Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraitinin dəyişdiyini deyib.
Onun sözlərinə görə, Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə (Ordubad), Qrızda 1 mm qar yağıb.
U.Tağıyeva qeyd edib ki, Nabran, Şabranda 2, Bakıda və Abşeron yarımadasında - Maştağada 2 mm, Zabrat, Binə, Pirallahıda 1 mm yağış qeydə alınıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 sm olub.
Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 m/s-dək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub.
"Azərbaycanda yerüstü su ehtiyatları 30 milyard, yeraltı su ehtiyatları isə təqribən, 9 milyard kubmetrdir. Bu suların, təxminən, 12,8 milyard kubmetri istifadə olunur".
Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, suvarmada, su təchizatında və sənayedə su itkiləri var: "İstifadə etdiyimiz suyun 70 faizi kənardan ölkəyə çirklənmiş halda daxil olur. Lakin su ehtiyatımızın çox hissəsinin kənardan daxil olmasına baxmayaraq, istifadə zamanı israfçılığa yol verilir, sudan səmərəli istifadə edilmir".
Şöbə müdiri bildirib ki, suların idarə olunması ilə bağlı məsələlərdə çətinliklər yaradır, xüsusilə əkin sahələrinin suvarılmasında israfçılığa yol verilir, qənaətcil damcılı suvarma sistemlərindən istifadə edilmir: "Hazırda ölkədə bu sahədə müvafiq tədbirlər görülür, anbarlar tikilir, suvarma kanalları inşa edilir, içməli su təchizatı sistemləri yenidən qurulur".
Nazirlik rəsmisi vurğulayıb ki, içməli suyun ən çox istifadə edildiyi Bakı şəhərinə uzaq məsafələrdən su gətirilir: "Bu da o deməkdir ki, Bakı və Abşeron yarımadasının özünün içməli su ehtiyatı yoxdur: "Buna baxmayaraq, hazırda paytaxtda sudan səmərəli istifadə edilmir. İstifadə olunmuş, çirklənmiş sular təmizlənərək texniki su kimi istifadə olunmaq əvəzinə, çirkli halda çaylara və dənizə axıdılır. Bu amillər ETSN-i narahat edir. Tullantı sularının təmizləyici qurğularda tam təmizlənməməsi dənizin və çayların çirklənməsinə gətirib çıxarır. Qlobal iqlim dəyişikliklərinin təzahürləri Azərbaycanda su ehtiyatlarına da təsirsiz ötüşmür. Yağıntıların az olması və daxili çaylarımızda axınların azalması bu təzahürlərdən biridir. Bütün ölkələr iqlim dəyişiklikləri təzahürlərinə qarşı tədbirlər görür. Azərbaycanda da araşdırmalar, təhlillər və qiymətləndirmələr aparılıb. İqlim dəyişmələrinin şirin su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinin qarşısını almaq üçün su anbarları tikilir".
M.Əbdülhəsənov deyib ki, yağıntının olmaması səbəbindən Kür çayında da son zamanlar suyun azalması qeydə alınır: "Bunlar hamısı özünü Mingəçevir su anbarında göstərir. Şirin su ehtiyatlarını qorumaq, səmərəli və qənaətlə istifadə etmək lazımdır. Hər bir vətəndaş sudan səmərəli istifadə etməli, su ehtiyatının tükənməsinə yol verilməməlidir. Bunun üçün çaylar mühafizə olunmalı, çayların ekoloji axını bərpa olunmalı, eyni zamanda suya qənaetedici texnologiyalardan istifadə edilməli, sudan qənaətlə və təkrar istifadə olunmalıdır".
Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır.
Qış tətili 27-31 yanvar tarixlərini əhatə edir.
5 günlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) təşkil edəcək.
Tətildən sonra altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü dərs günüdür.
Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.
Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib.
Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 24-dən 25-nə keçən gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Səhər saatlarında duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında günorta saatlarında arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
Yanvarın 26-da Dünya Ekoloji Təhsil Günündə bir sıra milli parklarda açıq dərs, Qızılağac Milli Parkının turizm informasiya mərkəzində məktəblilər arasında bilik yarışı keçiriləcək.
Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
O bildirib ki, yanvarın 30-da isə Hirkan Milli Parkında atla yürüş üçün ziyarətçilərə şərait yaradılacaq: "Tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizmin təbliği, parklara turistlərin marağının artırılmasıdır. Hər kəsi milli parklarımıza səyahət etməyə və təşkil olunacaq tədbirlərə qoşulmağa çağırırıq".
Davos Dünya İqtisadi Forumu çərivəsində dünya ictimaiyyətini narahat edən ən əsas məsələlərdən biri – dünyada ekoloji vəziyyət və qlobal istiləşməyə səbəb olan iqlim dəyişiklikləri müzakirə olunub.
Bunu rusiyalı alim Yaroslav Ştrombax deyib.
Onun sözlərinə görə, bu, çox vacib məsələdir və Azərbaycan qarşıdan gələn təhlükə ilə mübarizəyə böyük töhfə verir: “Azərbaycanda dövlət iqtisadiyyatın inkişafı ilə yanaşı, ətraf mühitin mühafizəsinə də böyük diqqət ayırır. Rəhbərlik atmosferə karbon dioksid tullantılarının azaldılması yolu ilə ekoloji balansın qorunması sahəsində ciddi nəzarət həyata keçirir. Əldə olunan məlumatlara əsasən, 2018-ci ildə Azərbaycanda atmosferə atılan karbon dioksidin həcmi 34,704 milyon ton, yəni adambaşına 3,5 ton təşkil edib. Bu, dünyada qəbul edilmiş ortalama göstəricidən də (4,988 ton) azdır. Bu göstəriciyə görə Azərbaycan dünyanın bir çox ölkələrini qabaqlayır”.
Professor qeyd edib ki, Azərbaycan hökuməti perspektivli sahə hesab olunan alternativ enerjini fəal inkişaf etdirir: “Azərbaycanda alternativ enerjinin inkişafına böyük təkanı dövlət başçısının Davos forumunda iştirak etməsi verəcək. Ölkə özünü etibarlı tərəfdaş kimi göstərib, bu isə Azərbaycana investisiyaları və marağı cəlb edəcək”.
O əlavə edib ki, digər ölkələr bərpa olunan enerji mənbələri sahəsinin inkişafına böyük vəsaitlərin yerləşdirilməsinin zəruriliyi barədə müzakirələrlə kifayətlənərkən, Azərbaycan bu sahəyə investisiya qoyur: “Bakı bu sahənin inkişafına xüsusi diqqət ayırır. Səhv etmirəmsə, ötən il Azərbaycan Prezidenti İlham Əliyev bərpa olunan enerji mənbələri, xüsusilə külək və günəş enerjisi sahəsində elektrik stansiyalarının tikintisi üzrə pilot layihələrin icrası ilə əlaqədar komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Bundan başqa, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə çoxlu dövlət proqramları həyata keçirilir”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında “Ucadan oxu” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Layihənin məqsədi azyaşlı uşaqları kitabxanalara cəlb etmək, mütaliə vərdişləri yaratmaqdır.
Tədbirdə 149 nömrəli tam orta məktəbin şagirdləri fəal iştirak ediblər.
Kitabxana əməkdaşları şagirdlərə ucadan oxumaq üçün müxtəlif maraqlı nağıl kitabları təqdim ediblər.
Sonda qeyd edilib ki, layihə davamlı olaraq keçiriləcək.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox üzvü var.
Nazirlikdən verilən məlumata görə, “Bir” Tələbə-Könüllü proqramı Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Masallı, Lənkəran, Şamaxı, Ağdam, Göyçay, Qubada yerləşən 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edir.
Proqram 25 özəl və dövlət qurumu, 20 beynəlxalq və yerli təşkilatla tərəfdaşdır.
Hər bir tələbə proqrama qoşulmaq üçün www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək özünə “BİR könüllü” profili yarada bilər.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü proqramı 14 dekabr 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Azərbaycanın siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, könüllülük fəaliyyətini stimullaşdırmaq, tələbələrin dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsi üçün yaradılmış uzunmüddətli proqramdır. Yarandığı gündən indiyədək “Bir” Tələbə-Könüllü proqramı 520-dən çox mühüm dövlət və beynəlxalq tədbirlərdə iştirak edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Xırdalan şəhərində Abşeron və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb.
Nazirlikdən verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşlar tərəfindən Xırdalan şəhər 11 illik Musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün klassik musiqi konsertlərinin təşkili, Zəngilan rayon Mərkəzi Kitabxanasına Azərbaycan və dünya ədəbiyyatı, eləcə də ali məktəb dərsliklərinin verilməsini diqqətə çatdırıblar.
Həmçinin Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinə sensor vitrinlərin verilməsi, Zəngilan kənd klubunun ərazisində açıq səhnənin qurulması, Saray qəsəbəsində Mədəniyyət evinin tikilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı nazir müavininə müraciət edilib.
Vətəndaşlar tərəfindən səsləndirilən bütün müraciətlər dinlənilib, qaldırılan bir sıra məsələlər yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.