupuna aid olan 18 nəfərdən 1 nəfər lazımi nəticəni toplaya bilib.
AA vəzifə qrupu üzrə sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3 nəfərdən 1 nəfər, AB üzrə 21 nəfərdən 1 nəfər, AC üzrə isə 47 nəfərdən 22 nəfər test imtahanından uğurla keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 71 namizəddən 24 nəfəri (33,8 faiz) müvəffəqiyyət əldə edib (53 kişidən 14 nəfəri, 18 qadından isə 10 nəfəri lazım olan balı toplayıb).
Digər statistik göstəricilərlə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində Azərbaycan və Türkiyənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi davam edir.
AMEA-dan bildirilib ki, müsabiqə martın 6-dək qüvvədədir. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.
Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb-səhifəsindən əldə etmək olar.
Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. E-mail: esmira.alirzayeva@science.az.
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) fevralın 3-də Qəbələ rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda ikinci qış məktəbi təşkil edəcək.
Aİİ-dən bildirilib ki, fevralın 8-dək davam edəcək layihə çərçivəsində ümummilli lider Heydər Əliyevin Qəbələ rayonunda ucaldılan abidəsini, rayon Şəhidlər xiyabanını, Soltannuxa kənd türbəsini ziyarət etmək, Heydər Əliyev Mərkəzi, Konqres Mərkəzi, Qəbələ Arxeoloji Mərkəzi və Cotari kilsəsi ilə tanışlıq nəzərdə tutulur.
Qış məktəbi çərçivəsində tələbələrə “Azərbaycan multikulturalizminin siyasi-hüquqi əsasları”, “Dəyişən dünyada milli-mənəvi dəyərlər”, “Azərbaycanda xanəgahlar” və s. mövzularda məruzələr ediləcək, gənclərin dünyagörüşünün zənginləşdirilməsi, polemika qabiliyyətinin artırılması istiqamətində təlimlər keçiriləcək. Eyni zamanda, qış məktəbində tələbələrin asudə vaxtının səmərəli təşkili üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Oxu”, “Vəhdət” və “Şəhadət” filmlərinin nümayişi və müzakirəsi təşkil olunacaq.
Azərbaycan İlahiyyat İnstitutu müasir təhsil standartları və dünya təcrübəsi əsasında təsis edilmiş ali təhsil müəssisəsidir. İnstitut tələbələrin elmə, təhsilə marağının artırılması və intellektual səviyyələrinin yüksəldilməsi, milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Qış məktəbinin təşkili tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühiti yaxından müşahidə etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki fotorubrika Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyinə həsr olunub.
Nazirlikdən bildiriblər ki, məktəb-liseydə 581 şagird təhsil alır.
1930-cu ildən ibtidai məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsi 1970-ci ildən tam orta məktəb olaraq fəaliyyət göstərib. 1993-cü ildən 2004-cü ilədək fəaliyyətini Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin nəzdində davam etdirib. 2004-cü ildə yeni inşa olunan tədris binasına köçürülən məktəb Təhsil Nazirliyinin əmri ilə texniki fənlər təmayüllü məktəb-lisey adı ilə fəaliyyət göstərir. Burada tədris resursları ilə zəngin fənn kabinetləri, geniş stadion, idman, akt zalları, kompüter kabineti var. Ali məktəblərə qəbul göstəricilərinə əsasən, Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. 2018-2019-cu tədris ilində məktəb-liseyi bitirən 34 məzunun hər biri tələbə adını qazanıb. Burada təhsil alan şagirdlər hər il respublika səviyyəli layihələrdə yaxından iştirak edərək uğur qazanırlar. Təhsil müəssisəsinin respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində çalışaraq orden və medallarla təltif olunan məzunları var.
Xatırladaq ki, “Məktəbimizdə” fotorubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü əks etdirməkdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi fevralın 15-də saat 16:00-da keçiriləcək.
MDU-nun Bakı filialının saytına istinadla xəbər verilir ki, bazar günü məktəbi Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında) təşkil olunacaq. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün MDU-nun Bakı filialının saytında formanı doldurmaq lazımdır. Qeydiyyat şənbə günü saat 11-də bağlanır və bazar ertəsi saat 9:30-dan açılır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.
Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə UNESKO-nun baş qərargahında Fondun “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgisinin açılışı olub.
Sərginin açılışında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş səfirlər, UNESKO-dakı missiyaların rəhbərləri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sərginin açılışında çıxış edərək “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin ərsəyə gəlməsindən danışıb. Bildirib ki, 10 il əvvəl Azərbaycan xalça sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında isə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu baxımdan Şəki xalçalarının UNESKO-nun baş qərargahında sərgilənməsi böyük əhəmiyyət daşıyır. O, sərginin UNESKO-nun baş qərargahında təşkilinə göstərdiyi dəstəyə görə qurumun baş direktoru Odre Azuleyə təşəkkür edib.
Daha sonra sərginin açılışında UNESKO baş direktorunun mədəniyyət məsələləri üzrə köməkçisi Erneste Ottone Ramirez, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov da çıxış ediblər. Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna sərginin təşkilinə görə təşəkkür edilib.
Bildirilib ki, bu sərgi Azərbaycan mədəniyyətini, xalçaçılığını daha yaxından kəşf etməyə imkan yaradır. Xalça toxuculuğu Azərbaycanın kimliyini əks etdirir. Xalça toxuculuğunun nəsildən-nəslə ötürüldüyü diqqətə çatdırılıb. Şəkinin zəngin mədəniyyət irsindən, ipəkçiliyindən, Azərbaycan memarlığının şedevri olan Xan Sarayından danışılıb. Xalça sənətinin Azərbaycan xalqının estetik və dünyagörüşünü, eləcə də plüralist baxışlarını əks etdirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, bu sənət Azərbaycan xalqının həyatının ayrılmaz hissəsidir.
Qeyd edilib ki, mədəniyyət irsinin qorunub saxlanması və nəsildən-nəslə ötürülməsi UNESKO-nun missiyasıdır. Azərbaycanın dövlət nümayəndələrinə qurumun bu missiyasına göstərdiyi dəstəyə görə minnətdarlıq bildirilib.
Tədbirdə sərgilənən xalçaların toxucularından iki nəfəri, eləcə də Kann sərgisindən ruhlanaraq Azərbaycana gəlmiş və xalça toxumağı öyrənmiş Filip Jüj də iştirak ediblər. Filip Jüj “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı layihənin sakini olduğu Kann şəhərində təşkil edilməsindən məmnunluğunu bildirib və elə həmin vaxtdan Azərbaycan xalçalarına heyran olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, xalçalarımıza bu heyranlığı onu həmin sərgini hər gün ziyarət etməyə sövq edib. Dəfələrlə sərgidəki xalçaları seyr etdikdən sonra o, Azərbaycana gələrək xalçaçılar yanında təcrübə keçməsindən, xalça toxumağı öyrənməsindən danışıb. Kanna qayıtdıqdan sonra evində dəzgah qurduğunu və artıq iki xalça toxuduğunu deyib.
Sərginin rəsmi hissəsindən sonra tədbir iştirakçıları nümayiş olunan xalçaları seyr edib və motivlər, rənglərlə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan sənətçiləri, rəssamları Şəki Xan Sarayındakı əsrarəngiz ornamentlərdən, freskalardan ruhlanaraq nəfis və zəngin əsərlər yaradıblar. Sərgidə nümayiş olunan xalçalar da məhz həmin ornamentlərin, Şəki motivlərinin əsasında xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri üzrə iki il ərzində 30 xalçaçı tərəfindən toxunub.
Sərgi ilk dəfə 2019-cu ildə Heydər Əliyev Fondunun Kann şəhərində keçirdiyi Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim edilib və bu il ərzində onun bir çox fransız şəhərlərində nümayişi nəzərdə tutulur.
UNESKO-nun baş qərargahında təşkil olunan sərgi fevralın 4-dək davam edəcək.
Fransa Senatının sərəncamıyla 1980-ci ildə Parisdə yaradılmış Avropa Elm, İncəsənət və Ədəbiyyat Akademiyasının növbəti yubiley sessiyasında Azərbaycanın Xalq yazıçısı Afaq Məsud qurumun həqiqi üzvü seçilib.
A.Məsud akademiyanın baş direktoru, tanınmış ictimai xadim, rəssam Nikol Lemer dAqacionu, sessiya iştirakçılarını salamlayaraq əsas məramı dünya elmi və ədəbiyyatı üzrə əməkdaşlığın inkişafına dəstək vermək olan bu mötəbər qurumun ümumbəşəri dəyərlərə verdiyi töhfələrdən söz açıb: “Əsrlərboyu Şərq və Qərb mədəniyyətlərinin qovşağında formalaşan, Şərqin ruhunu və ağrısını, Qərbin müasirliyini özündə birləşdirən Azərbaycan bu gün də dünya ədəbiyyatına yeni nəfəs, fərqli düşüncə sahibi olan yeni imzalar təqdim etmək iqtidarındadır”.
Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq.
İttifaqdan məlumat verilib ki, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.
Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq. Dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın yeni strukturu müəyyənləşib.
Struktur islahatları təşkilatın fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab vermək və dinamikliyini təmin etməyi hədəfləyən yeni strategiyaya uyğun həyata keçirilib.
İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edərək qeyd edib ki, təşkilatın strukturunun yenidən formalaşdırılması idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, daha operativ idarəçilik mexanizminin yaradılmasına xidmət edəcək.
Həmçinin sessiyada bildirilib ki, struktur layihəsi Səudiyyə Ərəbistanı Krallığının İdarəçilik üzrə Tədqiqatlar və Məşvərət İnstitutunda yaradılmış birgə işçi qrupu tərəfindən araşdırılıb. Son layihənin ərsəyə gəlməsində qrupun rəy və təklifləri, eləcə də bir sıra beynəlxalq təşkilatların təcrübələri nəzərə alınıb.
Qəbul edilmiş dəyişikliyə əsasən, Baş direktorun müavini və köməkçisi vəzifələri təsis edilib. İSESKO-nun əsas sektorlarının (təhsil, mədəniyyət, elm) işi Baş direktorun müavininin səlahiyyətlərinə aid edilib. Baş direktorun köməkçisi isə müştərək xidmət sahələrinin, o cümlədən idarələrin (Yardımçı xidmətlər, İnformasiya texnologiyaları, Nəşr və yayım), tərcümə mərkəzinin fəaliyyətinə cavabdehdir. Təşkilatın digər idarələri (Baş direktorun aparatı, Hüquqi işlər idarəsi, Baş katiblik və konfanslar, Maliyyə, Media, İctimai əlaqələr və protokol, Xoş məramlı səfirlər ofisi) Baş direktorun birbaşa tabeliyindədir.
Qeyd edək ki, budəfəki sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsində olub. Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin inkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak ediblər. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib.