Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Ədliyyə nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edəcək

    Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların qayğı və problemlərinə diqqətlə yanaşılması barədə tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 3-də Ədliyyə nazirinin müavini Azər Cəfərov tərəfindən Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

    Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi 172) keçiriləcək qəbulda Mingəçevir şəhəri, həmçinin Bərdə, Yevlax, Şəki və Goranboy rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

    Vətəndaşlar qəbula Bərdə regional ədliyyə idarəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77; əlaqə telefonları: (02020) 5-43-07, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

    Eyni zamanda, vətəndaşların rahatlığı üçün qəbula nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.

  • “Bremen musiqiçiləri” növbəti dəfə göstərilib

    Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri rusdilli tamaşaçıların ixtiyarına verilib.

    Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan səhnə əsərində rəsmlərin quruluşu Telman Şıxıyevə, musiqi tərtibatı isə İradə Muradovaya məxsusdur.

    Rejissoru Gülnar Hacıyeva olan tamaşada rolları Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa ediblər.

    “Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər həqiqətən saf duyğular, isti hisslər yaradır.

  • “Uşaq kitabı həftəsi – 2020” təşkil olunacaq

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Müstəqil Dövlətlər Birliyinin Kitabyayımı Assosiasiyasının bu ilin martında keçirəcəyi ənənəvi “Uşaq kitabı həftəsi”ndə iştirak edəcək.

    Tədbir uşaq mütaliəsinin inkişafı ilə əlaqədar hər il təşkil edilir. “Uşaq kitabı həftəsi” çərçivəsində mart ayı ərzində uşaq yazarları ilə görüşlər, mütaliə bayramları, kitab təqdimatları, oxucu konfransları, “ucadan oxu”lar, şeir müsabiqələri, ustad dərslərin keçirilməsi nəzərdə tutulub. Uşaq rəsmlərinin müsabiqəsi də keçiriləcək. Müsabiqədə Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş, habelə 2020-ci ilin yazıçı-yubilyarları P.Yerşov, C.Podari, H.X.Andersen və A.Sent-Ekzüperinin əsərlərinə çəkilmiş uşaq rəsmləri iştirak edəcək.

    “Uşaq kitabı həftəsi”ndə “Ən çox satılan uşaq kitabı” və “Ən populyar uşaq nəşriyyatı” aksiyalarında iştirak edən ən yaxşı kitab ticarəti müəssisələri təltif olunacaq.

    Yaxın zamanda uşaq rəsmi müsabiqəsinin şərtləri haqqında ətraflı məlumat veriləcək.

  • Kukla Teatrı azyaşlı tamaşaçılarını dəvət edir

    Fevralın 1-də A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi iki səhnə əsəri -“Pşiyin evi” və “Çipollino”nu balaca teatrsevərlər üçün təqdim edəcək.

    Tamaşaçılar müvafiq olaraq saat 12.00 və 14:00-da “Pişiyin evi”ni, 16.00-da isə “Çipollino”nu izləmək imkanı qazanacaq.

    Qeyd edək ki, sənət ocağının səhnəsində gələn ay iyirmidən çox tamaşa nümayiş ediləcək.

  • Tənqidçi-ədəbiyyatşünas Ülvi Babasoyun yeni kitabı çap olunub

    “Ədəbiyyat qəzeti” yayınları seriyasından daha bir kitab çap olunub.

    Tənqidçi-ədəbiyyatşünas Ülvi Babasoyun “Doğumun unuduluşu” adlı yeni kitabı işıq üzü görüb. Kitab istedadlı şair Faiq İsmayılov və şeir sənətinə konseptual baxışdır.

    “Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçiləri professor Akif Hüseynli və Rüstəm Kamal, ön sözün müəllifi filologiya elmləri doktoru Elnarə Akimovadır.

  • Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ edilir

    Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz EMİTT 2020 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təmsil olunur.

    Yanvarın 30-dan fevralın 2-dək davam edəcək sərgi çərçivəsində Türkiyəni və digər iştirakçı ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı (Biznesdən-biznesə) görüşlər keçiriləcək və əməkdaşlıq imkanları qiymətləndiriləcək.

    Sayca 24-cü olan EMİTT sərgisi hər il keçirilir və dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur.

    2019-cu ildə sərgidə dünyanın 94 ölkəsindən 1201 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 57 mindən çox ziyarətçi qəbul edib.

    Qeyd edək ki, 2019-cu ildə Azərbaycana səfər edən türkiyəli vətəndaşların sayı 316 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 8, 6 faiz artım deməkdir.

  • “YARAT”da İran istehsalı olan filmlər göstəriləcək

    Fevralın ilk iki həftəsi ərzində “YARAT” Müasir İncəsənət Mərkəzində son bir neçə il ərzində ən böyük kinofestivalların tamaşaçı və tənqidçilərinin diqqətini cəlb edən İran istehsalı olan filmlər nümayiş olunacaq.

    “YARAT”dan bildirilib ki, tamaşaçılar İranın tanınmış ən məşhur rejissorlarının filmlərini izləmək imkanı qazanacaqlar.

    Belə ki, fevralın 4-də “Persepolis” (2007), 5-də “Təsdiqlənmiş surət” (2010), 11-də “İran” (1977), 12-də isə “Bəhcad Sədr: Dayandırılmış zaman” (2013) filmləri göstəriləcək.

    Qeyd edək ki, hər kəsin filmləri izləmək imkanı var.

  • ADU-nun mindən çox tələbəsi “Bir” Tələbə-Könüllü Proqramında iştirak edir

    Hazırda Azərbaycan Dillər Universitetində (ADU) üç mindən artıq könüllü tələbə var. Onlar indiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə ən fəal iştirak edən tələbələr olublar.

    ADU-dan bildirilib ki, tələbələrinin dil bilgisi genişdir. Burada ingilis, fransız, ispan, alman dillərindən başqa, Çin, yapon, Koreya və başqa dillər də tədris olunur. Bu da tələbələrin könüllü kimi fəaliyyət göstərmələrinə geniş imkanlar yaradır.

    Universitetdə müxtəlif gənclər təşkilatları fəaliyyət göstərir ki, onların da üzvü olan tələbələrin hər biri könüllüdür. Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında, İslam Həmrəylik Oyunlarında, Formula 1 yarışlarında iştirak edən könüllülərin böyük qismini ADU-nun tələbələri təşkil edir. Birinci Avropa Oyunları keçiriləndə ADU-nun mindən çox tələbəsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın imzası ilə təşəkkürnamə təqdim olunmuşdu. Daha sonra digər beynəlxalq tədbirlərdə iştirak edən tələbələrin hər birinə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif təşəkkürnamələr və diplomlar təqdim olunub.

    ADU-nun tələbələri “ASAN xidmət”, Xarici İşlər Nazirliyi və Miqrasiya Xidmətində könüllü kimi çox fəal iştirak edirlər. Bu qurumların könüllülərinin böyük əksəriyyəti ADU-nun tələbələridir. “Bir” Tələbə-Könüllü Proqramına isə universitetin mindən artıq tələbəsi qoşulub.

    2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu istiqamətdə yeni mərhələ olacaq. ADU-nun tələbələri hər zaman olduğu kimi, 2020-ci ildə də könüllülük hərəkatında aktiv fəaliyyətləri ilə seçiləcəklər.

     
  • Yanvarın son gününə olan hava proqnozu açıqlanıb

    Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-15, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 759 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

    Tibbi-meteoroloji proqnoza görə, yanvarın 31-də Abşeron yarımadasında metoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında yanvarın 31-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

     
  • Stokholmda qalereyadan Dalinin heykəlləri oğurlanıb

    İsveçin paytaxtı Stokholm şəhərinin mərkəzindəki Estermalm bölgəsindəki “Couleur” qalereyasından Salvador Dalinin əl işləri olan ondan çox heykəl oğurlanıb.

    TASS-a istinadən xəbər verilir ki, oğurlanan heykəllərin dəyəri milyonlarla kron (yüzminlərlə dollar) dəyərində qiymətləndirilir.

    Polis artıq istintaqa başlayıb. İlkin ehtimala görə, qalereyada azı iki oğru olub və onlar cinayət yerindən avtomobillə qaçıblar. İstintaq aparıldığından hadisənin digər detalları və oğurlanan əl işləri barədə ətraflı bilgi verilməyib.