Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Rabitəbank 2019-ci ili 11 milyon mənfəət ilə başa vurdu

    2019-cu il göstəricilərinə əsasən, Rabitəbank 11,1 mln manat mənfəət etmiş və aktivləri 740 mln manata çatdırmışdır. Bankın kredit portfeli 2019-ci il ərzində 18% artaraq 385 mln. manat, məcmu kapitalı isə 10 % artaraq, 114 mln manat təşkil etmişdir. 2019-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 14% artaraq 53,9 mln manat, xərcləri isə 42,5 mln manat təşkil etmişdir.

    Bank həmçinin, 2019-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi 29%, istehlak kreditlərini isə 24% artmışdı. 2019-ci ildə sürətli pul köçürmələrində də 14%-dən çox artım müşahidə edilmiş, plastik kartların sayı 41% artırmışdır.Həmçinin bank xüsusi imtiyazları olan və çoxlu sayda üstünlükləri özündə cəmləyən, Kartmane kartını müştərilərinə təqdim etdi. Yaşıl və Premium Kartmane, debit və kredit kartı olaraq müştərilərinin istifadəsinə təqdim olunmuşdur. Bütün dünyadakı YDM və restoranlardan cashback qazandıran Kartmane, ölkədə ilk dəfə tam 100 gün güzəşt müddətli kredit kartını da 2019-cu ildə istifadəyə buraxdı. Həmçinin mastercard PayPass stiker kartları da bank tərəfindən müştərilərinə təklif edilir.

    Rabitəbank 27-ci fəaliyyət ilində rebrendinq edərək, ənənəvi xidmətləri ilə yanaşı, rahat və innovativ rəqamsal xidmətlərini öz müştərilərinə təqdim etdi. Rahat interfeys və geniş funksionallığı ilə istifadəyə verilən Rabitabank Mobil tətbiqi, bankın rabitabank.com rəsmi internet saytı tam yenilənərək istifadəyə təqdim edilib. Həmçinin, bankın digər innovativ təklifi olan RabitəBot, 2019cu ildə hesabın alman üsulu bölünməsi, cərimələrin ödənişi, teleqramda dostunuzla danışıq pencərəsindən ayrılmadan dərhal pul göndərmək və ölkədə ilk dəfə onlayn bələdçi olan, Mastercard konsyerj xidməti ilə müştərilərinə xoş təəccüb və rahat imkanlarını təqdim edib.

    2019-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Nəsimi filialı şəhərin mərkəzində 24/7 rejiminə keçmiş və yeni üslub ilə müştərilərin ixtiyarına təhvil verilmişdir. Həmçinin paytaxtda daha 3 ATM istifadəyə verilərək, sayı 68-ə çatdırılmışdır.

    İldən-ilə inkişaf edən Rabitəbank, 2020-ci ildə yeni məhsul və xidmətləri ilə öz müştərilərinə rahat bankçılıq imkanlarını təklif etməyə hazırlaşır.

  • Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili tədbir təşkil edilib

    Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunmuş ədəbi-musiqili poeziya gecəsi təşkil edilib.

    Tədbir Səməd Vurğunun ev-muzeyi və Vaqif Səmədoğlu Mərkəzi “Qrammofon” ədəbi layihə çərçivəsində həyata keçirilib.

    Tədbiri muzeyin direktoru Nüşabə Vəkilova açaraq Vaqif Səmədoğlunun həyat və yaradıcılığından bəhs edib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib. V.Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlərin onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyini bildirib.

    Gecədə aktyor, qiraətçi Kamran M. Yunis və bədii qiraət ustası Xəzər Süleymanlının ifasında Vaqif Səmədoğlunun şeirləri oxunub. Həmçinin bəstəkar-müğənni Sevinc Ağasıyeva, pianoçu Zaur Baratov, gənc ifaçı Faiq Mirzə Əliyev şairin sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

    Tədbirdə iştirak edən mədəniyyət, elm adamları, Vaqifsevərlərin hər biri bu gecədən böyük zövq aldıqlarını, ifaçılara, muzeyin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

  • Malayziyada Azərbaycanın aşıq sənətinə dair elmi məqalə dərc edilib

    Malayziyanın nüfuzlu elmi tədqiqat nəşrlərindən olan SARE jurnalının (Southeast Asian Review of English) 56-cı cildinin 2-ci sayında ingilis dilində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.

    Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənət Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən qələmə alınmış məqalə “Sazım yardan ötrü fəryad edir” başlığı daşıyır.

    Məqalədə əvvəlcə Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra 19-cu əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də tarixən cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən ehtiram oxucuların diqqətinə çatdırılır. Bu səpkidə müəlliflər Aşıq Bəstinin hələ 19-cu əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.

    Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.

    Azərbaycan Respublikasının Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətəndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli mədəniyyətimizin təbliğ olunmasına böyük diqqət və qayğı göstərdiyini qeyd edərək, bu gərgin əməyin nəticəsi kimi 2009-cu ildə aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb. Səfir qeyd edib ki, bu məqalə vasitəsilə malayziyalı sənətsevərlər və tədqiqatçılar Azərbaycanın əzəli torpaqlarından olan Kəlbəcərin tarixi qadın incəsənət ustadlarından Aşıq Bəsti barədə məlumat öyrənir, eyni zamanda, hazırda işğal altında olan torpaqlarımıza məxsus böyük mədəni irsimizlə tanış olmaq üçün əlavə mənbə imkanı qazanırlar.

    Qeyd edək ki, SARE jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin dövri-elmi nəşridir. Öz növbəsində Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir. 

  • Sabah Bakıda 14 dərəcə isti olacaq

    Azərbaycanda yanvarın 30-na müşahidə olunacaq hava şəraiti açıqlanıb. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 12-14, Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Azərbaycanın rayonlarında yanvarın 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 30-da Abşeron yarımadasında sabit hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

     
  • Azərbaycanda İsraildə keçirilən "CyberTech Global 2020" konfransında iştirak edir

    Bu gün İsrailin paytaxtı Təl-Əvivdə "CyberTech Global 2020" beynəlxalq konfransı işə başlayıb. 

    Konfrasın açılışını İsrailin baş naziri Benyamin Netanyahunun etməsi gözlənilsə də onun ABŞ-da olması səbəbindən bu, baş tutmayıb. Odur ki, hökumət başçısının videomüraciəti nümayiş etdirilib. 

    Daha sonra tədbirdə bu il ilk dəfə 5G texnologiyası və onun üzərindən həyata keçirilən kiber hücumlar haqqında da məlumat verilib. 

    Ümumilikdə 18 minə yaxın iştirakçının qatıldığı sərgi-konfransda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanov təmsil edir.

    Konfransda çıxış edən İsrailin Elektrik Korporasiyaslnın İdarə Heyətinin rəhbəri Yiftah Ron-Tal qeyd edib ki, hazırda dünyada 1 milyarddan artıq insan elektrik enerjisi olmadan yaşayır: "Bu isə bizi "yaşıl enerji" ilə bağlı fəaliyyətimizi genişləndirməyə sövq edir". 

    İsrail rəsmisinin fikrincə, kiberhücumlara qarşı mübarizə aparmaq üçün ən effektiv addımlardan biri bu sahədə fəaliyyət göstərən startapların dəstəklənməsidir: "Təkcə 2019-cu ildə İsraildə kibertəhlükəsizlik üzrə 12 startapa 1,9 milyard ABŞ dolları invesitisiya yatırılıb".

    Dünya üzrə kiberhücumların aktivliyindən danışan Yiftah Ron-Tal hər saniyədə 11 mindən artıq hücum qeydə alındığını açıqlayıb.

     
  • Azərbaycan Nyu-Yorkda keçirilən səyahət sərgisində təmsil olunub

    Nyu-Yorkun Jacob K. Javits Konvensiya Mərkəzində “Səyahət Şousu-2020” adlı sərgi təşkil edilib.

    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, sərgidə Azərbaycanı Nyu-Yorkda fəaliyyət göstərən “Mənim Yolum” Uşaq və Gənclərin İnkişaf Mərkəzi təmsil edib.

    Mərkəzin milli geyimli yetirmələri sərgi iştirakçılarına və ziyarətçilərə Azərbaycan rəqslərini təqdim ediblər.

    Qeyd edək ki, Nyu-Yorkda “Səyahət şousu” sərgisi hər il “The New York Times” qəzeti tərəfindən təşkil edilir. Şimali Amerikada ən böyük səyahət şousu olan bu sərgiyə 175-dən çox ölkədən 700-dən artıq iştirakçı qatılır.

  • “Hüquqi müstəvi” jurnalı nəşrə başlayıb

    “Hüquqi müstəvi” elmi-nəzəri, təcrübi jurnalının ilk nömrəsi çapdan çıxıb. Nəşrin təsisçisi və baş redaktoru hüquq elmləri doktoru Etibar Əliyevdir.

    Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin demokratik dövlətin mühüm təsisat kimi başlıca vəzifəsi haqqında dəyərli fikirləri ilə açılır.

    Nəşrdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran lider”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərovun “Heydər Əliyev idarəçilik məktəbi Azərbaycanın davamlı inkişafının təməli və qarantıdır”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Dahi siyasətçi, görkəmli dövlət xadimi, ümummilli lider”, AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı prezident”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının “Xalqın inam və etimadına arxalanan lider” və digər məqalələr yer alıb.

    Jurnalın ilk nömrəsində dərc olunan materiallarda ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdikləri uzaqgörən siyasətin uğurlu nəticələri, eləcə də Azərbaycanın bugünkü inkişafını şərtləndirən amillər elmi-fəlsəfi kontekstdə araşdırılır. Qeyd olunur ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr Azərbaycanın dinamik inkişafı, müasirləşməsi, ölkə həyatının bütün sahələrində əsaslı islahatlarla səciyyəvidir. Dünyada və regionda gedən proseslərdən asılı olmayaraq Azərbaycan müstəqil siyasət yürüdür, öz inkişaf modeli və brendləri ilə diqqəti cəlb edir.

    Nəşrdə, həmçinin hüquq sahəsi ilə bağlı bir sıra rəsmi sənədlər yerləşdirilib.

    “Elm xadimləri” rubrikasında isə oxucular akademik Həsən Əliyev, iqtisadçı-alim Mədət Allahverdiyev haqqında maraqlı yazılarla tanış ola bilərlər.

    Elmi-nəzəri, təcrübi jurnalın redaksiya şurasının sədri Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevdir. Şuraya Azərbaycan, Türkiyə, Rusiya və Ukraynanın ali təhsil müəssisələrinin nüfuzlu alimləri daxildir. Nəşrin məsul redaktoru Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Əlizadə Məmmədovdur.

     
  • Xətai Sənət Mərkəzində iki gənc rəssamın sərgisi açılacaq

    Fevralın 2-də Bakı Xətai Sənət Mərkəzində gənc rəssamlar Lalə Hüseynzadə və Emin Saqinin əsərlərindən ibarət sərgi açılacaq.

    Mərkəzdən bildirilib ki, “Sağlamlığın Qorunması” İctimai Birliyi və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq sərgi 2 fevral – Gənclər Gününə həsr olunacaq.

    Sərgidə 30-dan çox əsərin nümayişi nəzərdə tutulur.

     
  • “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

    Qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub. Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc edib (Azərbaycan və rus dilində).

    DİM-dən bildirilib ki, jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.

    Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

     
  • “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan–Türkiyə münasibətlərində” kitabı çapdan çıxıb

    Tarix üzrə fəlsəfə doktoru Akif Mariflinin “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan–Türkiyə münasibətlərində (1980-ci illərin sonları – 2000-ci illərin əvvəlləri)” adlı monoqrafiyası “Elm” Nəşriyyatında işıq üzü görüb.

    Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin geosiyasi kökləri, səbəbləri və əsl mahiyyəti araşdırılıb.

    Tədqiqat əsərində, həmçinin Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının başlanmasının xronologiyası verilib, münaqişə Azərbaycan-Türkiyə münasibətləri kontekstində təhlil olunub, bu məsələnin Türkiyənin xarici siyasətində tutduğu yer, qardaş ölkənin bu istiqamətdə apardığı siyasət tədqiq edilib. Münaqişənin Türkiyə-Ermənistan əlaqələrinə təsiri və Türkiyədə bu istiqamətdə ictimai rəyin formalaşmasının siyasi analizi verilib, qardaş ölkənin kütləvi informasiya vasitələrinin məsələyə münasibəti araşdırılıb. Kitabda Azərbaycan-Türkiyə əlaqələrinin dil, din, hərbi, iqtisadi, mədəni baxımdan yaxınlığı önə çəkilib, bunun fonunda Türkiyə-Ermənistan əlaqələrinin bugünkü vəziyyəti xarakterizə edilib.

    Əsərdə, həmçinin Türkiyə Böyük Millət Məclisinin məsələyə münasibəti qurumun arxiv materialları əsasında araşdırılıb, rəsmi Ankaranın mövqeyi təhlil olunub.

    Kitabın elmi redaktoru Tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovdur.