Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • ECB əsas faiz dərəcələrini sabit saxlayıb

    Avropa Mərkəzi Bankı (ECB) gözlənildiyi kimi əsas faiz dərəcələrini eyni səviyyədə saxlayıb.

    Report "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, uçot dərəcəsi 4,5 %, depozitlər üzrə faiz dərəcəsi 4 %, marjinal kredit xətti üzrə faiz dərəcəsi isə 4,75 % qalıb.

    "ECB-nin İdarə Heyəti illik inflyasiyanın 2 %-lik hədəfə qaytarılması siyasətinə sadiqdir. Qurumda hesab edir ki, əsas faiz dərəcələri uzun müddət bu səviyyədə saxlanılarsa, sözügedən məqsədə nail olmaq üçün əhəmiyyətli töhfə verəcək", - deyə məlumatda qeyd olunub.

    Analitiklər və bazar iştirakçıları ötən gün sorğu keçirərək, ECB-nin öz tarixində əsas faiz dərəcələrinin artırılmasının ən aqressiv tsiklinə fasilə verəcəyini və onları dəyişməyəcəyini gözləyirdilər.

    Xatırladaq ki, ECB sentyabrda uçot dərəcəsini 4,25 %-dən 4,5 %-ə, depozitlər üzrə faiz dərəcəsini 3,75 %-dən 4 %-ə, marjinal kredit xətti üzrə faiz dərəcəsini isə 4,5 %-dən 4,75 %-ə çatdırıb.

  • Gələn həftə Bakıda beynəlxalq bankçılıq forumu keçiriləcək

    Noyabrın 1-2-də Bakıda VII Beynəlxalq Bankçılıq Forumu ("IBF-2023") keçiriləcək.

    Report bu barədə "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyinə istinadən xəbər verir.

    Məlumata görə, tədbir “Mastercard” beynəlxalq kart təşkilatı ilə bağlı əməkdaşlıq çərçivəsində, Azərbaycan Mərkəzi Bankının, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə keçiriləcək. "Forumun mövzusu "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq"dır.

    IBF Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Forum banklarla yanaşı, tənzimləyici orqanın, fintex şirkətlərinin, müxtəlif assosiasiyaların, beynəlxalq maliyyə təşkilatlarının, yerli səfirliklərin, akademik dairələrin və tanınmış şirkətlərin rəhbər şəxslərini bir araya gətirir.

  • Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub

    Yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlı Qazaxıstan Prezidentinin müvafiq sərəncamı ilə II dərəcəli “Dostluq” ordeni ilə təltif edilib.

    AZƏRTAC xəbər verir ki, o, qardaş ölkənin ali mükafatına Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

    Ordeni yazıçı-tərcüməçiyə oktyabrın 24-də Qazaxıstan Respublikasının milli bayramı münasibətilə Bakıda keçirilən qəbul zamanı Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel tərəfindən təqdim olunub.

    Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı qazax nəsrindən bir sıra tərcümələri ilə tanınır. O, böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını, 54 yazıçının əsərlərindən nümunələrin toplandığı “Qazax nəsri” antologiyasını, qazax detektiv ədəbiyyatının yaradıcısı Kemel Tokayevin “Gecə açılan atəş” povestlər toplusunu və görkəmli yazıçısı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabını Azərbaycan dilinə çevirib, eyni zamanda, dövri mətbuatda bir sıra qələm sahibləri haqqında məqalələr dərc etdirib. O, hazırda daha bir bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin əsərlərinin tərcüməsi üzərində işləyir.

  • Bakıdakı Rus evində Arif Məlikova həsr olunmuş konsert keçiriləcək

    Bakıdakı Rus evində oktyabrın 27-də saat 19:00-da görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində tamaşaçılar Xalq artistinin yaradıcılıq fəaliyyətinin xüsusiyyətləri ilə tanış olmaq fürsəti əldə edəcək, Azərbaycan Respublikasının Əməkdar artisti Aleksey Miltıxın, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Renata Əbubəkirovanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın müəllimi Nərgiz Kəngərlinin, BMA-nın məktəb-studiyasının müəllimləri Ofeliya Axundova və Nuranə Zeynalovanın, beynəlxalq müsabiqələr laureatı Emil Malıginin, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi Rəna Mirağayevanın və konsertmeyster Sevinc Kərimovanın ifasında Arif Məlikovun musiqi incilərindən zövq alacaqlar.

    Tədbir çərçivəsində Aytən İbrahimovanın bəstəkarın yaradıcılığına həsr olunmuş tədqiqatının təqdimatı təşkil olunacaq.

    Tədbirin aparıcıları və kuratorları BMA-nın orta-ixtisas məktəb-studiyasının elmi-metodiki iş üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinadır.

  • “Tarix” animasiya filmi Portuqaliyada beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

    “Tarix” qısametrajlı animasiya filmi Portuqaliyada keçirilən “Oscar” Mükafatına və Kanada Ekran Mükafatlarına klassifikasiyalı 47-ci “CINANIMA – Festival lnternacional de Cinema de Animação” Festivalının "Grand Panorama" proqramına seçilib.

    “Azərbaycanfilm” kinostudiyandan AZƏRTAC-a bildirilib ki, noyabrın 13-dən 19-dək keçiriləcək festival çərçivəsində “Tarix” filminin eyni zamanda Portuqaliya məktəblərində azyaşlı uşaqlar üçün nümayişi təşkil olunacaq.

    Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi çərçivəsində nazirliyin dəstəyi ilə "OB FILM" tərəfindən istehsal olunmuş "Tarix" filminin quruluşçu rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir.

    Film Birinci Qarabağ müharibəsindən sonrakı dövrdə doğulan, ötən illər ərzində Qarabağın işğalı ilə heç cür barışmayan və sonda 27 illik işğalın üstündən qürurla xətt çəkən oğlanın hekayəsidir.

    Qeyd edək ki, “Tarix” filmi bundan əvvəl Bakıda keçirilən 5-ci "ANIMAFILM International Animation Festival"da, Hindistanda 19-cu "Aakruti-My Creation International Film Festival"da (Quarter-Finalist), Filippində "Batangas Balisong Film Festival"da (Nominant), Xorvatiyada keçirilən 14-cü "VAFI & RAFI - International Children and Youth Animation Film Festival"da, Qazaxıstanda 3-cü “Altın Saka” Beynəlxalq Animasiya Filmləri Festivalında (Qalib) və İtaliyada 3-cü “Festival del Cinema di Cefalu” Festivalında (Nominant) iştirak edərək ölkəmizi təmsil edib.

  • “Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb

    “Ulduz” aylıq ədəbiyyat jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə ortaq layihə çərçivəsində ərsəyə gələn nömrənin devizi “yeni nəsil-poeziya”dır.

    Özəl nömrənin məsul redaktoru və “Ön söz”ünün müəllifi şair Ramil Əhməddir.

    Qeyd edək ki, dərgidə 35 yaşa qədər olan 28 şairin-Aqşin Evrənin, Aygün Bayramlının, Arzu Hüseynin, Allahşükür Ağanın, qazi şair Cavid Qasımovun, Cahan Seyidzadənin, Eminqueyin, Əlibalanın, Fərid Hüseynin, Furqan Sadıqın, Gülay Tahirlinin, Günel Şamilqızının, Habil Rzanurun, Həsən Kürün, İntiqam Yaşarın, Malik Atilayın, Nadir Yalçının, Nizami Bayramlının, Ramil Əhmədin, Rəvan Cavidin, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin, Səddam Laçının, Sərdar Aminin, Şəhriyar del Geraninin, Şəfa Vəlinin, Şahanə Muşfiqin və Ulucay Akifin şeirləri yer alıb.

    Sergey Lukyanenkonun “Dərgidə kitab” rubrikasında yer almış “Çin alışdırıcıları satan qızcığaz” hekayəsini dilimizə Seyfəddin Hüseynli tərcümə edib. “Dərgidə sərgi” rubrikasında rəssam Yaşar Səmədovun əsərləri təqdim edilir.

  • Bu gün Xalq artisti Nəcibə Məlikovanın doğum günüdür

    Bu gün Azərbaycan teatr və kino aktrisası, dramatik obrazların mahir ifaçısı, Xalq artisti Nəcibə Məlikovanın anadan olmasından 102 il ötür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan aktrisa yaratdığı bir sıra yaddaqalan obrazlarla ürəklərə yol tapıb və böyük tamaşaçı sevgisi qazanıb.

    Əvvəlcə kino aktrisası kimi şöhrət qazanmış sənətkarın yaradıcılığının əsas qolu teatr sənəti ilə bağlıdır. Kino tariximizdə bir-birindən bənzərsiz rollar ifa etmiş Nəcibə Məlikova 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib.

    Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

    Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir.

    Deyilənlərə görə, “Ögey ana” filmindəki Dilarə rolu Nəcibə xanımın öz taleyinə bənzəyir. Film ekranlara çıxandan sonra keçmiş SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanaraq onun ifa tərzi haqqında geniş fikir mübadiləsi aparılıb. Aktrisanın oynadığı ögey ana rolu yaxşı mənada müzakirəyə çıxarılıb.

    Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə gücsüz görünüb kövrələn, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

    Ümumiyyətlə Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Nəcibə Məlikovanın istər teatr səhnəsində, istərsə də kinoda oynadığı rollar böyük tamaşaçı rəğbəti qazanıb.

    O da təsadüfi deyil ki, aktrisa teatra nə qədər çox bağlı olsa da, onun kino yaradıcılığı tamam fərqli bir xətt üzrə inkişaf edib. Kino onun həyatının bir parçasına çevrilib. Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

    İllər keçir ancaq o, hər birimizin qəlbində yaşayır, baxdığımız filmlərində bizlərlə bərabər addımlayır.

  • “Mərmər soyuğu” Cottbus Beynəlxalq Film Festivalının əsas müsabiqəsində

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi noyabrın 7-dən 12-dək Almaniyanın Kottbus şəhərində keçirilən 33-cü Cottbus Beynəlxalq Film Festivalında iştirak edəcək.

    Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mərmər soyuğu” festivalın əsas müsabiqə bölməsində 12 ekran əsəri ilə yarışacaq.

    Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir.

    Filmdə baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər. Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

    Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

  • Uzun Həsənə həsr olunan nadir eksponatlar İstanbuldan Heydər Əliyev Mərkəzinə gətirilir

    Noyabrın 1-də Heydər Əliyev Mərkəzində açılacaq “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisində nümayiş olunacaq eksponatlar Mərkəzə gətirilir.

    Report xəbər verir ki, İstanbuldakı Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi eksponatlar ilk dəfə Azərbaycanda təqdim ediləcək.

    2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumat və eksponatları izləmək mümkün olacaq.

    Bu sərgi üçün hazırlanan və Ağqoyunlu dövləti dövrünə aid miniatürlərin əks olunduğu xalçalar, eləcə də Uzun Həsənin obrazını əks etdirən çini heykəlçiklər də hazırlanır.

    Ziyarətçilər bütün bu suvenirləri sərginin davam etdiyi müddətdə Heydər Əliyev Mərkəzindən əldə edə biləcəklər.

  • “Nine Senses” “Anima” rəqəmsal studiyasının açılacağını elan edib

    Oktyabrın 28-də Beynəlxalq Animasiya Günündə “Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzi Bakıda “Anima” animasiya studiyasını açacaq.

    Tədbirin təşkilatçılarının Reporta verdiyi məlumata görə, studiya rejissor Emin Mirabdullayevin rəhbərliyi ilə açılır.

    Bundan başqa, həmin gün fotoqraf İlkin Zəfərlinin rəhbərliyi ilə bədii-kreativ fotoqrafiya və mobiloqrafiya studiyasının açılışı olacaq.

    Həmin gün müxtəlif proqramlar təqdim olunacaq və hər kəs özü üçün maraqlı mövzu tapacaq.

    “Övladınızla gələ bilərsiniz və ya təhsil üçün vaxt ayıra bilərsiniz. Bu isə daha sonra hobbidən yeni bir peşəyə çevrilə bilər”, - məlumatda qeyd edilib.

    Beynəlxalq Animasiya Günü proqramı:

    Saat 14:00-da tamaşaçılar rejissor Emin Mirabdullayevin dünya animasiyasına dair interaktiv dərsinə dəvət olunacaqlar.

    Qonaqlar yeni studiyada animasiya videosunun yaradılmasında iştirak edə biləcək və burada “stop-motion” üslubunda “cut-out” animasiyasının necə yaradıldığını görəcəklər.

    Daha sonra hər kəs İlkin Zəfərlinin əsərlərinin təqdim olunacağı animasiya miniatürləri sərgisinə dəvət olunacaq. Hər bir ekspozisiya özünəməxsus işıq və ab-havası ilə unikal dünyanı təqdim edəcək.

    Fotoqraf istənilən mürəkkəblik səviyyəsində çəkilişlər və işıqla işləmək üçün əl altında olan vasitələrdən anturaj yaratmaq üzrə master-klass keçəcək.

    Qonaqlar həmçinin telefonlarından istifadə edərək İlkin Zəfərlinin “frizlayt” dərsində iştirak edə biləcəklər. Qeyd edək ki, “frizlayt” məkanda işıq vasitəsilə yaradılan rəssamlıq sənətidir.

    Daha sonra tədbir iştirakçıları auditoriyada dünya animasiyasının klassik nümunələrinə baxacaq, saat 19:00-da isə Beynəlxalq Animasiya Gününü “ecstatic dance” adlı rəqslə qeyd edəcəklər.