Yanvarın 23-25-də Mədəniyyət Nazirliyi, Moskva Hökuməti və Rusiyanın TASS İnformasiya Agentliyinin dəstəyi ilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” adlı konfrans keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrin gücləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə keçiriləcək tədbirdə hər iki ölkənin hökumət rəsmiləri, nazirlər, tanınmış rəhbər şəxslər və iş adamları, mədəniyyət, təhsil və elm xadimlərinin, o cümlədən KİV nümayəndələrinin iştirakı gözlənilir.
“Moskva-Bakı - Mədəniyyətlərin Dialoqu” adlı konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsası” mövzusunda dəyirmi masa, TASS İnformasiya Agentliyi və Azərbaycan Dövlət İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Rusiyada və Rusiyanın Azərbaycanda yaşayan görkəmli şəxslərinin fotosərgisi, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” adlı kitablarının təqdimatı və digər mədəni tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Bu gün görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 ili tamam olur.
Bu münasibətlə adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunmuş, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önündə tədbir keçirilib.
Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Həzi Aslanovun ailə üzvləri, veteranlar, xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri, kursantları, təhsil ocaqlarının və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbiri açan Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani iki dəfə Sovet İttifaqı Qəhrəmanının mənalı həyat və şərəfli döyüş yolundan danışaraq Həzi Aslanovun Azərbaycan xalqının yetirdiyi ən böyük sərkərdələrdən biri olduğunu qeyd edib.
O bildirib ki, H.Aslanovun döyüş yolunun öyrənilməsi gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında böyük əhəmiyyət daşıyır.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov H.Aslanovun hərbi xidmətlərindən danışıb, görkəmli sərkərdənin ömür yolunun hər bir gənc üçün dəyərli nümunə olduğunu qeyd ediblər.
Həzi Aslanovun nəticəsi Emin Aslanov ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu il dekabrın 29-da görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
18, 19 yanvar tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Şəhərin qış gecələri” tamaşasının premyerası baş tutub.
Məlumata əsasən, Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi, quruluşçu rəssamı Arif Əbdürrəhmanovdur. Tamaşada Əməkdar artistlər Elşən Rüstəmov, Kəmalə Hüseynova, Elşən Çarhanlı, Şövqü Hüseynov, İlham Əsədov, aktyorlar Bəhram Həsənov, Vahid Orucoğlu, Vüqar Məmmədəliyev, Ramil Məmmədov, Manaf Dadaşov, Ədalət Əbdülsəməd, Rövşən Abbasov, Kərəm Hadızadə, Ramiq Nəsirov rol alıblar.
Qeyd edək ki, premyerada Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Azərbaycan MEA-nın vitse-prezideti, Akademik İsa Həbibbəyli, Xalq yazıçıları, Xalq şairləri, dövlət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
“Şəhərin qış gecələri” pyesi hələ ötən əsrin 70-80-ci illərində məşhur olan “Şəhərin yay günləri” əsərinin davamı kimi qələmə alınıb. Elə o zamanlar Anarın müəllifi olduğu bu əsərə rejissor Tofiq Kazımov quruluş vermişdi və dövrün naqis cəhətlərinə etiraz edən tamaşa çox böyük maraqla qarşılanmışdı. Bu dəfə isə artıq 30 il keçib və həmin qəhrəmanlar soyuq bir yanvar axşamında bu faciəni yaşayırlar. Anarın özünəməxsus şəkildə yazdığı, daha doğrusu özünə sadiq qalaraq bütöv millətin faciəsini bir ailənin timsalında göstərdiyi əsər bədii şərtiliklə və müasir vizual vasitələrdən istifadə edilərək qurulub.
Qeyd edək ki, “Şəhərin qış gecələri” növbəti dəfə Xocalı Soyqrımı ərəfəsində tamaşaçılara təqdim olunacaq.
Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq.
Güclü cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-12, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 23-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi fevralın 1-də “Cəhənnəm sakinləri” tamaşası ilə teatrsevərlərin qarşısında çıxış edəcək.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı pyesi əsasında hazırlanan səhnə əsərinin müəllifi, quruluşçu rejissoru və rəssamı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.
Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elşən Rüstəmov, Mirzə Ağabəyli, aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov və digərləri iştirak edəcək.
Tamaşa 1937-ci ildə milli fəlakət və faciə şəklində bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı həyata keçirilən kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.
Qeyd edək ki, “Cəhənnəm sakinləri” tamaşası Akademik Milli Dram Teatrının repertuarında yer alan ən uğurlu tamaşalardan sayılır.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Meksikanın ölkəmizdəki səfirliyi ilə birgə müsabiqə keçirəcək.
İttifaqın mətbuat xidmətindən bildirilib ki, Meksikanın İdalqo Ştatı Avtonom Universiteti və onun Xeyriyyə Fondunun əlaqələndirdiyi “Beynəlxalq təsvir festivalı-2020”nin “Beynəlxalq təsvir müsabiqəsi - 2020” adlanan tədbir bu il təşkil olunacaq.
Müsabiqə əcnəbi mədəniyyət adamlarına yanvarın 26-dək açıqdır və qeydiyyat www.fini.mx portalında aparılır.
Qeyd edək ki, müsabiqə su mövzusuna həsr olunub və iştirakçılar tələbə mütəxəssis kateqoriyalarından olmaqla foto, sənədli video, plakat və alternativ texnika janrlarında iştirak edə bilərlər.
Ankarada açılan “Müharibənin ana və uşaqları” adlı fərdi rəsm sərgisini 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf etmişəm.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə qardaş ölkədə yaşayan və fəaliyyət göstərən tanınmış azərbaycanlı rəssam Məhəmməd Əliyev söyləyib. Sərgiyə bir il ərzində hazırlaşdığını bildirən rəssam əminliklə vurğulayıb ki, fevralın 15-dək nümayiş olunan 32 əsərin hər biri ziyarətçilər tərəfindən maraqla qarşılanacaq.
Qeyd edək ki, rəssam Məhəmməd Əliyevin Türkiyə və başqa ölkələrdə çox sayda fərdi sərgisi təşkil olunub. Vətənə sevgi, Azərbaycanın gözəlliyi, tarixi həqiqətlər onun fırça yaradıcılığında əsas mövzudur.
Yanvarın 22-də Azərbaycanın Rusiyadakı səfiri, Xalq Artisti Polad Bülbüloğlunun 75 illik və həmyerlimiz, TASS İnformasiya Agentliyi Baş direktorunun birinci müavini Mixail Qusmanın 70 illik yubileyləri ərəfəsində Moskvada “Dostlar məclisi” ("Вечер для друзей") adlı konsert olacaq.
Moskva Myuzikl Teatrında baş tutacaq gecə barədə Rusiya Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “Rossiyskaya qazeta” nəşrindəki məqaləsində məlumat verib. Bildirib ki, tədbirin qəhrəmanları – Polad Bülbüloğlu, Mixail Qusman və Yuli Qusman doğma şəhərləri, əfsanəvi Bakını vəsf edəcəklər. M.Şvıdkoy yazır: “Xəzərin sahilində yerləşən bu dahi beynəlmiləl şəhər dünyaya xeyli gözəl və istedadlı insanlar bəxş edib. Onlar özlərini hər zaman bakılı adlandırırlar. Mən bu şəhərə xüsusi münasibətim gizlətmirəm. Mən bu şəhər haqqında gəlini Bakıda doğulmuş bir quda kimi də yazıram”.
M.Şvıdkoy yazır ki, Bakı və Moskva şəhərlərinin gecənin qəhrəmanlarının taleyində məxsusi rolu var. Mixail Qusman Moskvaya 1986-cı ildə gəlib və indi Rusiya jurnalistikasının ulduzlarındandır. Polad Bülbüloğlu gənc bəstəkar kimi məhz Rusiya paytaxtında məşhurlaşıb: “Ancaq hər ikisi, hansı yüksəkliklərə qalxsalar, hansı vəzifələri tutsalar da, doğulduqları torpaqla əlaqələrini heç zaman kəsməyiblər. Bakı onlara güc verən, yaradıcılıq və həyat eşqi bəxş edən cazibə qüvvəsi olub”.
Müəllif xatırladır ki, Polad Bülbüloğlu keçmiş SSRİ məkanında ilk addımlarını 1960-cı illərdə Ümumittifaq radiosunun redaksiyasında atıb. Sonradan o, 2006-cı ildə Moskvaya fövqəladə və səlahiyyətli səfir təyin edilib: “Bir dədə MDB mədəniyyət nazirlərinin Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşündə mən Poladın ən yaxşı və təcrübəli nazir olduğunu deməyə cəsarət etdim. Heydər Əliyev bu fikrimə gülümsəyərək belə cavab verdi: “Düşünürəm ki, mən onu hələ rəndələyirəm...”. “Deməli, sizin mədəniyyət naziri dünyanın ən “rəndələnmiş” naziri olacaq”, - deyə fikrimi söylədim. İlham Əliyev Poladı nahaq yerə Moskvaya səfir təyin etməyib. Hələ yaradıcılığı dövründə və nazir olduğu vaxtlarda o, Moskvada çox qapıları və ürəkləri inamla açırdı... Polad Bülbüloğlu həm musiqidə, həm diplomatiyada, həm də dotluqda istedadlıdır”.
M.Şvıdkoy Polad Bülbüloğlunun dahi Bülbülün oğlu olduğunu, böyük sənətkarlar Üzeyir Hacıbəyli və Dmitri Şastokoviçin tələbəsi Qara Qarayevin yetirməsi olduğunu xüsusi diqqətə çatdırıb. “1960-cı illərdə Bakı mühiti yaradıcılıq enerjisinin aşıb-daşmasına şərait yaradırdı və Polad Vaqif Mustafazadənin caz sahəsində etdiklərini estradada həyata keçirdi. Onlar muğamı ən yeni hormoniya və ritmlərdə təqdim edərək, ənənələrə və müasirliyə calanan qeyri-adi zəngin musiqi yartdılar. Eyni zamanda, Polad bütün ömrü boyu simfonik orkestr üçün əsərlər, balet musiqisi, görkəmli instrumentalistlər üçün musiqi yazıb...Əminəm ki, onun atasının şərəfinə Murtuza adlandırdığı, dirijor sənətinin incəliklərinə yiyələnən kiçik oğlu Murtuza atasının musiqisini yaşadacaq”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutu Qafqaz üçün yeni üçyarpaq yonca növü (Trifolium patens Schreb. – əyilən üçyarpaq yonca) aşkar edib.
Bu barədə Trend-ə AMEA Biologiya və Tibb Elmləri Bölməsindən məlumat verilib.
Bölmədən bildirilib ki, Qafqazda ilk dəfə olaraq, Azərbaycanda aşkarlanan yeni yonca qiymətli yem və dərman bitkisidir.
Yeni üçyarpaq yonca növü Azərbaycanın Lerik, Lənkəran rayonlarında, Qazax-Ağstafa zonasında Eldar şamı Dövlət Təbiət Qoruğunun ərazisində yayılıb.
Yanvar ayının 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 ili tamam olur.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksi önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər.
Əvvəlcə məzar-abidə kompleksi önünə Müdafiə Nazirliyi adından əklil qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə dövlət himni ifa olunub.
“Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan Təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani H.Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb və Prezident Sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən, həlak olan altı yüz mindən artıq Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nəzərə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, yeni nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib.
Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır.
Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb.
Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə üçün on hektardan çox ərazidə möhtəşəm abidə kompleksləri yaradılıb.
Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı Qəhrəmanının ev muzeyi yaradılıb və abidələri ucaldılıb.
Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək “O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - demişdir.
Hər il respublikamızda 9 May - Qələbə günü tədbirləri Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı.
Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Məlumat üçün bildirilib ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında nəzərdə tutulub ki, ilboyu respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfranslar, tank heyətləri arasında yarış-müsabiqələr, fotosərgilər, teatrlaşdırılmış kütləvi mərasimlər, vətənpərvərlik filmləri həftəsi keçirilisin. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək, eləcə də Bakı Bələdiyyə Teatrında A.Qurbaninin “Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunan Beynəlxalq Əsgər Mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası “Zvezda” televiziya kanalının istehsalı olan “Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad Universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb.
Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.
Tədbir Azərbaycan Bayrağı altında Fəxri Qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.