Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

    Görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olunub. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

    Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

  • Azərbaycan Prezidentinin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

    Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib.

    İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirib.

    O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

    Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirilib.

    Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edilib və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

     

  • ÜST dünyanı koronavirusa qarşı hazırlığa çağırıb

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni 2019-nCoV koronavirusa qarşı lazımi tədbirlər görməyə hazır olmağı tövsiyə edib.

    RT-yə istinadən xəbər verilir ki, bu barədə Beynəlxalq Səhiyyə Tənzimləmə Fövqəladə Komitəsinin yeni koronavirusla bağlı yanvarın 22-də keçirilən iclası ilə bağlı ÜST-ün yaydığı açıqlamada bildirilir.

    Rəsmi açıqlamada deyilir ki, bundan sonra xəstəlik hallarının beynəlxalq yayılmasının hər bir ölkəyə şamil ola biləcəyi gözlənilir: "Beləliklə, bütün ölkələr fəal nəzarət, erkən aşkarlanma, tədric və idarəetmə, təmasları izləmə, 2019-nCoV virusunun törətdiyi xəstəliyin daha da yayılmasının qarşısını almaq, ÜST-ə müfəssəl məlumatları təqdim etmək kimi qabaqlayıcı tədbirlər görməlidir”.

    Bununla yanaşı, insanların yoluxmasına, virusun təkrar ötürülməsinə, beynəlxalq miqyasda artmasına qarşı tədbirlərin vacibliyi vurğulanan açıqlamada koronavirusla bağlı beynəlxalq fövqəladə vəziyyət tətbiq etməyə ehtiyac olmadığı vurğulanır.

    Qeyd edək ki, hazırda Pekində əhalinin səhhəti ilə bağlı fövqəladə hallara qarşı ən yüksək hazırlıq səviyyəsi elan olunub. Hazırda paytaxtda koronavirusa 29 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Yoluxanlardan birinin vəziyyəti nisbətən ciddi, qalanların isə sabit vəziyyətdə olduğu, yaxşılaşmağa doğru getdiyi bildirilir.

  • Ankarada görkəmli ədib Səməd Behrənginin yubileyi qeyd olunub

    Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərargahında görkəmli təbrizli yazıçı, tanınmış tərcüməçi-publisist Səməd Behrənginin anadan olmasının 80 illiyi münasibətilə toplantı keçirilib.

    Toplantıda türk dünyasının ədəbiyyatsevərləri, şair və yazıçılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

    Əvvəlcə TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı, Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Ankarada fəaliyyət göstərən Təbriz Araşdırmalar İnstitutunun rəhbəri Rza Heyət və başqaları böyük ədəbiyyatçının həyat və fəaliyyətindən, nadir üslubda yazılan əsərlərinin dəyərindən danışıblar. Diqqətə çatdırılıb ki, yubilyar rəvan yazı dili, orijinal bədii üslubu və yüksək şəxsi keyfiyyətləri ilə şöhrət qazanıb.

    Səməd Behrənginin həyat prinsiplərindən bəhs edən çıxışçılar diqqətə çatdırıblar ki, zəmanəsinin cəsur və qorxmaz şəxsiyyəti kimi tarixə düşən yazıçı heç bir halda yolundan dönməyib, amal və məsləkinə sadiq qalaraq düşüncələrini obrazlı şəkildə xalqına çatdırmağa nail olub. Həyatının sonuna qədər kənd müəllimi kimi işləyən S.Behrəngi qısa zaman kəsiyində böyük yazıçı, publisist, tərcüməçi kimi tanınıb və şöhrət qazanıb, əsərləri sevilə-sevilə oxunub.

    Tədbir bədii proqramla davam edib.

  • Ölkədə keçirilən tətillə bağlı Eyfel qülləsi bağlanıb

    Fransa hökumətinin təqdim etdiyi təqaüd islahatı planına qarşı bütün ölkədə keçirilən tətillə bağlı Parisin əsas turizm məkanlarından olan Eyfel qülləsi bağlanıb.

    “Report” xəbər verir ki, bu barədə Eyfel qülləsinin “Twitter” rəsmi səhifəsində bildirilir. 

    Bununla belə, qüllə ətrafındakı meydan gəzintilər üçün açıqdır.

    Xatırladaq ki, Fransa hökumətinin irəli sürdüyü təqaüd islahatı layihəsinə qarşı ötən ilin dekabr ayından ümumi müddətsiz tətil keçirilir. Həmin islahat nəqliyyat işçiləri və bir sıra başqa qrupların təqaüdə çıxarkən müəyyən imtiyazlar və xüsusi rejimdən məhrum olunmasını nəzərdə tutur. Layihə fevral ayında parlamentin müzakirəsinə çıxarılmalıdır.

     
  • Bakı Xanları Evində aparılan təmir-bərpa işlərinin bu ilin ortalarına kimi yekunlaşması nəzərdə tutulub

    Böyük Qala küçəsində yerləşən və XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və bu ilin ortalarına kimi yekunlaşması nəzərdə tutulub.

    Bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

    Bildirib ki, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.

  • Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb

    Bakı və Moskva arasında mədəni əməkdaşlıq haqqında protokol imzalanıb.

    Məlumata görə, sənəd “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində imzalanıb.

    Sənədi Azərbaycan tərəfdən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən isə Moskva Şəhər Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıb.

  • Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mədəniyyət sahəsində əlaqələrini genişləndirir

    Yanvarın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim Rozental, AZZEM Beynəlxalq Fondunun prezidenti Oleq Mövsümovla görüşüb.

    Görüşdə əsas məqsəd mədəniyyətlərarası dialoqun genişləndirilməsi, Nyu-York şəhərində Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq aparılmasıdır.

    Səmimi şəraitdə keçən danışıqlar şəhərlərimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsi yönümündə yeni cığırların açılmasına və müştərək layihələrin həyata keçirilməsində birgə fəaliyyətin göstərilməsinə zəmin yaradıb.

  • “Bir dəfə Bağdadda” musiqili komediyası rusdilli tamaşaçılar üçün təqdim olunacaq

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fevralın 7-də “Bir dəfə Bağdadda” musiqili komediyasını növbəti dəfə rusdilli tamaşaçıları üçün təqdim edəcək.

    Teatrdan bildirilib ki, görkəmli bəstəkar Emin Sabitoğlunun eyniadlı operettası əsasında teatrın rus bölməsində ərsəyə gələn tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

    Əsərdə hadisələr Bağdadda, xəlifə Harun ər-Rəşidin dövründə baş versə də, müasir zamanla səsləşir.

    Səhnə əsərində rolları teatrın sevilən sənətkarları - Boris Qrafkin (Masrur), Anton Ferştdant (Harun ər-Rəşid), Svetlana Bulax (Afət), Emil Heydərov (Səlim), Yuliya Heydərova (Züleyxa), Pərviz Məmmədov (Bəhram), Mehriban Zalıyeva (Leyla), Əliməmməd Novruzov (Rəhim), Nadejda Povelitsina və Telnaz Hüseynova (Xacələr) ifa edəcəklər.

    Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Tamilla Aslanovadır.

     
  • Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var

    2020-ci il üçün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qastrol və festivallarla bağlı çoxsaylı planları var.

    Bu sözləri müsahibəsində Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov deyib. Onun sözlərinə görə, artıq bir neçə qastrol səfərləri ilə bağlı ilkin danışıqlar aparılıb:

    “Bu günlərdə Gürcüstanın Milli Teatr Günü ilə əlaqədar qonşu ölkədə bir neçə görüş keçirdim. Gürcü teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına böyük marağı var. Kutaisi, Tbilisi və digər şəhərlərdə olan teatrlar bizi qastrola dəvət edirlər. Gürcüstanın dünyada tanınmış teatr rejissoru Robert Sturua ilə çox gözəl münasibətimiz var. Bu münasibətin və dostluğun tarixi 40 ilə yaxındır. Məhz onun və digər dostlarımızın dəvəti ilə qonşu ölkənin teatrsevərləri üçün tamaşalar oynayacağıq”.

    Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, rəhbərlik etdiyi kollektiv 2020-ci ildə Daşkənddə və Türkiyədə olan festivallarda da iştirak edəcək:

    “Hər iki ölkə ilə danışıqlar aparılır. Yaxın vaxtlarda konkret addımlar atılacaq. 2019-cu ilin oktyabr ayında Akademik Milli Dram Teatrına dövlət statusunun verilməsinin 100 illiyi cənab Prezidentimiz İlham Əliyevin imzaladığı Sərəncam əsasında təntənə ilə qeyd olundu. Ölkəmizin başçısının digər Sərəncamı ilə teatrımızın aktyorları fəxri adlarla təltif olundu. Bu, cənab Prezidentimiz tərəfindən bizə olan böyük etimadın bariz nümunəsidir və bir daha ölkə başçımıza təşəkkürümü bildirirəm. Məhz 100 illik yubileylə əlaqədar istər beynəlxalq, istərsə də yerli qastrollarla bağlı planlarımız böyükdür. Eyni zamanda, ötən il olduğu kimi, bu il də yeni premyeralarla tamaşaçılarımızı sevindərəcəyik. İstər dünya, istərsə də Azərbaycan dramaturgiyasından olan əsərlər əsasında hazırlanan tamaşalar teatrımızın səhnəsində oynanılacaq”.