Beynəlxalq Muğam Mərkəzi “Muğam... Nəsillərdən nəsillərə” adlı yeni layihəni təqdim edir.
Məlumata görə, layihənin ilk buraxılışı 30 yanvar saat 19:00-da reallaşacaq. Həmin gün Əməkdar artist Firuz Səxavət, Əməkdar incəsənət xadimi aşıq Ədalət Dəlidağlı ilə eyni səhnəni gənc xanəndə Malik Həsənov bölüşəcək.
Layihə gənc ifaçılara dəstək məqsədi daşıyır. Gələcəkdə layihə təkcə solo deyil ifaçılıq sənətinin müxtəlif sahələrini əhatə edərək bir-birindən maraqlı buraxılışlarla musiqisevərlərin görüşünə gələcək.
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama “Ən yaxşı danışıq janrı” nominasiyasında “Var olmaq” adlı memuar kitabına görə “Qremmi” mükafatı qazanıb.
Rusiya KİV-lərinə istinadla xəbər verilir ki, 62-ci Qremmi mükafatının təqdimetmə mərasimi Los-Anceles şəhərində keçirilib.
Səsli kitab formatında satışa çıxarılan audio kitab xeyli məşhurluq qazanıb, dünyanın 31 dilinə tərcümə edilib.
Yanvarın 31-də görkəmli rəssamlar Vəcihə Səmədova və Lətif Feyzullayevin əsərlərindən ibarət “Bir inci rəssam” adlı rəsm sərgisi açılacaq.
40-dək sənət əsərinin yer alacağı sərgi Mədəniyyət Nazirliyi təşkilatçılığı, “Rolls Royce” Bakı mərkəzinin dəstəyi ilə reallaşacaq.
Sərgi çərçivəsində unudulmaz rəssamların şəxsi və dövlət arxivində olan əsərlərinin, fotolarının və onlarla bağlı ekranlaşdırılan filmlərin yer aldığı saytın təqdimatı da keçiriləcək. Sözügedən sayt netmedi.az tərəfindən təqdim olunacaq.
"Bizim əsas fəaliyyət hədəflərimizdən biri beynəlxalq arenada "ASAN xidmət"in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir".
Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə 13 ölkə ilə ciddi işlər görülür: "Bu il ərzində bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq. Bu istiqamətdə işlərimiz davam edir".
Ü.Mehdiyev deyib ki, ASAN Beynəlxalq Assosiasiyasının formalaşdırılması prosesi gedir: "Ötən ilin dekabrında 8 ölkə ilə birgə nizamnamə layihəsi razılaşdırılıb və hazırda həmin dövlətlər sənədi öz ölkələrində ratifikasiya etməlidir. Bundan sonra biz yenə bir araya gələrək Assosiasiyasının fəaliyyətə başlamasını bəyan edə bilərik. Bu, qısa bir proses deyil, amma ilin birinci yarısında yekunlaşmalıdır".
Qeyd edək ki, Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan, Mərakeş, Monteneqro, Malayziya, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirlikləridir.
Azərbaycan Milli Konservatoriyasında (AMK) şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyi münasibətilə yubilyarla görüş keçirilib.
Görüşdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Səyavuş Kərimi çıxış edərək yubilyarın muğama, musiqiyə olan diqqət və marağından söz açıb. Bildirib ki, o, uzun illər dövlət işlərində çalışsa da, hər zaman musiqi, ədəbiyyat və muğam onun qəlbində xüsusi yer tutub. Bu gün də bu sahədə fəaliyyətini yorulmadan davam etdirir. Onun tanınmış muğam ifaçılarımıza həsr etdiyi tədqiqatlar əsasında ərsəyə gətirdiyi kitablar muğam sənətimiz üçün dəyərli töhfələrdir: “Yubilyar bu yaxınlarda Gürcüstanda Fəxri fərmanla təltif edildi. Bu da Gülhüseyn Kazımlının yorulmaz fəaliyyətinə verilən yüksək qiymətdir. Tarixi araşdırıb bəyan etmək, aylarla axtarış aparmaq, böyük səbr və eyni zamanda sevgi tələb edir. O, muğam və musiqi sahəsində tədqiqatlarını məhz bu sevginin nəticəsində bizlərə gözəl şəkildə təqdim edir”.
Tədbirdə Xalq artisti , AMK-nın professoru Mənsum İbrahimov çıxışı zamanı yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub. Hələ gənc yaşlarında görkəmli xanəndə, Xalq artisti Arif Babayev haqqında bir povest yazıb. Biz Beynəlxalq Muğam Mərkəzində dəfələrlə birlikdə tədbirlərdə olmuşuq. O yüksək daxili mədəniyyəti və özünün musiqiyə xüsusi münasibəti ilə seçilir.
Əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov yubilyarı təbrik edərək onun yol yoldaşlığı, təşkilatçılığı, özünəməxsus yumora malik insan kimi xüsusiyyətlərindən söz açıblar.
Görüşdə filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy, AMK-nın müəllimi , Əməkdar artist Təyyar Bayramov çıxış edərək yubilyarı təbrik ediblər.
Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. O, “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir.
Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnib. “Vətən sevgisi”, “Qadın əlləri”, “Məhəbbət”, “Əsgər yuxuları” kimi mahnılar bu qəbildəndir. Onun mahnılarını məşhur müğənnilər Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa ediblər.
Bakıda və Abşeron yarımadasında yanvarın 29-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın növbəti iclası keçirilib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək ötən dövr barədə qısa xatırlatma verib, yanvarın 25-də Bədii Şuranın Sumqayıt ictimaiyyəti ilə keçirilən görüşünə toxunub.
Belə görüşlərin vacib olduğunu vurğulayan R.Məmmədov deyib: “Azərbaycan Televiziyası olaraq tamaşaçı rəyi bizim üçün ən vacib amillərdəndir. Bu baxımdan bu kimi görüşləri biz daha da intensivləşdirməliyik”.
Şura üzvləri - Xalq artistləri Mübariz Tağıyev, Faiq Sücəddinov, Mənsum İbrahimov, Ramiz Quliyev, AzTV-nin Ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri Sumqayıt ictimaiyyəti ilə görüşün nəticələrini yüksək qiymətləndirib, şəhər ictimaiyyətinin təkliflərini səsləndiriblər. Şura üzvləri Sumqayıt ictimaiyyətinin AzTV-də son bir ildə aparılan ciddi dəyişiklikləri, onlarla yeni verilişləri, Azərbaycan Radiosunda efir dəyişikliyni təqdir etdiklərini diqqətə çatdırıblar. “Bir neçəsi mənə yaxınlaşıb dedi ki, biz artıq 6-7 aydır AzTV-yə baxırıq”, - deyə Mənsum İbrahimov əlavə edib.
İctimaiyyətin təqdir və təkliflərinə münasibət bildirən Rövşən Məmmədov deyib ki, Azərbaycan Radiosunda son vaxtlar 10 veriliş canlı efirə çıxmağa başlayıb. Uşaqlar üçün cizgi filmləri ilə bağlı təkliflərin müzakirəsi zamanı sədr əlavə edib ki, artıq QSC sifariş verib, 2016-cı ildə Azərbaycan Ordusunun işğalçı erməni silahlıları üzərində qələbəsi ilə nəticələnən dörd günlük Aprel döyüşləri haqqında cizgi filmi hazırlanır. “Biz hətta Aprel döyüşlərində fərqlənmiş qəhrəmanlarımızdan sağ qalanların üz cizgilərini də göndərmişik ki, real obrazların simaları filmdə əksini tapsın. Bu, ordumuzun qəhrəmanlığının gələcək nəsilə aşılanması üçün bir addımdır”, - deyə R. Məmmədov bildirib.
Daha sonra gündəlikdəki bir sıra cari məsələlər müzakirə olunub. Bədii Şuranın ictimaiyyətlə növbəti görüşü fevralın 8-də Bakının Xəzər rayonuna təyin olunub.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Könüllülər ili” ilə əlaqədar metodik tövsiyə hazırlanıb.
Metodik tövsiyədə könüllü, könüllülüyün tarixi və könüllülük fəaliyyəti haqqında məlumat verilib, könüllülük hərəkatının müxtəlif təlim və istiqamətlər üzrə inkişafı qeyd edilib.
Metodik tövsiyədə qeyd olunub ki, Azərbaycanda könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
“Könüllülər ili” ilə əlaqədar hazırlanan metodik tövsiyədə, həmçinin Yasamal rayon Mərkəzi Kitabxanası və kitabxana filiallarında il ərzində keçirilməsi zəruri olan tədbirlər öz əksini tapıb.
Bunların arasında “İİV/QİÇS-ə Stop” kampaniyası, Qarabağ cəbhəsindən gələn məktubların toplanması, “Başqasına kömək et – sənə də kömək edərlər” adlı tədbirlərin təşkili, “Dünyanı xeyirxahlıq xilas edəcək” stendlərin hazırlanması, “İstedadlar axtarırıq” istedadlı uşaq və gənclərin dəstəklənməsi, habelə “Fövqəladə hallarda könüllülər” – mövzusunda mühazirənin təşkili və digər tədbirlər əks olunub.
Azərbaycan Ekoturizm Assosiasiyasının (AzETA ) mütəxəssisləri ölkənin turizm sənayesində xidmətlərin diversifikasiyası və ekoloji mədəniyyətin təkmilləşməsi məqsədilə, yerli və xarici turistlərə müxtəlif aktiv və açıq hava turizm fəaliyyətlərini təklif etmək üçün Bakı şəhərində pilot layihə olaraq Eko Parkların yaradılması təşəbbüsü ilə çıxış ediblər.
Bu barədə AzETA-dan bildirilib.
Məlumata görə, bu məqsədlə Assosiasiya müxtəlif sahələrdən peşəkar mütəxəssisləri cəlb edib, o cümlədən, ekoloqlar, torpaqşunaslar, qidroloqlar, coğrafiyaçılar, botaniklar, zooloqlar, iqlimşunaslar, şəhərsalma və turizm mütəxəssisləri ilə birgə Bakı şəhərində Eko Parkların yaradılması imkanlarını araşdırırlar və bu fəaliyyətlər üçün yararlı əraziləri nəzərdən keçirirlər.
Mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində Eko Parkların yaradılması üçün yararlı ərazilər müəyyən edildikdən sonra müvafiq qurumlara müraciətlər və bu ideyanın realizəsi üçün investisiyaların cəlb edilməsi istiqamətində işlərin görülməsi planlaşdırılıblar. Hazırda Abşeron yarımadasının, Bakı şəhərinin Binəqədi, Xəzər, Suraxanı, Nərimanov, Səbayıl, Qaradağ, Yasamal rayonlarının ekoturizm imkanları nəzərdən keçirilirlər, bu ərazilərdə yaşıllıq sahələri, baxımsız parklar, geniş açıq sahələr qeydə alınırlar.
AzETA-da hesab edirlər ki, turist marşrutlarını zənginləşdirmək və onları daha maraqlı, cəlbedici etmək üçün, həmçinin ölkəni ekoturizm məkanı kimi tanıdılmasına tövhə gətirmək məqsədilə ekoturizm və açıq hava fəaliyyətləri səyahət paketlərinə daxil olmalıdırlar, bu isə davamlı inkişafa səbəb olur. Eko Parkların yaradılması yeni iş yerlərinin açılması və bu sahələrdə ixtisaslaşmış mütəxəssislərin əmələ gəlməsinə də imkan yaradacaq.
Polşada keçiriləcək Frederik Şopen adlı klassik musiqi müsabiqəsində 500-dən çox pianoçu iştirak edəcək.
Müsabiqəyə Azərbaycanla yanaşı, dünyanın 53 ölkəsindən 16-30 yaşlı musiqiçilər qatılacaqlar.
Beynəlxalq müsabiqə artıq 18-ci dəfə təşkil olunur. İştirakçıların sayı ilbəil artır. Təkcə Çindən müsabiqədə iştirak üçün 100-dən çox pianoçu ərizə təqdim edib.
Müsabiqənin seçim mərhələsi aprelin 17-28-də keçiriləcək. Qaliblər oktyabrın 2-də keçiriləcək finalda bəlli olacaq.