Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Marionet Teatrında “Arşın mal alan” operettası təqdim olunub

    Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.

    On iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.

    Qeyd edək ki, səhnə əsəri müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daim izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.

  • Əliqismət Lalayev: Bu mövsüm yeni premyeralarla yadda qalacaq

    Bu il, Azərbaycan Dövlət Akademik Musiqili Teatr üçün yeni tamaşalar, maraqlı yeniliklərlə zəngin il olacaq. Ötən il yaradıcılıq axtarışlarına gərgin əmək sərf etməklə bu uğurların əsasını qoymuşuq.

    Bu sözləri sənət ocağının direktoru, Əməkdar İncəsənət xadimi Əliqismət Lalayev deyib.

    Teatrın ötənilki fəaliyyəti haqqında danışan Ə.Lalayev bildirib ki, sənət ocağının yaradıcı kollektivinin iştirakı ilə ötən mövsüm “Buratino”, “Qırmızı papaq”, “Balaca Şahzadə”, “Paris Notr –Dama ithaf” kimi maraqlı tamaşalar hazırlanıb: “Hər bir tamaşa, həm də yeni adlar, yeni ifaçılar, yeni rejissor yozumu, bir çox həyat həqiqətlərinin səhnə inikasına yeni baxış, yeni yanaşma deməkdir. Ötən il dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Akademik” teatr statusu alan Musiqili Teatr 110-cu mövsümdə də öz yaradıcılıq axtarışlarını davam etdirmək həvəsi ilə işə başlayıb. Bu mövsüm yeni əsərlərin premyerası ilə yadda qalacaq. Tezliklə məşhur qırğız yazıçısı Ç.Aytmatovun “Cəmilə”, gürcü dramaturqu N.Dumbadzenin “Mən, nənəm, İliko və İllarion”, Azərbaycanda “Difai” hərəkatının fəallarından olmuş Nağı bəy Şeyxzamanovun həyat yoldaşı Səlimə xanımın repressiya illərindəki yaşantılarından bəhs edən “İstintaq” (Ceyhun Allahverdi, Pərviz Seyidli), “Cehizsiz qız” (A.Ostrovski) əsərlərini, “Beş manatlıq gəlin” (S.Rüsəmov, M.S.Ordubadi) operettasını yeni quruluşda tamaşaçıların ixtiyarına verəcəyik”.

    O vurğulayıb ki, hər il teatr bir sıra xarici ölkələrdə keçirilən festivallara dəvət edilir, beynəlxalq tədbirlərdə ölkəmiz uğurla təmsil olunur. Qeyd edib ki, ötən il Albaniyanın Elbasan şəhərində keçirilən 21-ci Beynəlxalq Teatr Festivalında teatrın kollektivi S.Bekket və F.Qarayevin “Qodonun həsrətində tamaşasını oynayıb.

    “Neçə illərdir ki, Türkiyənin Bayburt şəhərində keçirilən “Dədə Qorquq” şölənlərinin daimi iştirakçısıyıq. İranın Beynəlxalq Fəcr Festivalında da bizim teatrın tamaşaları anşlaqla qarşılanır. Mən həm bu festivalın münsiflər heyətinin, həm də TÜRKSOY-a üzv dövlətlərin teatr direktorları şurasının üzvü kimi bir sıra nüfuzlu teatr tədbirlərində iştirak edirəm ki, bu da nəticə etibarı ilə teatrımızın həm repertuarının zənginləşməsi, həm də gələcəkdə dünya səhnələrində öz uğurlarını sərgiləməsi, təcrübə mübadiləsinin genişlənməsi üçün yaradıcılıq imkanları qazandırır. 2020-ci il, bizim doğma teatrımız üçün əlamətdar ildir. Müsəlman şərqində ilk operanın müəllifi, dahi bəstəkarımız, peşəkar musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin 110 il əvvəl, 1910-cu il may ayının 24-də Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Mirzəağa Əliyev, Hənəfi Terequlov kimi qüdrətli sənətkarların iştirakı ilə oynanılan “Ər və arvad” musiqili komediyası bu il 110 yaşını qeyd edəcəyimiz Azərbaycan Dövlət Akademik Musiqili Teatrının vizit kartı sayılır. Oynanıldığı tarixdən bir əsr vaxt keçsə də, Üzeyir bəy musiqisinin sehri, bu təkrarsız istedad sahibinin təxəyyülünün məhsulu olan əsərlərinin təsir arealı azalmır, aktuallığını itirmir, illər ötür, nəsillər dəyişir, tamaşaya maraqsa səngimir. Bəstəkarın musiqili komediya janrında yaratdığı trilogiyanın digər iki əsəri - “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları 110 ildir ki, eyni məhəbbət və çoşqu ilə oynanılır, repertuarımızda öz layiqli yerini qoruyub saxlayır”, - deyə Əlqismət Lalayev söyləyib.

    Müsahibimiz əlavə edib ki, teatrın yaradıcı kollektivi ötən il olduğu kimi, bu il də İran İslam Respublikasında keçiriləcək Beynəlxalq Fəcr Festivalında dəvət alıb.

  • Los-Ancelesdə Ermənistanın təcavüzkarlığını ifşa edən sənədli film nümayiş etdirilib

    Türkiyənin “TRT World” kanalı tərəfindən hazırlanan “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) sənədli filmi Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda nümayiş etdirilib. 

    Konsulluqdan verilən məlumata görə, film Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Qısametrajlı Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.

    Baş Konsulluğun təşkilatçılığı ilə keçirilən tədbirdə sənədli filmin ssenari müəllifi Oubai Şahbandar, filmin rejissoru və prodüseri Ataxan Kərküklü, o cümlədən müxtəlif xarici ölkələrin baş konsulları, siyasi xadimlər, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının fəalları, həmçinin türk, yəhudi, pakistanlı, koreyalı və latino icmalarının rəhbərləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1990-cı ildə Azərbaycan xalqına qarşı törədilmiş Qara Yanvar faciəsinin 30-cu ildönümünün bir neçə gün öncə tamam olduğunu qeyd edərək, faciə haqda məlumat verib. Sonra tədbir iştirakçıları Qara Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Baş konsul Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında danışaraq, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasəti barədə faktları iştirakçıların diqqətinə çatdırıb. O, Ermənistanın təcavüzü nəticəsində 1 milyona yaxın dinc azərbaycanlının öz yurdlarından didərgin salındığını bildirib. N.Ağayev BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və bu təcavüzü pisləyən müvafiq qətnamələrə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini vurğulayıb. Diplomat bu ədalətsizlik haqda məlumatların dünya ictimaiyyətinə çatdırılması baxımından yüksək peşəkarlıqla hazırlanmış “Qara Bağlar: Azərbaycan və Ermənistan müharibələri” sənədli filminin təqdirəlayiq olduğunu qeyd edib.

    Sonra film nümayiş etdirilib. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

    Filmin ssenari müəllifi O.Şahbandar çıxış edərək, filmdə əks olunan hadisələr və çəkiliş prosesi haqqında ətraflı danışıb. O bildirib ki, filmin əsas məqsədi münaqişə haqda həqiqətlərin bu təcavüz və işğalın qurbanlarının dilindən təqdim olunmasıdır.

    Daha sonra O.Şahbandar və A.Kərküklü tədbir iştirakçılarının film və münaqişə ilə bağlı çoxsaylı suallarını cavablandırıblar.

    Tədbirin qısa video-yazısına bu linkdə baxmaq olar:  https://youtu.be/HdfJCHrKG3Y

     
  • “Mənəm, mən...” tamaşası növbəti dəfə nümayiş edilib

    Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə teatrsevərlərin ixtiyarına verib.

    Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.

    Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış ediblər.

    Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

  • Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə təqdim edilib.

    İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

    Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

    Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

    Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

    Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa ediblər.

     
  • Musiqi məktəbində dünya bəstəkarlarının əsərləri səsləndirilib

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbində ümumi fortepiano və müşayiət şöbəsinin şagirdlərinin konserti olub.

    İdarədən bildirilib ki, konsertdə şagirdlərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

    Sonda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək müəllimləri və şagirdləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.

     
  • Azərbaycan atları İsveçrə tamaşaçılarını heyran etdi

    İsveçrənin Sankt-Moritz şəhərində Qar polosu üzrə Dünya Kuboku turniri başa çatıb.

    Məlumata əsasən, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə çempionatda iştirak edən “Land of Fire” komandası Avropa tamaşaçılarına Polonun vətəni Azərbaycanın atçılıq ənənələrini, Odlar Yurdunun füsünkar təbiətə, qədim mədəniyyətə malik olmaqla yanaşı güclü idmançılar diyarı olmasını nümayiş etdirib.

    25 yanvar 2020-ci il tarixində Azərbaycan komandası “St. Moritz” komandası ilə qarşılaşıb. Çox gərgin şəraitdə keçən görüşdə təmsilçimiz böyük qələbə əzmi nümayiş etdirib və rəqib idmançılarımızın şiddətli müqaviməti ilə üzləşib. Qarşılaşmanın yekunu olaraq “Land of Fire” komandası finala vəsiqə qazanıb.

    Günün ikinci oyununda “Mazerati” komandası “Badrutt’s Palace Hotel” komandasına qalib gəlib.

    Turnir proqramına uyğun olaraq 26 yanvar tarixində turnirin üçüncüsünün müəyyən olunması üçün “Mazerati” və “Badrutt’s Pa-lace Hotel” komandaları qarşılaşıblar. Bu görüşdə “Mazerati” komandası öz rəqibindən üstün olub.

    Ölkəmizi təmsil edən “Land of Fire” komandası final görüşündə turnirin ən güclü komandası sayılan “St. Moritz” komandası ilə qarşılaşıb. Gərgin və kompromissiz mübarizə şəraitində keçən qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Beləliklə də, təmsilçimiz turnirin ikincisi olub.

    Final görüşündən sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub. Eyni zamanda turnirin ən yaxşı oyunçusu, ən yaxşı komandası və ən yaxşı atı nominasiyaları üzrə mükafatlar və hədiyyələr təqdim olunub.

    Qeyd olunmalıdır ki, Beynəlxalq Polo Federasiyasının təşkilatçılığı ilə “13-cü Polo üzrə Avropa Çempionatı” 10-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhərində baş tutacaq.

  • İrəvan Teatrı bu il yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək

    Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu il (138-ci mövsüm) yeni səhnə əsərləri ilə tamaşaçıların görüşünə gələcək.

    Bu barədə teatrın mətbuat katibi Teymur Bayramov məlumat verib.

    Bildirib ki, teatr Qoşqar Narqabilin “Rəis və 5 dul qadın”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Qəşəm Nəcəfzadənin “Albert Aqarunov”, Vasili Siqarevin “Şeytan ailəsi” əsərlərinin səhnələşdirilməsini nəzərdə tutur.

    Bununla yanaşı, “Ulu öndər Heydər Əliyev ideyalarını təbliğ edirik” layihəsi çərçivəsində şair-dramaturq İftixarın “Qurtuluş dastanı” və “Haqq mənəm” tamaşaları ilə qastrol səfərləri də nəzərdə tutulur. Həmçinin Türkiyə Cümhuriyyətinin Konya Dövlət Teatrının dəvəti əsasında “Haqq mənəm” tamaşası ilə festivalda iştirakı da nəzərdə tutulur.

    Qeyd edilib ki, bu il İrəvan Teatrının inzibati binasının əsaslı təmirdən sonra açılışı da gözlənilir.

  • Gənc Tamaşaçılar Teatrının “Cəza”sı...

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası nümayiş edilib.

    Teatrın mətbuat xidmətindən bildirilib ki, psixoloji oyun dramında rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edib. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

    Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

  • “Ehtiyat zabit hazırlığı kursu”na qəbul başlayır

    Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vuran, ali təhsilli, 28 yaşınadək vətəndaşlar fevralın 3-dən 21-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir.

    Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Ehtiyat zabit hazırlığı kursu”na qəbul edilirlər.

    “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

    “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq istəyən namizədlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    - kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

    - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə - 1 nüsxədə və çap edilmiş - 2 nüsxədə;

    - xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

    - ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

    - xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

    - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

    - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

    - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

    - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

    - 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

    - psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

    - qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

    - qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

    - hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.

    Nazirlikdən bildirilib ki, məhkumluğu olan şəxslər “Ehtiyat zabit hazırlığı kursu”na müraciət edə bilməzlər. 

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi)

    Telefon: (012) 538-85-62

    Sənədlər fevralın 3-dən 21-dək hər gün (bazar günü istisna olmaqla) saat 09.00-dan 17.00-dək qəbul olunacaq.