Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə nümayiş edilib.
Səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.
Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.
Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan “Ah, bu uzun sevda yolu” tamaşası yanvarın 28-də nümayiş ediləcək.
Ssəhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tale dramıdır.
Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.
UNESKO-da fəaliyyət göstərən Daimi Nümayəndələr Dərnəyi Yeni il münasibətilə tədbir təşkil edib.
Tədbirdə ölkəmizin UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, UNESKO Daimi Nümayəndələr Dərnəyinin prezidenti səfir Anar Kərimov çıxış edib.
O, quruma yeni qoşulmuş nümayəndələrə dərnəyin yaranması tarixi, fəaliyyəti və məqsədləri haqqında məlumat verib. Bildirib ki, dərnək qurumdakı daimi nümayəndəliklərin sosial həyatında mühüm rol oynayır və onların ümumi şəbəkəsidir. Üzvlərini bir araya gətirərək onlar arasında kommunikasiyanı daha da təkmilləşdirir. Bütün bunlar çoxtərəfli əlaqələrin inkişafına töhfə verir. O, müxtəlif ölkələrin UNESKO yanında daimi nümayəndəliklərinin üzvlərinə tədbirin təşkilinə verdikləri dəstəyə görə təşəkkür edib.
Diqqətə çatdırıb ki, tədbir, eyni zamanda, UNESKO-nun 75 illiyinin bayram edilməsinin başlanğıcıdır.
Tədbir çərçivəsində ənənəyə uyğun olaraq nümayəndələr dərnəyinin fəal üzvlərinə diplom və medallar təqdim edilib. 2020-ci ildə dünyamıza dayanıqlı sülh, əmin-amanlıq, təşkilat və onun üzvlərinə isə uğurlar arzulanıb.
Qeyd edək ki, müxtəlif ölkələrin UNESKO yanında daimi nümayəndəliklərinin Daimi Nümayəndələr Dərnəyi 1992-ci ildə yaradılıb və həmin ildən Azərbaycan dərnəyin üzvüdür. Dərnək qeyri-formal əlaqələri inkişaf etdirmək və UNESKO ailəsi nəzdində dostluq əlaqələrini daha da möhkəmləndirmək istiqamətində qurumun yeganə forumudur. Daimi nümayəndəliklərin sosial həyatında fəal rol oynayır. Dərnək üzvləri aralarında fikir mübadilələri aparırlar. 2019-cu il iyun ayından Daimi Nümayəndələr Dərnəyinin prezidenti Azərbaycanın UNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov seçilib.
Yanvarın 25-də Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunacaq.
On iki pərdəlik səhnə əsərinin quruluşçu rejissoru Tərlan Qorçu, quruluşçu rəssamları Elçin Məmmədov, Tərlan Qorçu, musiqi aranjimançısı Cavanşir Quliyev, kukla rəssamları Elman Mirzəyev, Şamil Buksayev, İrma Kaadze, Elmira Abbaslı, dekorasiya rəssamları Abbasəli Mustafayev, Elman Mirzəyev, Tərlan Qorçu, Zeynəb Kaadzedir.
Qeyd edək ki, səhnə əsəri müxtəlif xarici ölkələrdə və dillərdə tamaşaya qoyularaq daim izləyicilər tərəfindən rəğbətlə qarşılanıb. Tamaşa Marionet Teatrında ilk dəfə 30 il bundan əvvəl səhnələşdirilib.
Biletləri iTicket.az saytından əldə edə bilərsiniz.
Azərbaycan 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında kişilərin fərdi yarışında 2 fiqurlu konkisürənlə təmsil olunacaq.
Məlumata görə, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.
Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk "10-luğ"a düşməsi sayəsində verilib.
Qeyd edək ki, Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.
Amerikalı məşhur müğənni Ledi Qaqanın “Stupid Love” adlı yeni mahnısı internetə sızdırılıb.
“Sputnik Türkiye”yə istinadən xəbər verilir ki, “Twitter”də bəziləri mahnının Ledi Qaqanın yeni sinqlı olduğunu iddia etsə də, digərləri altıncı albomda yer alacağını təxmin ediblər.
Mahnısının internetə sızdırılmasına Ledi Qaqanın reaksiyası gecikməyib. O, şəxsi “Twitter” səhifəsində musiqi dinləyən və “sus” işarəsi göstərən maskalı bir qızın şəklini paylaşaraq “Hamınız susa bilərsiniz?” deyə yazıb.
Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti görkəmli şair İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” adlı tamaşanı növbəti dəfə yanvarın 26-sı və 29-da teatrsevərlərin ixtiyarına verəcək.
Azərbaycan Dövlət “Yuğ” Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan səhnə əsərinin janrı mistik-psixoloji dramı kimi təyin edilib.
Səhnə əsərində aktyorlar Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni Əliyev, Ziya Ağa, Vüqar Hacıyev, Elgün Həmidov, Elşən Əsgərov və Amid Qasımov çıxış edəcək.
Qeyd edək ki, yazıçı-dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, plastik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.
Rejissor Vadim Perelmanın "Fars dili dərsləri" filmi 70-ci Berlin kino festivalının Berlinale Special proqramına daxil edilib.
TASS agentliyinə istinadən xəbər verilir ki, filmin dünya premyerası fevralın 22-də festivalın mərkəzi meydançasında olacaq. Məlumatda bildirlib ki, ekran əsəri dünya tarixinin ən qaranlıq səhifələrindən biri sayılan Holokostdan bəhs edir. Əsas qəhrəman ölümdən qaçmaq üçün düşərgədə özünü fars kimi qələmə verir və sağ qalmağın yeganə yolunu fars dilini öyrənməkdə görür.
Filmin quruluşçu rejissoru İlya Stüart, rejissoru Vadim Perelmandır. Aparıcı rollarda Nahuel Perez Biskayart və Lars Eidinger çəkilib. "Filmimiz dünyanın ən nüfuzlu film festivalının siyahısına düşdüyünə görə çox sevinirik. Biz Rusiya kino sənayesini təmsil edəcəyimizdən qürur duyuruq", - deyə İ.Stüart bildirib
"Fars dili dərsləri" filmi Rusiya, Almaniya və Belarusun ortaq istehsalıdır. Filmin məsləhətçilərindən biri məşhur Alman tarixçisi və yazıçısı Yörq Mülnnerdir. Onun məşhur tədqiqatları arasında cəbhənin hər iki tərəfində vuruşanlara dair sənədlərin toplandığı "Stalinqrad. Həqiqi tarix" əsəri var.
Çəkilişlərin bir hissəsi ikinci Dünya müharibəsi illərində Bobruysk qalasının ərazisində aparılıb. Orada sovet hərbi əsirləri üçün iki tranzit cəza düşərgəsi yerləşirdi.
Xatırladaq ki, Berlin kino festivalı fevralın 20-dən martın 1-dək keçiriləcək.
Bakı şəhərində daha 2 ASAN xidmət mərkəzi inşa edilir.
Bu barədə ASAN xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə16 ASAN xidmət mərkəzi fəaliyyət göstərir:
"Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bu il Tovuz, Ağcabədi, Kürdəmir və Balakəndə ASAN xidmət mərkəzlərinin istifadəyə verilməsi nəzərdə tutulub. Onların hər biri regional xarakter daşıyır.
Prezident İlham Əliyev Bakı şəhərində iki, Sumqayıtda bir yeni, həmçinin Naxçıvanda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında Sərəncam imzalayıb".
E.Niftəliyev əlavə edib ki, hazırda ASAN xidmət mərkəzlərində dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 100%-ə yaxındır".
Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək.
Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir: ""Xəmsə" formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.