Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda gənc kulinarların üçüncü şirniyyat festivalı keçirilib

    Yanvarın 29-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan Kulinarlarının Respublika Forumu çərçivəsində Gənc kulinarların üçüncü Şirniyyat Festivalı keçirilib.

    Festival Azərbaycan Dövlət Turizm Agentliyi, Milli Kulinariya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə reallaşıb.

    Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fikrət Nəbiyev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb. Bildirib ki, 2016-cı ildən fəaliyyət göstərən mərkəzdə müxtəlif ixtisaslar üzrə kadrlar yetişdirilir. Bu illər ətzində mərkəz müxtəlif nailiyyətlərə imza atıb. Mərkəz turizm və qonaqpərvərlik üzrə tələbələr yetişdirir. Son zamanlarda aşbaz və şirniyyatçı ixtisasları açılıb. Tələbələrə müasir təhsil şətaitinin yaradılması məqsədilə mərkəzə müxtəlif avadanlıqlar gətizdirilib. Peşə təhsilinin keyfiyyətinin artırılması məqsədilə peşəkar aşpazlar tərəfindən təlimlər keçirilib, ən yaxşı tələbələr sertifikatlarla təltif olunublar.

    Qeyd edib ki, müxtəlif ölkələrdə təlimlər təşkil olunur, festivallar keçirilir və mərkəz bu yarəşmalarda uğurla çıxış edirlər.

    Peşə Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi Aygün Zülfüqarova bildirib ki, turizmin inkişafında kulinariyanın rolu əvəzsizdir. Turistləri ən çox öz gözəlliyi ilə Azərbaycan mətbəxi cəlb edir. Peşə təhsili arasında aşpazlıq ixtisasına yiyələnənlər nəzərəçarpacaq dərəcədədir. Bildirilib ki, bu cür müsabiqələr aşbazlar arasında rəqabət hissini qaldırır, onların peşəkar kimi yetişməsinə kömək edir.

    Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış edərək deyib ki, blogerlərin mətbəxlə bağlı yaydıqları məlumatlar çox zaman yalnış olduğundan buna qarşı mexanizimlər işlənib hazırlanmalıdır. Eyni zamanda blogerlər assosiasiyasının tərkibində ədviyyatsevərlər klubunun yaradılması məsələsinin vacibliyi vurğulanıb. Klubun yaradılması səsverməyə qoyulub. Səs çoxluğu ilə klub yaradılıb.

    Tədbirdə kulinariya elminə status verilməsi, mətbəx muzeyinin yaradılması, İdarə Heyətinin seçilməsi və digər məsələlər müzakirə olunub.

    Sonra forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

    Sonra Naxçıvan Milli Kulinariya Mərkəzinin nümayəndəsi, Milli Kulinariya Assosiyasiyasının Qəbələ, Gəncə, Ağstafa, İsmayıllı, Masallı, Kəlbəcər, Şuşa, Sumqayıt və başqa regionların nümayəndələri çıxış ediblər.

    Festivalda gənc aşpazların bişirdiyi şirniyyatlara baxış keçirilib.

    Yarışmanın sonunda qaliblər sertifikatlarla mükafatlandırılıb.

  • Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılacaq

    Fevralın 21-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsi yad olunacaq. Tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşacaq.

    Gecədə səhnəmizin unudulmaz Leylisi haqqında ən xoş və həzin xatirələr səslənəcək, gənc xanəndələr onun repertuarından olan mahnıları ifa edəcəklər.

    Rübabə Muradova Azərbaycan səhnəsinin yeganə Leylisi idi ki, heç kimi təkrarlamadı. Amma onun kimi Leyli yaratmaq da heç kimə nəsib olmayıb.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları”, “Dastan gecələri”, “Aşıq musiqisi”, “Etnik musiqi inciləri” kimi layihələrini davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

     
  • “Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda seminar keçirilib

    AMEA-nın Fəlsəfə İnstitutunda idrak nəzəriyyəsi, müasir fəlsəfi problemlər və məntiq şöbələrinin “Subyektin idrak prosesində özünü modelləşdirməsi: fənlərarası yanaşma” mövzusunda birgə seminarı keçirilib.

    İnstitutdan bildirilib ki, mövzu ilə bağlı çıxış edən İdrak nəzəriyyəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov riyaziyyatda formalaşmış “fraktallıq” və “multifraktallıq” anlayışlarının fəlsəfi interpretasiyasının fənlərarası yanaşma çərçivəsində mümkünlüyünü deyib. Qeyd olunub ki, “fraktalıq” anlayışını riyaziyyatçı Benua Mandelbrot daxil edib. Fraktal obyektlər üçün xarakterik olan cəhət bütövün hissələrində özünün struktur-funksional özəlliklərini təkrar etməsidir. Multifraktallıq iki və ondan çox fraktallığın mövcud olduğu obyekt-sistemdir. Multifraktallıq bütövün struktur-funksional oxşarlığının fərqli ritmlə təkrarlanmasıdır. Bu kimi riyazi anlamların fəlsəfi interpretasiyası fənlərarası yanaşma aspektində aktuallıq kəsb edir.

    Məruzədən sonra seminar iştirakçıları mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

     
  • Üç ölkənin tanınmış opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

    Fevralın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operası nümayiş olunacaq.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas partiyaları ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artisti Tatyana Qanina (Mimi), Odessa Milli Akademik Opera və Balet Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin qalibi Eduard Martınyuk (Rudolf) və Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromov (Marsel) dəvət edilib.

    Operada Ukrayna və Belorusdan dəvət olunmuş vokal ulduzları ilə yanaşı, həm də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Əməkdar artistlər İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Parpinol), Xalq artistləri Əli Əsgərov (Alsindor), Əkrəm Poladov (Kollen) və başqaları çıxış edəcəklər.

    Səhnə əsəri Xalq artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

     
  • Tanınmış nasir və publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək

    Yanvarın 29-da Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək.

    Yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq və rəngarəng musiqi parçaları təqdim ediləcək.

     
  • Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır

    Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı uşaqlar üçün yazılıb, lakin böyüklər üçün əngin amalları ehtiva edən “Balaca qara balıq”ın hüznlü hekayəsini səhnəyə daşıyır.

    Teatrın bu mövsüm yaradıcılıq planında yer alan tamaşanın səhnələşdirəni Həmidə Rüstəmova, quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İqbal Əliyevdir. Musiqi tərtibatlı tamaşa üç aktyorun kuklalar və paralel olaraq canlı planda oyunu ilə fərqlənəcək.

    Teatrın aparıcı aktyorları Aygül Ağayeva, Cavid Telman və Günay Əhmədin canlandıracaqları obrazlarda əsərin ideya tələbinə uyğun olaraq müəyyən texniki həll və mətn dəyişiklikləri aparılıb.

    Səhnə əsərinə məhz bütün mübarizələrin, nəticəsindən asılı olmayaraq, mübarizi qalibdir düşüncəsi ilə yanaşan kuklaçılar tamaşaçılara cəsarətli balığın yeni sular kəşfini maraqlı boyalarla təqdim edəcək.

    Hekayənin səhnələşdirəni Həmidə Rüstəmova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, bir çoxumuzun arzularında gizlənən azadlıq, hür yaşamaq istəyi “Balaca qara balıq”ın timsalında özünün mükəmməl bədii həllini tapıb. Dramatik sonluqla bitən balaca balığın hekayəsini teatrın ümumi ideya və meyarlarına uyğun formada hazırlayacaqlarını da əlavə edərək balığın ölümü və nəticəsiz mübarizəsini fərqli formada, bir növ, bütün həqiqətlərin əbədi qələbəsi kimi verəcəklərini bildirib.

    Tamaşanın quruluş müəllifi, məşhur kuklaçı rejissor Namiq Ağayev hər kəsə bəlli balıq-insan dramını elə bütün tamaşaçılar üçün baxımlı edəcəyini vurğulayıb: “Balaca qara balıq mövcud həyat tərzi ilə barışmır. O, arxdan çıxmaq, böyük dünyaya qovuşmaq istəyir. Ətrafdakı mühafizəkar balıqlar isə onun bu istəyini əsla anlamır və bir ağızdan deyirlər: – Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir.

    Balaca Qara Balıq nə anasının yalvarışlarına, nə də qonşularının tənələrinə məhəl qoymayaraq, özündə ətalət mühitini tərk gücü tapır. Onun bu hərəkəti digər balaca balıqları da cəsarətləndirir. Beləcə getdiyi hər yerdə, üzdüyü hər suda özünün mübarizlik toxumlarını səpən balaca qəhrəmanımız çoxillik rejissor fəaliyyətimdə mənim də ideal obrazlarım sırasındadır.

    Nağılçı, Kərtənkələ, Balıqudan, Naqqa və Balaca Qara Balıq obrazlarının səhnə canlanmasını reallaşdıracaq aktyor üçlüyü də səhnə işini maraqla məşq etdiklərini deyirlər.

    Fərqli kukla texnikalarını ümumi konsepsiya daxilində məşq prosesinə qoşan və beləcə onlardan əl, bədən və səs olaraq fərdi kukla idarəetməsi tələb edən, bu manevrlər içərisindən vəziyyətə uyğun tərzdə oyunu seçən rejissorla işi zəhmətli və həm də maraqlı hesab etdilər.

    Quruluş müəllifi və heyətin iddialı olduğu tamaşa martın sonlarında teatrsevərlərin ixtiyarına veriləcək.

  • “Medeya. Sekvensiya 001” növbəti dəfə nümayiş olunub

    Azərbaycan Dövlət “Yuğ” Teatrının repertuarında populyar tamaşalardan olan “Medeya. Sekvensiya 001” tamaşası növbəti dəfə teatrsevərlərin ixtiyarına verilib.

    Teatrdan bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

    Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edib.. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunan səhnə əsəri Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri - uşaqlarını öldürməmişdən öncə, o biri - öldürdükdən sonra.

    Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

  • Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ingilis nağıllarının motivləri əsasında uşaqlar üçün hazırlanan “Şən Elf və Cadugər” tamaşası nümayiş olunub.

    Səhnə əsərinin quruluşçu rejissoru, rus dilindən tərcümə edən və səhnələşdirəni gənc və istedadlı aktrisa Ayla Osmanovadır.

    Tamaşanın quruluşçu rəssamı Nisə Qələmova, musiqi tərtibatçısı Zaur Rəşidov, plastik həlli isə Ceyhun Dadaşova aiddir. Uşaqlara saf hissləri, doğmalığı, dostluğu təbliğ edən bu səhnə əsərində teatrın istedadlı aktrisaları Səbinə Məmmədova, Təhminə Məmmədova, Hökümə Rəhimzadə, Nuranə Hüseynova, İlahə Əmirxanova, aktyorlar Nurlan Süleymanlı və İmran Qurbanov rol alıblar.

    Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa uşaqlar tərəfindən maraqla izlənilib.

    Səhnə əsərinin rejissoru, bir çox uşaq tamaşalarına quruluş verən Ayla Osmanova “Şən Elf və Cadugər”in balacaları sevindirdiyini söyləyib: “Daha öncələr də qurduğum uşaq tamaşalarında balacaları əyləndirmək, dünyanın gözəl olduğuna inandırmaq niyyətim olub. Onların yerində olmağa, özümü onlarla eyni yaşda hiss etməyə və nə istədiklərini anlamağa çalışmışam. Uşaqlar hər zaman xeyrin qalib gəlməsini istəyirlər. Biz də məhz buna inanmağa və onların da rəngarəng dünyalarını bir az da gözəlləşdirməyə çalışırıq”.

     
  • Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb

    Akademik Milli Dram Teatrında “Filumena Marturano” adlı yeni tamaşanın məşqlərinə başlanılıb. 

    Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, tamaşa məşhur italyan dramaturqu Eduardo de Filipponun eyniadlı əsəri əsasında hazırlanacaq. 

    Səhnə əsərinin bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqsləri quruluşçusu Lalə Hacıyeva, rejissor assistentləri Dilbər İsmayılova və Könül Kərimovadır.

    Əsəri Azərbaycan dilinə yazıçı Ülviyyə Heydərova tərcümə edib.

    Tamaşada xalq artistləri Bəsti Cəfərova (Filumena Marturano), Ramiz Novruz (Domeniko Soriano), Cəfər Namiq Kamal (Alfredo Amorozo), aktyorlar Ləman İmanova (Rozaliya Solimene), Fəridə Şahbazova və Güney Əkbərova (Diana), Firuzə Balayeva (Luçiya - qulluqçu), Elnur Qədirov (Umberto), Corc Qafarov (Rikkardo), Vüsal Mustafayev (Mikele), Cavidan Novruz (Noçella – vəkil), əməkdar artist Mehriban Xanlarova (Terezina – dərzi) və aktrisa Xədicə Novruzlu (Ofisiant – Terezinanın qızı) çıxış edəcək.

    Qeyd edək ki, Eduardo de Filippo bu məşhur əsəri 1946-cı ildə qələmə alıb. Elə həmin il Neopldakı Politeama teatrında tamaşanın dünya premyerası keçirilib. Tamaşa Filumena Marturano adlı qadının zəngin kişi Domeniko Soriano ilə mübarizəsindən bəhs edir. Əsərdəki əsas motiv insanlar arasında sosial ziddiyyətlər, qadın hüquqları və cəmiyyətdəki təbəqələşmənin törətdiyi fəsadlardır.

     
  • Muğam Mərkəzində “Çahargah” dəstgahı təqdim edilib

    Beynəlxalq Muğam Mərkəzinin "Muğam axsamlari" layihəsinin çərçivəsində “Çahargah” muğamı təqdim edilib.

    Məlumata görə, Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində keçirilən gecədə gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nisbət Sədrayeva “Çahargah” dəstgahını özünəməxsusluqla ifa etdilər.

    Muğam Televiziya Müsabiqəsinin qaliblərinin çıxışları elə ilk dəqiqələrdən böyük alqış və maraqla qarşılandı. Beynəlxalq Muğam Mərkəzinin artıq illərdir formalaşan və muğamlarımıza böyük diqqətlə yanaşan tamaşaçıları qarşısında məsuliyyətlə çıxış edən xanəndələr dəstgahın çahargah, segah, müxalif, hicaz və digər şöbələrini böyük şövqlə tamaşaçılara çatdıra bildilər. Konsertin xoş aurasından ayrılmaq istəməyən tamaşaçılar xanəndələri ikinci dəfə səhnəyə dəvət etdilər.

    Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki , onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir. Artıq 3-cü mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında əsas muğamlarımız təqdim edilib.