Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Kitabxana “Qubadlı Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlayıb

    Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qubadlı Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, ənənəvi sərgidə isə Qubadlı şəhəri haqqında, eləcə də Milli Kitabxananın fondunda mühafizə olunan Vətən müharibəsini və Böyük Zəfəri əks etdirən kitablar və materiallar nümayiş olunur.

    Ənənəvi sərgi bir həftə davam edəcək.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Qubadl%C4%B1_bizimdir/index.htm linkindən istifadə edə bilər.

    Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Müzəffər Azərbaycan Ordusunun Qubadlı şəhərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etməsi tarixi ilə bağlıdır.

  • Gənclər Kitabxanasında Qubadlı Şəhəri Günü ilə əlaqədar istifadəçilərə silsilə materiallar təqdim olunub

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən 25 Oktyabr - Qubadlı Şəhəri Günü ilə əlaqədar silsilə materiallar - virtual kitab sərgisi, videomaterial, internet resursları bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonunun yaranma tarixi, etnoqrafiyası, iqtisadi-coğrafi mövqeyi, mədəni-dini obyektləri - məscidləri, türbələri, alban mədəniyyət qalıqları, Laləzar, Bərgüşad kimi körpüləri haqqında geniş məlumat verilib. Materiallarda erməni işğalı dövründə ərazilərin məruz qaldığı vandallıq aktları - tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalq-iqtidar-Ordu birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Qubadlı rayonunun işğaldan azad olunması haqqında məlumatlar təqdim edilir. Videomaterialda dövlətimizin başçısının xalqa müraciətlə Qubadlının geri alınması xəbərini verməsinə, Qubadlı rayonunda aparılan yenidənqurma işlərinə dair görüntülər də yer alır.

    “Qubadlı şəhəri günü” adlı virtual kitab sərgisində Prezident İlham Əliyevin şəhər günlərinin təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Vətən simurqları”, “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”, “Qubadlı: Qədim Azərbaycan torpağı, Zəngəzurun qapısı”, “Azərbaycan dilinin Qubadlı şivələri”, “Dolub-boşalan Qubadlı”, “Qubadlı görüşünə gəlmişəm” kimi 20-dən çox kitabın, “İşğal tarixi silinir”, “Qubadlı: 30 ilin o başı, bu başı” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb.

    Qubadlı Şəhəri Günü ilə əlaqədar kitabxananın rəsmi saytında, həmçinin elektron resursların bazası yaradılıb. Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Qubadlı şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

    Hazırlanan materiallarla tanış olmaq istəyənlər https://ryl.az/multimedia/qubadli-seheri-gunu

    https://ryl.az/multimedia/25-oktyabr-qubadli-seheri-gunu linkindən istifadə edə bilərlər.

  • ABŞ-da Cəmilə Cavadova-Şpitsberqin orqan musiqisi konserti olacaq

    Tanınmış azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberq oktyabrın 24-də Amerikanın Lyuiston şəhərində Müqəddəs Pyotr və Pavel Bazilikasında çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, tədbir ABŞ-ın Men ştatının Azərbaycan icması tərəfindən “Dünyanın hər bir yerindən orqan musiqisi” layihəsi çərçivəsində təşkil olunub. Konsertə giriş sərbəstdir.

    Əslən Bakıdan olan Cəmilə Cavadova-Şpitsberq beynəlxalq səviyyəli orqan ifaçısı, klavişçi və pedaqoqdur. O, Arlinqtondakı (Yuta ştatı) Texas Universitetinin dosenti və Arlinqtonda Birinci Birləşmiş Metodist Kilsəsinin baş orqançısıdır. Cəmilə Cavadova-Şpitsberq ABŞ, MDB ölkələri və Qərbi Avropanın, o cümlədən Niderland, Almaniya, Fransa, Danimarka, Çexiya və İngiltərənin konsert meydançalarında, 2018-ci ildə Vaşinqton Milli Kilsəsində çıxış edib.

    “Biz Men ştatının bütün sakinləri arasında mədəniyyətlərarası mübadiləyə kömək və icmamızın müxtəlifliyinin tanınması üzrə missiyamız çərçivəsində Cavadova-Şpitsberqin gözəl musiqisini Men ştatının sakinlərinə pulsuz təqdim etməyə çox şadıq”, - deyə Men ştatının Azərbaycan icmasının prezidenti Tərlan Əhmədov qeyd edib.

    Cəmilə Cavadova-Şpitsberq Azərbaycan-Amerika Musiqi Fondunu – Azərbaycan və ABŞ arasında “klassik musiqi körpüsü”nün qurulması ilə məşğul olan qeyri-kommersiya təşkilatını yaradıb.

    Men ştatının Azərbaycan icması 2019-cu ildə yaradılıb, konsertlər, dini mərasimlər və digər tədbirlər vasitəsilə ştatın bütün sakinləri arasında mədəniyyətlərarası mübadiləyə yardım edir. İcma fərdi və qrup dəstəyi vasitəsilə ştatın yeni sakinlərinin inteqrasiyasına kömək edir, maarifləndirici proqramlar vasitəsilə cəmiyyətin dayanıqlığını yüksəltməyə çalışır, Men ştatının bütün əhalisinin sağlamlığını və rifahını yaxşılaşdırmağa şərait yaradan xidmətlər və proqramlar haqqında məlumatlılıq səviyyəsini artırır.

  • “Critical Infrastructure Defence Challenge 2023”ün iştirakçıları açıqlanıb

    Oktyabrın 26-27-də Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirində 14 yerli və 27 xarici şirkət, 5 dövlət qurumu və 8 startap iştirak edəcək.

    Report xəbər verir ki, bunu tədbirə həsr edilmiş mətbuat konfransında tədbirin əsas təşkilatçısı olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mətbuat katibi Saida Əhmədova bildirib.

    Onun sözlərinə görə, tədbirdə iştirak üçün 1 700-dən çox qonağın iştirakı təsdiq olunub: “Onların təhlükəsizliyi üçün bütün lazımi tədbirlər görülüb”.

    Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov isə bildirib ki, “Critical Infrastructure Defence Challenge 2023"ün xüsusi qonaqları olacaq, tədbir çərçivəsində dövlət və özəl qurumları, o cümlədən bankları təmsil edən 20 komanda arasında kibermüharibə yarışı təşkil ediləcək: "Tədbirdə iştirak edən şəxslər burada quraşdırılacaq xüsusi monitorlar vasitəsilə müxtəlif yarışlarda iştirak edərək hədiyyələr qazana biləcəklər”.

    Bundan başqa, o, əlavə edib ki, tədbirdə fövqəladə (böhran) vəziyyətdə reaksiya və hesabatlılığa önəm veriləcək: "İT işçiləri hesabatların hazırlanmasında, mövcud vəziyyətin rəhbərliyə çatdırılmasında problemlər yaşayır. Kritik infrastrukturlar barədə məlumatlı və hazırlıqlı olmaq, bu istiqamətdə operativ reaksiya və atılmalı olan addımlarla bağlı təcrübələr bölüşüləcək. Növbəti mərhələlərdə banklara məxsus ödəmə sistemlərinin müdafiəsi ilə bağlı yarışlar olacaq. Gələcəkdə daha spesifik sahələrdə daha tematik yarışlar keçiriləcək".

  • Azərbaycan Çində beynəlxalq konfransda təmsil olunub

    Çin Xalq Respublikasında “The third Music Education Alliance Across the Belt and Road Conference” adlı beynəlxalq konfrans keçirilib. Konfransda ali musiqi ocaqları arasında Böyük İpək yolunu əhatə edən ölkələr - Çin, Vyetnam, Tayland, Kamboca, Hindistan, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Monqolustan, Qana və Almaniyadan olan mütəxəssislər təmsil olunub.

    AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransda ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dekanı, Əməkdar müəllim, professor Nəzakət Rimazi təmsil edib.

    Zəngin proqramı özündə ehtiva edən konfransda iştirakçılar müxtəlif tədbirlərdə, ustad və açıq dərslərdə, mühazirələrdə iştirak ediblər. Onlar, həmçinin milli geyimlərin, milli musiqi alətlərinin nümayiş olunduğu konsertdə Çin xalq ənənəvi musiqi nümunələri ilə yaxından tanış olublar.

    Musiqili gecədə Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılova və Nəzakət Rimazi uğurla çıxış ediblər.

    N.Rimazi, həmçinin Çin telekanallarına konfrans haqqında təəssüratlarını bölüşüb.

  • Bəstəkar və pianoçu Florian Kristl Bakıda çıxış edəcək

    Tanınmış alman bəstəkarı və pianoçusu Florian Kristl oktyabrın 26-da Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, Florian Kristl özünün Avropa, İngiltərə və Cənubi Qafqaza böyük payız turu çərçivəsində üç albomdan - “Inspiration” (2018), “Episodes” (2020) və əks-səda salmış “About Time”dan (2022) ibarət kompozisiyanı təqdim edəcək. İfaçı konsert proqramına 2024-cü ilin aprelində hazırlanması nəzərdə tutulan albomundan yeni kompozisiyalar daxil edib.

    Florian Kristlin fortepianoda coşqun ifa tərzi və kompozisiyalarının xüsusi üslubu, həmçinin, cəlbedici və çox təsiredici olması münxenli bəstəkarın musiqiyə hərtərəfli sevgisini nümayiş etdirir. Fortepianonun bəzən sakitləşdirici, yaxud da güclü səsləri, müstəsna dərəcədə yaradıcı simli aranjirovkada Florian Kristlin musiqisini unikal edir. İmprovizə pianoçunun mühüm yaradıcı üslubudur. Onun üçün əsər tam şəxsi, ən yaxın prosesdir ki, bəstəkar öz musiqisi və düşüncələri ilə təkbətək qalır. Onun məqsədi düşünmək üçün məkan, özünü şux hiss etməkdən ötrü reallığı arxada buraxmaq və xəyallara qapılmaq üçün lazım olan məkanı yaratmaqdan ibarətdir.

  • Xalq artisti Fəxrəddin Manafov gəmiçiliklə bağlı filmə çəkilib

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə ölkəmizdə milli gəmiçiliyin əsasının qoyulmasının 165 illiyinə həsr olunmuş “Üç əsrə şahid” adlı qısametrajlı bədii-sənədli film çəkilib.

    AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Elxan Cəfərov olan ekran əsərində milli gəmiçiliyin zəngin tarixi, ənənələri, müasir dövrdəki inkişafı əksini tapıb. Bundan başqa, filmdə 1855-1916-cı illərdə yaşamış, gəmiçilik təcrübəsinə və səriştəsinə görə rus admiralının qərarı ilə diplom alan ilk azərbaycanlı dənizçi Hacı Vahab Əliqulu oğlunun timsalında dənizçilərimizin ümumiləşdirilmiş obrazı təqdim olunur.

    Xalq artisti Fəxrəddin Manafovun əsas qəhrəmanı canlandırdığı filmdə bədii səhnələrlə yanaşı, izləyiciləri təəccübləndirəcək sənədli kadrlar da yer alıb.

    Filmin süjet xətti kimi, musiqisi də orijinallığı ilə seçilir. Ekran işində səslənən “Xəzərin sahilində” mahnısına Xalq artisti Alim Qasımov və Araz Hümbətli yeni nəfəs verib.

    Bədii-sənədli film yaxın günlərdə ASCO-nun bütün rəsmi platformalarında təqdim olunacaq.

  • Kəssə hər kim tökülən qan izini...

    Bu gün dahi şair, yazıçı və dramaturq Hüseyn Cavidin anadan olmasından 141 il ötür

    Dünya nizamındakı gərginlikdən doğan hadisələrlə zəngin XX əsrin əvvəlləri həm də türk millətinin sınağa çəkildiyi illər idi. Türk dünyasının nəhəng simalarından olan İsmayıl bəy Qaspıralının “İşdə bir, fikirdə bir, əməldə bir”, Əli bəy Hüseynzadənin “Türkləşmək, islamlaşmaq, müasirləşmək” çağırışları öz bəhrəsini tədricən versə də, görüləsi işlər hələ çox idi. Belə bir dövrdə, eləcə də Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonrakı illərdə yazıb-yaratmış Hüseyn Cavid milli şüurumuzun oyanmasında mühüm rol oynayıb.

    AZƏRTAC xəbər verir ki, bu gün dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasından 141 il ötür.

    Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabrın 24-də Naxçıvan şəhərində dünyaya göz açıb. Musiqini, muğamatı yaxşı bilən, məlahətli səsi ilə tanınan atasının qəzələ vurğunluğu gələcəyin söz ustadı Hüseynə də keçib. O, əvvəlcə mollaxana, sonra Naxçıvan rus-tatar məktəbində (Məhəmməd Tağı Sidqinin “Məktəbi-tərbiyə”sində), Təbrizin “Talibiyyə” mədrəsəsində, İstanbul Universitetində təhsil alıb. İstanbuldan yazdığı məktubunda “Əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir” fikri Hüseyn Cavidin düşüncələrindən xəbər verir. Bu həqiqət və məhəbbətin mənasını isə onun vətənini, millətini azad və xoşbəxt görmək arzusu təşkil edirdi.

    İstanbuldan qayıdan Hüseyn Cavid Naxçıvanda, Bakıda, Gəncədə, Tiflisdə müəllimlik edib, habelə bədii yaradıcılıqla məşğul olub. İlk kitabları olan “Ana” və “Keçmiş günlər” Tiflisdə çıxıb. 1918-ci ilin mart hadisələrindən sonra Təbrizə gedən şairin Şeyx Məhəmməd Xiyabaninin “Təcəddüd” qəzetində şeiri dərc edilib. Naxçıvana qayıdan Hüseyn Cavid Mişkinaz xanımla evlənib.

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə Hüseyn Cavidin Abdulla Şaiqlə birgə yazdığı “Ədəbiyyat dərsləri” ortaq türk ədəbiyyat tədrisinin yaradılması istiqamətində atılan ilk addımlardandır.

    Sovet hakimiyyətinin ilk illərində tale ustad sənətkarı sanki sınağa çəkirdi. Qardaşını, qızını itirir. Xanımı cərrahiyyə əməliyyatı olunur. Ehtiyac ucbatından şəxsi kitabxanasındakı kitabları, dolabındakı paltarları satır... Ədəbi tənqid isə bu dövrü 40 yaşlı Hüseyn Cavidin yaradıcılığında “məfkurəvi tərəddüd və böhran” adlandırıb. Halbuki o, bu illərdə “Peyğəmbər” və “Topal Teymur” əsərlərini yazıb.

    1937-ci il iyunun 4-ü və ondan sonrakı hadisələr dahi sənətkarın ideya-məfkurə istiqamətini zərrə qədər də dəyişə bilməyib.

    Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.

    “Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid dramaturq olmazdan öncə romantik şair, sevgi və gözəllik aşiqi kimi tanınıb. Onun poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapıb.

    Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsi gətirən böyük sənətkar “Dəniz tamaşası” (1912) şeirində qoca türkün dili ilə millətin döyüş ruhunun qorunmasının vacibliyindən söz açıb. Dil və din birliyinin qorunub saxlanması problemini “Hərb və fəlakət” şeirində qələmə alaraq “İttihad! İştə ən böyük ideal” yazıb.

    Ümumbəşəri problemləri humanizm mövqeyindən işıqlandıran şairin:

    Kəssə hər kim tökülən qan izini,

    Qurtaran dahi odur yer üzünü -

    kəlmələri bu gün də aktualdır. Bu misralar zamanın gərdişini dərindən duyan dahi sənətkarın münaqişə, müharibə və digər qanlı olayların hələ uzun illər düşüncələrə hakim kəsiləcəyini şair qəlbi ilə hiss etdiyinin nişanəsidir.

    Hüseyn Cavid 1938-ci ildə həbs olunaraq “əks-inqilabi əlaqələr saxlamaq”, “bir sıra müsavatçılarla müsavatçı söhbətlər aparmaq”, “öz ətrafında millətçi düşüncələrlə köklənmiş cavan şairləri toplayıb müsavatçı ruhda təkmilləşdirmək” kimi ittihamlarla günahlandırılıb. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda dünyasını dəyişib.

    Ölümündən sonra Hüseyn Cavidə 1956-cı il martın 6-da bəraət verilsə də, ona ehtiyatla yanaşılıb. Dahi sənətkara siyasi bəraəti ümummilli lider Heydər Əliyev qazandırıb. Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinə hazırlıq gеtdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun nəşinin Sibirdən Azərbaycana gətirilməsi qüdrətli söz ustasına böyük sevgi və ehtiramın təzahürü idi. Ulu Öndərin bu qətiyyətli addımı ilə təkcə dahi sənətkarın ruhu deyil, onu sevən milyonlarla insanın qəlbi rahatlıq tapdı.

    Ulu Öndərin Hüseyn Cavidlə bağlı əvəzsiz tarixi xidmətlərini bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən böyük sənətkarımızın əsərləri latın qrafikasında çap olunub, anadan olmasının 125, 130, 135 və 140 illiyi dövlət səviyyəsində keçirilib.

    Azərbaycan mədəniyyətinin gündən-günə inkişaf etdiyinin, dünyada tanındığının və qəbul olunduğunun şahidi kimi qürurla deyə bilərik ki, Hüseyn Cavidin vaxtilə məfkurə davasını insanların beyninə, milli zehniyyətinə aşılamaq məqsədilə qələmə aldığı

    Turana qılıncdan daha kəskin, ulu qüvvət,

    Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! -

    arzuları da bu gün gerçəkləşib.

  • Noyabrda “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılışı olacaq

    Noyabrın 2-də “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi olacaq.

    Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu başa çatıb.

    Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutub.

    Elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaq ikən çəkdikləri rəsmlərlə təmsil olunurlar.

    Rəsm əsəri sərgilənəcək iştirakçılarla tanış olmaq üçün bu linkə keçid edin.

    Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim olunacaq.

  • "Qonaq Teatr" layihəsi çərçivəsində növbəti tamaşa – “Nurlu ömrün anları”

    Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində oktyabrın 30-da İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Nurlu ömrün anları” (İftixar Piriyev) tamaşası təqdim olunacaq.

    Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tamaşada Ulu Öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canlandırılır, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, xalq, dövlət, ailə sevgisi tərənnüm olunur, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəmizin yüksəlişi naminə fəaliyyəti, 44 günlük Vətən müharibəsinin Zəfər təntənəsi əks etdirilir.

    Teatr Xadimləri İttifaqında təqdim olunacaq tamaşa saat 19.00-da başlanır. Giriş sərbəstdir.