Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə ölkənin Mətbuat və Kommunikasiyalar Agentliyinin dəstəyi ilə 2020-ci il üzrə Özbəkistan KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, bu il müsabiqədə əsasən Azərbaycan-Özbəkistan əməkdaşlığı, hər iki ölkənin həyata keçirdiyi böyük layihələr, islahatlar və əldə olunan nailiyyətlərə dair mövzulara xüsusi yer verilib. Bununla əlaqədar “Azərbaycan-Özbəkistan əməkdaşlığı: uğur və nailiyyətlərimiz” adlı nominasiya müəyyən edilib. Bildiyimiz kimi, ötən illər ərzində Azərbaycanın bir sıra şəhərləri Türk və İslam mədəniyyətinin paytaxt şəhərləri seçilib, 2020-ci ildə isə Xivə Türk Dünyasının mədəniyyət paytaxtı, Buxara isə İslam mədəniyyətinin paytaxtı elan olunub. Məhz bu tarixi hadisəni nəzərə alaraq bu ilki müsabiqəyə “Azərbaycanın və Özbəkistanın Türk və İslam mədəniyyətlərinin paytaxt şəhərləri” adlı xüsusi nominasiya daxil edilib. Qardaş ölkə jurnalistlərinin mədəniyyətimizin paytaxt şəhərləri, onlar arasında Böyük İpək Yolu üzrə tarixi əlaqələr, bu şəhərlərin ölkəmizin və dünyanın mədəni mərkəzləri kimi rolu və inkişafı barədə məqalələrinə üstünlük veriləcək.
S.Abbasov deyib: “Bu ilki müsabiqədə Azərbaycan tarixi və mədəniyyətində xüsusi yer tutan, milli musiqimizin beşiyi olan Qarabağa, orada Azərbaycan xalqının yaratdığı mədəniyyət, musiqi, muğam sənətinə dair məqalələrə xüsusi yer ayrılıb. Bu səbəbdən müsabiqənin növbəti nominasiyası “Qarabağ – Azərbaycan musiqisinin beşiyi” adlanıb”.
O bildirib ki, 2020-ci ildə qardaş ölkənin telekanallarında ölkəmizə, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair verilişlərə daha çox diqqət yetirilməsi nəzərdə tutulub, ötən il olduğu kimi, bu il də müsabiqədə “İlin ən yaxşı televiziya verilişi” adlı nominasiya saxlanılıb. Bundan başqa, “İlin ən yaxşı sənədli filmi, videoçarxı və səhnə əsəri” adlı nominasiya müəyyənləşdirilib.
S.Abbasov vurğulayıb ki, iki xalq arasında dostluq əlaqələrinin inkişafında kitab, jurnal və digər çap əsərlərinin mühüm əhəmiyyəti var. Hər iki ölkənin dahi şair və yazıçılarının əsərlərinin qarşılıqlı tərcüməsinin həyata keçirilməsi xalqlarımız üçün olduqca zəruri məsələdir. Mədəniyyət Mərkəzi bu işi stimullaşdırmaq məqsədi ilə “Ən yaxşı nəşr və tərcümə layihələri” mövzusunda nominasiya elan edib.
“İl ərzində Azərbaycan və Özbəkistan arasında dostluq əlaqələrini, qarşılıqlı əməkdaşlığı təbliğ edən ən fəal azərbaycanlı və özbək alimlər, ictimaiyyət və diaspor nümayəndələri də müsabiqənin xüsusi mükafatlarına layiq görüləcəklər”, - deyə Mədəniyyət Mərkəzinin direktoru vurğulayıb.
Bildirilib ki, 2020-ci ildə Azərbaycan-Özbəkistan dostluğu, habelə ölkəmizin tarixi, mədəniyyəti, adət və ənənələri, iqtisadiyyatı, turizmi haqqında ən çox material dərc edən və yayımlayan mətbu orqanlara da (qəzet, jurnal, sayt, televiziya kanalı) xüsusi mükafatlar təqdim ediləcək.
S. Abbasov qeyd edib ki, qalib gələn jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak edir. Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxı Bakının və respublikamızın tarixi məkanları, mədəniyyət, turizm mərkəzlərində olur, orada çəkilişlər aparır, məqalələr hazırlayırlar.
Vurğulanıb ki, 2013-cü ildə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü-mayın 10-da başlayan və hər il keçirilən müsabiqəyə maraq böyükdür. Hər il Özbəkistanın jurnalistləri, alimlər, tərcüməçilər bu layihədə iştirak edərək Özbəkistan-Azərbaycan dostluğuna, Azərbaycana dair özbək mətbuatında materiallar dərc etdirirlər.
Martın 29-da Heydər Əliyev Mərkəzində əfsanəvi caz müğənnisi, beş «Qremmi» mükafatı sahibi Dayan Rivsin (Dianne Reeves) konserti keçiriləcək.
Mərkəzdən bildirilib ki, virtuoz Dayan Rivs improvizasiya ustalığı və unikal R&B üslubu sayəsində ən yaxşı caz ifaçılığına görə beş dəfə «Qremmi» mükafatı qazanıb. O, ardıcıl üç albomu ilə «Qremmi» mükafatı alan ilk müğənnidir.
Dayan Rivs, həmçinin Corc Kluninin altı «Oskar» qazanmış «Gecəniz xeyrə və uğurlar» (Good Night, And Good Luck) filmindəki saundtrekinə görə «Qremmi»yə layiq görülüb.
Onun sonuncu «Gözəl həyat» («Beautiful Life») albomu da 2015-ci ildə «Qremmi» alıb.
Dayan Rivs karyerası ərzində ən yaxşı simfonik orkestrlər və caz qrupları ilə əməkdaşlıq edib. Truba ifaçısı, bəstəkar Uinton Marsalis və Linkoln Mərkəzinin Caz Orkestri ilə birgə ifalarını yazdırıb, səhnəyə çıxıb. O, həmçinin Daniel Barenboimin dirijorluğu ilə Çikaqo Simfonik Orkestri ilə çıxışını lentə aldırıb, Berlin Filarmoniya orkestrinin solisti olub.
Dayan Rivs Los Anceles Filarmoniyasının caz üzrə ilk bədii rəhbəri və məşhur Uolt Disney konsert zalında çıxış edən birinci vokalist olub.
O, Berkli Musiqi Kolleci və Culyard Musiqi Məktəbinin fəxri doktoru dərəcəsini alıb. 2018-ci ildə ABŞ-ın Milli İncəsənət Fondu Dayan Rivsi ABŞ-da caz ifaçıları üçün ən yüksək təltifə – «Caz ustası» («Jazz Master») adına layiq görüb.
Heydər Əliyev Mərkəzindəki konsertin biletlərini Mərkəzin kassası, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar.
Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti, görkəmli bəstəkar və ifaçı Polad Bülbüloğlunun 75 illik yubileyi ərəfəsində yanvarın 22-də Moskvada “Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olub.
Moskva Myuzikl Teatrında baş tutan gecəni yubilyar ənənəvi olaraq “Bakı” mahnısı ilə açıb. Rusiyanın Xalq artisti Sergey Skripkanın rəhbərliyi altında Dövlət Simfonik Kinematoqrafiya Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun milyonların sevə-sevə dinləndiyi mahnıları səslənib. Yubilyarı təbrik edənlər arasında qızı Leyla, oğlu, gənc dirijor Murtuza, nəvəsi Anna da var idi.
Gecənin aparıcısı, Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusman, kinorejissor Yuli Qusman, Rusiyanın Xalq artisti Lev Leşenko, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqaları çıxışlarında Polad Bülbüloğlunu sədaqətli dost, görkəmli bəstəkar və müğənni, məharətli diplomat, müdrik insan, Azərbaycanı sonsuz məhəbbətlə sevən vətənpərvər kimi səciyyələndiriblər. Çıxış edənlər onun dahi Bülbülün oğlu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu diqqətə çatdırıblar. Səhnədə quraşdırılmış ekranda Polad Bülbüloğlunu həyat yolunda müşayiət edən insanlar – ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, sənət dostları və həmkarları canlanıb.
Polad Bülbüloğlu yubiley konsertində iştirak edən bütün qonaqlara və pərəstişkarlarına təşəkkürünü bildirərək deyib: “Çox şadam ki, bu konsert baş tutdu. Çoxdandır ki, oxumurdum. Axırıncı dəfə beş il bundan qabaq Moskvada və Bakıda konsert vermişdim. Şadam ki, zal dolu idi, pərəstişkarlarım gəlmişdi. Azərbaycan musiqisinin Moskvanın mərkəzində səslənməsi məni qürurlandırır. Konserti Bakı haqqında mahnımla açıb, Azərbaycan haqqında mahnı ilə bitirdim. Bugünkü konsertdən böyük zövq aldım. Yenidən səhnədə olmağıma çox şadam. Yaxın günlərdə Bakıda, Heydər Əliyev Sarayında da konsert verəcəyəm. İndi ona hazırlaşırıq”.
Gecənin qonaqları Polad Bülbüloğlu haqqında fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər:
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko: “Söz tapa bilmirəm, emosiyalarım aşıb-daşır. Nostalji hislər keçirdim. O, parlaq bəstəkar, parlaq müğənnidir. Onun hitə çevrilmiş bütün mahnılarını özü ilə birlikdə oxumaq istəyirsən”.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin: “Polad Bülbüloğlunun ifasını Sovet İttifaqı kimi nəhəng bir ölkənin xalqı alqışlayırdı. Elə indi də həm Azərbaycanda, həm də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam edir, çünki onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir”.
Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov: “Bu gün Moskvada yaşayıb, qəlbən hər zaman Bakı ilə olanlar üçün əlamətdar gündür. Bu gün sevimlimiz Polad Bülbüloğlunun 70 illik yubileyini qeyd edirik. O, hər cəhətdən unikal insandır. Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o, həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mənim əziz dostum Mixail Qusman da bu günlər yubileyini qeyd edir. Biz onunla 40 ildən artıqdır ki, tanışıq. Hələ sovet dövründə gənclər təşkilatında birgə işləmişik. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları bu iki yubiley münasibəti ilə təbrik edirəm”.
Federasiya Şurası Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov: “Polad Bülbüloğlu şəxsiyyətinin böyüklüyü mənim üçün onun insanların qəlbində tutduğu yer ilə ölçülür. Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata, insanlara münasibəti bizim hamımız üçün nümunə olub. Mən Polad Bülbüloğlunu özümə müəllim hesab edirəm. O, nə yaradıcılığında, nə diplomatiyada, nə də həyatında heç zaman xaric tonlara yol verməyib. Polad Bülbüloğlu çətin missiya yerinə yetirir. Ümumiyyətlə, onun heç asan missiyası da olmayıb. O, hər zaman yüksəklərdə olub və mən ona bu səviyyəni hər zaman qorumağı arzu edirəm”.
“Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri, M.Qorki adına Kinostudiyanın direktoru Yuliana Slaşyova deyib: “Polad Bülbüloğlunun gəncliyinə, gümrahlığına bugünkü 18 yaşlı artistlər həsəd apara bilərlər. Mən onun mahnıları ilə böyümüşəm, uşaqlığımda sevə-sevə baxdığım filmlərdən musiqiləri eşitmək çox xoşdur. Polad Bülbüloğlunun sonsuz həyat eşqinin şahidi olanda, ruhun yenidən doğulmasına, gəncliyin sonsuzadək davam edə bilməsinə inanırsan. Mən bu günlərdə Bakıda baş tutacaq dəyirmi masada iştirak etməyi nəzərdə tutmuşam. Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığa, o cümlədən kino və animasiya sahəsində layihələrdən danışacağıq. Düşünürəm ki, bizim çox böyük əməkdaşlıq perspektivlərimiz var”.
NTV telekanalı Baş direktorunun müavini Timur Vaynşteyn: “Bu gün Moskva ictimaiyyəti üçün əlamətdar gündür. Bu gün Polad Bülbüloğlunu dinləməyə gələnlər arasında onun xeyli pərəstişkarları var. 75 yaşlı müğənninin 2 saat yarım canlı, orkestrin müşayiəti ilə oxuması sonsuz alqışlara layiqdir. Mən onun Moskvada keçirilən yubileylərindən birində “Bakılı oğlanlar” Komandası ilə birlikdə çıxış etməyimizi xatırlayıram. Bu gün Mixail Qusmanı da təbrik etmək istəyirəm. O, mən hələ dünyaya gəlməmişdən məni tanıyıb. Mixail Solomonoviç məni doğum evindən evəimizə gətirib. Onun “Bakinski raboçi” qəzetində mənim dünyaya gəlməyim xəbərini o zaman Bakıda olmayan atama çatdıran telefonçu qız barədə dərc etdiyi məqaləni hələ də yadigar saxlayıram”.
Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy: “Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: “Bir dəfə MDB mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: “Düşünürəm ki, mən onu hələ rəndələyirəm...”. “Deməli, sizin mədəniyyət naziri dünyanın ən “rəndələnmiş” naziri olacaq”, - deyə fikrimi söylədim. Prezident İlham Əliyev Poladı nahaq yerə Moskvaya səfir təyin etməyib. Hələ yaradıcılığı dövründə və nazir olduğu vaxtlarda o, Moskvada çox qapıları və ürəkləri inamla açırdı. Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dostluqda istedadlıdır”.
“Keçən il mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə fikir səsləndirilib. Hazırda bu istiqamətdə iş aparılır”.
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Ə.Ələkbərov deyib ki, hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparırıq:
“Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir".
"İçərçişəhərə gəlincə, buranın xüsusi statusu var. 2005-ci ildən İçərişəhər Qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi bir status alıb. Bu, böyük bir statusdur. Hesab edirəm ki, yeni mərkəzi rayon yaradılsa da, İçərişəhərin özünü xüsusi statusu var”, - sədr qeyd edib.
Aprelin 29-da Bakıda “Travel Business Azerbaijan 2020” tədbiri keçiriləcək.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində reallaşacaq tədbirə 1000-dən çox iştirakçının qatılacağı gözlənilir.
Dövlət Turizm Agentliyindən bildirilib ki, Azərbaycanda ilk dəfə təşkil olunacaq tədbir regionun ən böyük səyahət bazarı rolunu oynayacaq.
Tədbirə Azərbaycanın rəsmi turizm nümayəndəliklərinin mövcud olduğu ölkələr də daxil olmaqla, dünyanın 50 ölkəsindən 400 nəfərdən çox turizm mütəxəssisi dəvət olunub.
Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında tərəfdaşlıq münasibətlərinin və əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq, qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.
Həmçinin “Travel Business Azerbaijan 2020” tədbiri ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
Tədbirdə B2B (Biznesdən biznesə) görüşlər və seminarlar keçiriləcək, şirkətlərə öz xidmətlərinin təqdimatını keçirmək üçün imkan yaradılacaqdır.
Tədbir çərçivəsində Azərbaycana gələn xarici nümayəndələr üçün paytaxtın və regionların turizm məkanlarına səfərlər təşkil olunacaq.
Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytında əldə etmək mümkündür.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciət edib.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmantinin verdiyi məlumata əsasən hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, bu günlərdə yollarda sükün arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümükün qədər həmin ərazilərdə istifadə etməməli, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğu sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.
Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda dahi mütəfəkkir-şair Nizami Gəncəvinin heykəlinin ucaldılması üçün şəhərin mərkəzi parklarının birində ərazi ayrılıb.
Bu barədə Xarkov şəhər meri Gennadi Kernes Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə görüşündə məlumat verib. N.Gəncəvinin bəşəri şəxsiyyət olduğunu deyən G.Kernes onun heykəlinin ucaldılmasının Xarkov sakinləri və xarici qonaqlar üçün maraq yaradacağını bildirib. Mer yaxın vaxtlarda müvafiq sənədlərin səfirliyə təqdim olunacağını da qeyd edib.
A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində dahi mütəfəkkirin heykəlinin ucaldılmasında maraqlıdır.
“Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. Hər iki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Ukraynada Azərbaycanın dahi şəxsiyyətlərinin heykəllərinin ucaldılması ilə bağlı artıq yaxşı təcrübə var. Son iki ildə Kiyevdə Müslüm Maqomayev, Nəsiminin heykəlləri ucaldılıb”, - deyə səfir əlavə edib.
Mer, həmçinin Xarkovda infrastruktur layihələrinin reallaşmasında Azərbaycan şirkətlərini iştirak etməyə dəvət edib. “Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələri həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”, - deyə o əlavə edib.
Parisdə “Gyunel Couture” moda evinin “Haute Couture” fashion həftəsi çərçivəsində “Veni sicut Es” adlı yaz-yay kolleksiyasının təqdimatı keçirilib.
Saint Honore küçəsindəki “Mandarin Oriental” otelində təşkil olunmuş təqdimatda məşhur markaların nümayəndələri, sənət dünyasında tanınmış şəxslər iştirak ediblər.
Azərbaycanlı rəssam və dizayner Günel Rüstəmovanın yaz-yay kolleksiyası xüsusi maraq doğurub. “Gyunel Couture”ün Paris moda həftəsi çərçivəsində təqdimat keçirməsi ənənəyə çevrilib. Londonda fəaliyyət göstərən Günel Rüstəmova incəsənət, tarix və mədəniyyətimizdən ilhamlanaraq çəkdiyi rəsmlərini sonra moda dizaynına çevirir. Yeni kolleksiyasında “Kurt’s love”, “Queen of Grunge” kimi geyimlər moda sevənlərin diqqətini daha çox cəlb edib. Kolleksiyada G. Rüstəmova ipək və satin parçadan hazırlanmış açıq qırmızı, səma göy, parlaq ağ, eləcə də nanə çalarlı yaşıl rəngə üstünlük verib. Assimetrik şəkildə hazırlanmış geyimlər xüsusi incə zəncirlər, kristallarla bəzədilib.
Qeyd edək ki, London Moda Kollecinin məzunu olan G. Rüstəmova Avropada tanınmış modelyerlərdən biridir. Onun milli köklərə bağlı kolleksiyaları dünyanın bir çox moda şoularında təqdim edilib.
"Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və bu ilin ortalarına kimi bitməsi nəzərdə tutulub".
Bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.
Ə.Ələkbərov deyib ki, Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında aparılan işlərin tərkib hissəsi olan Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb: "Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb".
Sədr vurğulayıb ki, ötən il ərzində 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 24-dəBakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. 24-dən 25-i səhərədək hava şəraitinin yağıntılı keçəcəyi, arabir intensivləşəcəyi gözlənilir. Yanvarın 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturunun yanvarın 24-dən 25-nə keçən gecə 0-2 dərəcə şaxta təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Şimal-qərb küləyi arabir güclənəcək.
Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.