AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadənin layihə rəhbəri olduğu “Xəzər dənizinin səviyyəsinin dəyişilməsinin iqlim-seysmogeodinamik inteqre modeli” mövzusunda elmi-tədqiqat işinin proqramı təsdiqlənib.
İnstitutdan verilən məlumata görə, 2025-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulan proqramın icraçıları AMEA-nın Geologiya və Geofizika, Coğrafiya institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Rusiya Elmlər Akademiyasının Yer Fizikası, ABŞ-ın Massaçusets Texnologiya institutları, İtaliyanın Milan Bikkoko və Fransanın Montpellier universitetləridir.
Layihə çərçivəsində Xəzər dənizinin müasir seysmo-geodinamik şəraiti və hidro-iqlim faktoru nəzərə alınmaqla, dəniz səviyyəsi tərəddüdünün inteqrə modeli hazırlanacaq. Tədqiqatlar zamanı bölgənin tektonik aktivliyinin qiymətləndirilməsi və Xəzər dənizinin səviyyə tərəddüdlərinə təsir modelinin işlənməsi də nəzərdə tutulur.
Elmi-tədqiqat işi ərzində tərtib ediləcək geodinamik, aktiv qırılma, seysmik təhlükənin titrəyiş və seysmik rayonlaşdırma xəritələri Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, eləcə də şəhərsalma strukturları tərəfindən risk analizi məqsədi ilə istifadə oluna biləcək.
Layihə Xəzərətrafı ölkələrin davamlı inkişafına da müsbət təsir göstərəcək.
Yanvarın 21-də Avropa İttifaqı(Aİ) tərəfindən maliyyələşdirilən və benefisiarı İqtisadiyyat Nazirliyi olan “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin başa çatması ilə bağlı yekun konfrans keçirilib.
Bu barədə nazirliyə istinadən xəbər verilir.
Məlumata görə, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, yerli biznes dairələrinin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak ilə keçirilən konfransda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq, həyata keçirilən tədbirlər və layihələr barədə məlumat veriblər.
Tədbirdə “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi üzrə görülən işlər barədə yekun təqdimat keçirilib.
İran hökuməti ölkənin Təbriz şəhəri ilə Azərbaycanın Culfa şəhəri arasında sərnişin qatarını işə salıb.
İran mətbuatına istinadən xəbər verir ki, qatar yaxın 1 ay ərzində pulsuz işləyəcək və onun hərəkəti pilot layihə xarakteri daşıyacaq.
Qatarın işə düşməsində məqsəd İranla Azərbaycan, o cümlədən Naxçıvan MR arasında turizm əlaqələrini inkişaf etdirməkdir.
Təbriz-Culfa qatarı 5 vaqondan ibarət olmaqla 400 sərnişin daşımaq imkanındadır. Qatar hər gün saat 07:30-da Təbrizdən, saat 19:00-da isə Culfadan yola düşür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsisteminə vakansiyaların daxil edilməsi ilə paralel olaraq, işsiz və işaxtaranlara bu vakansiyalar üzrə e-qaydada göndərişlərin verilməsi prosesi həyata keçirilir.
Nazirlikdən verilən məlumata görə, ötən dövrdə altsistemə 85 minə yaxın vakansiya daxil edilib ki, onlardan 72300 vakansiya üzrə işsiz və işaxtaran vətəndaşlara e-qaydada göndərişlər verilib.
Hazırda isə həm qalan vakansiyalar üzrə göndərişlərin verilməsi, həm də “Vakansiya bankı”na işəgötürənlər tərəfindən yeni vakansiyaların daxil edilməsi prosesi davam edir.
İşəgötürənlər yeni iş yeri və boşalan iş yeri barədə məlumatları “Məşğulluq haqqında” Qanuna əsasən ən geci 5 iş günü müddətində “Məşğulluq” altsistemindəki vakansiya bankına daxil etməlidirlər. Bununla onlar işçi qüvvəsinə olan tələbatlarının çevik şəkildə ödənməsi, vakant iş yerlərinə vaxt itkisi olmadan uyğun namizədi tapa bilirlər.
İşsiz və işaxtaranlar isə altsistemə daxil olaraq, peşə və ixtisaslarına uyğun vakansiyalar üzrə operativ şəkildə e-qaydada göndəriş əldə etmək, nəticədə hansısa quruma müraciət etmədən qısa vaxtda işlə təmin olunmaq imkanı qazanıblar.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası “Turizm sənayesi nümayəndələrinin etik kodeksi”nə əsasən, turizm sektorunun mövsümi işçiləri üçün sosial müdafiə baxımından xüsusi statusun hansı formada təklif oluna biləcəyini açıqlayıb.
Assosiasiyanın İdarə Heyətinin sədri Rüfət Hacıyev bildirib ki, sosial müdafiə baxımından xüsusi statusun verilməsi əsasən hotel və hotel sənayesində fəaliyyət göstərən şəxslər üçün nəzərdə tutulub:
“Yəni yay mövsümündə çalışan hotel personalının qışda işsiz qalmaması üçün onların bölgələrdəki qış kurortlarındakı turizm obyektlərinə işə cəlb olunması təklif olunur. Bunun faydası böyükdür. İlk növbədə hotellər yeni işçi axtarmayacaq, bu sahədə çalışan personalların xidmətindən yararlanacaqlar. Belə olan halda həm xidmətin keyfiyyəti qorunub saxlanacaq, həm də mövsümi işçi qalmayacaq. Düşünürük ki, hotellər arasında ümumi bir əməkdaşlıq anlaşmasının olmasına ehtiyac var”.
Məşhur fransız yazıçısı Viktor Hüqonun yazdığı şeir Fransanın şərqində, onun adını daşıyan kollecdə təsadüfən aşkar edilib.
Məlumata görə, kollecin işçiləri arxiv sənədləri və mühasibat hesabları saxlanılan dolabların birində Viktor Hüqo tərəfindən imzalanmış "hər kəsin unutduğu" nadir bir əlyazmaya rast gəliblər. Hadisə, yeni il ərəfəsində ümumi təmizləmə işləri aparılan zaman baş verib.
Əlyazmanın təxminən 150 yaşı olsa da çox yaxşı vəziyyətdə qaldığı bildirilir. Hazırda aşkar edilən raritet şüşə altına qoyularaq tədris mərkəzinin direktor otağının divarlarından birini bəzəyir.
Tapılan əlyazmadakı qısa şeir "Kasıb uşaqlar" adlanır. Kollec bu əlyazmanı 1951-ci ildə əldə edib.
Məlumata görə, müəllif doğma şəhəri olan Bezansonda bu əlyazmanı kasıb uşaqlara yardım məqsədi ilə keçirilən lotereyaya hədiyyə edib. Naməlum bukinist həmin əlyazmanı lotereyanın qalibinin oğlundan satın alıb və 1951-ci ildə Viktor Hüqonun adını daşıyan kollecə 6 min franka satıb.
Əlyazmadakı şeir 1837-ci ildə dərc edilmiş "Daxili səslər" yığmasından olan "Dieu est toujours là" (Tanrı hər zaman burdadır) əsərinin bir hissəsidir.
Bezansondakı kollec, Fransada Viktor Hüqonun adını daşıyan ilk təhsil müəssisəsidir. Onun adı kollecə 1885-ci ildə yazıçının dəfnindən bir gün sonra verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən hazırda Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 180 min kv.m-ə yaxındır.
AYYDA-dan verilən məlumata əsasən, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Bu, Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbirstanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa, sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.
Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq nəinki sözügedən qəsəbə üzrə, həmçinin Suraxanı rayonunun bütün qəsəbələri üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Suraxanı rayonunda 14 km uzunluğunda olan 20-ə yaxın küçə və yola asfalt-beton örtüyü döşənib.
Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 km-dən artıq uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 600 min kv.m sahəsində asfaltlanma işləri aparılıb
Yanvarın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Almaz Mustafayevanın 70 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.
Teatrdan bildirilib ki, yubiley mərasiminin quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov, rəssamı Mustafa Mustafayevdir.
Teatrlaşdırılmış tədbirdə aktrisanın ömür və yaradıcılıq yoluna nəzər salınacaq, ekranda onun sənət fəaliyyətini əks etdirən fotolar nümayiş ediləcək.
Qeyd edək ki, Almaz Mustafayeva 1949-cu il oktyabrın 1-də anadan olub. Uşaqlıqdan sənət aləminə qədəm qoyan aktrisa, “Sehrli xalat” filmində ifa etdiyi obrazla hər kəsin sevimlisinə çevrilib.
Fevralın 5-dən martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi keçiriləcək.
Moskva merinin saytına istinadən xəbər verilir ki, ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunacaq.
Sərgidə 40 eksponatın nümayiş ediləcəyi, bunların arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlərin olacağı qeyd edilib. Bunlar ilk dəfə nümayiş etdiriləcək.
2019-cu il ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 981,5 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsinə istinadən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5%-lik artım müşahidə olunub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 6% artaraq 328,4 mln manat təşkil edib.
Ötən il ərzində Azərbaycanda 24 246,9 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 4,3% çoxdur.
Bunun 1 535,5 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 11,6% azdır.
Bunun 21 718 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 5,8% çoxdur.
Hesabat dövründə Azərbaycanda 106,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin göstəriciləri ilə müqayisədə 84,7% çoxdur.
2019-cu il ərzində ölkədə 42,3 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 10,4% çoxdur.