Yanvarın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində ingilis dramaturqu Vilyam Şekspirin “Romeo və Cülyetta”, “Otello” və “Hamlet” əsərləri əsasında hazırlanmış tamaşanın premyerası olacaq.
“YARAT”dan bildirilib ki, tamaşada “Moms & Kids” təşkilatı nəzdində fəaliyyət göstərən Rus Dram Teatrının aparıcı aktrisası İnna İmranovanın rəhbərlik etdiyi Uşaq Teatr Studiyasının şagirdləri çıxış edəcək. Səhnə əsəri rus dilində nümayiş olunacaq.
Rəhbəri Fidan Xanlarova və Şirin Rzayeva olan “Moms & Kids təşkilatının Uşaq Teatr Studiyası artıq 5 ildir ki, fəaliyyət göstərir. Bu dövr ərzində studiya “Notre-Dame de Paris”, “Üç muşketyor”, “Pinokkio”, “Əlibaba və 40 quldur” tamaşaları, həmçinin “Qaynana”, “İvan Vasilyeviç peşəsini dəyişdirir” məşhur film əsasında hazırlanmış quruluşları Bakının aparıcı teatr səhnələrində təqdim edib.
Bu il fevralın 4-də Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti, bəstəkar və müğənni Polad Bülbüloğlunun 75 illik yubileyidir. Rusiyanın tanınmış ictimai-siyasi və mədəniyyət xadimləri Azərbaycanın keçmiş mədəniyyət naziri haqqında fikirlərini bölüşüblər.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Report"a açıqlamasında bildirib ki, Polad Bülbüloğlu parlaq bəstəkardır: “Söz tapa bilmirəm, emosiyalarım aşıb-daşır. Çox gözəl hisslər keçirdim. Polad çox gözəl formadadır. O, parlaq bəstəkar, parlaq müğənnidir. Onun hitə çevrilmiş bütün mahnılarını özü ilə birlikdə oxumaq istəyirsən”.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir: “Polad Bülbüloğlunun ifasını Sovet İttifaqı kimi nəhəng ölkənin xalqı alqışlayırdı. Elə indi də həm Azərbaycanda, həm də Rusiyada, MDB-nin digər ölkələrində milyonlar onu sevməkdə, yaradıcılığını qiymətləndirməkdə davam edir, çünki onun həyat və yaradıcılığı musiqi mədəniyyətimizin parlaq səhifəsidir”.
Rusiya Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov vurğulayıb ki, Polad Bülbüoğlu hər cəhətdən unikal insandır: "Mən onu həm dostluq, həm ifaçılıq sənəti, həm bəstəkarlıq sahəsində dünya çempionu adlandırardım. Şübhəsiz ki, o həm də müasir dövrümüzün görkəmli diplomatıdır. Mən Rusiyada yaşayan bütün azərbaycanlıları yubiley münasibətilə təbrik edirəm”.
Rusiyanın NTV telekanalının baş direktorunun müavini Timur Vaynşteyn qeyd edib ki, 75 yaşlı müğənninin iki saat yarım canlı, orkestrin müşayiəti ilə oxuması sonsuz alqışlara layiqdi: "Polad Bülbüloğlunu dinləməyə gələnlər arasında onun xeyli pərəstişkarları var. Mən onun Moskvada keçirilən yubileylərindən birində “Bakılı oğlanlar” komandası ilə birlikdə çıxış etməyimizi xatırlayıram”.
Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçyov bildirib ki, nə yaradıcılığında, nə diplomatiyada, nə də həyatında heç zaman xaric tonlara yol verməyib: “Polad Bülbüloğlu şəxsiyyətinin böyüklüyü mənim üçün onun insanların qəlbində tutduğu yerlə ölçülür. Biz hamımız onun mahnıları ilə böyümüşük. Onun həyata, insanlara münasibəti hamımız üçün nümunə olub. Mən Polad Bülbüloğlunu özümə müəllim hesab edirəm. O, çətin missiya yerinə yetirir. Ümumiyyətlə, Polad Bülbüloğlunun heç asan missiyası da olmayıb. O, hər zaman yüksəklərdə olub və mən ona bu səviyyəni hər zaman qorumağı arzu edirəm”.
Rusiyanın "Soyuzmultfilm” kinostudiyası İdarə Heyətinin sədri, Maksim Qorki adına kinostudiyanın direktoru Yuliana Slaşyova deyib ki, Polad Bülbüloğlunun gəncliyinə, gümrahlığına bugünkü 18 yaşlı artistlər həsəd apara bilərlər: "Mən onun mahnıları ilə böyümüşəm, uşaqlığımda sevə-sevə baxdığım filmlərdən musiqiləri eşitmək çox xoşdur. Polad Bülbüloğlunun sonsuz həyat eşqinin şahidi olanda ruhun yenidən doğulmasına, gəncliyin sonsuzadək davam edə bilməsinə inanırsan. Mən bu günlərdə Bakıda baş tutacaq "dəyirmi masa"da iştirak etməyi nəzərdə tutmuşam. Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlıq, o cümlədən kino və animasiya filmləri sahəsində layihələrdən danışacağıq. Düşünürəm ki, bizim çox böyük əməkdaşlıq perspektivlərimiz var".
Yanvarın 23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) 2019-cu ilin yekunlarına həsr edilmiş mətbuat konfransı keçirilib.
Konfransda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov rəhbəri olduğu qurumun ötənilki fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi diqqət və qayğısı nəticəsində son illərdə idarə tərəfindən İçərişəhər və Qala qoruqları ərazisində tarixi mədəniyyət abidələrinin, mədəni irsin qorunması, öyrənilməsi və təbliği istiqamətində bir sıra irimiqyaslı tədbirlər həyata keçirilib.
Ə.Ələkbərov ötən il DTMQİ-nin gördüyü işlərdən bəhs edib: “Geridə buraxdığımız 2019-cu il bizim üçün yeni bərpa-restavrasiya layihələri, muzey ekspozisiyaları, xarici qonaqlar, müxtəlif mədəni-kütləvi tədbirlər, bir sözlə uğurlar və çoxsaylı mütərəqqi hadisələrlə yadda qalıb. Belə ki, Azərbaycanda ilk dəfə olaraq İçərişəhərin Zəncirli Binasında Bakı Fotoqrafiya Evinin yaradılması, “İstedArt” mədəni-xeyriyyə layihəsinin uğurla davam etdirilməsi, Qala qoruğunda IV Beynəlxalq “Daşın nəğməsi” simpoziumunun təşkili, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Qala qoruğunda “Qəlbi təmiz olanın hekayəsi xoşbəxt bitər” adlı sufi gecəsinin keçirilməsi, habelə ənənəvi Novruz festivalı - “Bahar Qalası” bayram şənliklərinin təşkili, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” Novruz festivalının keçirilməsi, İdarə ilə İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (İRCİCA) əməkdaşlıq müqaviləsi çərçivəsində birgə təşkilatçılıq ilə “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının təşkili, eləcə də “İslam dünyasında incəsənətin inkişaf perspektivləri” mövzusunda I Bakı Beynəlxalq Konqresinin keçirilməsi, dahi Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “Nəsimi” festivalı çərçivəsində silsilə tədbirlər, Beynəlxalq “Jazz-2019” festivalının açılışı geridə qoyduğumuz il ərzində görülən işlərin bir hissəsi kimi media mənsublarına təqdim edilib”.
Ə. Ələsgərov idarənin xüsusi diqqət və həssaslıqla yanaşdığı bərpa və restavrasiya layihələrinə də toxunub. Vurğulayıb ki, il ərzində qoruq ərazisində 104 ünvanda idarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 kvadratmetr çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 kvadratmetr yol örtüyü dəyişdirilib. Bildirib ki, Böyük Qala küçəsində yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.
Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib.
Qurumun rəhbəri bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin idarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib. Bildirib ki, son dövrlər müşahidə edilən turistlərin artım dinamikasına görə birmənalı olaraq söyləmək olar ki, İçərişəhərə, eləcə də Qala qoruğuna gələn turistlərin sayı gündən-günə artır. Belə ki, ötən ildə 3040 nəfər rəsmi və qeyri-rəsmi nümayəndə heyəti üçün ekskursiyalar, 3271 nəfərə isə fərdi və qrup turları təşkil edilib.
Ə. Ələkbərov bildirib ki, 2020-ci ildə İçərişəhərin UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 20 illik yubileyi və bununla bağlı olaraq, ölkəmizdə və bir sıra xarici ölkələrdə silsilə tədbirləri keçiriləcək. Bunlara misal olaraq “Romualdo Del Bianko” Fondunun təşkilatçılığı ilə baş tutacaq 22-ci Beynəlxalq Assambleya və Simpoziumda xüsusi təqdimatlar tədbirini, Türkiyədən gələn eksponatlarla “Azərbaycan hökmdarları: Ağqoyunlular” mövzusunda sərginin təşkilini göstərmək olar. Bakı Fotoqrafiya Evində fransız arxeoloqu, səyyah və etnoloqu Jozef Baron de Bayın Bakıya aid fotolarının nümayişi, “İçərişəhər – Dünya İrs Şəhəri 2020” mövzusunda beynəlxalq seminar və bir çox mühüm layihələr üzərində işlər davam etdirilir.
Sonda KİV nümayəndələrini maraqlandıran suallar İdarə Heyətinin sədri tərəfindən cavablandırılıb.
Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.
Trendə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən verilən məlumata əsasən, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.
Əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir müddətdir start verilən tikinti işləri yüksək sürətlə davam etdirilir. Tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Quba-Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.
Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.
Tikinti layihəsinə uyğun olaraq, yol yatağının deformasiyaya uğramış yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı qruntla əks-dolğu aparılaraq kipləşdirmə işləri görülüb və yeni yol yatağı inşa edilib, yolun normativ eninin alınması üçün müəyyən hissələrdə qaya tipli süxurların mexanizmlə kəsilməsi işləri görülüb, yol profilə salınıb. Yol əsasının tikintisi üçün isə lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunub. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü də döşənib.
Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.
Layihənin növbəti mərhələsi üzrə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə də start verilib. Bu işlər çərçivəsində Susay-Xınalıq marşrutu üzrə torpaq yatağının hazırlanması işləri yekunlaşıb. Növbəti mərhələdə yol əsasının inşası, asfalt-beton örtüyün döşənməsi işlərinin görülməsi nəzərdə tutulub.
Bundan başqa, layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin və 2 körpünün tikintisi nəzərdə tutulur.
Beləliklə, həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.
Qeyd edək ki, hazırda tikinti işləri dəniz səviyyəsindən 1.4-1.5 km hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.
Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.
Azərbaycan “U.S. News & World Report” media şirkəti, “BAV Group” və Pensilvaniya Universitetinin Uorton məktəbinin tərtib etdiyi “2020-ci ilin ən yaxşı ölkələr”i siyahısına düşüb.
Müxtəlif kateqoriyalar üzrə tərtib olunan reytinqdə 80 ölkə yer alıb.
Azərbaycan reytinqdə 70-ci yerdən 61-ci yerə yüksəlib. Ölkə iqtisadi inkişaf tempinə görə 36-cı, gücə görə 45-ci olub.
Reytinqdə ilk beşlikdə İsveçrə, Kanada, Yaponiya, Almaniya və Avstraliya yer alıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb.
KOBİA-dan verilən məlumata görə, çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçuluq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı Füzuli rayonunda tədbir keçirilib.
Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi, “Sosial Tərəqqi” İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsi çərçivəsində icra olunan biznes layihələrin hər biri 5000 avro dəyərində avadanlıqlarla təchiz edilib.
Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və 5 Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradılıb. Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.
Qeyd edək ki, 2019-2020-ci illəri əhatə edən “Qadınlara gender əsaslı iqtisadi dəstək” layihəsinin icrası məqsədilə qadın icmaların iştirakı ilə MMC-lərin yaradılması, müvafiq biznes layihələrinin seçilməsi üçün KOBİA-nın Qəbələ-Oğuz və Füzuli üzrə KOB dostlarının, BMT İnkişaf Proqramının, “Sosial Tərəqqi” İctimai Birliyinin təmsilçiliyi ilə komissiya formalaşdırılıb. Komissiya tərəfindən məcburi köçkün qadın qrupları tərəfindən təqdim edilmiş 10 biznes layihəsi arasında qiymətləndirmə aparılıb və onlardan 5-i dəstək göstərilməsi üçün seçilib.
Misirin paytaxtında Yaxın Şərq və Afrikada ən böyük olan 51-ci Beynəlxalq Kitab Sərgisinin açılışı olub. “Egypttoday” portalına istinadla xəbər verilir ki, “Misir-Afrika. Mədəniyyətlərin fərqliliyi” devizi altında keçirilən sərginin açılışında Misirin Baş Naziri Mustafa Mədbuli və Mədəniyyət naziri İnas Abdel Dayem iştirak ediblər.
Qahirənin Beynəlxalq Sərgi Mərkəzində fevralın 4-dək fəaliyyət göstərəcək sərgidə 40-dan artıq Yaxın Şərq və Afrika ölkəsi iştirak edir. Builki tədbirin fəxri qonağı isə Seneqaldır.
Açılış mərasimində qeyd olunub ki, 808 pavilyonda 900-dən çox nəşriyyatın nümayəndələri öz çap məhsullarını təqdim edirlər. Sərgidə iştirak edən 389 Misir nəşriyyatı oxuculara 75 uşaq kitabı təklif edir. Onlar, həmçinin sərgidə İslam mədəni irsi ilə bağlı nəfis şəkildə çapdan çıxmış 121 kitabla təmsil olunublar.
Bundan başqa, Qahirə Beynəlxalq Kitab Sərgisində iştirak edən yazıçı və şairlərin, habelə tanınmış publisistlərin imza günləri də təşkil olunur. Kino zalında isə Yaxın Şərq və Afrika ölkələrinin məşhur aktyor və rejissorları ilə görüşlər keçirilir.
İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində keçirilən dulusçuluq kurslarında iştirakçılar gildən müxtəlif formaların hazırlanmasını öyrənirlər.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, dərsdə iştirakçılara materialın xüsusiyyətləri, formalar və məhsul hazırlanmasının texniki mərhələləri barədə məlumat verilir. Hər bir dərs iki saat müddətində davam edir.
Sonda hazırlanan məhsul dulus sobasında bişirilir və iştirakçıya təhvil verilir.
Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş növbəti dəfə nümayiş edilib.
Əməkdar artist Bəhruz Əhmədlinin quruluşunda izləniləcək tamaşada iki süpürgəçinin iş prosesində başlarına gələn komik və həmdə kədərli əhvalatlarından danışılır.
Həmçinin, tamaşa süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, hərəsinin özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən bəhs edir.
Tamaşanın müəllifi və musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.
Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli, Elmin Qiyaslı ifa ediblər.
Yazıçı-publisist, şair, tərcüməçi, ictimai-xadim, Əməkdar jurnalist Aqşin Babayevin yeni kitabı çap olunub. “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilən “Göyərçinlər öpüşür” adlı kitab rus dilindədir. Bu, müəllifin sayca 40-cı, o cümlədən, rus dilində çıxan 4-cü kitabıdır.
Kitabda müəllifin “Kişilər az yaşadı”, “Qırxıncı illərin uşaqları”, “Dalan” povestləri və hekayələri verilib. Əsərləri rus dilinə xalq yazıçısı Natiq Rəsulzadə, moskvalı mütərcim Yelena Medvedyeva və yazıçı-tərcüməçi Aytən Aqşinqızı çeviriblər. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Oqtay Həmidovdur.