Fevralın 3-də Xətai Sənət Mərkəzi “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinin sərgi-pleneri təşkil olunacaq. Sərgi-plenerdə seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcək.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
Qeyd edək ki, müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil olunan müsabiqəyə seçim 12 yaşa qədər, 12-17 yaşarası kateqoriyası üzrə aparılıb. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçilib.
Misirin İctimai Biznes naziri Hişam Tevfik ölkə parlamentində bəyan edib ki, bu il Çin şirkətlərinin biri ilə elektromobillərin istehsalına dair saziş imzalanacaq. Onun sözlərinə görə, ölkədə ekoloji cəhətdən təmiz olan bu nəqliyyat vasitələrindən istifadə edilməsi məqsədilə onların batareyalarının doldurulması üzrə məntəqələr də yaradılacaq. Nazir əlavə edib ki, hazırda Çin və Misir rəsmiləri arasında bu istiqamətdə danışıqlar davam edir.
“Egyptindependent” nəşrinə istinadla xəbər verilir ki, Misir hökuməti tezliklə 11 min elektromobil idxal etməyi və onlardan taksi xidmətində istifadəni planlaşdırır. Bu məqsədlə Çinin “Dongfeng Motor” şirkəti ilə danışıqlar aparılır. Həmin şirkət Misirin “Nəsr” dövlət korporasiyasına elektromobil istehsalında da kömək edəcək. Hişam Tevfik bildirib ki, bir neçə ildən sonra ölkədə elektromobillərin istehsalı 25 minə çatdırıla bilər.
Bundan başqa, Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyi və İtaliyanın “Eni” şirkəti arasında elektromobillərin batareyalarının doldurulması stansiyalarının yaradılmasına dair razılıq əldə olunub.
2020-2024-cü illər bütün meteoroloji müşahidələr ərzində dünya miqyasında ən isti beşillik ola bilər.
Sky News telekanalı bu barədə Britaniya meteoroloji xidmətinə istinadla məlumat yayıb. Ekspertlər hesab edirlər ki, qarşıdakı beş ildə temperatur sənayeləşmə dövrünədək olan göstərici ilə müqayisədə 1,15-1,46 dərəcə yüksələcək.
Telekanal, eyni zamanda, xatırladır ki, əvvəlki beş il də müşahidələrin başlanğıcından bəri ən isti dövr sayılır. Bu müddətdə temperatur əvvəlki göstəricilərə nisbətən orta hesabla 1,09 dərəcə artıb. Alimlər xəbərdarlıq edirlər ki, dünya temperaturunun artımını iqlim üzrə 2015-ci il Paris sazişində göstərilən 1,5 dərəcə hüdudlarında saxlamaq vacibdir.
Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda Azərbaycan və Özbəkistan arasında elmi-ədəbi əlaqələrə dair tədbir keçirilib.
Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə təşkil olunub.
İnstitutun direktoru, professor Nizaməddin Mahmudov iki ölkə arasında mövcud elmi-ədəbi əlaqələr haqqında məlumat verib, bu istiqamətdə AMM tərəfindən çoxsaylı layihələr həyata keçirildiyini deyib. O, Azərbaycan mədəniyyətini, ədəbiyyatını Özbəkistanda uğurla tanıdan Mədəniyyət Mərkəzinin fəaliyyətini təqdir edib, mərkəzlə Özbəkistanın müvafiq qurumlarının əməkdaşlığının faydalı olduğunu bildirib.
Nizaməddin Mahmudov AMM-nin direktoru Samir Abbasova Azərbaycan ilə Özbəkistan arasında elmi-ədəbi əlaqələrin inkişafında xidmətlərinə görə Özbəkistan Milli Elmlər Akademiyasının fəxri diplomunu təqdim edib.
Samir Abbasov iki ölkə arasında elmi-ədəbi əlaqələrin əməkdaşlıqda mühüm rol oynadığını deyib, aparılan işlərə diqqət və dəstəyə görə Özbəkistan Milli Elmlər Akademiyasına təşəkkürünü bildirib. O, 2019-cu ildə Azərbaycan Respublikasında “Nəsimi ili” ilə əlaqədar dünya ölkələrində, o cümlədən Özbəkistanda görülən işlər haqqında məlumat verib. Qeyd edib ki, ötən il Azərbaycan-Özbəkistan münasibətləri, mədəni əlaqələrin inkişafı baxımından uğurlu olub. Türk Şurasının Bakıda keçirilən VII Zirvə Görüşündə Özbəkistan Prezidentinin iştirakı və qardaş ölkənin təşkilata üzv olması əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir.
Qeyd olunub ki, ötən illər ərzində Azərbaycan ədəbiyyatı klassiklərinin, şair və yazıçılarının əsərləri özbək dilində nəşr olunub. İlk dəfə olaraq dahi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilində çap edilib, “Azərbaycan-özbəkcə, özbəkcə-Azərbaycanca lüğəti” işıq üzü görüb. AMM bu il Məhəmməd Füzuli, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabirin əsərlərinin özbək dilinə tərcümə layihəsini həyata keçirəcək.
S.Abbasov Özbəkistanın gənc tədqiqatçıları üçün Azərbaycanın elmi müəssisələri, ali məktəblərinin elan etdiyi beynəlxalq təhsil və qrant proqramları haqqında məlumat verib, onları bu proqramlarda yaxından iştiraka dəvət edib.
Tədbirdə digər çıxış edən alimlər Azərbaycan elminin, ədəbiyyatının zəngin ənənələri olduğunu, bu ədəbiyyatın özbək dilində nəşri, tərcümə məktəbinin formalaşdırılması istiqamətində AMM-nin uğurlu layihələrini diqqətə çatdırıblar.
Gənc tədqiqatçıların Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinə dair birgə layihələrdə, təhsil və mübadilə proqramlarında, ədəbi tərcümə sahəsində, AMM-nin layihələrində, müsabiqələrində iştirakına dair debat keçirilib.
Sonda Mədəniyyət Mərkəzinin direktoru instituta mərkəzin təşəbbüsü ilə çap olunan azərbaycanlı alim Qulamhüseyn Əliyevin “Azərbaycan-Özbəkistan ədəbi əlaqələri” kitabını və “İrəvan xalçaları” toplusunu hədiyyə edib.
"15-ci əsrədək olan ortaq türk tarixi ilə bağlı dərslik artıq hazırdır".
Bunu Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırlanmış dərsliyin tədrisinə başlaması məsələsi Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində də işlər gedir. Burada bu məsələ də müzakirə olunacaq".
Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclası keçirilir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) mədəniyyət sahəsində ilin sorğusunu keçirəcək.
Mərkəzdən bildirilib ki, qurumun yerli və xarici tərəfdaş təsisatların, habelə digər sahələrin alim və mütəxəssislərinin iştirakı ilə keçirəcəyi “Mədəni-istehlakçı səbəti” adlı pilot sorğusu sahənin sosial-siyasi aktuallığının artmasına, qarşıda duran cari vəzifələrin icrasının rasionallaşmasına, habelə elmi proqnoz metodları vasitəsilə sahənin perspektiv vəzifələrinin müəyyən olunmasına xidmət edəcək. Belə ki, əldə olunacaq ilkin indikatorlar növbəti addımların hansı istiqamətdə atılması üçün zəmin yaradacaq. Mədəniyyət sahəsində ilin sorğusu statusuna iddialı olacaq sözügedən layihənin hər bir mərhələsi barəsində ictimaiyyət geniş şəkildə məlumatlandırılacaq.
Qeyd edək ki, BMT-nin insan inkişaf indeksinə əsasən, hər bir insanın yaşayış minimumunu təmin etmək məqsədilə müxtəlif dövlətlərdə fərqli minimum istehlak səbəti tərtib olunur. İnsanların yaşayışını təmin edə biləcək ərzaq, qeyri-ərzaq malları və xidmətlərə olan tələbatlar qəbul olmuş metod və düsturlarla elmi normalar əsasında müəyyənləşdirilir.
Qaçılmaz qloballaşma prosesləri nəticəsində müxtəlif təhdidlərlə rastlaşan milli identiklik məfhumu, müxtəlif keçid mərhələləri yaşayan ölkələrdə sahələr üzrə müşahidə olunan transformasiya təzahürləri, davamlı yeniləşən sosial reallıq, təhsil formatlarının dəyişikliyi, modernləşmə tendensiyaları, ictimai zövqün həssaslığı, habelə insanın mədəni özünüdərketməsinə, dünyagörüşünə və mədəni seçimlərinə təsir edə biləcək onlarla digər obyektiv səbəbləri nəzərə alaraq, insanın mənəvi ehtiyaclarını ödəyən minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması strateji əhəmiyyət kəsb edən vəzifələrdəndir.
Rəqəmsal texnologiyaların sürətli artım dinamikası müasir dövrdə paytaxt və regionlarda yaşayan orta statistik vətəndaşın minimum mədəni-istehlakçı səbətinin müəyyən olunması mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin icrası prosesinin effektivliyini artıracaq. Eyni zamanda mövcud istiqamətdəki hədəflərə nail olmaq üçün rasional, habelə effektiv metod və mexanizmlərin müəyyən olunması üçün minimum mədəni-istehlakçı səbəti universal alətlərdən biri kimi sayıla bilər. Sözügedən məfhum mədəniyyət siyasətinin davamlılığını təmin edəcək və vəzifələrin icrasına maneə ola biləcək amillərdən də sığortalanmaya xidmət edəcək. Beynəlxalq təcrübəni nəzərə alaraq, mədəni-istehlakçı səbəti eyni zamanda ictimai şüurda düzgün mədəni tələbat və oriyentirlərin formalaşması prosesinə də dəstək göstərmək iqtidarındadır.
Bu ilin ilk 3 ayı ərzində Bakıya 100 ədəd elektriklə işləyən taksilər gətiriləcək.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, gətiriləcək avtomobillər hibrid deyil: "Yeni avtomobillər hibrid deyil, elektromobil taksilərdir. Hal hazırda ölkəyə nümunə üçün bir ədəd avtomobil gətirilib.
Elektromobil taksilərlə yanaşı, köhnə avtomobillər, yəni TX4 markalı taksilər də fəaliyyətlərinə davam edəcəklər.
Elektromobil taksilər TX5 markalı avtomobillərdir. Yeni taksilərin köhnə (TX4) markalı taksilərdən fərqli cəhətləri var. TX5 markalı yeni taksilərin rahatlığı tam təmin etmək üçün altı nəfərlik geniş salonu var. Bu taksilərdə Android sistemi, Brayl əlifbası, taksometrlər, post terminal cihazları quraşdırılıb, sensor sistemlərlə təchiz olunub".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır. Müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq.
Nazirlikdən verilən məlumatda bildirilir ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb.
Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir.
İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.
Bütün bunlar müəssisədə səmərəli fizioterapevtik müalicə üsulları vasitəsilə və müasir metodika və texnologiyalardan da geniş istifadə edilməklə əlilliyi olan şəxslərə göstərilən bərpa müalicəsi xidmətinin keyfiyyətinin yüksəlməsini təmin edəcək.
28 noyabr 2020-ci il tarixində Azercell Tələbə Təqaüd Proqramı üzrə qalib gələn tələbələrin təntənəli mükafatlandırma mərasimini keçirib. “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, Azercell-in İnsan Kapitalının İdarə edilməsi departamentinin direktoru Ziba Mustafayeva və SABAH İcra Komitəsinin tələbələrlə iş üzrə meneceri Mehriban Nəzərova qalibləri təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzu ediblər. “Yarandığı gündən etibarən Azercell tələbələrin fərdi və peşəkar inkişafına böyük töhfə verməklə yanaşı, bu istiqamətdə yeni imkanların yaradılması üzərində çalışır. Biz, istedadlı gənclərin elmi fəaliyyətinin təşviqinə yönəlmiş bir sıra layihələrin təşəbbüskarı olmaqdan qürur duyuruq. Artıq 12 ildir ki, Azercell hər il ənənəvi olaraq tələbələr üçün Təcrübə və Təqaüd proqramları həyata keçirir və şirkətimiz bu günə qədər 230-dan çox tələbəyə təqaüd ayırıb ”,- deyə Vahid Mürsəliyev tədbirdə çıxışı zamanı qeyd etdi.
Xatırladaq ki, Azercell-in Tələbə Təqaüdü proqramına müraciətlərin qəbulu cari ilin sentyabr ayında açıq elan olunub. Müraciət etmiş 1750 tələbədən, 741 öncədən qoyulan tələblərə cavab verərək, mərhələli seçim prosesinə dəvət alıblar. Proqramda iştirak edən bütün tələbələr üçün bərabər şəraitin yaradılması məqsədilə İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri üç ay ərzində paytaxt və bölgə universitetlərinin tələbələri ilə görüşərək proqram haqqında məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, bu il 28 tələbə Azercell təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərin 9-u Bakı, 10-u bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci ildə Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. Qaliblər ali təhsillərinin sonunadək Azercell şirkətindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını əldə ediblər.
Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3,2 milyon və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2019-cu ilin dekabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 2018-ci ilin dekabr ayı ilə müqayisədə 11,8 faiz artaraq 93 milyon manat təşkil edib.
Ümumilikdə isə 2019-cu ilin yanvar-dekabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1 milyard 257 milyon manat təşkil edib.