"Valideynlərlə keçirilən görüşlərdə müzakirə edilən məsələlərdən biri də məktəblilər üçün avtobusların təşkil edilməsi ilə bağlı olub".
Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Bakı Şəhər Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlıq edilməyə başlanılıb: "Agentlik və Təhsil Nazirliyinin birgə işçi qrupu işlər aparır. Bu işlər növbəti aylarda da davam etdiriləcək. Düşünürəm ki, birgə səylərimiz sayəsində 2020-ci yeni tədris ilinin başlanmasına qədər Bakı şəhərində şagird sayı çox olan ərazilərdəki məktəblər üçün avtobusların təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək. Ancaq hesab edirik ki, bu, çox faydalı başlanğıc ola bilər".
Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqə davam edir. Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Bu barədə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub, 1 və ya 2 əsərinin fotosunu göndərməklə göstərilən anketi doldurmalıdırlar.
Qeydiyyat fevral ayının 2-dək aparılacaq.
Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
"Ötən il Azərbaycanda 100-dən artıq yeni məktəb binası tikilərək istifadəyə verilib".
Bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir çıxışında ölkədə müşahidə olunan yüksək şagird sıxlığı məsələsinə də toxunub.
O qeyd edib ki, ölkədə 4500-ə yaxın məktəb var: "Məktəblərin 50 faizində şagird sayı 200 və ondan aşağıdır. Hər kəsə məlumdur ki, ölkədə əhalinin sayı hər il artır və orta hesabla şagirdlərin sayı da hər il təxminən 50 min nəfər artır. Təbii ki, əhali artımı müxtəlif ərazilərdə eyni templə baş vermir. Bunun nəticəsidir ki, bir sıra yaşayış məntəqələrində yüksək şagird sıxlığı mövcuddur".
C.Bayramov əlavə edib ki, bu məsələ hər zaman Təhsil Nazirliyinin diqqət mərkəzində olub: "Bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı var. Təbii ki, mövcud problemin aradan qaldırılması tək Təhsil Nazirliyi tərəfindən həll oluna bilməz. Digər aidiyyəti dövlət qurumları da bu işə qoşulmalıdır".
Nazir bildirib ki, ötən il məsələnin həlli istiqamətində nazirlikdə bir neçə iclas keçirilib: "Qərara alınıb ki, Bakının Xəzər rayonunun Binə qəsəbəsində, Kənd Binəqədi, Sulutəpə, Xırdalan, Masazır və Saray qəsəbəsində ilk olaraq şagird sıxlığı həllini tapsın. Adıçəkilən ərazilərdə məktəb inşası üçün əlavə torpaq sahələri ayrılacaq, yaxud orada yerləşən məktəblərdə əlavə korpusların ayrılması nəzərdən keçiriləcək".
O əlavə edib ki, bu il də bu istiqamətdə bir sıra layihələr həyata keçiriləcək: "Belə ki, yeni tədris ilində Binə qəsəbəsində 1600 yerlik məktəb binası şagirdlərin ixtiyarına veriləcək. Eləcə də Xırdalanda 3 nömrəli məktəbin 1400 yerlik yeni korpus yeni tədris ilində hazır olacaq. Sumqayıt 1 nömrəli məktəbin yenidən qurulması işi isə bu ilin I rübdə yekunlaşacaq".
Yanvarın 27-də Bakıda Azərbaycan Turizm Bürosu və Avropa Mədəni Marşrutlar İnstitutunun təşkilatçılığı ilə “İter Vitis Qafqaz” şərab marşrutunun birinci baş assambleyası keçirilib.
Assambleyada Azərbaycan, Gürcüstan və Rusiyanı əhatə edəcək Qafqazın şərab marşrutunun yaradıldığı elan edilib.
Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktoru Florian Zenqstşmid tədbirdə qeyd edib ki, Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var və yaradılan marşrut regionda bu sahənin inkişafına böyük töhfə verəcək.
Tədbirdə Qafqaz ölkələrinin şərab marşrutunun 2020-ci il üzrə fəaliyyət planı təsdiq edilib və ölkələr üzrə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Bu marşrut boyunca üzv ölkələr 2020-ci ildə silsilə tədbirlər görərək marşrutun beynəlxalq platformalarda tanıdılmasında, həmçinin ölkələr arasında mədəni və turizm mübadiləsinin yaradılmasında fəal iştirak edəcəklər.
Diqqətə çatdırılıb ki, hər bir ölkənin şərab assosiasiyaları şərab təcrübəsi və şərabçılığın inkişaf etdirilməsi istiqamətində ölkələrarası silsilə təlimlər həyata keçirəcəklər.
Tədbir çərçivəsində, eyni zamanda Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Qastronomiya, Mədəniyyət və Turizm İnstitutunun ekspertləri tərəfindən şərab və turizm mövzusunda treyninqlər keçirilib.
Qeyd edək ki, Azərbaycanın şərab yolu 2019-cu ilin noyabr ayında Xorvatiyada keçirilən assambleyada “İter Vitis” şərab marşrutuna üzv ölkə seçilib.
“İter Vitis” Avropa Mədəni Marşrutlar İnstitutu və Avropa Birliyinin şərab yolu marşrutu olmaqla 19-dan çox ölkənin şərab marşrutunu özündə birləşdirir.
Bu marşrut boyunca turistlər Fransa, Xorvatiya, İsrail, İspaniya, Portuqaliya, Gürcüstan kimi ölkələrin şərab zavodlarını və plantasiyalarını kəşf edirlər. Marşrutun məqsədi üzv ölkələrin şərab mədəniyyəti ilə yanaşı, tarixini və adət-ənənələrini tanıtmaqdır.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli onbirillik musiqi məktəbində “Klassik musiqi dəqiqələri” adlı simli və nəfəs alətləri şöbəsinin konserti keçirilib.
Konsertdə müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Əvvəlcə klassik musiqi haqqında tədbir iştirakçılarına məlumat verilib.
Simli və nəfəs alətləri şöbəsinin şagirdləri konsertdə böyük həvəslə, rəngarəng proqramla çıxış ediblər.
Konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri məharətlə səsləndirilib.
Yanvarın 28-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 9-12, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 28-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.
Məlumata əsasən, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb:
“Yüksəliş” müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır. Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz “hər kəs” deyirik. Çünki “Yüksəliş” müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərədək hər kəsə yüksəlmək üçün şans verir. Mən xüsusilə bizim qızlara, gənc qadınlara müraciət edirəm. “Yüksəliş”də iştirak edin.
Eyni zamanda, dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə “Yüksəliş” müsabiqəsində də sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışanlar və öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyanlar da müsabiqəyə qoşula bilərlər. Bir sözlə, “Yüksəliş” daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub.
“Yüksəliş” karyeranın qurulması yolunda unikal imkan deməkdir. Bu imkanı buraxmayın, istifadə edin. Müsabiqənin hər mərhələsi karyeranızın inkişafi üçün yeni imkanlar yaradacaq. “Yüksəliş” ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüş, finalçılara şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq.
Yüksəlmək istəyən hər kəs, bu müsabiqə sizin üçündür!
“Yüksəliş”ə qoşulun, “Yüksəliş” sizinlə başlasın!”
"Təhsil Nazirliyi məktəblərdə psixoloji xidmətin təşkili ilə bağlı yeni qaydaları Nazirlər Kabinetinə təqdim edib".
"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, yeni qaydaların qəbul edilməsi ilə fəaliyyətdə olan bir psixoloqun səyləri nəticəsində deyil, ümumilikdə, məktəb kollektivinin, rəhbərinin, sinif müəlliminin, müəllimlərin birgə fəaliyyətinin təşkili, psixoloji xidmətin daha yüksək keyfiyyətli təqdim edilməsi ilə nəticələnməsi deməkdir: "Təbii ki, bu, sadə proses deyil".
Nazir psixoloqların əməkhaqları ilə bağlı məsələyə də aydınlıq gətirib: "Psixoloqların əməkhaqları diaqnostik qiymətləndirmədən keçən müəllimlərlə müqayisədə fərqli sistemlə müəyyən edilir. Bu gün psixloqların və bir sıra digər kateqoriyadan olan təhsil işçilərinin əməkhaqları müvafiq tarif cədvəli ilə tənzimlənir. 2019-cu ildə bilavasitə diaqnostik qiymətləndirmə ilə bağlantı olmadan psixoloqların maaşları iki dəfədən bir qədər az artırılıb. Təhsil Nazirliyi diaqnostik qiymətləndirmənin, psixoloji xidmətin təşkilinin nəticəsi olaraq təhlillər aparacaq və bu kateqoriyadan olan insanların əməyinin stimullaşdırılması, həmin xidmətin təşkili, onların sayının müəyyənləşdirilməsi istiqamətində təkliflər hazırlayacaq. Bildiyiniz kimi, əməkhaqqı artımı, əlavə ştatların açılması bir sıra qurumlarla razılaşdırma formasında həyata keçirilməlidir. Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə addımlar, təşəbbüslər irəli sürüləcək".
Azərbaycan Dövlət Pantomima Teatrı repertuarında maraqlı tamaşalardan olan “Adagio”nu növbəti dəfə təqdim edib.
Teatrdan bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı və musiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribovadır. Rəqslərinin quruluşu Elnur İsmayılova məxsus olan tamaşada müxtəlif şairlərin şeirlərindən istifadə olunub. Bu şeirlərdə qadın düşüncəsi, qadın duyğusu əsas yer tutur. Səhnə əsərində qadın-kişi münasibəti, kişilərin qadınlara nə qədər xoş münasibət göstərməsi və digər məsələlər önə çəkilib.
Tamaşada rolları teatrın aktyorları - Nargilə Qəribova, Bəhruz Əhmədli, Nurlan Rüstəmov və digərləri ifa ediblər.
Sözün, musiqinin və rəqsin vəhdətindən yoğurulmuş bu səhnə əsəri insanı dünənə apardığı qədər, həm də sabaha səsləyir. Yazıldığı gündən dillərə, könüllərə düşən, illər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan, insan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər “Adagio”nun təqdimatında sankı yenidən yazılır, yenidən kəşf olunur.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəyini nəzərə alaraq məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşanı fevralın 29-da teatrsevərlərin ixtiyarına verəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.
Tamaşanın qeyri-adi səhnə tərtibatı var. Arxa fonda iri monitorlarda göstərilən animasiyalarla aktyorların və balet artistlərinin sinxron şəkildə canlandırdığı gözəl ifaları, dolğun və cəlbedici rəqs hərəkətləri, ifaçıların oyunu ilə ekrandakı hadisələrin möhtəşəm sintezi, həm də sənət ocağının səhnəsində daha bir yenilikdir.
Tamaşanın səhnə qrafikası Mehdi Məmmədova, video quraşdırmaları isə Bakı Media Mərkəzinə məxsusdur.
Heydər Əliyev Fondunun layihəsi olan və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan səhnə əsərində Balaca şahzadə obrazını Musiqili Teatrın iki azyaşlı aktyoru - adı “Qızıl kitab”a yazılan, Prezident təqaüdçüsü Atilla Məmmədov və Rahib Məmmədzadə canlandıracaq. Digər rolları Əməkdar artistlər Ələkbər Əliyev, Şövqi Hüseynov, aktyorlar Əmrah Dadaşov, Nicat Əli, Aydan Həsənova, Əliməmməd Novruzov, İqrar Salamov, Hüseyn Əlili, Rauf Babayev, Emil Heydərov və İbrahim Əlizadə ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı ABŞ-da yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev, musiqi rəhbəri Əməkdar artist Vaqif Məstanov, rəssamı Məryəm Ələkbərli, xoreoqrafı Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, dünya şöhrətli baletmeyster Sergey Gritsay, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, səhnələşdirəni Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair, yazıçı-publisist İlqar Fəhmidir.